Turkustan.info Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazovun Musavat.com-a müsahibəsini təqdim edir:

– Eldar bəy, Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana son səfəri zamanı “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətdi, həmçinin “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” dedi. Nikol Paşinyan da bu mövqedən şirniklənib özünün avantürist mövqeyini daha geniş auditoriyalarda tirajlamaqdadır. Mövcud durum sizə nə deyir?

– Ermənilərin istəyi bəlli: bu və ya digər formada Dağlıq Qarabağı danışıqlara cəlb etmək və müstəqil tərəf kimi Azərbaycanla üz-üzə qoymaq. Bunu birbaşa da deməyəndə, hərdən dolayısı ilə deyirlər. Elə Paşinyanın “sülh sazişi gərək həm Ermənistan, həm Dağlıq Qarabağ, həm Azərbaycan üçün məqbul olsun” fikri faktiki olaraq o deməkdir ki, Dağlıq Qarabağ Azərbaycanla danışıqlarda iştirak etməlidir, Azərbaycan məhz onlarla bu problemi həll etməyə çalışmalıdır. Burada ifadələr, sözlər dəyişir, ancaq məna dəyişmir. Ermənistan daim danışıqlardan çıxmaq və Azərbaycanı Dağlıq Qarabağla danışıqlara sövq etmək və bununla da bütün danışıqlara nümayiş etdirmək istəyir ki, birincisi, Ermənistan təcavüzkar deyil, o, qıraq bir tərəfdir, ikincisi də Dağlıq Qarabağ guya Azərbaycan kimi müstəqil dövlət qurumudur. Təbii ki, hamı bu oyunları başa düşür və Azərbaycan tərəf heç vaxt bu sərsəm ideyaların reallaşmasına imkan verməz. Burda maraqlı bir məqam var: tez-tez beynəlxalq vasitəçilər də, müşahidəçilər də bir məsələni qeyd edirlər. Yəni vaxtilə qərar qəbul olunmuşdu ki, Ermənistan prezidenti bu danışıqlarda həm Ermənistanı, həm Dağlıq Qarabağı təmsil edir. Ancaq bunun detalları açılmır, niyə birdən-birə Ermənistan prezidenti belə bir qərara gəldi ki, danışıqlar məhz Azərbaycanla Ermənistan arasında keçirilsin və Ermənistan prezidenti həm də Dağlıq Qarabağı təmsil etsin?

– Niyə? Bunun cavabı varmı?

