Avropa Birliyi və ABŞ-ın gündən-günə Minskə qarşı artan sanksiya təzyiqlərinə baxmayaraq, Beynəlxalq Valyuta Fondu (BVF) Belarusa təxminən 1 milyard dollar həcmində kredit ayıra bilər.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Belə ki, koronavirus pandemiyasının vurduğu iqtisadi zərərlərin təsirlərini azaltmaq üçün BVF Minskə 910 milyon dollar kredit ayırmağı hədəfləyir.

Bildirilir ki, ABŞ rəsmiləri bir tərəfdən qurumun yardım kompaniyasını dəstəklədiyi halda, digər tərəfdən Lukaşenko hökumətinə təzyiq alətlərini də nəzərdən keçirirlər.

Əfqanıstandakı hazırki vəziyyət Rusiya üçün ciddi təhlükədir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya qəhrəmanı, 1996-cı ildə Taliban əsirliyindən qaçmış Vladimir Şarpatov deyib.

“Əfqanıstanda baş verənlər məni çox narahat edir. Azadlıqda olduğum gündən bəri mən prosesləri izləyirəm. Xüsusən son dövrlər, amerikalıların ağalıq etdiyi dönəmdə... Dostlarım oradan (Əfqanıstandan – red.) mənə taliblərin necə rəhbərlik etməsi barədə video-epizodlar göndərir. Talibanın rəqiblərinə qarşı zorakı, sərt davranışları mənə olduqca pis təsir edir. Buna görə gecələr yatmıram”.

Şarpatov əsirlikdə olduğu dönəmlərdə taliblərin onunla planlarını bölüşdüyünü də söyləyib:

“Onlar deyirdilər ki, Asiya respublikaları da bizə birləşəcək. Mən isə dedim ki, Asiya ölkələri bununla razılaşmayacaq axı... Onlar isə “Biz onları məcbur edəcəyik, heç yerə gedə bilməzlər” deyirdilər".

Qərb mövqelərini qorumaq üçün konvulsiv cəhdlər edir, onun bu çıxılmaz siyasətinin perspektivi yoxdur.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Bu, hər kəsə və hər şeyə hakim olmaq üçün edilən təcavüzkar bir siyasətdir və Qərbə qarşı olan hər kəs cəzalandırılmalıdır. Belə bir siyasət Qərbin son 500 ildə dünya işlərində tutduğu mövqeyi qorumaq üçün konvulsiv cəhdlərini əks etdirir. Çoxqütblü, çoxmərkəzli bir dünyanın formalaşdığı zamanda Qərbin liberal dəyərlər tətbiq etmək cəhdləri müvəffəqiyyətli olmayacaq”, - Lavrov bildirib.

Türkiyənin Başkənd Universitetinin müəllimi Dr. Haluk Qaradağın Axar.az-a müsahibəsi:

- Əfqanıstanda mövcud durumu necə dəyərləndirirsiniz?

- Əfqanıstan Asiya coğrafiyasında çox özəl bir mövqeyə sahib olan ölkədir. Bu gün Asiya qitəsində şərqdə Çin ilə, qərbdə İran ilə, şimalda Özbəkistan, Türkmənistan və Tacikistan ilə, cənubda və şərqdə Pakistan ilə qonşu olan Pakistan mərkəzi geosiyasi mövqeyi səbəbindən təxminən son iki yüz ildə böyük güclərin işğalına uğrayıb. 1839-cu ildə başlayan ingilis işğalı 1979-cu ildə SSRİ-nin işğalı ilə əvəz edilib, 2001-ci ildə isə ABŞ-ın buraya müdaxiləsi gerçəkləşib. NATO-nun Əfqanıstana yerləşməsi və ölkədə həyata keçirdiyi əməliyyatlar bir müddət ölkənin böyük hissəsində təhlükəsizliyi təmin etsə də, təşkilat tam şəkildə buna nail ola bilmədi. Dolayısı ilə beynəlxalq iqtisadi böhran nəticəsində ABŞ-ın dünyanın müxtəlif bölgələrində hərbçilərinin sayını azaltma fəaliyyəti NATO-nun Əfqanıstandan çıxması nəticəsini meydana gətirib. Sözügedən durumda son illərdə təsirini artıran və mərkəzi şəhərlər istisna olmaqla, digər yerləri nəzarətində saxlayan Taliban ilə müzakirələr başlayıb. İllərdir ki, NATO qüvvələrinin də dəstəyi ilə Talibana qarşı hökumət qüvvələrində döyüşən və müxtəlif vəzifələri icra edən əfqanlar üçün də bu vəziyyət qorxulu bir hala çevrilib. Nəticə etibarı ilə əfqanlar hissə-hissə ölkədən köç etməyə başlayıblar.

- Taliban Əfqanıstanda bir-birinin arxasınca şəhərləri ələ keçirməyə davam edir. Kritik coğrafi önəmə sahib olan Qunduz, Qəznə və Qəndəhar şəhərləri artıq terrorçuların nəzarətinə keçib. Sizcə, Talibanın irəliləyişi haraya qədər davam edəcək?

