Nazirlər Kabineti 1994-cü il 15 yanvar tarixli Qərarla təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Axar.az xəbər verir ki, müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına edilən dəyişikliyə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərin siyahısına Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının da adları daxil edilib.

Qərara əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti ilə yanaşı, Xüsusi Dövlət Mühafizə Xidmətininn kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunacaq.

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir.

İyulun 30-da Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan əsilli müğənni Sami Yusifin görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya səsləndirilib. Sözügedən kompozisiyanı ötən gün Sami Yusif öz Yutub kanalında paylaşdıqdan sonra böyük rezonans doğurub.

Kompozisiyada xanəndə Təyyar Bayramov və Aşıq Samirə də yer alıb. Təyyar Bayramov Nəsiminin məşhur qəzəlinin iki beytini oxuyub. Qəzəlin 2-ci beytinin ikinci misrası əvəzinə xanəndə üçüncü beytin ikinci misrasını səsləndirib, daha sonra isə 3-cü beytin də kompozisiyada Təyyar tərəfindən ifa edildiyini görürük.

Beytin bütövlükdə bir məzmun kəsb etdiyini və fikri tamamladığını nəzərə alsaq, T.Bayramovun ifasındakı səhvin ciddi olduğunu demək olar. Nəsiminin bu qədər məşhur qəzəlində beytlərdəki misranın yerini səhv salmaq isə bağışlanmaz səhvdir və savadsızlıq da sayıla bilər.

Məsələ ilə bağlı Kult.az-a danışan əməkdar artist Təyyar Bayramov konsert haqda danışıb. Bildirib ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən konsertdə bir sıra dövlət rəsmiləri iştirak edib:

“Konsertdə Sami Yusifin bəstələri ifa olunub. Bütün musiqi alətləri milli olduğu kimi, ifaçıların da hamısı azərbaycanlı idi. Sami Yusif də birgə oxumaq üçün bizi seçmişdi. Bu bizim üçün çox sevindirici haldır”.

T.Bayramov sözügedən kompozisiyada qəzəlin ikinci beytinin ikinci misrası əvəzinə üçüncü beytin ikinci misrasını oxumasına da münasibət bildirib:

“Həmin tədbirdən əvvəl bir dəfə də konsert keçirilmişdi. Bütün məşqlərdə və birinci konsertdə misraların oxunmasında heç bir problem olmayıb. Canlı ifa zamanı hər şey ola bilər. Misralar ifaçının yadından çıxa bilər. Konsertdən sonra mənə məlumat verdilər ki, problem olub, amma ilk konsertdəki səsi montaj edib, həmin hissədə düzəliş edəcəklər. Görünür, etməyiblər. Düzü, hələ o konsertin videosuna baxmamışam”.

O, S.Yusiflə növbəti belə layihələr həyata keçirməyi planlaşdırdığını söyləyib:

“Sami Yusif müxtəlif təkliflər irəli sürüb və bildirib ki, ona da uyğun olan xalq mahnısı və ya Ramazan bayramı ilə bağlı hər hansı bir ifanı dünya arenasına çıxarmaq üçün dəstək verəcək.

Gələcəkdə ola bilsin, əməkdaşlığımız davam etsin. Sami Yusif hətta özünün bir mahnısında istifadə etmək üçün oğlum Kənan Bayramlının da səsini yazıb götürüb”.

 

Bir neçə dəfə ümummilli liderə tərcüməçilik etmişəm.

Axar.az xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov “Speys” televiziyasında yayımlanan “Sadə həqiqətlər” verilişində qonaq olarkən deyib. O, fransız dilində yaxşı danışdığı üçün Fransa və Azərbaycan prezidentlərini təəccübləndirdiyini bildirib:

“Tələbə olduğum vaxtlarda SSRİ-nin o vaxtı Afrika ölkələri ilə əməkdaşlıq əlaqələri, xüsusilə hərbi, müdafiə sahəsində, çox genişlənmişdi. Bir çox ölkələrlə əməkdaşlığa başlamışdılar. Bu ölkələrin əksəriyyəti isə fransızdilli ölkələr idi. Onlardan biri də Əlcəzair idi. O zaman SSRİ Müdafiə Nazirliyinin Kadrlar İdarəsindən polkovnik gəlib özü adam seçib aparırdı. Məni təqdim etdilər, o da razılaşdı. Dedi, rus dilini yaxşı bilmirsən, amma o vaxta qədər öyrənərsən.

Mən çox uzun bir yol keçmişəm. Üçüncü kurs tələbəsi kimi Azərbaycandan orda işləməyə gedən birinci adam idim. Bir il işləyib qayıdandan sonra gəlib 4-cü kursu oxudum. Bitirdikdən sonra isə sovet ordusunda xidmətə getdim. 2 ildən çox Qvineyada xidmət elədim.

