Yeni hökumət qurulacağı müddətcə beynəlxalq birlik Əfqanıstana təzyiq etmək əvəzinə dəstəyini açıqlamalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Çin xarici işlər naziri Vanq Yi deyib.

“Dünya ictimaiyyəti Əfqanıstanı müsbət yöndə qiymətləndirməli və yönləndirməlidir. Əfqanıstan geosiyasi savaş meydanına çevrilməməlidir. Ölkənin müstəqilliyinə və xalqın iradəsinə hörmət edilməlidir”, - deyə XİN rəhbəri bildirib.

Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi hələ onun terror təşkilatı olduğu gerçəyini dəyişmir. Məsələ ondadır ki, Talibanın hakimiyyəti o vaxt legitim olacaq ki, o Əfqanıstanda qanuni şəkildə seçkiyə qatılıb qalib gəlsin. Bundan sonra onun terror təşkilatı statusu ləğv edilə bilər.

Bunu Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquqda terror təşkilatı statusu almış bir təşkilatın statusunun ləğv edilməsinə dair tənzimləmə mexanizmi yoxdur:

“Hazırda bir sıra dünya dövlətləri də buna görə tərəddüd içərisindədir. Çünki əksər ölkələr və təşkilatlar Talibanı terror təşkilatı kimi tanıyır. Lakin bununla belə düşünürəm, tədricən bu ölkələr Talibanla münasibətlər quracaqlar. Yəni hələ Talibanı Əfqanıstanın qanuni hakimiyyəti olaraq tanımasalar da onunla münasibətlər quracaqlar. Çünki bu bir seçim deyil, zərurətdir. Məsələ ondadır ki, Əfqanıstan deyə bir dövlət var və istər-istəməz bu ölkə ilə bu və ya başqa formada əlaqələr qurulmalıdır. Hazırda hakimiyyətdə Talibandırsa, dünya dövlətləri də məcbur olub Talibanla əlaqə qurmalıdır”.

F. Mehdiyevin sözlərinə görə, Taliban indiki halda dünya dövlətləri tərəfindən Əfqanıstanın legitim hakimiyyəti olaraq tanınmasını istəyirsə, bir sıra addımlar atmalıdır:

“Yəni Taliban orta əsrlərdən qalma feodal idarəetmə üsulu ilə deyil, müasir dövrün qanunları ilə Əfqanıstanı idarə etsə, qanuni seçkilər keçirsə, bu zaman dünya dövlətləri də Talibanı terror təşkilatı kimi deyil, Əfqanıstan hakimiyyəti olaraq tanıya bilər”.