“Səs Azərbaycan” layihəsinin qalibi Emiliya Yaqubova ərə gedir.

Minval.info axşam.az-a istinadən xəbər verir ki, toy avqustun 12-si paytaxtın dəbdəbəli məkanlarının birində baş tutacaq.

Sənətçi Tamerlan adlı iş adamı ilə ailə qurur.

Qeyd edək ki, cütlük uzun müddətdir ki, sevgilidir.

Əsl adı Ələsgərmiş, amma Fərəc deyərmişlər. Tanımazsız, qoruq-qaytaqlar başına elə oyun açmayıb ki! Məşhur Nağıyevlər nəslindəndi. Lap dəqiqi, Ağa Musa Nağıyevin qardaşı oğludu…

Fərəc – kədərdən sonrakı sevinc

1902-ci ildə Ağa Musanın oğlu İsmayıl (Bu həmin İsmayıldı ki, atası onun xatirəsinə 1907-1908-ci illərdə  xeyriyyə məqsədiylə böyük bir bina tikdirir. Həmin bina “İsmailiyyə” adlanır. İndiki Elmlər Akademiyasının Rəyasət Heyətinin binası) dünyasını dəyişir. Düz bir ildən sonra bu ocaqda bir oğlan uşağı doğulur. O vaxt Ağa Musa Nağıyev xaricdə səfərdəymiş, ona görə də uşağın doğulduğundan çox gec xəbər tutur. Qayıdıb gələndə görür ki, qardaşının evində bir körpə var. Adını da Ələsgər qoyublar. Sevinir, amma deyir ki, nahaq məni gözləməmisiz, adını Fərəc qoyardım. Fərəc –  kədərdən sonra gələn sevinc deməkdi. Allah onu İsmayılın əvəzinə göndərib… Beləcə doğma övladlarını itirən Ağa Musa Nağıyev qardaşı oğlunu özünə varis edir…

Elə o vaxtdan da balaca Ələsgər dönüb olur Fərəc.

Dilarə Nağıyeva (qızı):

– Ağa Musa atamı çox istəyirdi. Biz balacaydıq, xarici bankdan atamın adına Ağa Musanın əmanətdəki pulunun vərəsəlik sənədi gəlmişdi. Səhəri gün atamı NKVD-yə çağırdılar. Özü danışırdı: deyirdi, bütün gecəni yatmadım, səhəri dirigözlü açdım. Üstümə üç yorğan atmışdılar, yenə də tir-tir əsirdim. Durub gedəndə evdəkilərlə vidalaşdım ki, bilmək olmaz, bəlkə, heç geri qayıtmadım. Deyirdi, NKVD-nin dəhlizindən  keçəndə elə bil divarlar məni sıxırdı. İnanmırdım ki, bu divarlar məni evə qayıtmağa qoyacaq. Bilirdim ki, bu pulun axırda bir xatası olacaq.

Atam NKVD-də yaxın qohumumuza rast gəlir. Həmin adam sakitcə yaxınlaşıb deyir ki, pulu başından elə, yoxsa pis olacaq.  Atam da gedib sənədə qol çəkir ki, ona bu pulun bir qəpiyi də lazım deyil, hamısını yetimxanalara verir. Amma o vaxt özümüzın pula ehtiyacı vardı. Nəyimiz vardısa, hamısını talayıb aparmışdılar.

“Soyadımız başımıza bəla olmuşdu”

Sənətə gələndə cavanmış: cəmi 17-18 yaşı varmış. “Tənqid-təbliğ” Teatrından başlayır. Hələ qismətinə epizodik rollar düşür…

Sonrasa Bakı Xalq Teatrında işləyir. Düz 1928-ci ilə kimi. Bir il sonrasa…


– Həmin ildən atamın səyyar həyatı başladı. Bakıda işləməyə imkan vermirdilər. Bir rayonda yerini rahatlayan kimi ordan  çıxarıb başqa yerə göndərirdilər. Salyana, Sabirabada, Şəkiyə, Dərbəndə, Aşqabada… Hərəmiz bir tərəfdə doğulmuşuq. Soyadımız başımıza bəla olmuşdu. Bir yandan da qaçaqlar. Anam danışırdı ki, tez-tez üstümüzü qaçaqlar alırdı. Deyirdilər,  Murovdağdan gəliblər. Bir dəfə qaçaqlar evimizi mühasirəyə alır.  O vaxt anam qucağı uşaqlıymış. Uşağı da, anamı da balışların altında gizlədiblər ki, qaçaqların əlinə keçməsin.

