Türkiyə Cümhuriyyətinin 96 illiyi münasibətilə prezident Rəcəb Tayyib Ərdoğan qəbul mərasimi keçirib.

Tədbirdə 5 minə yaxın qonaq olub. Onları girişdə 16 türk dövlətini təmsil edən əsgərlər qarşılayıb.

Prezidentlə xanımı “Sülh Çeşməsi Hərəkatı”nda xidmət göstərən əsgərlərlə birlikdə salona daxil olub.

Tədbirdə siyasətçilərlə yanaşı bir çox məşhur sənətçilər də iştirak edib. Onların arasında Orhan Gencebay, Acun Ilıcalı, Kibariye, Demet Akalın, İrem Derici, Ece Erken, Hakan Peker, Kutsi, Metin Şentürk, Esra Erol, Reynmen və s sənət adamları olub.

 

 

 

 

 

 

 

 

 

 



Rusiya rəsmilərindən aldığımız məlumatlara görə, hazırda terrorçular tamamilə ərazidən çəkiliblər. Biz Suriya torpaqlarına qalmağa yox, o torpaqları terror təhlükəsindən təmizləmək üçün getdik”.

APA-nın yerli bürosunun xəbərinə görə, 29 oktyabr Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü münasibətilə Ankaradakı Beştəpə Millət Konqresi və Mərkəzində keçirilən bayram tədbirində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri bildirib.

Prezident deyib ki, ABŞ-la 120 saatlıq, Rrusiya ilə 150 saatlıq razılaşma müddəti başa çatsa da, sabahdan yenə də Suriya mövzusunda fəaliyyətlər, görüşlər davam edəcək: “Bununla da “Barış bulağı” əməliyyatını yekunlaşdırmaq cəhdləri içərisindəyik. Qərb ölkələri ilə də görüşlərimiz olacaq. Mən də daxil olmaqla, xarici işlər nazirimiz, müdafiə nazirimiz, milli təhlükəsizlik qurumumuz, baş qərargah rəisimiz səviyyəsində görüşlər davam etməkdədir. Həm Türkiyə, həm də ölkəmizlə sərhəddə olan Suriya sərhədlərini ən qısa zamanda terrorçuardan tam təmizləyəcəyik”.

Ərdoğan qeyd edib ki, “Barış bulğaı” əməliyyatı çərçivəsində Türkiyə ordusu 30-a yaxın, Suriya Milli Ordusu isə 130-a yaxın şəhid verib: “Dünyada Avropadan Qafqazadək türk miləti qədər soyqırıma, zülmə, ədalətsizliyə məruz qalan ikinci bir millət yoxdur. Buna rəğmən biz, mədəniyyətimizin və tariximizin tələblərindən irəli gələrək sərhədlərimizdən kənara heç bir zaman çıxmadıq və çıxmayacağıq. Bizdən başqa hər kəsin Suriyadakı marağının mərkəzində neft mənbəyi olduğu bir daha ortaya çıxıb. Ölkəmiz terrorla mübarizə apararkən Qərb ölkələri başda olmaqla bir çox dövlətlərin bu mübarizədə səmimi olmadığını, ikiüzlü olduğunu ifşa etdi. Türkiyə milli təhlükəsizliyini öz gücü hesabına qoruya biləcəyini bir daha sübut etdi”.

Bayram münasibətilə xalqını və Türkiyə ilə dostluq əlaqələri olan ölkələri təbrik edən Ərdoğan Türkiyə Respublikasının 100 illiyi üçün 2023-cü ildə çox önəmli hədəflərin müəyyənləşdirildiyini də vurğulayıb.



Bağdadi öldürüldü. Özü də xüsusi əməliyyat zamanı. ABŞ prezidenti Donald Tramp əməliyyat başa çatandan sonra öz Tvitter hesabında əl-Bağdadinin məhv edilməsi ilə bağlı mesaj da paylaşdı. “Elə indicə çox mühüm hadisə baş verdi”.

Kim idi axı bu Bağdadi və ondan sonra İŞİD-in vəziyyəti necə olacaq?

Qısaca bir xatırlatma edək.

