Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni ölkədən qaçdığı gün hökumətlə görüş təyin etmişdi, lakin məmurlar onu gözləyərkən ölkədən qaçdı.

Axar.az xəbər verir ki, bunu Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Əkbər deyib.

"Qəni silahdaşlarını təhlükədə buraxaraq, büdcə pullarını ələ keçirib qaçdı, insanları soydu. Onun müavinlərindən heç biri qaçmağı planlaşdırdığını bilmirdi”, - deyə diplomat bildirib.

Səfir Əşrəf Qəninin müşavirinin Müdafiə Nazirliyinə zəng etdiyini və saat 16:00-da görüşə gələcəyini söylədiyini qeyd edib:

“Hamı hazırlaşıb onu gözlədi, ancaq bu zaman Qəni və yaxınlarının olduğu üç təyyarə Kabil hava limanından havaya qalxdı”.

Onun sözlərinə görə, məhz Qəninin xəyanəti səbəbindən Taliban Əfqanıstanda hakimiyyəti asanlıqla ələ keçirdi:

“O, vicdanlı məmurları hökumətdən uzaqlaşdırdı və onları təcrübəsiz kadrlarla əvəz etdi. Əfqan ordusunun müasir silahlara sahib olmasına baxmayaraq, 10 gün ərzində Taliban ölkəni, 32 əyaləti və 360 rayonu ələ keçirdi”.

Qeyd edək ki, Talibanın Qətərdəki siyasi idarəsinin rəsmi nümayəndəsi Məhəmməd Sohail Şahin Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəninin qeyri-qanuni yollarla əldə etdiyi pulları qaytarmalı olduğunu bildirmişdi.

ABŞ Prezidenti Co Baydenlə Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni arasında 23 iyul tarixindəki son telefon danışığının detalları bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Telefon söhbətində Baydenin Qəninin ölkədəki vəziyyəti nəzarət altına almaq planı barədə məlumat verəcəyi təqdirdə hava dəstəyi göstərəcəyinə davam edəcəyinə dair söz verdiyi bildirilib.

Digər məlumata görə, Baydenin hadisələrin axarını dəyişdirmək üçün Qəniyə təzyiq göstərməyə çalışdığı qeyd olunub.

Ağ Ev məsələ ilə bağlı hələ bir açıqlama verməyib.

Ermənistanda yeni qurulan hökumətin üzvlərinin ilk səfərlərini Rusiyaya etməsi artıq adət halını alıb. Bu səfərlər işgüzar səfər adlansa da, realda tam fərqli bir şeydir. Biz bunu bir növ erməni rəsmilərin Kreml qarşısında sədaqət testi və ya andiçməsi kimi də qəbul edə bilərik.

Bunu Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Rusiyaya işgüzar səfərini şərh edərkən deyib.

Politoloq Ararat Mirzoyan qərbyönümlü olduğunu deyib:

“Bunu Rusiya da yaxşı bilir və deyərdim ki, Kreml bu təyinatdan narazıdır. Rusiya qərbyönümlü erməni naziri yoxlamaq istəyir. Yəni Moskva Mirzoyanın düşüncələrini bilməyə, onun rəhbərliyində Ermənistan xarici siyasətinin necə formalaşacağını müəyyən etməyə çalışır.

Bu gün Rusiya siyasətçiləri də yaxşı başa düşür ki, Ermənistan bəzi şeyləri artıq anlayır. Rəsmi İrəvan bilir ki, Kreml onun işğalçılıq siyasətinə dəstək verməyəcək. Bu baxımdan Ermənistan üzünü Qərbə çevirib, başda Fransa olmaqla, yeni “müttəfiqlər” axtarmalıdır. Görünür, Ararat Mirzoyan da belə düşünən şəxslərdəndir. Biz bunu onun Rusiyaya işgüzar səfərindən sonra daha çox hiss edəcəyik”.

Bu günlərdə Moskva ətrafında Rusiya Müdafiə Nazirliyinin hər il təşkil etdiyi beynəlxalq ordu oyunları ilə yanaşı silah sənayesinin ən yeni məhsullarının nümayiş olunduğu “Armiya-2021” satış-sərgisi də keçirilir.

Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, Azərbaycan beynəlxalq ordu oyunlarının açılış mərasimində müdafiə nazirinin müavini, general Nizam Osmanov səviyyəsində iştirak edib. Azərbaycan nümayəndə heyətinin “Armiya-2021” silah sərgisinə maraq göstərdiyi haqda məlumatlar yoxdur. Qeyd edək ki, Azərbaycan 44 günlük ikinci Qarabağ müharibəsindən sonra öz ordusunu daha da modernləşdirir, amma bu sahədə daha çox Türkiyə və İsraillə işləməyə üstünlük verir.

Ermənistan Moskva ətrafındakı silah sərgisində müdafiə naziri Arşak Karapetyan başda olmaqla geniş tərkibli nümayəndə heyəti ilə qatılıb. Və Moskvadan gələn xəbərlərə əsasən, artıq Ermənistan Rusiyadan bir sıra yeni silahların alınmasına dair həmin sərgi çərçivəsində müqavilələr imzalayıb.

Rusiyanı yenidən Ermənistanı silahlandırmağa başlaması Azərbaycan rəhbərliyinin öz narahatlığını və narazılığını publik şəkildə açıqlaması ilə müşaiyət olunub. Prezident İlham Əliyev CNN Türk-ə müsahibəsində bəyan edib ki, Rusiyanın Ermənistanı yenidən silahlandırmaq niyyətini anlamır və bunu məntiqsiz hesab edir. Dövlət başçısı xatırladıb ki, Rusiya əvvəllər Ermənistana milyardlarla dollarlıq silahı havayı verib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ötən həftə bildirib ki, Moskvanın məqsədi “regionda hərbi tarazlıq” yaratmaqdır.

Ermənistan ordusu 44 günlük müharibə zamanı darmadağın edilib və indi onu yenidən qurmaq üçün milyardlarla dollar lazımdır. Ermənistanda isə belə pullar yoxdur və deməli Rusiyadan yeni silahlar bu ölkəyə ya “hədiyyə” olaraq, ya da güzəştli kreditlər hesabına verilə bilər. Ermənistanın müdafiə naziri Arşak Karapetyan ötən həftə jurnalistlərə bildirib ki, Rusiya Ermənistan ordusunun yenidən qurulması üçün onlara köhnə silahlar təklif edib. Amma onlar bundan imtina ediblər, ancaq yeni silahlar alacaqlarını deyiblər.

Bəs Ermənistan hansı yeni Rusiya silahları alıb və ya almaq istəyir? “Armiya-2021” sərgisini izləyən türkiyəli videobloger Cem Kıran maraqlı məqamların şahidi olub. Bloqer Ermənistan nümayəndə heyətinin sərgini gəzərək “Orion-9” və “Orion-10” zərbə pilotsuz təyyarələri, S-400 “Triumf” zenit-raket kompleksləri və “Pantsir” zenit kompleksinin modernizə edilmiş versiyaları ilə yaxından maraqlandığını görüb.

Bloger bildirir ki, sərgidə Rusiyanın “Kronştad” şirkətinin işləyib hazırladığı, dəfələrlə Suriyada sınaqdan keçirilən və göstəriciləri “Bayraqdar TB2” döyüş PUA-larına yaxın olan “Orion” PUA-larını çəkmək istərkən Ermənistan müdafiə naziri başda olmaqla bu ölkənin geniş tərkibli nümayəndə heyəti ilə qarşılaşıb. Cem Kıran erməni nümayəndə heyətinin “Orion” PUA-larının göstəriciləri ilə yaxından maraqlandığını, rusiyalı rəsmilərlə müzakirələr apardığını görüb.

Sərgidən hazırladığı digər videosunda isə bloger Ermənistan müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyətinin S-400 komplekslərinin ətrafında rusiyalı rəsmilərlə müzakirələr apardığını, bu komplekləri yaxından araşdırdığını gördüyünü deyir. Və bildirir ki, Ermənistanın Rusiyadan silahlı PUA-lar, yeni hava hücumundan müdafiə sistemləri almaq niyyətləri bu ölkənin öz ordusunu yenidən quraraq “3-cü Qarabağ müharibəsinə hazırlaşdığını” göstərir.

Qeyd edək ki, ötən ilin noyabrından etibarən Rusiya və Ermənistan hərbi rəhbərlikləri arasında intensiv təmaslar, qarşılıqlı səfərlər və danışıqlar gedir. Ermənistan rəhbərliyi bildirir ki, ordunu Rusiyanın dəstəyi ilə yenidən qurmaq istəyirlər və artıq bir sıra yeni silahlar alınıb.