Aktyor, rəssam, rejissor…

Fərəc 1932-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Üç sənətin sirlərini öyrənir: aktyorluq, rəssamlıq, rejissorluq.

– Atam harda işləyirdisə, teatrın yükü onun üstünə düşürdü. Rəssamlıq eskizlərindən tutmuş, aktyorların paltarlarına kimi hamısını özü hazırlayırdı. O vaxt Sabirabad, Salyan, Aşqabad, Dərbənd, Nuxa teatrlarını yaradanlardan biri də atam olub. Sabirabad teatrında işləyəndə Lütfiyar İmanov hələ tanınmırdı. Atam ona rollar verib, qabağa çəkib, sənətə gətirib. Deyirdi  ki, Rübabə Muradovanın, Münəvvər Kələntərlinin tanınıb üzə çıxmasında da  köməyi çox olub.

…Bir günsə Fərəc Nağıyevin Bakıdakı evini əlindən alırlar. Bu işdə Mir Cəfər Bağırovun xüsusi tapşırığı olur:

– Atam nə qədər çalışırsa, bir şey çıxmır. Deyirlər, sənin evə ehtiyacın yoxdu. Beş uşaq, atam, anam… belə böyük külfətə ev lazım deyildimi? Axır ki, 50-ci illərdə birdəfəlik Bakıya qayıdandan sonra evimizin bir otağını geri ala bildik.  Həmin vaxtlar atam Bakı Xalq Yaradıcılıq Evində rejissor, baş metodist işləyib.  Sənətinin dəlisiydi, vəzifə-filan istəyində deyildi. Amma heç vaxt qədir-qiyməti bilinmədi. Şeir də yazırdı, hərdən bizə də oxuyardı. Adil İsgəndərovun vaxtında “Xırs – quldurbasan”  tamaşasının əvvəlinə və axırına şeir yazmışdı. 1961-63-cü illərdə dənizkənarı parkdakı Estrada Teatrında işlədi. Orda da öz şeirləri ilə çıxış eləyirdi, duzlu, məzəli… Elə həmin vaxtlar Bakı Xalq Yaradıcılıq Evində lal-karlarçün  də teatr təşkil eləmişdi. Orda rejissor kimi də işləyirdi.

1973-cü il.  Bu tarix ağır sınaqlardan çıxan ailəyə daha bir bəla gətirir. Ailənin başçısı – Fərəc xərçəng xəstəliyinə tutulmuşdu…

– Ruxsarə xanım bizə gəlmişdi. O, Azərbaycanda ilk qarmonçalan qadın olub. Pianoda da yaxşı çalırdı. Həm də böyük bir nəslin qızıydı, Mirzəbəyovlardanıydı. Ruxsarə xanımın atamla arası yaxşıydı,  dostluqları tuturdu. Eşitmişdi ki, Fərəc xəstədi, durub gəlmişdi. Atamın kefini açmaqçün “Leyli və Məcnun”dan bir musiqi çaldı. Atam da oxudu. Səsi adamın ürəyini parçalayırdı.  Biz onu oxuyan görməmişdik. Yəqin, bilirmiş ki, ömrünə az qalıb…

Fərəcin ölümü ömür-gün yoldaşı Zəhra xanımçün çəkilməz dərd oldu.  Düz 20 il hər ay qəbrini ziyarət elədi. 1992-ci ildəsə həmişəlik yanına köçdü.

Xoş sonluq

…Yazını ölümlə qurtarmaq istəmirəm. Dilarə xanım ata-anasının nağılabənzər sevgisindən danışdı mənə. Mən də sizə danışım:

Fərəcin 9, Zəhranın da 4 yaşı varmış.  Fərəcin anası Məşədi Balacaxanımın gözləri tutulur. Heç kəs dərdinə dərman eləyə bilmir. Bir gün Zəhranın nənəsi Məsməxanım Məşədi Balacaxanımgilə gəlir. Arvadı görür, deyir, mən səni sağaldaram. Başlayır türkəçarəyə. Bir müddət sonra Balacaxanımın gözləri açılır. Sevindiklərindən öz aralarında danışırlar ki, gəl qohum olaq. Məsməxanım deyir ki, mənim 8 qız nəvəm var, birini sənin oğluna verirəm. Məşədi Balacaxanım oğlunu  götürüb  gedir qızlardan birini bəyənməyə. Səkkiz qızı düzürlər sıraya. Fərəcə deyirlər, bu qızların hansı sənin olsun? Fərəc də hamısına baxır, axırda əliylə Zəhranı göstərir. Zəhra, doğrudan da, qızların ən gözəliymiş. O gündən 4 yaşlı Zəhrayla 9 yaşlı Fərəci nişanlayırlar. Uşaqlar yavaş-yavaş böyüyür. Ağılları kəsəndə  bir-birilərini sevirlər.  Fərəc evdəkilərdən xəlvət  nişanlısını  teatra apararmış. Zəhranın balaca bacısına da şirnidən-konfetdən alıb tapşırarmış ki, birlikdə teatra getdiklərini  atasına deməsin. Fərəc Zəhranı hər kəsə qısqanırmış. Onun paltarlarını da özü tikirmiş ki, qadının bədəninə özgə əli dəyməsin.


P.S. Ötən əsrin əvvəllərində Bakının neft milyonçularından olmuş Ağa Musa Nağıyevin iki övladı dünyaya gəlib – Ümbülbanu və İsmayıl. Hər ikisi dünyadan vaxtsız köçüb. Deyilənə görə, hər iki övladını itirəndən sonra Ağa Musa çox pis hala düşür. Nə milyonlar, nə sərvət, nə tikdirdiyi dəbdəbəli binalar onun gözünə görünür. Onun bu halını görən qardaşı Ağa Əli məsləhət görür ki, 4 oğlundan birini özünə övladlığa götürsün. Həmin vaxt Ağa Əlinin həyat yoldaşı 5-ci uşağa hamilə imiş. Ağa Musa isə deyir, bu doğulacaq uşağı verərsən mənə. Qardaşı qayıdır ki, birdən qız oldu? Ağa Musa deyir, eybi yox, qismət Allahdandır! Elə olur ki, oğlan doğulur – 1903-cü il dekabrın 5-də (Ağa Musanın İsmayıl oğlu 1902-ci ildə dünyasını dəyişmişdi). Ağa Musa yeni doğulan uşağa Fərəc adını verir. Mənası – kədərdən sonra gələn sevinc deməkdir. Bundan sonra İsmayılın kədərini, azacıq da olsa, unudur və sevincini balaca Fərəcdə tapır.

modern.az

“X maqazin” şou-biznes nümayəndələri arasında sorğu apararaq, onlardan yay istirahətinə xərclədikləri məbləği soruşub.

Müğənnilər “10 günlük istirahətə nə qədər pul xərclənir” sualına müxtəlif cavablar veriblər. Çoxları isə xərclədiyi məbləği açıqlamaqdan çəkinib.

Sevda Yahyayeva heç vaxt məbləğ demədiyini bildirib. ifaçı hər kəsə yayda ürəyincə dincəlməyi diləyib.

Rüfət Axundov isə “İki nəfər 5 min manata gedib beşulduzlu oteldə dincələ bilər. Hər şey daxil xidməti ilə… Azərbaycanda isə bir gün 250-300 manata gəlib çıxır” sözlərini söyləyib.

Aynur Dadaşova isə dincəlməyə vaxt tapmadığını söyləyib:

“Azərbaycanda gedib yaxşı oteldə 10 gün dincəlməyə 10 min manat lazımdır”.

Rəvan Qarayev isə Türkiyədə bu yaxınlarda təkcə gəzmək üçün 1500 manat xərclədiyini bildirib:

“Buna otel, yemək daxil deyildi. Amma belə tək gedəndə 5-6 min xərcləyirəm”.

Günay İbrahimli isə hər zaman istirahətin ona baha başa gəldiyindən gileylənib:

“Ötən il getdiyim istirahətdə 8 günə 10 min dollar xərclədim. Əvvəldən bilet ala bilmirəm, işlərimə görə alınmır. Gəzintiyə 2-3 gün qalmış bilet aldığım üçün baha olur”.

Dilarə Kazımova isə çox pul xərclədiyini etiraf edib:

“Maldiv bahadır, 4 mindən çox xərclədim. Çox vaxt isə xaricdə dostlarımın evində qalıram”.