– Söhbət ondan gedir ki, Robert Köçəryan bir müddət Dağlıq Qarabağdakı separatçı rejimin başçısı idi. Bölgəyə gələn diplomatları, Minsk Qrupunun həmsədrlərini də inandırmağa çalışırdı ki, Dağlıq Qarabağ Ermənistandan asılı deyil, onun guya öz konstitusiyası, qanunları var, bu, “müstəqil bir dövlətdir”. Amma bir müddət sonra o, Ermənistanda işə başladı, əvvəlcə baş nazir oldu, sonra isə Ter-Petrosyanı devirib Ermənistan prezidentinin kürsüsündə oturdu. Ermənistanın da konstitusiyasında qeyd olunur ki, prezidentliyə namizədlər müəyyən müddət ərzində Ermənistanda daimi yaşamalıdırlar. Səhv etmirəmsə, 10 ildən söhbət gedirdi. Həmin müddət ərzində isə Köçəryan Ermənistanda yox, Dağlıq Qarabağda yaşayıb və özünü “Dağlıq Qarabağın rəhbəri” elan edib. Köçəryan Ter-Petrosyanı devirəndən sonra danışıqlarda pat vəziyyəti yarandı. Azərbaycan dərhal həmsədrlər qarşısında sual qoydu: bəs Dağlıq Qarabağ “müstəqil”dirsə, Ermənistandan asılı deyilsə, Ermənistanın konstitusiyası varsa, həmin konstitusiyada ən azı 10 il orada yaşamaq tələbi qoyulubsa, necə ola bilər ki, dünən özünü “Dağlıq Qarabağın rəhbəri” elan edən adam özünü Ermənistanın prezidenti adlandırır? Təbii ki, həmsədrlər bu sualı İrəvanda da Köçəryanın qarşısında qoydular. Onda qoyulan suallara heç bir arqument və cavab tapa bilmədiyindən Köçəryan elan etdi ki, Dağlıq Qarabağın bu danışıqlarda iştirakına heç ehtiyac yoxdur, mən həm Ermənistanı, həm Dağlıq Qarabağı təmsil edirəm. Azərbaycan o vaxt bu vəziyyətdən istifadə edib, ümumiyyətlə, danışıqları dayandıra bilərdi. Ancaq hər halda, onda hesab olundu ki, əgər Ermənistan prezidenti özü faktiki olaraq Dağlıq Qarabağdakı qondarma rejimi danışıqlarda iştirakdan məhrum etmək təşəbbüsü göstərirsə, bu da Azərbaycan diplomatiyası üçün müəyyən bir əlverişli imkanlar yaradır. Ondan bir müddət sonra ermənilər gileylənməyə başlayanda ki, nəyə görə Dağlıq Qarabağ danışıqlarda iştirak etmir, həmsədrlər də, bəzi hallarda hətta Ermənistan rəsmiləri də açıq etiraf etməyə başladılar ki, bu, İrəvanın qərarı idi. İndi də bu məsələlər qalxanda təbii ki, Azərbaycan diplomatiyası və ölkə KİV-ləri, xüsusilə də rus, ingilis dilində nəşr olunan bizim KİV-lər gərək bu həqiqətləri dünya ictimaiyyətinə çatdırsınlar.

– Eldar bəy, məsələ burasındadır ki, təkcə Ermənistan deyil, Rusiya rəsmiləri də Dağlıq Qarabağın “tərəf” kimi masaya qaytarılmasına cəhdlər göstərir. Lavrovun ardınca rus həmsədr də bənzər mövqe sərgilədi. Bunun səbəbi nədir?

– Lavrov amili Rusiyanın xüsusilə xarici siyasətinə müxtəlif istiqamətlərdə mənfi təsir göstərir. O cümlədən Türkiyə və Azərbaycanla münasibətlərə, Qarabağ məsələsinin həlli ilə bağlı məsələlərə. Səbəbi də bəllidir. O adam fəxrlə deyir ki, məndə yalnız bir qan var-erməni qanı. Yəni atası da, anası da erməni olan bir adam təbii ki, həm Türkiyə, həm Azərbaycanla münasibətlərdə, həm Qarabağ məsələsinin həlli ilə bağlı məsələlərdə qərəzli mövqeyini həmişə büruzə verir. Əgər siz fikir verirsinizsə, Türkiyə-Rusiya yaxınlaşmasında çox ciddi rol oynayan adam Rusiya prezidentinin mətbuat katibi cənab Peskovdur. O, Türkiyə üzrə mütəxəssisdir, uzun illər Türkiyədə yaşayıb, türk dilini təmiz bilir. Türkiyə rəsmiləri ilə bütün əlaqələr onun vasitəsilə qurulur.

– Amma eyni zamanda əsas rolu prezident Putinin iradəsi oynayır. Əgər Putin Lavrovun birtərəfli yanaşmalarına qadağa qoysa, rusiyalı diplomat ənənəvi mövqeyində israrlı olmaz…