Təxminən 96-cı ildən ümummilli liderə tərcüməçi lazım oldum, məni təklif elədilər. Orada da bir kuryoz hadisə baş verdi. Mən o vaxt Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində baş redaktor idim. Biz fransız dilində xaricə verilişlər yayımlayırdıq. Mən bir neçə dəfə ümummilli liderə tərcüməçilik etdim. Hətta onun Fransaya ilk səfərində tərcüməçisi mən oldum. Orda Prezident Jak Şirak təəccübləndi ki, mən bu dili hardan belə öyrənmişəm. Bu, ümummilli liderin də diqqətini cəlb etmişdi”.

N.Məmmədov Heydər Əliyevlə bağlı daha bir maraqlı xatirəsini bölüşüb:

“Bir dəfə işdə olanda saat 5-də studiyaya səsyazmaya getməli idim. Vəfa Quluzadənin katibəsi Sona xanım zəng elədi ki, bura gəl, səni çağırırlar. Dedim ki, gələ bilmərəm, işim var, dəstəyi asdım. Studiyaya getdim, amma narahat oldum ki, məni niyə çağırırdılar. İşimi bitirdikdən sonra Sona xanıma zəng elədim. Dedi ki, tez bura gəl. Aprel ayı idi, hava bir az isti idi. Qolsuz köynək geyinmişdim.

Həmin yerə çatıb, yuxarı qalxdım. Dedilər ki, bu nə paltardır gəlmisən? 5-ci mərtəbəyə düş, səni gözləyirlər. Bilmirəm nə üçündür. Aşağıya düşdüm, qəbul otağında bir az gözlədim. Prezidentin köməkçisi Tariyel Ağayev də mənə birtəhər baxdı. Mən içəriyə girəndə mühafizəçilər dedi ki, içəri belə keçmək olmaz. Tez mənə köynək, pencək və qalstuk verdilər, amma öz ölçüm olmadığı üçün çox qəribə görünürdüm. İçəri keçəndə ümummilli lider baxıb gülməyə başladı. Dedi, bu nə gündür? Dedim ki, cənab Prezident, düzünü desəm, bunlar mənim paltarlarım deyil. Xeyli güldü”.

Elxan Şahinoğlu: “Bir gün gələcək, qardaş ölkənin Naxçıvanda və Abşeronda hərbi bazaları mövcud olacaq, başqa alternativimiz yoxdur”

ADP sədri Sərdar Cəlaloğlu “Hüriyyət” qəzetinə verdiyi geniş müsahibədə maraqlı bir təkliflə çıxış edib. Partiya sədri türk qoşunlarının Azərbaycana gəlməsinin vacibliyinə toxunub. S.Cəlaloğlu işğal altında olan torpaqlarımızın azad edilməsi üçün bundan başqa yol görmür.

Sitat: “Bizim strateji müttəfiqimiz Türkiyədir. Biz Türkiyə ilə hərbi müttəfiqlik müqavilələrimizi inkişaf etdirsək, hərbi əlaqələrimizi genişləndirsək, bu, bizə kifayət edəcək. Bizə başqa NATO dövlətləri lazım deyil. Türkiyə bizim üçün bəs edər. Biz Türkiyə ilə hərbi müttəfiqliyi Rusiya-Ermənistan arasındakı hərbi müttəfiqlik səviyyəsinə qaldırmalıyıq, türk qoşunları Azərbaycana gəlməlidir. Necə ki, ruslar Ermənistan sərhədlərini ermənilərlə birgə qoruyur, Azərbaycan sərhədlərini də türk qoşunları ilə biz bir yerdə qorumalıyıq. Bizim başqa bir yolumuz yoxdur. Ya Rusiya Ermənistandan çıxmalıdır, biz Ermənistanla tərəf müqabil olmalıyıq, ya da Rusiya Ermənistanı öz dalına alıbsa, biz də Türkiyəni öz yanımıza alıb, hərbi cəhətdən öz təhlükəsizliyimizi təmin etməliyik. Bunun başqa variantı yoxdur. Kim ki, bundan başqa bir yolla Qarabağın azad olunmasını düşünür, o, tamamilə xəyalpərvərdir və reallıqlardan uzaq bir adamdır”.

Qeyd edək ki, zaman-zaman türk qoşunlarının Azərbaycana dəvət olunması çağırışları səslənir. Ən müxtəlif sahələrin təmsilçiləri tərəfindən bu dəvətə daim dəstək gəlib. Lakin bu qədər tərəfdarı olmasına baxmayaraq, bu istək hələ də həyata keçməyib. Türk qoşunları ölkəmizə gələrsə, bu proses Naxçıvan üzərindən həyata keçiriləcək ki, bu da muxtar respublikamızın təhlükəsizliyinin daha da möhkəmləndirilməsi baxımından çox önəmlidir.

Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a açıqlamasında ADP sədrinə dəstək verdi: “Biz də bunu dəfələrlə dilə gətirmişik. Naxçıvan və Abşeronda türk silahlı qüvvələrinə hərbi baza yaradılması çox vacibdir. Təhlükəsizlik siyasətimizdə bu, prioritet məsələ olmalıdır. Həmçinin Azərbaycanın Rusiya və İranla sərhədlərini türkiyəli həmkarları ilə milli ordumuzun birgə qorunmasının vacibliyini vurğulamışam. Əvəzində də Türkiyənin Suriya və İraqla sərhədlərinin mühafizəsində türkiyəli qardaşlarla birgə Azərbaycan əsgərlərinin də iştirakını məqbul hesab etmişəm. Bu həm də regionda Azərbaycanın çəkisini artırmış olar. Suriya ermənilərinə humanitar kömək adı ilə Ermənistan Suriyada hərbi mövcudluğunu saxlayırsa, bunun cavabı olaraq Azərbaycanda Türkiyə ilə birlikdə yerli türkmənlərə dəstək verməlidir. Suriyanın türkmənlər yaşayan bölgələrinin müdafiəsində Azərbaycanın zabit və əsgər heyəti iştirak etməlidir. Azərbaycan üçün Türkiyə qoşunlarının torpaqlarımızın, sərhədlərimizin qorunması öncə dövlətimizin təhlükəsizliyi üçün lazımdır. Rusiya Ermənistanla siyasi-hərbi ittifaqdadır. Buna alternativ olaraq da, Türkiyə-Azərbaycan siyasi-hərbi müttəfiqliyinin rəsmi şəkildə zəruriyyəti yaranır. Ermənistanın Türkiyə ilə dövlət sərhəddini rus qoşunları qoruyursa, bu, Türkiyə və Azərbaycan üçün ciddi siqnaldır. Düşmənlərimiz erməniləri qardaşlarımız türklərdən ruslar qoruyursa, tələb olunur, zərurət yaranır ki, Azərbaycanın da Rusiya ilə sərhədlərini türk ordusu qorusun. Bu həm də Ermənistanla olacaq müharibə zamanı Azərbaycanın şimal və cənub sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi deməkdir. Strateji, taktiki, hər baxımdan şimal və cənub sərhədlərimizin təhlükəsizliyinin təminatı bizim üçün həyati vacib məsələdir. Həmçinin unutmayaq ki, qardaş Türkiyə dünyanın ən güclü siyasi-hərbi bloku olan NATO-nun önəmli üzvlərindəndir. Türk qoşunlarının Azərbaycanda mövcudluğu, NATO-nun ölkəmizdə peyda olması deməkdir. Bununla Azərbaycan həm də NATO kimi bir çətirlə müdafiə edilmiş olacaq. Edilən təhlillərdən sonra hər baxış bucağından görürük ki, Türkiyənin Azərbaycanda olması mövcud situasiyada öncə Azərbaycanın özünə lazımdır”.

Əhəd Məmmədli: “Bu, Türkiyə və Azərbaycan üçün ciddi siqnaldır”

Politoloq bu məsələnin tezliklə reallığa çevrilməsini çox vacib sayır: “Bu məsələnin reallığa çevrilməsi üçün rəsmi Bakı hərəkətə keçməlidir. Türkiyə ordusu rəsmi olaraq Azərbaycana dəvət edilməlidir. Azərbaycanla Türkiyə arasında dəmir hərbi pakt imzalanmalıdır. Bu iki qardaş ölkə hər hansı üçüncü ölkə ilə müharibə, hərbi münaqişədə olduğu təqdirdə dərhal bir-birinin tərəfində ola biləcək savaşda yer almalıdırlar. Türkiyə ilə Rusiya bu məsələdə anlaşacağı təqdirdə Azərbaycan iqtidarı buna gedə bilər. Yəni ortada belə bir ciddi əngəl də var. Bunu da vurğulamalıyıq ki, ilkin etap olaraq indi belə Naxçıvanda Türkiyə hərbi bazası qurula bilər. Fikrimcə, proses ona tərəf gedir. Türkiyənin Naxçıvanda mövcudluğuna Rusiya da mane ola bilməz. Türk qoşunlarının Naxçıvanda peyda olması ermənilərin də birdəfəlik bu regionumuza iddialarına son qoya bilər. Tarixi baxımdan da Naxçıvan türk əsgərlərinin yerləşdirilməsi üçün gözəl fürsətdir. Ümid edirik ki, tezliklə Azərbaycan bu imkandan lazımi səviyyədə yararlanacaq. Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə geniş hərbi təlimlərinin məntiqi gedişatı yuxarıda qeyd edilənlər olmalıdır. Türkiyə ordusunun Azərbaycanda mövcudluğu çox şeyi dəyişə bilər. Qardaş ölkənin Cənubi Qafqazda hərbi bazasının olması region üçün çox ciddi hadisədir. Türkiyənin Cənubi Qafqazda güclənməsi birmənalı olaraq Azərbaycanın maraqlarına cavab verir. Eyni zamanda Türkiyə qoşunlarının Azərbaycanda olması rəsmi Bakının Qarabağ məsələsində qolunu gücləndirir. Bir nüansı xatırlayaq, Şimali Suriya və İraqda Türkiyə ordusunun anti-terror əməliyyatlarından ən çox narahatlıq keçirilənlər içində ermənilər də var idi. Bu, təbiidir, çünki ermənilər anlayırlar ki, bu gün Yaxın Şərqdə hərbi əməliyyatlar aparan Türkiyə sabah Cənubi Qafqazda hərbi gücünü göstərəcək. Ona görə türk əsgərinin Azərbaycanda olması Qarabağın azad edilməsi yolunda atılacaq mühüm addımdır. Yuxarıda qeyd edilən bütün əngəllərə rəğmən Azərbaycan bu şansdan artıq yararlanmalıdır”.