Tarix Əliyev isə çox az pulla dincəldiyini söyləyib:

“Çox pul xərcləyən deyiləm. 200 dollarla 1 həftə qala bilərəm. Gedib günümü dönərlə yola verərəm”.

Əbdül Mahmudov: “İnanırıq ki, rəsmi qurumların dəstəyi ilə yenidən bu filmin çəkilişlərinə başlaya biləcəyik”

Bu günlərdə böyük dövlət xadimi, Səfəvilər dövlətinin qurucusu və ilk hökmdarı, klassik Azərbaycan şairi Şah İsmayıl Xətainin doğum günü qeyd olundu. Xatırladaq ki, Şah İsmayıl Heydər oğlu Səfəvi 1487-ci il iyul ayının 17-də (digər versiya ilə iyulun 23-də) Ərdəbil şəhərində anadan olub.

Hər il iyul ayında Xətaidən söz düşəndə onunla bağlı çəkiləcək film də yenidən müzakirə obyektinə çevrilir. Qeyd edək ki, təxminən 2000-ci ilin əvvəllərində dövlət sifarişi ilə Səfəvi hökmdarı barədə film çəkilişlərinə start verildiyi bildirilirdi. Filmin böyük ekran əsəri olacağı gözlənilsə də, sonradan bilinməyən səbəblərdən çəkilişlər yarımçıq saxlanıldı. Bəs bu filmin sonrakı taleyi necə olacaq?

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı adıçəkilən filmin rejissoru Əbdül Mahmudovla əlaqə saxlayıb. Rejissor bildirib ki, çəkilişləri bərpa etmək üçün rəsmi qurumlara müraciət edib: “Artıq 40 ildir ki, bu filmin çəkilməsi üçün çalışıram. Uzun-uzadı mübarizəmdən sonra 2000-ci ildə çəkilişlərə başladıq. Belə ki, həmin dövrdə mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə filmin ssenarisi qəbul edildi və filmin çəkilməsinə xeyir-dua verildi. Hətta filmin çəkilişləri üçün 1 milyon pul ayrıldı. Mən filmin çəkilişləri üçün məkanlar seçməyə başladım, aktyor seçimi aparıldı və birdən filmin çəkilişləri dayandı. Bütün hər şey ”Azərbaycanfilm” kinostudiyasının arxivində saxlanılır”.

Rejissor deyir ki, film 2 hissəli kinoepopeya formasında çəkilməli idi: “Birinci iki seriyanın ssenarisi hazırdır. Bununla bağlı 1 milyon manat pul xərclənmişdi, sonra bəlli olmayan səbəblərdən işlər dayandırıldı və bunun səbəbi barədə hələ də mənə bir söz deyilməyib. Bu, böyük ekran əsəri olmalıdır. Şah İsmayıl Xətai zamanında bizə 2 milyon 800 min kvadrat kilometrə çatan ərazi qoyub gedib. Baxın, bu gün isə ərazimiz cəmi 86, 600 min kvadrat km-dir.

Qeyd edim ki, filmin ssenarisi hazırda Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovanın stolunun üstündədir. İnanırıq ki, rəsmi qurumların dəstəyi ilə yenidən bu filmin çəkilişlərinə başlaya biləcəyik”.

Məsələyə aydınlıq gətirmək üçün Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri Cəmil Quliyevlə əlaqə saxladıq. C.Quliyev hazırda bölgələrin birində istirahətdə olduğunu və buna görə sualımıza cavab verə bilməyəcəyini dedi.

Yaşadıq, yaşlandıq. Savaşlar, qələbələr, məğlubiyyətlər, itkilər,zindanlar, dostluqlar, düşmənliklər , xəyanətlər, ağrılar, sevinclər gördük. Ömrümün 31 ilini siyasətə, 30 ilini mətbuata – “Yeni Müsavat”a xərclədim.

Bütün sərmayələrim ömrümdən oldu. Dividentlərimi əlahəzrət Tarix ödəyəcək, hər halda…

Övladlarımı vətən, Vətəni Anam kimi sevdim. Dostluqlara və Sözə sadiq oldum! Savaşdan və Düşməndən qorxmadım. Fırtınalı, enişli -yoxuşlu bir həyat yaşadım; ya da o “Həyat” dediyim məni yaşadı, yaşayır…

Allaha inandım, bəndəni sevdim. Erməniyə güllə, rusa yumruq sıxdım…

Azadlıq Meydanında 17 gün, Vətənin türmələrində 17 ay yatdım…

Şükrançıyam!