Əsil Adı İbrahim Əvvad əl-İbrahim Əbdülmumin Əli Əl-Bədri olan bu şəxs 1971-ci ildə İraqın Samirə şəhərində doğulub. Səddam Hüseynin vaxtında bu şəhərdəki “Əhməd bin Hənbəl” məscidinin imamı olub. Tikrit Universitetində təhsil alıb və İslam elmləri ilə bağlı doktorluğu müdafiə edib. 2010-cu ildən “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror qruplaşmasına rəhbərlik edib. ABŞ onun başına 10 milyon dollar mükafat qoymuşdu.

Çox uzaq tarix də deyil, İraqda və Suriyada qanlı qırğınları ilə məşhurlaşan “İraq-Şam İslam Dövləti” qruplaşması hər gün bir qanlı olayı ilə gündəmə gəlirdi. Özünü İslam təşkilatı, hətta İraq və Suriya ərazisində “İslam xilafəti” yaratdığını elan edən İŞİD daxilində İraq, Suriya kimi ölkələrlə yanaşı, ərəb ölkələrindən, o cümlədən dünyanın az qala bütün nöqtələrindən gələn terrorçular toplaşmışdı.

İŞİD heç bir müsəlman ölkəsi və ya təşkilatı tərəfindən dəstəklənmirdi. Baxmayaraq ki, bir sıra müsəlman ölkələri və ya qurumlarının, ayrı-ayrı şəxslərin adları bu qruplaşmaya dəstək verənlər siyahısında çəkilir.

İŞİD-in bu qədər sürətlə böyüməsi, güc qazanması, faktiki olaraq bir neçə böyük dövlətlə savaşmasının arxasında ciddi amillər vardı. Bu, sadəcə, bir qrup fanatikin toplanıb silahlı qrup yaratması və ya çılğın ərəb şahzadələrinin maliyyəsi ilə yaradılan terror qrupunun imkanları deyil.

İŞİD böyük bir iqtisadi imperiyaya da malik idi. IEP-nin hesablama və məlumatlarına əsasən qlobal iqtisadiyyatın terror hadisələri nəticəsində itkiləri hətta 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş olayları da üstələmişdi (51,5 mlrd. dollar). Ekspertlər qlobal iqtisadiyyatın terrorizmdən çəkdiyi ziyanın həcmini Bolqarıstanın ÜDM-si ilə müqayisə edirlər.

İŞİD terror qruplaşması 2014-cü ildə demək olar ki, heç bir müqavimətə rast gəlmədən İraq ərazisinin 1/3 hissəsini zəbt etmişdi.

İŞİD-in hücumları zamanı neftlə zəngin Mosul, Enbar və Səlahəddin kimi bölgələrdə böyük dağıntılar meydana gəlmiş, milyonlarca insan evlərini tərk etmək məcburiyyətində qalmışdı. Hətta Mosul və Səlahəddin kimi vilayətlərdə İŞİD-in qətlə yetirdiyi dinc sakinlərin toplu qəbiristanlığı da tapılmışdı. Hücumlar və əməliyyatlar zamanı 40 min insanın həlak olduğu bildirilir. İraq hökuməti müharibə zamanı əsgər itkisinin sayını açıqlamır.

Məlumata görə, ölkədə İŞİD-ə qarşı aparılan mübarizədə təxminən 5 milyon insan ev-eşiyindən didərgin düşüb. İraq Köç və İmmiqrantlar Nazirliyinin 2017-ci ildə açıqladığı hesabata görə, evindən didərgin düşmüş insanların yalnız 42 faizi geri qayıda bilib. Hesabata əsasən qeyd etmək olar ki, təxminən 3 milyon insan hələ də ölkə xaricində və qurulan düşərgələrdə yaşayır.

Ən əsası, İŞİD-in İraqa vurduğu ziyanın məbləği 100 milyard dollardan çox idi.

İŞİD-in gəlir mənbələri də çoxşaxəliydi. Məsələn, terrorçular oğurladıqları adamlara görə ayda təxminən 10 milyon dollar əldə edirdilər.

İŞİD-in ən böyük gəliri təbii ki neft-qaz biznesindən gəlir. “İslam Dövləti” Suriyada və İraqda gündə 60 min barrel neft hasil edilən 7 neft yatağına və bir neçə qaz nasos stansiyasına nəzarət edirdi. “İraq Oil Report” şirkətinin məlumatında bildirilir ki, İŞİD qaçaqmalçılıq yolu ilə əldə edilmiş İraq neftindən sutkada 5 milyon dollar gəlir əldə edirdi və neft və qazı dünya bazarındakı qiymətlərdən 2 dəfə ucuz çıxarırdı.