Məsələyə dair politoloq Elxan Şahinoğlu da ilginc açıqlama verib. O qeyd edib: “Qətər əmiri ölkəsini açıq və gizli düşmənlərdən qorumaq üçün Türkiyədən ikinci hərbi bazasını yaratmağı xahiş etdi. Türkiyə Qətərdən əvvəl Azərbaycanın strateji müttəfiqidir. Azərbaycan Ermənistanla bacara bilər. Ancaq tək Ermənistanla iş bitmir ki. İnanıram ki, bir gün gələcək Türkiyənin Qətərdə olduğu kimi Azərbaycanda da iki hərbi bazası – Naxçıvanda və Abşeronda mövcud olacaq. Başqa alternativimiz yoxdur. Haqqında çox danışdığımız arxa cəbhədən arxayın olmalıyıq…”

Çeçenistanda 38 yaşlı Zamid Çalayev Əhməd Hacı Kadırov adına post-patrul xidmətinin yeni komandiri olub. Onun Ramzan Kadırovla eyni tayfadan olduğu deyilir.

“Kavkazskiy uzel” saytının məlumatına görə, birliyin əvvəlki rəisi Aslan İrasxanov Qroznı baş polis idarəsinin rəhbəri təyin edilib. A.İrasxanova qədər isə bu vəzifəni Çeçenistan liderinin yaxın qohumu Xasmaqomed Kadırov daşıyırdı. Sonuncu Arqun şəhərinin meri vəzifəsinə göndərilib.

Qeyd olunur ki, hüquq müdafiəçiləri sözügedən alayın olduqca pis şöhrətə malik olduğunu bildirirlər. Bu yaxınlarda yarıhərbi birliyin kazarmalarında insanlara işgəncə verildiyi və məhkəmədən kənar şəkildə öldürüldüyü barədə xəbərlər çıxıb. Məhz mətbuatdakı yazılardan sonra Aslan İrasxanovun getməsi medianın diqqət mərkəzinə düşüb.

“Alfa” antiterror dəstəsinin veteranları assosiasiyasının prezidenti Sergey Qonçarov İrasxanovun gedişini işgəncə xəbərləri ilə bağlanmasını səhv hesab edir.

 

Onun fikrincə, Kadırov kütləvi informasiya vasitələrindəkı materialları çox da vecinə alan adam deyil.

Lakin “Novaya qazeta” qəzeti “İşgəncələr əleyhinə komitə” və “Memorial” hüquq müdafiə təşkilatı ilə birlikdə Moskvada keçirdiyi mətbuat konfransında Çeçenistandan gələn və işgəncələrə məruz qalanların izahatlarını səsləndirib. Burada Əhməd Kadırov adına alayın zirzəmilərində saxlanılanların öldürülməsindən bəhs edilir.

Onlardan bəziləri güllələnib, bəziləri isə iplə boğdurulub.

Sonda qeyd olunru ki, “Benoy” Çeçensitan rəhbərinin doğma tayfası sayılır. Bir-birinə sıx bağlı olan tayfa üzvləri özlərini əsl çeçen hesab edirlər.

Dubay əmiri şeyx Məhəmməd ibn Rəşid əl Məktumun şahzadə Hayaya qarşı açdığığ məhkəmə işinin ilk iclasında 45 yaşlı şahzadə “məcburi evlilik qoruması qərarı” tələb edib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, şahzadə Haya bu ilin əvvəlində övladları ilə birlikdə Dubaydan qaçaraq İngiltərəyə gəlib. Şahzadə məhkəmədən ehtimal edilən təzyiqə və istismara qarşı qoruma tələb edib. Hayanın bu iki tələbi hansı əsaslarla istədiyi açıqlanmayıb.

