Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.
Ermənistanın keçmiş Baş naziri Karen Karapetyan parlament seçkisində Robert Köçəryanı dəstəklədiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bununla bağlı Karapetyan bəyanat yayıb.
Onun sözlərinə görə, 20 iyuna təyin edilən seçkilər Ermənistanın gələcəyində fövqəladə vacib əhəmiyyət daşıyır.
O, savaş nəticəsində ölkənin dərin böhranda olduğunu bildirib. Karapetyan ordunun döyüş qabiliyyətinin, Ermənistanın təhlükəsizlik sisteminin zəiflədiyini, sosial problemlərin kəskinləşdiyini söyləyib:
“Bugünkü reallığa əsasən, ölkənin keçməli olduğu mina sahəsi var. Buna alternativ yoxdur. Bu yolu effektiv və minimal itkilərlə keçmək lazımdır. Hər yanlışın dəyərini və avantürizmin yolverilməzliyini dərk etmək lazımdır. Bunu Robert Köçəryan təmin edə bilər”.
Qeyd edək ki, Köçəryan revanşist və rusmeyilli qüvvələri təmsil edir. K.Karapetyan da Rusiyanın bəlli dairələrinin ssenarisinə əsasən, 2017-ci ildə Sərkisyandan hakimiyyəti təhvil almalı idi. Lakin Sərkisyan baş nazir olmağa qərar verdi, ardınca isə Paşinyanın küçə müqavimətinə təslim oldu.
Moskvada yaşayan ermənilər beynəlxalq terrorçu Monte Melkonyanın xatirəsini məhz Rusiya Günü (12 iyun) yad ediblər, baxmayaraq ki, ruslar həm faşistlər, həm də terrorçulara qarşı həmişə mübarizə aparıb.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov deyib.
O bildirib ki, Monte Melkonyanın cinayət fəaliyyətinə dair işlərin araşdırılması ilə şəxsən məşğul olub, həmçinin bu barədə kitab da yazıb:
“Rusiya həmişə terrorçuların aradan qaldırılması ilə məşğul olub, onları dünyanın harasında olursa-olsun məhv edib. Yəni onların qəhrəmanlaşdırılması ilə heç vaxt məşğul olmayıb.
Bu tip terrorçunun Rusiya Günü, üstəlik, Moskvada xatirə gecəsinin keçirilməsi ağlasığmaz faktdır. Rusiya ekstremist ideyaların tərəfdarlarının dəstəklənməsini çox sərt şəkildə tənqid edir və edəcək də. Melkonyanın xatirə gecəsi məsələsini normal adlandırmaq olmaz. Erməni diasporunun Rusiya vətəndaşlığı olan bəzi liderləri yaşadıqları ölkənin Rusiya olduğunu deyəsən unudub. Rusiyada Njde və Melkonyan kimi nasist və terrorçuların qəhrəmanlaşdırılması qəbuledilməzdir.
Ermənilər bizim ölkədə bizim qəbul etdiyimiz sərhədləri keçməyə başlayıb. Rusiyada Monte Melkonyanın təsviri olan maykalar satılır, onun adı ilə müəyyən döyüş klubu yaradılıb. Təbii ki, bunların qarşısı alınacaq. Bəzi məlumatlara əsasən, xüsusi xidmət orqanları artıq bu işlə məşğul olur”.
Bu, İlham Əliyevin qeyd-şərtsiz qələbəsidir. Xüsusi qabardılası fakt budur ki, mina xəritələrinin Azərbaycana verilməsi Birləşmiş Ştatların Dövlət Departamenti və Avropa İttifaqının vasitəçilik missiyası nəticəsində baş tutub.
Əliyev dürstlüyünün həm daxilə, həm daxili səmimiyyətinin faydasını gördüyü kimi, Paşinyan da səriştəsizliyinin, vecsizliyinin, amma daha çox satqınlığının altını çəkir.