- Hazırkı durumda NATO-nun dəstəyi olmadan Əfqanıstan hökumətinin Talibana qalib gəlməsi çox çətin görünür. Bu səbəblə ölkənin Talibanın nəzarətinə keçmə ehtimalı çoxdur.

- Vəziyyətin belə inkişafı Türkiyə üçün hansı nəticələri doğura bilər?

- Talibanın irəliləməsi bayaq da bəhs etdiyim kimi, Əfqanıstan hökuməti və NATO üçün çalışan hər kəsi hədəfə çevirir. Bu səbəblə can qorxusu yaşayan əfqanlar ölkəni tərk etməyə başlayıb. Yaşanan hadisələr ən çox Əfqanıstanla qonşu olan ölkələrə mənfi təsir göstərəcək. İran və Pakistandakı həyat şəraitini bəyənməyən əfqanlar üzlərini Türkiyəyə çeviriblər. İranın sərhəd yoxlamalarını zəiflədərək əfqanları Türkiyəyə yönləndirməsi ölkəmizdəki qeyri-qanuni miqrant sayını artırmaqdadır. Bir də Türkiyədə indi rəsmi rəqəmlərə görə 4 milyona yaxın, qeyri-rəsmi məlumatlara görə isə 7 milyon nəfər qanuni və qanunsuz miqrant yaşayır. Bunların böyük əksəriyyəti suriyalıdır. Miqrantların çoxluğu Türkiyəni əfqanlar üçün cazibə mərkəzi halına gətirməkdədir.

- Sizcə, Türkiyə ilə ABŞ Əfqanıstan məsələsində razılığa gələ biləcəkmi?

- Əslində ABŞ-ın Türkiyəni ən başdan etibarən prosesə daxil etməsi lazım idi. Gəlib-keçən ABŞ iqtidarları isə İraqda olduğu kimi, problemi hərbi yolla həll edə biləcəklərini düşünürdülər. Türkiyə - ABŞ istəsə də, istəməsə də - bu problemə müdaxilə etməlidir. Əks təqdirdə Əfqanıstandan gələn yeni köç dalğaları ən çox Türkiyəyə təsir edəcək.

- Əfqanıstan məsələsində, Suriyada olduğu kimi, Astana prosesinə bənzəyən yeni bir mərhələnin başlaması mümkündürmü?

- Qısa vaxtda belə bir mərhələnin başlaması çətin görünür. Əfqanıstandakı mövcud hökumət ilə Taliban arasında yaşanan ikibaşlı siyasi idarəetmə həlli çətinləşdirməkdədir. Bu vəziyyətin ortadan qaldırılması üçün öncə tək bir siyasi qurum ortaya çıxmalı və sonra görüşlər başlamalıdır. Ancaq Taliban ilə keçiriləcək görüşlər ilə müzakirə mərhələsinin o qədər də asan olmadığı görünməkdədir.

- Rusiyanın müdafiə naziri Serqey Şoyqu açıqlamasında Özbəkistan və Tacikistanın Əfqanıstanla olan sərhədlərinin qarşı tərəfdə Talibanın əlinə keçdiyini və KTMT-nin hər an müdaxiləyə hazır olmasının vacibliyini söylədi. Türkiyə Rusiyanın ən yaxşı şəkildə anlaşdığı NATO ölkəsidir. Sizcə, KTMT-nin Əfqanıstana müdaxiləsi real olsa, NATO və Rusiya arasında bu mövzuda Türkiyənin vasitəçiliyi ilə bir razılıq əldə edilə bilərmi?

- Yaxın müddətdə ABŞ liderliyindəki NATO ilə Rusiya arasında bir anlaşmanın əldə edilməsi çətin məsələdir. Türkiyə Rusiya və NATO arasında vasitəçi rolunu oynaya bilər, ancaq bu, beynəlxalq konyektura, aktorların çoxluğu və mənfəətlərin üst-üstə düşməməsinə görə o qədər də asan deyil. Belə bir anlaşmanın əldə edilməsi əfqanların Avropaya köçünün qarşısını ala və Türkiyənin əlini gücləndirə bilər. Son nəticədə AB üzvü olan dövlətlər beynəlxalq dəstəklə bağlı konsensusa gələ bilərlər.

İsrail ordusu ölkənin hava məkanını pozan Hizbullah qruplaşmasına aid PUA-nı vurub.

Axar.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

“ÇAXAL qüvvələri İsrailin hava məkanına daxil olan Hizbullaha aid pilotsuz aparatı məhv edib. İsrail müdafiə ordusu insident boyu dronu izləyib. İsrail müdafiə qüvvələri yəhudi dövlətinin suverenliyini pozmaq cəhdlərinin qarşısını almağa davam edəcək”, - məlumatda qeyd olunub.