Şeyx əl Məktum da məhkəmədən detallarla bağlı gizlilik tələb edib. Amma hakim Endru Makfarleyn bu tələbi rədd edib. Rədd cavabının əsasında isə “bu mövzuda cəmiyyətin məlumatlanması, cəmiyyətin mənfəətli olması” arqumentləri dayanıb.

Kim nəyi tələb edir?

4 milyard dolları aşan şəxsi sərvəti ilə dünyanın ən varlı insanlarından biri olan 70 yaşlı şeyx Məhəmmədi Madonna və Qay Riçinin vəkili Helen Vard, İordaniya kralı Abdullanın ögey bacısı olan 45 yaşlı şahzadə Hayanı isə şahzadə Çarlzın vəkili Fiona Şeklton təmsil edib.

Şahzadə Haya uşaqlarının qəyyumluğunu almaq istəyir. Əmir əl Məktum isə uşaqlarının Dubaya geri qaytarılmasını tələb edir.

Adnan Oktarın Türkiyə hökuməti əleyhinə dedikləri üzə çıxdı

Adnan Oktarın başçılıq etdiyi silahlı cinayətkar qrupla bağlı hazırlanan iddianamədə şok bir detal üzə çıxıb. İddianamə çərçivəsində “təsirli peşmanlıq” maddəsindən faydalanmaq istəyən şübhəli B.K. açıqlamalarında A.Oktarın həddini necə aşdığını danışıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, B.K. təşkilat rəhbəri Adnan Oktarın onlara qarşı təşkil edilə biləcək mümkün əməliyyat barədə “Əgər bizə qarşı əməliyyat qurarlarsa, biz də hökuməti yıxarıq” dediyini etiraf edib. Bundan başqa, Oktarın FETÖ tərəfindən gerçəkləşdirilən 15 iyul qanlı çevriliş cəhdindən sonra “Tayyip Ərdoğanın taleyi mənim əlimdədir” deyərək, təhdidlər səsləndirdiyi də etiraflar sırasındadır.

 

Şübhəli B.K açıqlamalarında bildirib ki, amerikalı əsgər və xəfiyyələrin iki ay öncə əməliyyatla bağlı xəbərdarlığının ardınca təşkilat içərisində əməliyyat aparılacağı ilə bağlı mövzu çox müzakirə olunub. İddianamədə yer alan ifadəsində şübhəli B.K. bildirib ki, təşkilatın siyasətə cavabdeh olan rəhbəri Aylin Atmaca hər gün A.Oktarın yanına gəlib, onlara qarşı əməliyyat təşkil olunacağı xəbərdarlığını edirdi. Etirafçı B.K. A.Atmacanın Ankarada yaşadığını və 11 iyul 2018-ci ildə A.Oktarın təşkilatına yönəlmiş əməliyyatın xəbərini öncədən təşkilata çatdırdığını etiraf edib.

 

Şübhəli B.K. ifadəsində bildirib ki, 2018-ci ilin iyun ayında, yəni, əməliyyatdan 1 ay əvvəl bir nəfər gələrək, A.Oktara “Sizə qarşı əməliyyat həyata keçiriləcək, məlumatınız olsun” deyib. A.Oktar da həmin şəxsə “Əgər bizə qarşı əməliyyat hazırlansa, biz də hökuməti devirərərik” cavabını verib.

15 İYULLA BAĞLI QALMAQALLI SÖZLƏR

Prezidentlik sisteminin gündəmə gəldiyi vaxtlarda Oktarın hökumət və prezident Rəcəb Tayyib Ərdoğan haqqında təhdidlər yağdırdığını deyən B.K. onun aşağıdakıları dediyini vurğuladı: “Ərdoğan 15 iyul hadisəsini də prezidentlik sistemini Türkiyəyə gətirmək üçün özəl olaraq planlaşdıraraq edib. Ərdoğanın dövlət düşməni olub-olmadığını öyrənmək üçün məndən fətva gözləyirlər. Əslində Ərdoğanın taleyi mənim əlimdə, əgər bizim əleyhimizə bir hərəkət etsə, bunun da mütləq qarşılığı olacaq”.