– Sözsüz. Rusiyanın ənənəvi siyasəti hamıya bəllidir. Bir neçə yüz il davam edən bu siyasət Azərbaycan xalqına qarşı hansı fəlakətlərə və cinayətlərə gətirib çıxarıb, bu, bizə məlumdur. Şübhəsiz ki, bu, ümumi strategiyadır. Amma Lavrov amili bunu daha da tündləşdirmək və daha qabarıq şəkildə nümayiş etdirmək rolunu oynayır. Burada bir vacib məqam var. Mən mətbuatda bu mövzuda çıxış edəndə çağırış edirəm ki, bizim Dağlıq Qarabağla bağlı həm diplomatik strategiyamıza, həm də xüsusən də xarici təbliğat strategiyamıza bir dəyişikliklər etməli, bu sahəni yenidən qurmalıyıq. Sizin yuxarıdakı sualınızla bağlı çox ciddi bir məqam var. Ümumiyyətlə, “Azərbaycanla Ermənistan razılığa gələ bilmir və ona görə də münaqişə həll olunmayıb” ifadəsi çox yanlış yanaşmadır. Ona görə ki, əgər iki dövlət hansısa məsələ ilə bağlı razılığa gələ bilmirsə, bunun beynəlxalq arbitraj rolunu oynayan mexanizmlər var. Hətta SSRİ daxilində də belə bir mexanizmlər var idi, əgər iki respublika bir-biri ilə hansısa məsələdə mübahisə edirdisə… Nəzərə almaq lazımdır ki, vaxtilə Dağlıq Qarabağ erməniləri “miatsum” məsələsini qaldıranda SSRİ-nin konstitusiyasına uyğun olaraq bu məsələ bütün mərhələlərdə müzakirələrdən keçdi. Ermənistanın Ali Soveti SSRİ Ali Sovetinə müraciət etdi. SSRİ Ali Soveti də SSRİ Konstitusiyasına görə, belə mübahisəli məsələlərin həllinə görə məsuliyyət daşıyırdı, onun funksiyası idi. SSRİ Ali Sovetinin Rəyasət Heyəti bu məsələyə baxıb qərar verdi ki, Azərbaycanın razılığı olmadan sərhədlər dəyişdirilə bilməz. Yəni hüquqi baxımdan bu məsələ SSRİ-nin tərkibində öz həllini tapdı.

– Yəni Paşinyanın son vaxtlar tez-tez istinad etdiyi iddianın əsassızlığını sübut edən növbəti arqumentdən söhbət gedir.

