Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni ölkədən qaçdığı gün hökumətlə görüş təyin etmişdi, lakin məmurlar onu gözləyərkən ölkədən qaçdı.
Axar.az xəbər verir ki, bunu Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Əkbər deyib.
"Qəni silahdaşlarını təhlükədə buraxaraq, büdcə pullarını ələ keçirib qaçdı, insanları soydu. Onun müavinlərindən heç biri qaçmağı planlaşdırdığını bilmirdi”, - deyə diplomat bildirib.
Səfir Əşrəf Qəninin müşavirinin Müdafiə Nazirliyinə zəng etdiyini və saat 16:00-da görüşə gələcəyini söylədiyini qeyd edib:
“Hamı hazırlaşıb onu gözlədi, ancaq bu zaman Qəni və yaxınlarının olduğu üç təyyarə Kabil hava limanından havaya qalxdı”.
Onun sözlərinə görə, məhz Qəninin xəyanəti səbəbindən Taliban Əfqanıstanda hakimiyyəti asanlıqla ələ keçirdi:
“O, vicdanlı məmurları hökumətdən uzaqlaşdırdı və onları təcrübəsiz kadrlarla əvəz etdi. Əfqan ordusunun müasir silahlara sahib olmasına baxmayaraq, 10 gün ərzində Taliban ölkəni, 32 əyaləti və 360 rayonu ələ keçirdi”.
Qeyd edək ki, Talibanın Qətərdəki siyasi idarəsinin rəsmi nümayəndəsi Məhəmməd Sohail Şahin Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəninin qeyri-qanuni yollarla əldə etdiyi pulları qaytarmalı olduğunu bildirmişdi.