ƏMƏLİYYAT XƏBƏRDARLIĞININ ARDINCA RƏQƏMSAL TƏMİZLİK

Şübhəli B.K. ifadəsində əməliyyat keçiriləcəyi məlumatının əldə edilməsinin ardınca rəqəmsal bir təmizlik həyata keçirildiyi, bu təlimatın da təşkilata Didem Ürer tərəfindən verildiyini deyib. Bundan başqa, D.Ürerin koordinasiyasında Serap Akınçıoğlunun texniki məlumatları ilə birlikdə təşkilatdakı bütün rəqəmsal materialların keçmişinə yönəlik təmizliyin Deniz Tarık tərəfindən həyata keçirildiyi və cinayətkar qruplaşma əleyhinə dəlil yarada bilməsi mümkün olan bütün hissələrin silindiyini də bildirib.

Yazılan və yazılmayan qanunlar, təbii səbəblər və dini amillər…

Dünyada Şərq və Qərb insanlarının sivilizasiyaları, hadisələrə yanaşmaları hər zaman fərqli olub. Mədəniyyət Şərqdə yaransa da, mütəxəssislər bildirirlər ki, sonradan inkişaf edən Qərb bu xüsusda Şərqi xeyli üstələyib. Xüsusilə də Qərb insanlarında qanuna, qaydalara münasibət xeyli dərəcədə fərqlidir. Məsələn, Şərqdə hansısa hadisəyə görə insanlar polisə deyil, məsələni özləri həll etməyə çalışırlar. Qərbdə isə qaydalar daha sərtdir və eyni zamanda insanlar da yazılan qanunlara riayət edirlər. Məsələ insanların öz hüquqlarına yanaşması və bunu qoruması baxımından da fərqlidir.

“Yeni Müsavat”a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, Şərqdə mədəniyyətin formalaşması min illər boyu davam edib:

“Orada konkret bir çərçivələr olmayıb. Şərqdə eyni zamanda həmişə rasional düşüncə ilə yanaşı, rasional olmayan düşüncə də geniş yayılıb. Məsələn, hansısa kənar qüvvələrə inamı göstərə bilərik. Orta əsr Şərq fəlsəfəsini, İslam fəlsəfəsini də götürsək, bu cür məqamlara rast gələ bilərik. Çin, Hindistan, Misir fəlsəfələrinə baxsaq görərik ki, orada insan haqqında təkcə rasional düşüncə ilə danışılmır. Eyni zamanda başqa bir aləmin də insana təsirləri barəsində hər zaman ciddi və qəbuledilən düşüncə olub. Yəni Şərq insanı bir qədər sərbəst, insanlıq, dünya barəsində daha əhatəli, çoxşaxəli şəkildə düşünüb. Orada belə hal olmayıb ki, hökmən hansısa qayda-qanuna əməl edilməlidir. Ancaq Qərb mədəniyyətində fərqlidir. Bu mədəniyyət əsasən 14-cü əsrdən sonra formalaşdı. Qərb mədəniyyəti o zamana qədər Şərq mədəniyyətinin təsiri altında idi. Artıq Qərb özü-özünün ayrı xarakterdə olduğunu hiss etdikdə, inkişaf yollarını axtardı. Qərbdə daha çox rasional düşüncə rol oynadı. Bu da təbii idi. Çünki əvvəllər Qərbdə insan yox idi. Şərqdə müharibələr, davalar olduğu üçün insanlar Qərbə üz tutdular. Oraya-sərt iqlim içərisinə girdikdə rasional düşüncələri bunun hesabına inkişaf etməyə başladı. Yəni şərait və mühit məcbur etdi ki, insanlar bu cür düşünüb, inkişaf etsinlər. Aydın başa düşmək üçün bizim özümüzün məcburi köçkünlərimizə diqqət edə bilərik. Bir zamanlar, məsələn, Ağdamda hər bir şəraiti olan, Muğan, Füzuli haqqında danışan ailə, qəfildən işğal nəticəsində Bakıya gəlib, 1 otaqlı mənzilə sığınmalı oldu. O, səhərlər bazarda göyərti satıb, ailəsini dolandırdı. Artıq onların Muğan, Füzuli ilə bağlı fikirləri bir yanda qaldı. Özünü xilas etmək üçün düşünməyə başladı. Qərb düşüncəsi də uzun əsrlər boyu bu cür formalaşıb”.

Ekspert bildirib ki, Qərbin fərqli olması da bu nüansla bağlıdır:

