Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, iyunun 16-da qitə birinciliyində qızların yarışına start veriləcək. Həmin gün 43, 49, 57, 65 və 73 kiloqram çəki dərəcələrində çıxış edən yeniyetmələr xalça üzərinə çıxacaqlar. İyunun 17-də isə 40, 46, 53, 61 və 69 kiloqram çəki dərəcələrində qızlar mübarizəyə qoşulacaqlar.
Yarışda ölkəmizi 6 qız güləşçi təmsil edəcək. Yeniyetmə və gənclərdən ibarət millimizin böyük məşqçisi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elvina Kərimzadə (43 kq), Zenfira Həşimova (46 kq), Ruzanna Məmmədova (49 kq), Əsmər Canqurtaran (52 kq), Jasmin Əsgərova (57 kq) və Fatimə İsayeva (61 kq) uğur qazanmağa çalışacaqlar.