İŞİD fosfat hasilatı, eləcə də sement istehsalı və satışından da qazanır. Məsələn, təkcə fosfat yataqlarının istismarı təşkilata ildə 50 milyon dollar gəlir gətirirdi.

İndi isə İŞİD-in əsas marağı İordaniyadakı uran yataqlarına yönəlmişdi. Bu ölkə uran yataqlarının sayına görə dünyada 11-ci yeri tuturdu. Amma terrorçular bu istəklərinə nail ola bilmədilər. Əks təqdirdə, İŞİD üçün cəlbedici və perspektivli bazar imkanları aça bilər.

İŞİD ərzaq mallarının satışı ilə də məşğul idi. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, İŞİD olduqca münbit torpaqlara sahib olub. Bu torpaqların 30 faizində buğda, 40 faizində isə arpa əkilirdi. Bu da ildə 1,1 milyon ton taxıl tədarük etməyə imkan verirmiş. Təxmini hesablamalara görə, buğda və arpanın qara bazarda satışından İŞİD ildə 200 milyon dollar qazanırmış…

Bu ilin əvvəlində ABŞ-ın dövlət katibi Mayk Pompeo İŞİD terror təşkilatını 99 faiz məhv edildiyini bildirdi. Hələ onu da bildirdi ki, qısa müddətdə Amerika qoşunları Suriyadan çıxarılacaq.

Hə, İŞİD məhv edildi, onun rəhbəri Bağdadi də iki gün əvvəl öldürüldü. İndi maraqlı olanı budur: İŞİD-in biznes imperiyasına kim sahib çıxacaq?


PKK terror təşkilatının ABŞ-la əlaqə yarada bilməsi üçün qurulan Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyənin həyata keçirdiyi “Barış pınarı” hərəkatından sonra dağılmağa başlayıb.

PKK-nın hərəkat keçirilən bölgədəki bəzi mövqelərini Bəşər Əsəd rejiminə verməsinə qarşı çıxan ərəb militanlar təşkilatı tərk etməyə başlayıb. SDQ əsgərlərinə maaş verməkdə çətinlik çəkir. Deyr-əz-Zor, Münbiç və Hasekidə daxili üsyanlar başlayıb.

Deyr-əz-Zor qarşı çıxdı

Hərəkatın başladığı gündən etibarən təşkilatda böyük çatlaqlar əmələ gəlib. Deyr-əz-Zorda hərbi şuranın üzvləri PKK-nın şəhəri təhvil vermə qərarını tanımadığını bildirərək müqavimət göstərib. Şuranın komandiri Əbu Həvlə ”PKK/YPG ilə Əsəd arasında razılaşma əldə olduğunu düşünmədiklərini, rejimin əllərindəki şəhərlərə girməsinə icazə verməyəcəklərini deyib.

İran protest edildi

Şəhərin 4 kəndində həm Əsəd və İran dəstəkli milisləri, həm də PKK-nı protest edilib. Üsyanlar ötən gün də davam edib.

Münbiçdə üsyan dalğası

YPG-dən asılı olan Cəyşül Suvar rejim qüvvələrinin Münbiçə girməsinə qarşı çıxaraq Rakkaya doğru çəkilib. Münbiç hərbi şurası lazım gəlsə, silahlı mübarizə edəcəklərini terror təşkilatına bildirib. Təşkilatın ərəb üzvləri türk ordusundan yardım istəyib.

Təsdiq olundu

SDQ-nin “Fatehin sultanları” qrupunun komandiri Şahin Veys ərəblərin getməsinin səbəbinə belə aydınlıq gətirib: “Xüsusilə, PKK/YPG cəbhələrindəki çox sayda ərəb təşkilatdan ayrılıb. Bunun təməlində təşkilatın gəlirlərini itirməsi və ərəb tayfalarına təşkilat daxilində edilən təzyiqlərdir”.

Maaş yox, edam var!

Hasekidə də təşkilat qan itirir. Onlarla ərəbin ayrılmasından sonra edamlar başlayıb. Yəğrubiyədə təşkilatdan ayrılmaq istəyən 5 nəfər edam olunub. Təşkilatın ən böyük ikinci problemi isə maliyyədir.

“Barış pınarı” hərəkatından sonra Əsəd rejiminə verilən bölgələrdə yaşayan xalqın 60%-i rejimi istəmir.