– Hələ bu söhbətin davamı var. Deməli, SSRİ çərçivəsində iki respublikanın mübahisəsi nə cür həll olunur, bu mexanizm işə salındı və arbitraj rolunu oynayan SSRİ Ali Sovetinin qərarı ilə Ermənistanın iddiaları rədd edildi, Azərbaycanın mövqeyi dəstəkləndi, SSRİ Konstitusiyasına görə, artıq bu məsələyə siyasi və hüquqi baxımdan nöqtə qoyuldu. Amma erməni tərəfi SSRİ Ali Sovetinin bu qərarı ilə razılaşmadı, silahlı dəstələr yaratdı, müharibəni başladı, işğala başladı. Təbii ki, SSRİ-nin süqutu da bu prosesdə çox ciddi rol oynadı. Əslinə qalsa, əgər bir respublika dövlətin qərarlarına tabe olmursa, ona qarşı həm sanksiyalar, həm cəza mexanizmləri olmalı idi, ancaq bunlar baş vermədi. Ona görə ki, SSRİ artıq dağılmağa doğru gedirdi və başqa respublikalarda artıq konfliktlər başlayırdı. Ancaq hüquqi baxımdan o mexanizm tam işə salındı və qərar da verildi. Biz müstəqil dövlət olandan sonra arbitraj rolunu BMT Təhlükəsizlik Şurası oynayır. Biz müstəqil olandan sonra da bu məsələyə Təhlükəsizlik Şurasında baxılıb, onun 4 qətnaməsi var. Azərbaycan torpaqlarının işğal olunduğu qeyd olunur və Ermənistandan o torpaqları azad etmək tələb olunur. SSRİ dövründə olduğu kimi, Ermənistan bu qərara da tabe olmur. Ona görə də bizim həm diplomatiyamız, həm təbliğatımız onun üzərində qurulmalıdır ki, əzizlərim, Azərbaycan SSRİ-nin tərkibində olanda SSRİ-nin qanunlarına riayət edirdi, müstəqil olandan sonra isə beynəlxalq hüquq normalarına riayət etməyə başladı, qərar və qətnamələri də dedim. İndi belə çıxır ki, məhkəmənin qərarı olur, təqsirkar göstərilir, ancaq ondan sonra məhkəmə kənara çəkilir, deyir, baxın, görün öz aranızda razılığa gələ bilərsinizmi? Əzizim, hər məsələdə razılığa gəlmək mümkün deyil. Elə məsələlər var ki, orada arbitraj rol oynamalıdır. Həm SSRİ dövründə, həm də müstəqil olduğumuz zaman hər iki qurum deyib ki, Azərbaycan haqlıdır, Ermənistan bu iddialarından əl çəkməlidir! İndi Azərbaycanı niyə ittiham edirsiniz ki, Ermənistanla razılığa gələ bilmir?! Qardaş, qərar çıxarılıb, o qərar da həyata keçirilməlidir! O cümlədən vaxtilə ATƏT-in sammitində belə bir qərar çıxarıldı ki, Dağlıq Qarabağ məsələsinin həlli Azərbaycanın tərkibində ermənilərə muxtariyyət verilməsindən ibarətdir. ATƏT-in bütün üzvləri buna səs verdilər, Ermənistan buna veto qoydu. Onda ATƏT bəyanatla çıxış etdi ki, quruma daxil olan bütün ölkələr Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ermənilərə muxtariyyatın verilməsi ilə problemin həllinin tərəfdarıdır, bir ölkədən, Ermənistandan başqa. Yaxşı, BMT də bu qərarı çıxarıb, ATƏT də. İndi beynəlxalq müşahidəçilər nə üzlə deyirlər ki, Azərbaycan və Ermənistan razılığa gələ bilmirlər, ona görə də konflikt həll olunmur?!

– İndiki durumda nə etməliyik, sizcə?

– Dünya ictimaiyyətinin mövqeyini dəyişmək, Azərbaycanın haqq işinə dəstək qazanmaq üçün biz həm diplomatik, həm təbliğat strategiyamızı dəyişməliyik. Mən sizə dediyimiz məsələlər iki gündən bir xarici dillərdə, bizim diplomatların danışıqlarında, ekspertlərimiz tərəfindən dünyaya çatdırılmalıdır ki, qardaş, burada söhbət ondan getmir ki, azərbaycanlılarla ermənilər razılığa gələ bilmir. Söhbət ondan gedir ki, həm SSRİ dövründə, həm müstəqillik zamanı məhkəmə olub, hər iki məhkəmənin qərarı Azərbaycanın xeyrinə olub. O tərəf nə SSRİ məhkəməsinin qərarına tabe olur, nə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə. Bu məsələdə Azərbaycan tərəfini necə qınamaq olar?

– Nikol Paşinyan özünü idarəolunmaz, cığal uşaq kimi aparır. Xaricdə azərbaycanlılarla təmasında da saxta iddialarını səsləndirməkdə davam edir. Onunla üz-üzə gəlib bu arqumentləri demək istərdinizmi?

– Vallah mən heç onun (Paşinyanın) üzünü də görmək istəmirəm. Mən bu arqumentlərimi amerikanlara, ingilislərə, fransızlara, ruslara, beynəlxalq ictimaiyyətə deyirəm. Sadəcə olaraq, bu işi bir adam görəsi deyil. Dövlət maşını bu istiqamətdə işləməlidir ki, iki dəfə bu məsələ arbitrajdan keçib, qərarlar olub, o qərarlar da məcburi icra olunmalı idi. Demək ki, azərbaycanlılar və ermənilər razılığa gələ bilmir, bu, çox gülməli, bəsit və konfliktin mənasını tam dəyişən və pozan ifadələrdir. Biz gərək bu ifadələri beynəlxalq leksikondan çıxaraq və bu real faktları bütün dünya ictimaiyyətinə təbliğ edək.