Bir də, bitməyən “Yeni Müsavat” sevdası – missiyası var! Milli Hərəkatın böyük və bugünlərə qədər bölünmədən, dağılmadan salamat qalan tək layihəsi. Məni hər yerə aparan da Odur!

Ötən illərdən qalma fotolardan boylanan qarasaqqal bir gənc var. İnadcıl, savaşçı, qorxusuz.

23 yaşında bir qəzet qurdu, həm də bir partiya; 53 yaşında bu sətirləri yazdı. Amma çox sözləri yazmadı… Müdrikləşib, çünki gələcəyə planı və ümidləri var…

Mən o gənci içimdə gizlədim, çox da uzaqda deyil.

Siyasətin daş dövrüdü, hərənin əlində bir daşlı kəltən var; qoruyum, dedim, onun GƏLƏCƏYİ gələnə qədər mənə, ağsaqqala əmanətdi…

Dünya bir dəyirman daşıdı.
Dəyirman daşı fırlanır…

Mənsimov Türkiyədə müalicə olunan Xalq artisti ilə görüşdü

Azərbaycanlı iş adamı Mübariz Mənsimov bir müddət öncə səhhətində yaranmış ciddi problemlə əlaqədar Türkiyəyə aparılan Xalq artisti Yalçın Rzazadə ilə görüşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, biznesmen sosial şəbəkə hesabında İstanbulda sənətkarla baş tutan görüşündən fotolarını paylaşıb.

“Uşaqlıq illərindən gördüyün, izlədiyin insanların əbədi olaraq yaşamasını istəyir insan oğlu. Sanki onlara bir şey olarsa, sehr pozulacaq, şirin röyadan ayılacaqsanmış kimi gəlir... Yalçın Rzazadə də bizim üçün heç vaxt itirmək istəmədiyimiz dəyərlərdəndir...

Dəyərli sənətkarım, xalq artisti Yalçın bəy, Allah sizə can sağlığı versin.

Dəyərli qonağım, uşaqlığımın ən gözəl mahnılarının ifaçısı... Sizi ayaqda görmək məni çox sevindirdi.

Çox sevinirəm ki, sizin sağlamlığınızla bağlı probleminizə dərhal reaksiya verildi və bu gün siz burda ən yaxşı həkimlərin nəzarətindəsiniz”, - deyə M. Mənsimov qeyd edib.

Xatırladaq ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Yalçın Rzazadə Türkiyədə fondun dəstəyi ilə tam müayinə və müalicə kursu keçir.

 



 
Aparıcı Zaur Kamal avtomobil qəzası keçirib.

O, bu haqda “5/5” verilişində danışıb. Zaur eyni zamanda adını çəkmədiyi sığorta şirkətindən şikayətlənib:

“Sığorta şirkətləri yalandı. Maşınımı vurdum, onlardan pul ala bilmədim. Şirkət pul ödəmədi. Onların üstündən xətt çəkdim. Maşınımın diski əyildi, getdim, heç nə ala bilmədim”. (axşam.az)

“Həkimlər məni ölümdən xilas edib, iki gün də geciksəydim, ölə bilərdim”.

Bunu “Report”a açıqlamasında Türkiyədəki xəstəxanaların birində əməliyyat olunan Xalq artisti, müğənni Yalçın Rzazadə deyib.

O əməliyyat olunandan sonra özünü yaxşı hiss etmədiyini bildirib:

“Mədəmdəki yaralara görə əməliyyat olundum. Artıq bir neçə gündür əməliyyat masasından palataya köçürülmüşəm. Hazırda özümü yaxşı hiss etmirəm. Vəziyyətim heç də yaxşı deyil. Səhhətimdə çoxlu problemlərin olduğu üzə çıxdı. Qanım zəhərlənmişdi. Yeməyə, içməyə isə həvəsim yoxdur, bu da keçirdiyim ağır əməliyyatla bağlı ola bilər. Hazırda həkimlər səhhətimlə əlaqədar konkret olaraq heç nə demirlər”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür

Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış edibilər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb.