/Publika.az/

Ermənistanda ötən il yeni islahatçı hökumətin qurulmasından sonra həqiqətən də nəsə dəyişibmi?

Stiven Sakur Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla söhbətləşib.

“Hard Talk” verlişində xoş gördük. Mən Stiven Sakuram. Kiçik dövlət olan Ermənistan düşmənçiliyin və gərginliyin olduğu Qafqaz regionunda böyük strateji əhəmiyyətə malikdir. Ötən il burada xalq etirazları nəticəsində “məxməri inqilab” baş verib. Nəticədə Yerevanda yeni hökumət formalaşdırılıb. Bugünkü qonağım islahatlar haqda iddialı danışan bu hökumətin xarici işlər naziri Zohrab Mnatsakanyandır. Beləliklə, Ermənistan iqtisadi-siyasi sahədə ilham mənbəyini Şərqdə, yoxsa Qərbdə axtarır?

– Deyirsiniz ki, söhbət institusional quruculuqdan gedir və bu, zaman aparacaq. Bunu hər kəs anlayır. Digər tərəfdən, “məxməri inqilab”dan sonra real dəyişikliklərin baş verdiyini söyləmək üçün başqa əlamətlər axtarırıq. Məsələn, ölkənizlə qonşu Azərbaycan arasındakı mübahisəli Dağlıq Qarabağ regionu uğrunda yaranmış, bu gün pat vəziyyətində olan münaqişənin həllilə bağlı dəyişikliyin olub-olmadığına nəzər yetirməliyik. Şəxsən mən hökumətinizin bu münaqişənin həllilə bağlı yeni ideya, yanaşma təklif etdiyini görməmişəm.

– Təşəkkür edirəm. Baxın, inqilabdan, yəni ölkə daxilində məqsədlərimizə çatdıqdan sonra, bizim xarici siyasətlə bağlı prioritetlərimiz olduğuna şübhə qalmadı. Bizim xarici siyasətdəki prioritetlərimiz daimidir. Söhbət Ermənistanın milli təhlükəsizliyinin dayanıqlı olmasından gedir. Dağlıq Qarabağ münaqişəsi isə Ermənistanın və xalqımızın təhlükəsizliyinə böyük təhdiddir. Bu, bizim üçün ilk növbədə həmvətənlərimizin, 150 minlik həmvətənimizin təhlükəsizliyilə bağlı məsələdir. Odur ki, hökumətimiz prosesə tərəddüd etmədən, dərhal və konstruktiv mövqe ilə qoşulub. Sülhün bizə verəcəyi üstünlükləri tam anlayırıq. Odur ki, sülh istəyirik, buna nail olmaq niyyətindəyik.

Lakin bizim nail olmaq istədiyimiz sülhdə tərəflərin bərabər qəbul edə biləcəyi öhdəliklər dəstəklənir. Nəticədə bizim üçün əsas məsələ Dağlıq Qarabağ xalqının statusu və təhlükəsizliyidir.

– Mənə sülh istədiyinizi deyirsiniz. O zaman izah edin, Ermənistanın baş naziri bir neçə ay əvvəl, yəni bu ilin avqustunda niyə çox iddialı danışırdı? O, tam aydın tərzdə bəyan edib ki, “Qarabağ Ermənistandır və nöqtə”.

– Doğrudur.

– Və o, sülh istəyir?

– Baş nazir həqiqətən də sülh istəyir. Məhz bu üzdən deyir ki, münaqişənin həlli Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Biz Azərbaycandan Dağlıq Qarabağ xalqının təhlükəsizliyi, bununla bağlı narahatlığımız, bizim maraqlarımızla bağlı mesaj gözləyirdik. Lakin onlar bundan boyun qaçırdılar.

– Sizinlə səmimi danışmalıyam. Baş nazir “Qarabağ Ermənistandır və nöqtə” deyən zaman, hər halda, bu bəyanatın beynəlxalq hüquqa, BMT-nin və bütün müstəqil beynəlxalq təşkilatların mövqeyinə zidd olduğunu bilirdi. Odur ki, bu bəyanatın necə sülhə doğru addım olduğuu təsəvvür etməkdə çətinlik çəkirəm. Üstəlik, baş nazir bu fikri birləşmə ilə bağlı nəğmələrin oxunduğu, millətçi şüarların səsləndiyi mitinqdə, kütlənin qarşısında söyləyib. Biz bu şüarları 1980-1990-cı illərdə, Azərbaycanla müharibə zamanı eşitmişdik. İndi mənə deyirsiniz ki, baş naziriniz sülh istəyir?