“Onlar uzun əsrlər boyu özlərinin inkişaf yollarını müəyyənləşdirməyə başladılar. 14-cü əsrdən Qərb intibahı deyilən dövr başlayır. Qərb mədəniyyəti formalaşıb, ortaya yeni düşüncə tərzi çıxıb. Bəzən deyirlər ki, hər iki tərəf eynidir. Əslində isə bu, belə deyil. Məsələ ilə bağlı illərdir ki, tədqiqat aparıram. Şərqli uzun illər boyu təbiətlə təmaslı şəkildə, fərqli formada inkişaf edib. Qərbdə isə çətin həyat hesabına rasional və fürsətçi düşüncə formalaşıb. 17-ci əsrdən sonra qərbli dünyəvi elmlərdən bəhrələnməyə başladı. Bu zaman isə dünyəvi elmə qarşı məhəbbəti artdı. Gördülər ki, dünyəvi elmlər onlara həyatda çox kömək edir. Nəticədə ilahiyyat elmlərinə yuxarıdan-aşağı baxdılar, təbiət elmləri ilə də ciddi şəkildə maraqlandılar. Qərb düşüncəsinin bu cür formalaşmasında Katolik kilsəsinin də böyük rolu oldu. Şərqdə Yaponiyanın da oxşar taleyi var. Onlar da iqlim, yer, təbiət baxımından çətin vəziyyətdədir. Bu baxımdan yaponlar da nizam-intizama önəm verib, çətin şəraitdən çıxmağa başladılar. 20-ci əsrin sonlarına doğru Qərbdə başa düşdülər ki, yalnız rasional düşüncəyə aludə olmaq onların həyatlarına ziyan verib. Ona görə də artıq Qərbdə Şərqə qarşı çox böyük maraq yaranıb. Dini kitabların potensialını dərindən araşdırırlar. 2007-ci ildə Amerikada ən çox satılan kitab Mövlanənin kitabı oldu. İndi də Qərb ölkələrində olduğum zaman Şərqə qarşı kifayət qədər maraq görürəm. Çox təəssüf ki, bizim təkcə davranışımızda olan qeyri-dəqiqliklə yanaşı, yazılan elmi işlərimizdə də yalançı hay-küy çoxdur. Hazırda Qərb praqmatik düşüncəsindən irəli gələrək, Şərqdə olan yeniliyi daha dərindən öyrənirlər. Bu dəqiqə Qərb Qurani-Kərimi kifayət qədər dərindən öyrənir, araşdırır, elmi işlərdə istifadə edirlər. Qərb İslamı daha çox fəlsəfi, elmi əsaslarla mənimsəyir. Şərqin özündə isə bu belə deyil – dindən camaatı qorxutmaq, cəhalət üçün istifadə edirik. Bütün səbəblər də bu cür yanaşmalarla bağlıdır”.

“YouTube” bu növ videoların yüklənməsinə qadağa qoyduİnternetin köməyi ilə böyük pullar qazananlar var. “Youtube” portalında çəkdiyin videoları yerləşdirməklə milyonçu olmaq mümkündür. Hətta uşaqlar üçün də belə imkanlar yaranıb.

Bizimyol.info xəbər verir ki, rus Anastasiya Radzinskaya “Youtube” videolarının sayəsində milyonçu olub. Onun “Like Nastya” kanalındakı videolarına indiyə qədər 13 milyarda yaxın baxış qeydə alınıb.

Nastyanın cəmi 5 yaşı var. Rusiyanın Krasnodar şəhərində doğulub. Günlərin birində valideynləri onun üçün “Youtube” kanalı açmaq qərarına gəlib. Üç il əvvəlki ideya böyük uğur gətirib. Nastyanın 700 milyon baxışı keçən videosu var.

Uşaq videolarda oyuncaqlar, müxtəlif oyunlar haqda danışır, atası ilə səhnəciklər yaradır. Abunəçilərin sayı 29 milyon nəfəri keçib.

Anastasiyanın anası Anna 2016-cı ilin yanvarında kanalı açanda pis qazanmadığını deyir. Xanım Radzinskayanın Krasnodarda gözəllik salonu vardı, hər ay təxminən 300 milyon rubl (5 min dollar) gəlir götürürdü. Amma “Like Nastya” kanalı onların həyatını tam dəyişib. Nastyanın aylıq qazancı 80 min dolları ötür. Ailə il ərzində gəlirini 1 milyon dollara çatdırır.

Nastyanın videoları başqa ölkədə daha çox gəlir gətirərdi. “Youtube” rus dili seqmentinə böyük pul ayırmır. Uşaq atası ilə videoları məhz ana dildə çəkir. İngilis və ya ispan dili daha sərfəli hesab edilir.

Qərbdə Anastasiyadan da çox qazanan uşaqlar var. Məsələn, “Ryan Toys Review” kanalı Rayan adlı 7 yaşlı uşağa 22 milyon dollar gətirib.

Politoloq: “Mərkəzi Asiya regionu geopolitik qarşıdurma arealına daxil olub”

“Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölümü ilə bağlı yayılan dezinformasiyalar türkmən müxalifətinin ölkədə çevriliş etmək məqsədindən irəli gəlirdi”.