O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.

Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.

Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.

«Bakıda 100-150 manata olan geyimi Türkiyədən 20-30 manata gətiririk» - MÜSAHİBƏ












İnternet və sürətli daşıma xidmətləri Azərbaycanda istehlak bazarına və əhalinin ticarət seçimlərinə ciddi təsir etməyə başlayıb. İnternet ticarətinin yaratdığı imkanlar müştərilər qarşısında yeni daha sərfəli seçim variantları açıb. FED.az biznes portalı Azərbaycanda bir qədər əvvəl fəaliyyətə başlamış və sürətlə inkişaf edən «AZEX» sürətli çatdırılma şirkətinin baş direktoru Elşən Məmmədovla müsahibəni təqdim edir.

- Türkiyədən əsasən hansı malları gətirirsiniz?

- Əslində istənilən malları gətirə bilirik, bunlar əsasən geyimlər, ayaqqabılar, ev məişət əşyaları, məsələn, divar kağızları, çilçıraq və sairdir. Hətta santexnika avadanlıqlarını da gətiririk.

- Sifariş verilən mallar nə vaxta gətirilir?

- Malları Türiyədən həftədə iki dəfə göndəririk. Həftənin 1-ci günü axşam saat 6-yadək Bizim Türkiyədəki anbarımıza daxil olan bağlamalar həftənin ikinci günü karqoya verilir və 3-cü gün gömrü rəsmiləşdirilməsindən sonra müştərilərə təhvil verilir. İkinci göndəriş isə həftənni sonunda olur. Deməli həftənin 4-cü günü axşam saat 6-yadək bizim Türkiyədəki anbarımıza daxil olan bağlamalar 5-ci gün karqoya verilir, 6-cı gün isə gömrük rəsmiləşdirilməsindən sonra müştəriyə çatdırılır. Müştərilər bu malları bizim ofisdən götürə bilərlər, ya da kuryer sifariş edirlər aparıb onarın istədiyi ünvanda çatdırırıq.

- Deməli malı ən geci nə vaxt sifariş etmək lazımdır ki, 3-cü gün artıq malını ala bilsin.

- Bu artıq malı satan firmadan asılıdır. Məsələn ən çox sifarişlər Kotton, LC Waikiki, Zara və başqalarından alınır.

Müştəri malı Bakıdan internet vamitəsilə seçib sifariş edir və çatdırılması nöqtəsi kimi bizii Türkiyədəki anbarımızın ünvanını verir. Mallar bizə çadırılandan sonra dediyim qayda və qrafiklə göndəririk. Yəni satıcı şirkət bizə malı nə qədər tez çatdırsa, biz də müştəriyə o qədər tez çatdıracağıq.

- Türkiyənin hansı şəhərindən malı almaq mümkünür?

- Məhdudiyyət yoxdur, malları Türkiyənin istənilən şəhərindən almaq olar. Bizim anbarımıza daxil olur, biz də müştəriyə çatdırırıq. Bax, bizim anbar Kadıköydədir, müştəri isə malı, məsələn, İzmirdəki fabrikdən və ya mağazadan alır. Həmin mal bizə çatdırılır, biz də Bakıya daşıyırıq.

- Siz müştərilərə aşqa hansı xidmətləri göstərirsiniz? Müştəri daxil olub internetlə mal alır, siz onu daşıyırsınız. Başqa hansı xidmət var?

- Bizdə iki növ sifariş var. Birincisi müştəri saytımızda qeydiyyatdan keçir, biz ona Türkiyədə ünvan veririk, bu ünvan onun saytdakı şəxsi kabinetinə göndərilir. Müştəri internetlə Türkiyədən mal alanda «xaricdəki ünvanlarım» bölməsində Türkiyədə təslimat adresi olaraq bizim verdiyimiz ünvanı göstərir. Yəni elə bil müştərinin Türkiyədə öz ünvanı olur, nə alırsa, bura yönləndirir. Daha sonra daxil olur bizim saytın «bəyannamə əlavə et» böləsinə və aldığı malın qiymətini və tipini qeyd edir, ayaqqabı, geyim, köynək və sair – nə alıbsa. Ondan sonra invoys qiymətni yükləyir, yəni bəyan edir ki, mənim ayaqqabım gələcək ölkəyə, qiyməti budur və bunu mənim adıma qəbul edin. Yəni müştəri bəyannamə yükləyəndə bizə bunu demiş olur.