– Çünki Dağlıq Qarabağla bağlı narahatlıq Ermənistanın, bütün ermənilərin gündəmindədir. Ermənistan dövləti bütün ermənilərin həmrəyliyi ilə bağlı proqram hazırlayır. Dağlıq Qarabağ xalqı da bu proqramdan kənarda deyil. Biz təkcə Ermənistanda yaşamırıq, həm də dünyanın digər ölkələrində yaşayırıq.

– Amma beynəlxalq hüququ qəbul etməlisiniz…

– Dağlıq Qarabağ da bizim həmvətənlərimizin yaşadığı ərazilərdəndir…

– Ermənilərin bu torpaqlarda yaşadığına heç kəs şübhə etmir. Amma bu ərazilər Ermənistanın deyil.

– Xeyr. Mən Dağlıq Qarabağda həmvətənlərimizin yaşadığından danışıram. Biz onların təhlükəsizliyini təmin edirik, onların təhlükəsizliyinə zəmanət verən yeganə dövlətik. Lakin sülh prosesinə də sadiqik. Sülh prosesinin əsas prioriteti isə Dağlıq Qarabağın təhlükəsizliyi və statusudur. Odur ki, bu prosesə sadiqik və ondan yayınmırıq.

– Bir dəqiqə, imkan yaradın ki, sualımı verim. Rusiya sizin ən yaxın hərbi müttəfiqinizdir və onun Ermənistanda hərbi bazası var. Bununla yanaşı, Rusiya ilə uzun müddətdir ki, birgə fəaliyyət göstərirsiniz. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan baş nazirinin bir ay əvvəlki açıq və qeyri-adi sözlərindən sonra bildirib ki, tərəflərin verdiyi bəyanatlardan ən ciddisi – “Qarabağ Ermənistandır” bəyanatıdır. O deyib ki, “bu, Albaniya baş nazirinin Tiranadan Kosovo Albaniyadır deməsinə bənzəyərdi”. Beləliklə, hətta ruslar belə, mövqeyinizin qəbuledilməz olduğunu deyir…

– Yenə təkrar edirəm, Ermənistanın baş naziri hər zaman təkidlə bildirir ki, bizim Azərbaycandan kompromislə bağlı mesaj almamız lazımdır. Lakin bunu görmürük. Baş nazir “sülhün Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqları üçün məqbul olmasının zəruriliyi” haqda danışdıqda, hökumətimiz tənqidlərə məruz qalır. Amma biz təkid edirik. Hesab edirik ki, çıxış yolu öhdəliklərin bərabər bölünəcəyi kompromisin tapılmasıdır. Baş nazir həmin çıxışında Dağlıq Qarabağ probleminin həllilə bağlı ayrıca danışıb. Bu, münaqişənin kompromislər əsasında həll edilməli olduğuna dair yanaşmamıza uyğundur.

– Bu münaqişə ilə bağlı bir neçə ağrılı məsələ var. Onlar 1980-ci illərdə meydana gəlib və bu günədək həll edilməyib. Hesab edirəm ki, “dalan”dan çıxmaq üçün yaradıcı yanaşmaya ehtiyac var. Beləliklə, ortaya yarıdıcı yanaşma qoymağa, barışıq ruhuna uyğun olaraq, erməni hərbi birləşmələrinin ötən illərdə çox ciddi zorakalıqlara yol verdiyini qəbul etməyə hazırsınızmı? BMT, Avropa İttifaqının İnsan Hüquqları Məhkəməsi silahlı qüvvələrinizin zorakılıq əməlləri haqda qərarlar qəbul edib, “Amnesty International” kimi müstəqil təşkilatlar da bu haqda məlumatlar verib. Əgər yeni hökumətin rəhbərliyi altında vəziyyəti dəyişmək istəyirsinizsə, “bəli biz keçmişdə törətdiyimiz zorakılıqlara görə məsuliyyət daşıyırıq” deməyə hazırsınızmı?