Bunu rusiyalı siyasi analitik Denis Korkodinov deyib. Korkodinov Türkmənistan hökumətindəki mənbələrə istinadən bildirib ki, regionda fəaliyyət göstərən islamçı qruplaşmalarla birgə türkmən müxalifəti, o cümlədən İŞİD terror təşkilatı prezidentin Aşqabadda olmamasından istifadə etdi: “Onlar yerli ictimaiyyət və güc strukturlarının yardımı və dəstəyinə ümid edərək çevrilişə cəhd göstərdilər. Amma Türkmənbaşı müxalifətin planlarından əvvəlcədən xəbərdar edilmişdi və rus kəşfiyyatının yardımı ilə çevrilişin qarşısını ala bildi. Bu, Türkmənistan siyasi elitasının daxilində bir sui-qəsdin ortaya çıxmasına imkan verdi”, – Korkodinov bildirib. (Axar.az) Onun sözlərinə görə, yaxın günlərdə Aşqabadda müxalifətin “təmizlənməsi” həyata keçiriləcək: “Həddən artıq şəxsə cinayət işi açılacaq. Cəhdin bəzi iştirakçıları məhv ediləcək”.

Qeyd edək ki, bazar günü Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədovun ölümü barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Almaniyada müalicə olunan anasını yoluxmağa gedən Q.Berdiməhəmmədov ölkədən çıxan kimi ssenari işə salınıb.

Prezidentin ölümü barədə ilk olaraq politoloq və “Qovorit Moskva” radiostansiyasının Avrasiya Problemləri Monitorinq Mərkəzinin direktoru Aslan Rubayev yerli mənbəyə istinadən xəbər vermişdi. O, bu barədə türkmən iş adamlarından xəbər tutduğunu bildirib. Onların sözlərinə görə, xüsusi xidmət orqanlarında işləyən şəxslər hadisənin prezident məzuniyyətdə olan zaman baş verdiyini deyiblər. Bildirilib ki, Qurbanqulı Berdiməhəmmədov iyulun 15-də məzuniyyətə çıxıb. Həmçinin siyasətçinin ölümü barədə ərəb ölkələrindəki həyat tərzini işıqlandıran teleqram-kanal da məlumat yayıb. Yerli müxalifət qurumlarından birinin “Youtube” kanalı prezidentin iyulun 20-də öldüyünü xəbər verib. İlk saatlarda xəbər rəsmi səviyyədə nə təsdiq, nə də təkzib edilib ki, bu da şayiələrə yol açıb. TASS-ın sorğusuna bu ölkənin Rusiyadakı səfirliyindən cavab gəlib. Səfirliyin nümayəndəsi bildirib ki, Türkmənbaşının ölüm xəbəri tamamilə yalan informasiyadır.

Üstündən bir gün keçəndən sonra Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov səhiyyə və tibb sənayesi işçiləri günü münasibətilə ölkənin tibb işçilərini təbrik edib. O, öz təbrik məktubunda ölkə səhiyyəsində qazanılan uğurları qeyd edib. Bildirib ki, hazırda ölkə üzrə səhiyyə sisteminin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi üzrə işlər uğurla həyata keçirilir.

“Xüsusilə ana və uşaqların sağlamlığı və qorunması təmin edilib, bir sıra yoluxucu xəstəliklər tamamilə aradan qaldırılıb, sağlam həyat tərzi prinsipi tətbiq olunub”, – deyə prezident məktubunda bildirib.

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Türkmənistan prezidentinin ölüm xəbərinin yayılması siyasi rezonansa səbəb oldu: “İlk növbədə maraqlı qüvvələr əsasən sistem daxilindən qaynaqlanırdı. Çünki elita daxilindəki müxalif qüvvə sarayda çevriliş yolu ilə yeni hakimiyyət qurmaq planına malikdir. İŞİD-in burada rol alması inandırıcı deyil. Çünki Orta Asiya ölkələrindən fərqli olaraq, İŞİD bu ölkədə geniş yayılmayıb. Baxmayaraq ki, Əfqanıstanla sərhəddə onların mövcudluğu var. Türkmənistan prezidentinə qarşı bu dezinformasiya xalqda panika yaratmaq və çevrilişə cəhd kimi bir siyasi gediş idi”. Ekspert deyir ki, burada maraqlı olan dövlətlər də var: “Hesab edirəm ki, kəşfiyyatın fəal müdaxiləsi ilə bunun qarşısı alınıb. Zaman-zaman Türkmənistanda sui-qəsd hadisələri baş verir. Bu, saraydaxili çevrilişdir. Hesab edirəm ki, Qurbanqulu Berdiməhəmmədov radikal addımlar atacaq və ona qarşı baş verən bu kimi siyasi proseslərin qarşısını alacaq. Təbii ki, bu prosesdə Kreml ona dəstək verəcək”. Politoloq onu da qeyd etdi ki, Mərkəzi Asiya regionu geopolitik qarşıdurma arealına daxil olub: “Buradakı siyasi kataklizmlər gözləniləndir”.