Bir müddət əvvəl Rusiya Prezidentinin hüzurunda Baş nazir kimi gah əlini, gah çantasını unudan Paşinyan Baş nazir əvəzi kimi bu dəfə lap özünü unudub. Məsələn, Vaşinqton və Brüsseldən xahiş edib ki, əsirlərin qaytarılması üçün Bakı-İrəvan danışıqlarında vasitəçi olsunlar. Haqqın.az yazır ki, Paşinyanın xahişini Azərbaycanın siyasi rəhbərliyinə məhz Birləşmiş Ştatların Dövlət Departamentinin nümayəndəsi çatdırıb. Redaksiyada əmin idilər ki, Bakıda erməni hakimiyyətinin bu metamorfozasından əlbəttə təəccüblənirlər, amma Paşinyanın Amerika Birləşmiş Ştatları vasitəsilə elan etdiyi “mina xəritələrini təqdim etmək” arzusuna da qarşı çıxmırlar.
Ağdamı əhatə edən mina xəritəsi əldə edilir. 15 dənə ermənini qaytarmaqla gələcəyin onminlərlə insanı xilas edilir. Xilas-təmizləmə missiyası davam etməkdədir. Deməli Ağdamın başına ürəklə, lap elə Mina dağı kimi dolana biləcəyik, mina dağı kimi yox.
Mina xəritələrinin davamı da olmalıdır. Biz Paşinyanın Rusiyanı satmasının nəticələrindən maksimum bəhrələnməliyik. Onu da qeyd edim ki, Paşinyanın Bakıya ABŞ vasitəsilə iltimasda bulunması versiyası əvvəl yalnız Haqqın.az-ın fərziyyəsi idi. Amma az sonra Paşinyan mitinqdə çıxışı zamanı şəxsən təsdiq etdi ki, həqiqətən də Amerika Birləşmiş Ştatları Dövlət katibinin köməkçisi Filip Riker əsirlər məsələsində irəliləyişə nail olmaq barədə Entoni Blinkenin tapşırığını çatdırıb.
Məntiqlə də hər şey yerinə oturur: Hələ buna qədər də bir neçə dəfə Ermənistan Baş naziri regiona Qərb dövlətlərinin dəvət olunmasını, müharibə sonrası proseslərdə bu qütbün fəal iştirakını rica etmişdi. Paşinyan əl üstə kimin əli oyununun qaydalarını bilməmiş deyildi və onun hesabıyla burda ən son əl Rusiya olmamalıydı.
Hə, burda çox mühüm bir nüans da var. Bakı yalnız o 15 dənə ermənini təhvil verməyə razılaşır ki, Qarabağda hərbi cinayət törətməyə macal tapmamışdı. Yəni bizimkilər onları, ərazimizdə hər hansı təxribat və ya terror hadisəsi törətməyə imkan vermədən götürmüşdülər. Və bu arada baş verən başqa bir hadisəyə də qayıdaq. Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlə Azərbaycandan 11 vətəndaşının dərhal sərbəst buraxılmasını tələb etmişdi. İnsan Hüquqları Məhkəməsi isə bu tələbi rədd etmişdi. Azərbaycan Hökuməti isə Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarını alqışlamışdı. Deməli, Azərbaycanı, adətən ölkəmizə qarşı qərəzli qərarları ilə seçilən bu qurum belə müdafiə etməyə məcbur olmuşdu. Ermənistan isə qısa-qapanmalarla, başı-ayağa naməlum sınıq xətlərlə zəngin kursu ilə sabitqədəm bir dövlət olmadığını hər dəfə nümayiş etdirməkdədir. Məsələn, son hadisəyə qədər də Ermənistanın bir gün NATO-ya, bir gün Fransa Prezidentinə əl açması nümayiş etdirmişdi ki, ermənilər öz tarixi xasiyyətinə, öz genetik təbiətinə-satqınlıqlarına sədaqətlidirlər!