– Siz məsələni bir qədər təhrif edirsiniz. Ermənistan, ermənilər Dağlıq Qarabağın təhlükəsizliyinin yeganə zəmanətçiləridir. Dağlıq Qarabağ xalqı üçün təhlükəsizlik tədbirlərimiz var.

– Xahiş edirəm suala cavab verin.

– Mən bunu edirəm. Biz məsuliyyət daşıyırıq. Amma biz təhlükəsizliyin zəmanətçisi rolunu oynayırıq. Danışıqlara da buna görə qoşulmuşuq və bununla bağlı parametrləri biz müəyyən edirik…

– Sualıma cavab vermirsiniz. Bir daha cəhd edəcəyəm. “Human Right Watch” təşkilatının 1995-ci ildə hazırladığı böyük hesabatda deyilir ki, Ermənistan Respublikasının dəstəklədiyi erməni hərbi birləşmələri müharibənin həmin dövründə törədilmiş əksər zorakılıqlara görə cavabdehlik daşıyır. 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanla bağlı 12 ittiham irəli sürmüşdü. Onlardan 11-i Ermənistanın Avropa İttifaqı İnsan Hüquqları Konvensiyasını pozduğunu göstərir. Sualım belədir: “Bəli, keçmişdə səhvlər olub, zorakılıqlar edilib və biz, həmçinin Azərbaycan baş verənlərdən təəssüflənməli, sülh arayışında olmalıdır” deməyə hazırsınızmı?”

– Bəli, dorğudur. Bu, irəliləyişə nail olmağın bir yoludur. Lakin biz bu gün eyni zamanda, əsas prioritetin, yəni insanların təhlükəsizliyinin təmin edilməsinin yolunu tapmalıyıq.

– Yəni hərbçilərinizin keçmişdə etdikləri bəzi şeylərə görə peşmansınız, ya yox?

– 1990-cı illərin əvvəllərində elə vəziyyət yaranmışdı ki, Dağlıq Qarabağ əhalisinin 40%-i öldürülmüş, onun ərazisinin 40%-i nəzarət altına alınmışdı. Orada zorakılıqlar, ən qəddar zorakılıqlar törədilmişdi. Elə vəziyyət yaranıb ki – xahiş edirəm, fikrimi bitirməyimə imkan verin – Azərbaycan hökuməti erməniləri öldürmüş şəxsi qəhrəmanlaşdırıb. Yaxın keçmişdə, yəni 2016-cı ildə Azərbaycan Dağlıq Qarabağa təcavüzə etməyə cəhd göstərmişdi. Odur ki, bu, bizim təhlükəsizliklə bağlı hislərimizi daha da gücləndirir. Sizin xüsusi sualınıza gəlincə, bəli, biz birlikdə irəli getməliyik. Hamı. Lakin konstruktiv yol tapmaq üçün danışıqlarda bütün tərəflər iştirak etməlidir. Baş nazirin söylədiyi məhz budur. Yəni münaqişənin həlli hər kəs üçün məqbul olmalıdır. Odur ki, biz Azərbaycandan mesaj gözləyirik. Bu, bizi irəli addımlamağa ilhamlandıra bilər.

– Bu münaqişə ilə bağlı son sual. Oktyabrın 17-də Azərbaycan hökuməti Ermənistan silahlı qüvvələrini təmas xəttində atəşkəsi 20 dəfə pozmaqda ittiham edib. Yeni hərbi toqquşmanın baş verməsi mümkündürmü?

– Biz də fikrimizi məhz buna cəmləmişik. Bildiyiniz kimi, yeni hökumət olaraq danışıqlar prosesinə cəlb olunduqdan sonra müəyyən inam yarada bilmişik. Nəticədə atəşkəs rejiminin pozulması halları da azalıb. Bu, məqsədimizin ciddiliyinin göstəricisidir. Fikrimizi atəşkəs rejiminin möhkəmləndirilməsinə cəmləmişik. Bu, bizim üçün prioritetdir. Azərbaycan hökuməti və Dağlıq Qarabağ rəhbərliyilə bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Bu, danışıqlar prosesinin çox vacib hissələrindən biridir.