– Eldar bəy, bu məsələdə Ermənistan və Azərbaycanla yanaşı, “Qarabağ xalqı” kimi qondarma ifadə də əlavə olunur. Bəlkə ermənilərin bu bəhanəsini kəsmək üçün danışıqlarda Qarabağ azərbaycanlıları ilə bağlı tələblər daha israrlı şəkildə qoyulsa, yaxşı olar, elə deyimi?

– Əlbəttə. Orada hansısa başqa, yeni bir xalq yoxdur. Orada ermənilər yaşayırlar, vaxtilə azərbaycanlılar da yaşayıblar. Dağlıq Qarabağdakı əhalidən söhbət gedə bilər, DQMV-nin əhalisi var idi. Oranın əhalisi də iki hissədən ibarət idi: ermənilərdən və azərbaycanlılardan. Ona görə də “Dağlıq Qarabağ xalqı” ifadəsi nə diplomata, nə hüquqşünasa, nə ekspertə yaraşmayan, yanlış bir cümlədir. Belə ifadələri işlədən diplomat, hüquqşünas və ekspertlərin ağzından vurmaq və başa salmaq lazımdır ki, sənin anlayışın yoxdur, nədən danışırsan?!

Son zamanlar diaspor sahəsində görülən işlər fundamentallığı  ilə diqqəti çəkir. Əksər ölkələrdə diasporla bağlı Koordinasiya şuraları fəaliyyət göstərir. Demək olar ki, bu sahədə pərakəndəlik aradan qaldırılıb.

Amma azərbaycanlıların daha çox yaşadığı Rusiyada, xüsusilə paytaxt Moskvadakı   diasporumuzun vəziyyəti barədə bunları söyləmək mümkün deyil.

Kimsəyə sirr deyil ki, Moskva soydaşlarımızın ən çox milyonçu olduğu meqapolisdir. Ancaq zaman-zaman bu şəhərdə azərbaycanlılar arasında müəyyən intiqaların yaşandığının da şahidi olmuşuq. Bəlkə də elə buna görədir ki, Rusiyanın digər bölgələrindən fərqli olaraq, Moskvada bu sahədə iş ürəkaçan deyil. Və mümkündür ki, Moskvada soydaşlarımızı xarici qüvvələr biri-birinə qarşı yönəldir.

Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu da bu məsələdən rahatsız olduğunu dəfələrlə dilə gətirib.

Rusiya Azərbaycanlı Gənclər Birliyi İdarə Heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev Modern.az-a açıqlamasında bu iddialarla razı olmadığını qeyd edib. Bildirib ki, Moskvada diaspor heç də zəif deyil:

“Son illər ərzində Rusiyanın Moskva şəhərində diaspor sahəsi çox yaxşı inkişaf etməkdədir. 10 ildir ki, bu sahədə işlər görülür. Müxtəlif istiqamətlərdə tədbirlər keçirilir. Gənclər bir araya gətirilir. Xüsusilə, diaspor sahəsində fəal olan gənclərə diqqət ayrılır. Son 2 ilə nəzər salanda Moskvada diaspor sahəsinin inkişaf etdiyini deyə bilərəm. Azərbaycanın Rusiyadakı səfirliyi də diaspor təşkilatları ilə birgə çalışır, onlara dəstəklərini əsirgəmir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu işdə yaxından və birbaşa iştirak edir”.


S.Əliyevin sözlərinə görə, Azərbaycan diasporu Rusiyanın daha çox bir sıra şəhərlərində inkişaf edib:

“Deyə bilərəm ki, Rusiyanın iri şəhərlərində Azərbaycan diasporu daha yaxşı inkişaf edib. Moskva, Sankt-Peterburq kimi şəhərlərdə diasporumuz güclüdür. Elə bölgələr var ki, çox uzaqdır. Həmçinin, əhalinin də sayı azdır. Ona görə də o cür yerlərdə diaspor o qədər də güclü deyil”.