Rusiyada bir sıra müşahidəçilər açıq şəkildə bəyan edirlər ki, Ermənistan Rusiyanı hər gün daha çox satır! Və onun bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədinə dəvət etdiyi dövlətlər, qütblər Ermənistanın əbədi hamilərinin-Rusların marağında deyil, Kremlin rəqibəri, hətta düşmənidir və buna görə də rusların xoşuna gəlmir. Lap elə tutaq ki, Amerika Birləşmiş Ştatlarını, Avropa İttifaqına üzv olan dövlətləri bölgəyə Paşinyan dəvət etmişdi: bəs nəticəsi nə oldu? Nəticə o oldu ki, mina xəritələrini Azərbaycana verməyə Paşinyan məhz Dövlət Departamenti, Avropa İttifaqı vasitəsilə məcbur oldu.
Bu gün Ermənistan özünün ən ağır vaxtlarını yaşayır! Qarşıdan parlament seçkiləri gəlir. Erməni seçicinin öz gələcəyini seçmək şansı yoxdur: ona görə ki, bir tərəfdə məğlub Paşinyanın rəhbərlik etdiyi bugün var, bir tərəfdə terrorla, parlament gülləbaranıyla, korrupsiya ilə, bir sözlə, bütün dövlət və müharibə cinayətləri ilə zəngin keçmiş var ki, onun da təmsilçisi Köçəryandır. Gələcək isə yoxdur! Erməni xalqı isə bir neçə pisdən birini, daha doğrusu iki ən pisdən birini seçmək məcburiyyətində qalıb. Balalarının nəşini alanda sevinən sadə erməni üçün bu saat Qarabağ sadəcə gedər-gəlməzdir! Ermənidən ötrü Qarabağ müqəddəslik yükü daşımır. Erməni insan Azərbaycan tərəfə bundan sonra yalnız kor bucaq altında baxmalı olacaq. Ağlamaqdan kor olmuş bucaq altında.
İyunun 12-də Azərbaycan və Ermənistan iki ölkə arasında və ümumilikdə, Cənubi Qafqazda gərginliyi azaltmaq üçün vacib addımlar atıb. Bu bəyanatla Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta və səfir Riçard Hoqland çıxış ediblər.
Xəzər Siyasət Mərkəzindən Axar.az-a daxil olan bəyanatda bildirilir ki, Azərbaycan ərazisinə qanunsuz keçdiyinə görə saxlanılan 15 Ermənistan vətəndaşını sərbəst buraxıb və Ermənistan Azərbaycanın nəzarətinə qayıdan ərazilərdə tank və piyada əleyhinə yerləşdirilən minaların xəritələrini təqdim edib. Mübadilə Gürcüstan-Azərbaycan sərhədində Gürcüstan hökumət nümayəndələrinin iştirakı ilə reallaşıb.
Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2020-ci ilin noyabrında imzalanan, Ermənistan və Azərbaycan arasında döyüşlərə son qoyan atəşkəs bəyanatına baxmayaraq, son aylarda gərginliyin ciddi şəkildə artdığının vurğulandığı bəyanatda deyilir: “Azərbaycanın saxlanılan erməniləri geri qaytarması və Ermənistanın əvvəllər işğal olunmuş ərazilərin minalardan təmizlənməsinə yardım edəcək məlumatları təqdim etməklə bağlı qərarı Cənubi Qafqazda artan gərginliyin dayandırılmasında vacib rol oynayır. Ümidvarıq ki, hər iki ölkə davamlı sülhün qurulması yolunda daha qətiyyətlə irəliləyəcək”.
“Eyni zamanda, Ermənistan və Azərbaycan hökumətlərinin iyunun 12-də atdığı addımlar nə qədər vacib, zəruri və yüksək səviyyədə qarşılansa da, on illərlə davam edən qarşıdurmaya son qoymaq və hər iki ölkəyə davamlı sülh yaratmağa kömək etmək üçün səylər davam etdirilməlidir. İyunun 12-də atılan addımlar mərkəzləşdirilmiş, dayanıqlı və yüksək səviyyəli diplomatiyanın təsirli ola biləcəyini göstərdi. ABŞ, ATƏT-in Minsk qrupu və təsir gücünə malik digərləri prosesi irəli aparmaq üçün çalışmağa davam etməlidirlər” – deyə bəyanda vurğulanır.