- Belə sifariş alandan sonra sizin şirkət nə edir?

- Biz bu məlumatları yoxlayıb sistemə vururuq. Növbəti gün isə artıq yuxarıda dediyim qayda ilə Bakıya gönləririk.

- Bəs müştəri sifarişi özü edə bilmirsə necə, belələrinə kömək imkanı varmı?

- Bəli, bue lə bizim ikinci növ xidmətimizdir. Bəzi müştərilər sifariş verməyə çətinlik çəkirlər, bəzilərinin kartı yoxdur, yaxud var, amma Türkiyə satlarında keçərli deyil. Digərləri ümumiyyətlə proseduru bilmir, anlayışı yoxdur və sair. Belə olan halda müştəri satımızda qeydiyyatdan keçir, sifmriş etə bölməsində bizə məhsulun linkini, ölçüsünü, rəngini, sayın qeyd edib bizə göndərir. Ödənişi də ya onlayn edir, ya da ofisə yaxınlaşıb nağd edir. Biz də həmin məhsulu müştərini adına alıb gətirib Bakıda müştəriyə təhvil veririk.

- Sizin xidmətinz varsitəsilə ən çox hansı malları almaq sərfəlidir?

- Əslində yuxarıda sadaladığım bütün malları, amma daa da konkretləşdirsək, bəzi məhsullar elə Bakıda da mollarda satılır, amma daha yüksək qiymətə. Baxın molldan geyim alanda siz həm malın, həm mağazanın icarə haqqının, həm burada çalışan işçilərin maaşı və bu malın Bakıya daşınması xərclərini ödəmiş olursunuz. Yəni mağaza sahibinin büğün xərcləri vətəndaşın cibindən çıxır.

Ona görə də eyni malın qiyməti Bakıda Türkiyəyə nisbətən xeyli bahadır. Bizim idmət vasitəsilə isə malı birbaşa Türkiyədən, anbardan almaq mümkün oduğuna görə, bu müştərilərin öz büdcələrinə qənaət etməsinə imkan verir.

- Bakıda mollarda və Türkiyədən alınan malların qiymətlərində nə qədər fərq olur?

- Belə deyək, baxın, bizim əməkdaşlar Bakıdakı «US POLO» mağazasında 100-150 manata olan köynəyi Türkiyədən 20 manata, burada 130 manata deyilən şalvarı isə Türkiyədən cəmi 30 manata alıblar. Bakıda «LC Waikiki»də 20 manata satılan köynəyi isə saytdan 3 manata almaq olub. Kobud desək, Bakının mollarında satılan malları Türkiyədən «Sədərək-Binə» qiymətinə almaq olur.

- İnternetlə mal alarkən, xüsusilə də geyimləri, əsas problem ölçülərin düz gəlməməsidir. Bu məsələ necə həll olunur?

- Doğrudan da müştəriləri əsas narahatçılığı ölçünü bilməməkdir. Geyimərin hamısının müxtəlif sistemlərlə ifadə olunan ölçüləri var. XL, XXL, 46-48 və sair ölçülər var. Bu saytlarda bədən ölçülərinin göstəriciləri var. Məsələn bədən ölçüsü necə olmalıdır, boyunun ölçüləri, bədənin uzunluğu və sair. Yəni köməkçi ölçülərlə bu problem də həll edilir.

- Türkiyədən bu üsulla geyimdən başqa hansı mallar alınır?

- İstənilən malları. Geyim, ev əşyaları, aksessuarlar, kosmetika, amma maye halda olmamalıdır. Bundan başqa, çoxsaylı kitablar sifariş verilir. Elə kitablar var ki, Türkiyədə var bizə hələ gəlib çatmayıb. Ya da gec gəlir, ona görə də kitab həvəskarları kitabları internetlə almağa üstünlük verirlər. Qiymətləri də buraya nisbətən 40%-50% ucuzdur.

- Sizin şirkət vasitəsilə daşınma xidmətləri necədir?