Samir Əliyev bildirib ki, Fuad Muradovun Dövlət Komitəsinə təyinatı diaspor sahəsinə güclü təkan verməkdədir:

“Fuad Muradovun  Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması birdən-birə olmayıb. O, bir çox təşkilatlarda, Milli Məclisdə deputat kimi fəaliyyət göstərib. İllər keçdikcə, daha çox təcrübə əldə edib. Həmçinin, komitəyə sədr gələndən sonra diaspor sahəsi ilə bağlı çoxlu işlər görüb. Bu sahəyə dəstəyi də var. Bu dəstək və işlər davam edir. Hesab edirəm ki, bu sahədə görülən işləri qiymətləndirməmək yumşaq desək, Allahsızlıqdır. Diaspor işi elədir ki, burada görülən fəaliyyət nəticəsini anında vermir. Bunu hər kəsin nəzərə alması vacıbdır. Eyni zamanda, diasporumuzun güclü olmağını istəyiriksə, harada yaşamağından, hansı sahədə çalışmağından asılı olmayaraq, hər bir azərbaycanlı bu işə dəstək olmalıdır. Bu istiqamətdə də işlər gedir. Artıq insanlarımızın diaspor məsələsəinə yanaşması Fuad Muradovun Komitəyə rəhbər təyin olunmasından sonra müsbət yöndə dəyişib. Ona görə də Azərbaycan diasporu məsələsində optimistik”.

Tanınmış general vəfat etdi

Türkiyə Silahlı Qüvvələrinin 25-ci Baş Qərargah rəisi, istefada olan ordu generalı Yaşar Büyükanıt vəfat edib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkən keçmiş rəis bu gün İstanbulda 79 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, mərhumun xanımı Filiz Büyükanıt isə 4 gün öncə vəfat etmişdi. O, səhhəti ilə əlaqədar həyat yoldaşının cənazə mərasiminə qatıla bilməmişdi.

Xatırladaq ki, Y. Büyükanıt 2006-2008-ci illərdə Baş Qərargah rəisi olub.

 




 

İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi əfv sərəncamı imzalayıb.

Əfv olunan 3552 məhbusdan 32 nəfəri İran dövlətinə qarşı fəaliyyət göstərməkdə ittiham edilərək azadlıqdan məhrum edilənlərdir. Onların arasında jurnalistlər və tələbələr də var.

İran mətbuatı yazır ki, Ali Rəhbər yüksək humanistlik nümayiş etdirib və dövlətə qarşı çıxanları da əfv edib.

Qeyd edək ki, inqilabdan sonra ilk dəfədir ki, İranda dövlətə qarşı cinayətdə ittiham edilərək həbs olunan adam azadlığa buraxılır.  /Modern.az/

Respublikaçı senator Lindsi Qrehem çərşənbə günü Senatın Osmanlı İmperiyasında bir əsrdən əvvəl “erməni soyqırımını” tanıyan qətnamənin qəbul etməsinin əleyhinə olduğunu bildirib.

APA xəbər verir ki, senator Qrehem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib.

“Mən Ərdoğan və Trampla görüşdüm və Türkiyə ilə Suriyada qarşılaşdığımız problemlərdən danışdıq. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan aralarındakı sözügedən problemi birlikdə həll edər”, – deyə senator əlavə edib.

Trampın yaxın müttəfiqi hesab olunan Qrehem senatorlara xitabən “tarixin yenidən yazmağın lazımsız olduğunu” bildirib.

Qeyd edək ki, “erməni soyqırımı” qətnaməsi Xarici İşlər Komitəsində demokrat Robert Menendez tərəfindən təklif edilmişdi.

