Təəssüf ki, Azərbaycanda helikopterin qəzaya uğraması nəticəsində 14 azərbaycanlı qardaşımız şəhid olub, 2 nəfər yaralanıb. Mən də qardaşımız İlham Əliyevə başsağlığı verdim.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin televiziya kanallarına müsahibəsində deyib.

Cümhuriyyət Xalq Partiyasını ittiham edən Ərdoğan SSRİ dövründə imperiya əsarətindən qaçan azərbaycanlıların həmin vaxt iqtidarda olan CHP rəsmiləri tərəfindən yenidən SSRİ-yə geri qaytarıldığını qeyd edib:

“146 azərbaycanlı qardaşımız SSRİ-nin zülmündən qaçaraq Türkiyəyə sığınmışdı. Təəssüf ki, CHP rəhbərliyi onları Stalin əsgərlərinin ixtiyarına verdi. Azərbaycanlı qardaşlarımız Boraltan körpüsündən keçərkən qətlə yetirildilər. Türk əsgərlərinə “bizi onlara verməyin, öldürün”, - deyiblər. CHP budur”.

Qərb situasiyanı gərginləşdirmək və Rusiya ətrafında qeyri-stabillik yaratmaq üçün Dnestryanı konfliktinin həllindən yana çıxış edə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Moldovanın sabiq prezidenti İqor Dodon deyib.

“Postsovet məkanında konfliktlərin həlli Rusiyaya qarşı yönəlib. Qərbə Rusiya ətrafında qeyri-sabitlik yaratmaq gərəkdir. Məsələ orasındadır ki, bu konfliklərdə iştirak etməmək, yem olmamaq üçün kiçik ölkələrin buna ağlı yetəcəkmi?” - deyə Dodon bildirib.

Eks-prezident əlavə edib ki, hələlik sanksiyalarla müşahidə olunan soyuq geosiyasi müharibə aparılır.

Qara dəniz bölgəsindəki vəziyyət bizim üçün narahatedicidir.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

“Vəziyyət süni şəkildə gərginləşdirilir. Eyni zamanda bunu unutmamalıyıq. Qara dəniz ölkələri arasında NATO-ya üzv olan yeganə dövlət Türkiyə idi, indi Bolqarıstan və Rumıniya da var. NATO isə hələ də belə bir fikir yaradır ki, bizim regionda güclənməyimizdən çox qorxurlar. Bu, reallıqla tamamilə ziddiyyət təşkil edir”, - deyə Qruşko bildirib.

İraqın Baş naziri Mustafa Kazıminin Bağdadın Yaşıl bölgəsindəki iqamətgahına PUA vasitəsilə edilən hücumun görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, Kazıminin iqamətgahına edilən hücumda iki PUA-dan istifadə edildiyi bildirilib.

Qeyd edək ki, İraqın Baş naziri Mustafa Kazımiyə qarşı sui-qəsd cəhdi 7 noyabrda edilmişdi.

Tiflisin “3+3” regional məsləhətçi mexanizminin ilk iclasında iştirakdan imtina etməsinə görə təəssüflənirik.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin deyib.

“Bütün mövcud ziddiyyətlərə baxmayaraq, problemli məsələləri müzakirə etməyə və birləşdirici mövzular axtarmağa, iqtisadiyyatda, humanitar sahədə maraqları uyğunlaşdırmağa hazırıq”, - Karasin bildirib.

Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada güclü küləyin olacağı ilə bağlı xəbərdarlıq yayıb.

Axar.az xəbər verir ki, nazirlik küləyin sürətinin gün ərzində saniyədə 25 metrə çatacağını bildirib.

Qeyd edək ki, ötən gün İstanbul və ətraf ərazilərdə güclü külək dağıntılara səbəb olub. Ümumilikdə 6 nəfər ölüb, onlarla şəxs yaralanıb.

Azərbaycanda qeyri-sabit hava sabahdan başlayacaq, küləyin sürəti 23-28 m/s-yə çatacaq. Ölkə ərazisində 2 dekabrda havanın temperaturu 8 dərəcəyə qədər enəcək.

ABŞ Dövlət katibi Entoni Blinken və Avstriya xarici işlər naziri Mixail Linhart arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, tərəflər Belarusdakı situasiyanı, həmçinin Rusiya-Ukrayna arasındakı münasibətləri müzakirə ediblər.

Blinken Belarusla yaranan miqrant gərginliyi fonunda ABŞ-ın Avropa Birliyinə dəstəyini bir daha təsdiqləyib.

Dövlət katibi, həmçinin Rusiyanın davam edən təcavüzü qarşısında Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərilən dəstəyə görə avstriyalı həmkarına təşəkkürünü çatdırıb.

Koronavirusun yeni variantlarına qarşı mübarizədə ənənəvi metodlardan istifadə edilir.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında həkim-infeksionist Vasif Əliyev deyib. Onun sözlərinə görə, yeni yaranan "omikron" variantının öldürücülük qabiliyyətinin digərlərindən yüksək olub-olmadığı ilə bağlı hələlik məlumat yoxdur:

"Bu mutasiyanın əvvəlkilərdən daha yoluxucu və ya daha öldürücü olub-olmadığı hələlik bilinmir. Xəstəliyin müalicə və diaqnostikası əvvəlki metodlarla davam etdirilir. Yəni, heç bir dəyişiklik yoxdur. Virusdan qorunma yolları da eynilə qalır. Fərdi gigiyena qaydalarına əməl etməklə yanaşı, maska taxılması, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, həmçinin vaksinasiyadır. Hələ ki, virus yenidir. Əlavə məlumat olarsa, ÜST-dən bildiriləcək və biz də bunu ictimaiyyətə açıqlayacağıq".

Qeyd edək ki, ÜST-ün açıqlamalarına görə, bu variant bəziləri narahatlıq doğuran çox sayda mutasiyaya malikdir. İlkin tapıntılar yeni mutasiyanın daha yüksək yoluxma riski daşıdığı yönündədir.

Cənubi Afrika Təbiblər İttifaqının sədri Angeliku Kutzi isə açıqlamasında qeyd edib ki, yeni variantın simptomları əvvəlkilərdən çox fərqli və yüngüldür. Və xəstələrin əksəriyyəti vaksinasiya olunmayan şəxslərdir. Onun sözlərinə görə, Vuhan və delta variantlarından fərqli olaraq buna yoluxanların heç biri dad və iybilmə hissiyatını itirmir, bir-iki günlük əzələ ağrısı və yorğunluqla müşahidə olunan yüngül bir xəstəlik kimi başlayır.

Artıq "BioNTech" və "Moderna" şirkətləri mövcud vaksinlərin yeni varianta qarşı təsirlərini öyrənmək üçün araşdırmalara başlayıblar. Həmçinin, ayrıca olaraq "Moderna" "Omicron"a qarşı xüsusi buster doza üzərində çalışmalara başlanılacağını açıqlayıb.

Xatırladaq ki, yeni varianta Belçika, İngiltərə, Almaniya və Çexiyada da rast gəlinib.