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: BBC

Oktyabrın 25-də Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosasiyasının prezidenti, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, hüquq elimləri doktoru, professor İlham Rəhimov Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Rusiya Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, Rusiyanın əməkdar hüquqşünası Taliya Yarullovna Xabriyeva ilə onun təşəbbüsü ilə öz ofisində görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının hüquqşünas alimləri arasında əlaqələr, iki ölkənin hüquq elminin hazırkı vəziyyəti və əlaqələrin gələcək inkişaf perespektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Professor İlham Rəhimov və xanım Taliya Xabriyeva görüşdə, eyni zamanda, Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosasiyasının dekabr ayında Moskvada keçiriləcək növbəti konfransının gündəliyi ilə bağlı təkliflərini səsləndiriblər.

Xanım Xabriyeva rəhbərlik etdiyi Rusiya Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun həyata keçirdiyi layihələrdə professor İlham Rəhimovun böyük təcrübəsindən yararlanmağın perespektivləri barədə fikirlərini bölüşüb.

Görüşün sonunda hər iki alim hüquq elmi sahəsində ölkələrimiz arasındakı mövcud tarixi əlaqələrin davam etdirilməsinin xüsusilə mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə birgə səy göstərəcəklərini qeyd ediblər.

Müəllimə mini yubka qadağasına görə işdən çıxdı
Müəllimə mini yubka qadağasına görə işdən çıxdı.

Oxu.az bildirir ki, Avstraliyada bir müəllimə ali məktəbə mini ətəkdə gəlmək qadağasına görə işdən çıxıb. Bu barədə Mirror məlumat verir.

Nadiya Bokodi adlı müəllimə çalışdığı universitetin rəhbərliyi ilə görüşə dəvət alıb. Rəhbərlik ona geyiminin tələbələrin fikrini dağıtdığını, buna görə də daha “qapalı” geyimdə işə gəlməsini bildirib.

Bokodi deyir ki, bu zaman özünü pedaqoq kimi yox, tələbə kimi hiss edib. Növbəti gün qadın işdən çıxmaq haqqında ərizəsini yazıb. O, etiraf edib ki, bu addımı tələbələrinin intellektual qabiliyyətinin onun geyiminə heyran olmaqdan daha çoxuna çatdığına əmin olduğu üçün atıb.


Bu ilin mart ayında Amerika Rusiyada yerləşən iki strateji şəhərə (Kalininqrad və Sankt-Peterburq) havadan zərdə endirilməsi ilə baglı hərbi-taktiki təlimlər keçirib. Bu günlərdə isə təlimlərdə ABŞ bombardmançıları yeni hədəf müəyyənləşdirib – Krım.

Axar.az xəbər verir ki, bu sensasion fikirlə rusiyalı hərbi ekspert, dosenti Yuri Zverev çıxış edib.

O qeyd edib ki, bir müddət öncə ABŞ hərbi-hava quvvələrinin strateji bombardmançıları Qara dəniz üzərində genişmiqyaslı təlimlər keçirib.

“Manevrlər bitdikdən sonra ABŞ hərbi təyarələrinin izləri PlaneRadar sisteminin xəritələri tərəfindən qeydə alınıb. İzlər açıq-aydın görünürdü. Məlumatlara əsasən, manevrlər 19 oktyabrda baş tutub. Maraqlısı odur ki, təlimlər zamanı ABŞ HHQ-nin B-52H təyyarələri Krım şəhərinə zərbələr endirməyi imitasiya etmişdir”, – deyə Zverev qeyd edir.

Onun sözlərinə əsasən, burada ən vacibi odur ki, söhbət nüvə bombardmançılarından gedir.


Bu gün Moskvada (Rusiya) Müstəqil Dövlətlər Birliyinin (MDB) hökumət başçılarının iclası keçiriləcək.

Oxu.Az MDB-nin rəsmi saytına istinadən xəbər verir ki, tədbir “Skolkovo” texnoparkında baş tutacaq.

Hökumət başçıları MDB ölkələrinin qarşılıqlı iqtisadi əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

İclasın gedişatında dövlətlərin əməkdaşlığı konsepsiyasının – cəmiyyətin rəqəmli inkişafı və onun reallaşdırılması üzrə başlanğıc tədbirlər planı, həmçinin “MDB ölkələrinin informasiya təhlükəsizliyi təminatı strategiyası” müzakirə olunacaq.

Bundan başqa, iclasın gedişatında ölkələrin standartlaşdırma, veterenariya, narkotiklərlə mübarizə və digər sahələrdə əməkdaşlığın tənzimlənməsinə dair bir sıra sənədlər imzalanacaq.

Həsən Ruhani Azərbaycana gəldi
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.