Türkiyə Prezidenti Tayyib Ərdoğan çərşənbə günü Vaşinqtona səfəri zamanı Nümayəndələr Palatasının Osmanlı İmperiyasında “erməni soyqırımı”nın tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını diqqətə çatdırmışdı.

Almaniya mətbuatı mühacir alveri haqda nə yazır?

Almaniya mətbuatı hüquq-mühafizə orqanlarının ölkədə miqrant alveri ilə məşğul olanlara qarşı keçirdiyi əməliyyat haqda məlumat yayıb.

“Qafqazinfo”nun “tah.de” nəşrinə istinadən verdiyi xəbərə görə, noyabrın 13-də 180 federal polis xüsusi əməliyyat çərçivəsində Şimali Reyn-Vestfaliya və Hessen vilayətlərinə Azərbaycandan Almaniyaya qanunsuz olaraq bir neçə nəfəri aparan dəstənin ələ keçirilməsi üçün göndərilib. 

Bildirilir ki, Köln, Düsseldorf, Frankfurt və Visbaden bölgələrində ümumilikdə 13 əmlakda axtarış aparılıb. Bu məqsədlə, Koblenz federal polisi tərəfindən elan edildiyi kimi iki həbs qərarı icra edilib. Bunlar Almaniya mətbuatında 58 və 49 yaşlı şəxslər kimi göstərilir və adlar açıqlanmır. Azərbaycan KİV-nə məlum olan xəbərlərə əsasən isə həmin şəxslər 58 yaşlı Əlövsət Əliyev və 49 yaşlı Mehdi Xəlilbəylidir. 

Nəşrin məlumatına görə, adıçəkilənlər azı 20 nəfəri saxta sənədlərlə 3-10 min avro qarşılığında qanunsuz olaraq Almaniyaya aparıblar. Müttəhimlər həm də çirkli pulların yuyulmasında ittiham olunurlar.

Qeyd olunur ki, araşdırmalar cari ilin iyunundan aparılır.

Bu məqamda bildirək ki, federal polis çərşənbə günü digər 6 ştatda da bənzər əməliyyatlar keçirib. Belə ki, xarici işçiləri qanunsuz olaraq Ukraynadan Almaniyaya aparan dəstə ifşa edilib. 

Hanoverdəki federal polisin verdiyi məlumata görə, Aşağı Saksoniya, Bremen, Şlezviq-Holşteyn, Şimali Reyn-Vestfaliya, Brandenburq və Reynland-Palatinada 38 ərazidə axtarış aparılıb və həbs qərarı çıxarılıb. Şəbəkəyə qarşı əməliyyatda 500-ə yaxın rəsmi şəxs iştirak edib.

Cinayət törədənlərin onlara saxta Aİ şəxsiyyət sənədləri təqdim etdikləri, onların hökumət orqanlarında və sosial təminat fondlarında qeydiyyata alınmalarında kömək etdikləri müəyyənləşdirilib.

Həmçinin qeyd olunur ki, axtarış aparılan yerlərdən sənədlər, media vasitələri, külli miqdarda pul və silah tapılıb.



Boliviya parlamentinin senatorlar palatasının ikinci vitse-spikeri Janin Anyes Evo Morales prezident vəzifəsindən istefa verdikdən sonra dövlət başçısı vəzifəsini öz üzərinə götürüb.

TASS qeyd edir ki, bu barədə o, çərşənbə axşamı Parlamentin iclasında bildirib.

“Mən Konstitusiyaya müvafiq olaraq dərhal dövlət başçısı vəzifəsini öz üzərimə götürürəm”, – deyə Anyes elan edib.

Onun sözlərinə əsasən, “mümkün qədər tez prezident seçkiləri keçirməyə hazırlaşır”.

Xatırladaq ki, noyabın 10-da bütün ölkə rəhbərliyi – Boliviya prezidenti Evo Morales, vitse-prezident Alvaro Qarsia Linera, eləcə də konstitusiyaya əsasən, ölkədə üçüncü rəhbər şəxs olan Senatının spikeri Adriana Salvatyerra istefa verib.

Prezident və vitse-prezident istefaya gedərsə, Konstitusiyaya əsasən, Senatorlar Palatasının sədri ölkəyə rəhbərlik etməlidir. Əgər o da öz vəzifəsindən gedirsə, dövlətə müvəqqəti olaraq Deputatlar Palatasının sədri başçılıq edir, lakin Adriana Salvatyerra və Viktor Borda da istefa veriblər. Hakimiyyətin ötürülməsinin sonrakı qaydası Boliviya qanunlarında yazılmayıb. Buna baxmayaraq, Anyes bəyan etmişdi ki,  prezident vəzifəsinin icrasını öz üzərinə götürəcək, çünki o, Salvatyerra və onun birinci müavininin istefasından sonra yuxarı palatanın sədrinin yerini tutmalıdır.

Məhkəmə Kılıçdaroğlu haqqında qərar çıxartdı — Ərdoğana təzminat ödəyəcək

Türkiyədə Cümhuriyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında işlətdiyi təhqiramiz ifadələrə görə məhkəmə yekun qərar çıxarıb.

"Ölkə.Az" İHA-ya istinadən xəbər verir ki, məhkəmə prosesinə Ərdoğanın vəkili Tuba Sağlam Eker və Kılıçdaroğlunun vəkili Nihal Cengiz qatılıb.

Nihal Cengiz məhkəmənin ədalətinə şübhə etdiyi üçün hakimin dəyişdirilməsini tələb edib.

Lakin, onun tələbi rədd edilib və Kılıçdaroğlunun Ərdoğana 50 min lirə (təxminən 14 min 700 manat) mənəvi təzminat ödəməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, Kılıçdaroğluy 17 iyul 2018-ci ildə CHP-nin iclasında Ərdoğan haqqında təhqiramiz ifadələr işlətmiş, həmçinin onun karikaturasının sosial şəbəkədə paylaşmışdı.


ABŞ prezidenti Donald Tramp Türkiyəyə 100 milyard dollarlıq ticarət razılaşması və Rusiya zenit sistemlərini aldığına görə tətbiq edilmiş sanksiyalarla bağlı vəziyyəti həll etmək variantını təklif edib.

Bu barədə “The Washington Post” yazıb.

Nəşrin mənbələri bildirir ki, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması təklifi ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanmış məktubda yer alıb.

Bu təklifin əvəzində Ankara Suriyadakı siyasətinə yenidən baxmalı, eləcə də C-400 məsələsini ABŞ-ın xeyrinə həll etməlidir.

Qəzetin həmsöhbətləri hesab edirlər ki, ABŞ Nümayəndələr Palatasında Trampın əleyhdarlarının bir hissəsi Ağ Evin təklifindən “qəzəblənəcək”. Belə ki, qanunvericilər Suriyada hərbi əməliyyatlara görə Türkiyəyə qarşı sanksiyaların tətbiqini dəstəkləmişdilər.

Oktyabrın 23-də məlum olmuşdu ki, Türkiyə S-400 komplekslərinin bütün elementlərini planlaşdırılmış müddətdən qabaq alıb və Rusiya ilə əlavə tədarükləri müzakirə edir.

lavrov ile ilgili görsel sonucu
“Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir”.

“Report” xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Yerevanda keçirilən mətbuat konfransı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualı cavablandırarkən səsləndiriyi fikirlərinə münasibət bildirilməsi ilə bağlı KİV-in sualını cavablandırarkən deyib.

“Hər zaman qeyd etdiyimiz kimi, bir daha vurğulamaq istərdim ki, yalnız bu bölgədən didərgin salınmış azərbaycanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki, azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. Bunun üçün isə ilk növbədə, münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı və Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır”,- XİN sözçüsü bildirib.