- Bu qiymətlər gətirilən malların çəkisindən asılı olaraq dəyişir. Məsələn 100 qrama qədər olan malları üçün daşınma xərci 1.99 dollardır. 100-250 qrama qədər 2,49 dollar, 250-500 qram 2.99 dollar, 500-750 qram üçün 3.99 dollar, 750-1000 qram üçün 4.99 dollar, bundan sonra isə qiymətlər hər kiloqram üçün 4,99 dollardan hesablanır. Gətirilən malın çəkisi 2 kiloqramdan artıq olduqda qiymətlər enir və hər kiloqram üçün 3.99 dollara düşür.

- Bəzi mallar, hansı ki sadaladınız, onlar sına bilən mallardır. Belə hal olmaması üçün nə edilir?

- Bu malları xüsusi qablaşdırırlar. Bizim Türkiyədəki anbara belə mal gələndə onu əvvəlcə açıb vəziyyətinə baxır, salamat olduğuna, sınmadığına əmin olub sonra təhvil alırlar. Üzərinə «sınan əşya» emblemini vururlar ki, karqoda və təyyarədə ehtiyatlı davransınlar. Ona görə də hələki sınan mallar gəlməyib.

- Siz dediniz ki, bəzi mallara görə daşınma xərci təkcə çəkisindən deyil, həm də ölçülərindən asılıdır. Bunlar hansı mallardır və onların daşınma xərci necə hesablanır?

- Doğrudan da, hava yollarında yüklərin daşınmasına görə, ödəniş iki varinatda hesablanır, bir var həcm çəkisi, bir də fiziki çəki ilə. Fiziki çəki tərəzinin göstərdiyi çəkidir. HƏcm çəkisi isə odur ki, bağlamanın ölçüləri bir metrdən artıq olduqda onun həcmi bir kub kimi götürülür və bölünür 6 min standartına, yəni daha bahalı qiymətlə hesablanır.

Sadə desək, bütün malların həm fiziki, həm də həcm çəkisi var. Bunlardan hansı daha böyükdürsə, hava yolları həmin çəkini əsas götürüb ödəniş alır.

Yaxın vaxtlarda biz rupaj, yəni TIR-larla daşımalara başlayacağıq, onda bu problem də olmayacaq.

- Hazırda sizin şirkətin müştəriləri ən çox nəyi sifriş edirlər?

- Əsasən toy üçün geyimlər, müştərilərimizdən biri bütün toy hazırlğı və tələb olunan malları bu sistem vasitəsilə Türkiyədən aldı, qat-qat aşağı qiymətə. Son vaxtlar isə maraqlı sifarişlər artıb – bunlaran məsələn kempikq üçün çadırları, divar kağızlarını, vanna otağı üçün aksessuarları göstərə bilərəm.

- Siz yalnız Türkiyə bazarı ilə işləyirsiniz, yoxsa başqa istiqamətlər də var?

- Hələlik yalnız Türkiyədir, amma yaxın vaxtlarda Amerika və Çin bazarlarında a işləməyə başlayacağıq. Hazırda ABŞ-la bağlı danışıqlar aparırıq.


- Müştərilər sizin vasitənizlə mal almaqdan başqa hansı xidmətlərdən istifadə edə bilər?

- Əsas işimiz əlbəttə ki, yükdaşıma və çatdıılmadır, amma endirim kampaniyaları olanda müştərilərə məlumat da veririk. Bizim özümüzün də tez-tez şirkətdaxili kampaniyalarımız olur. Hazırda paketbirləşdirmə kampaniyamız var. Bu da müştərilərə çox sərfəlidir. Digər şirkətlərdə qiymətlər fərqlidir. Amma bizdə 31 iyul tarixinə qədər çəkisi 250 qramdan yuxarı olan bağlamaların paket birləşdirməsi həyat keçirilir. Yəni eyni gündə Bakı ofisimizə daxil olan malları Tərəziyə qoyuruq, nə çəki gəldisə müştəri onu pulunu ödəyir. Beləliklə də öz büdcəsinə qənaət edir azı 4-5 dollar çatdırma haqqına.

Bizim sistemin bir üstünlüyü də var, bu müştəri sifarişlərinin daha sürətli işlənməsidir. Ola bilər ki, ilk baxışdan ciddi görünməsin, amma bu amilin əhəmiyəti böyükdür. Ola bilsin ki, müştərinin sifariş etdiyi maldan məhdud saydadır və gec işləyəndə bu mal və ya onun lazımi ölçüsü-rəngi satılıb qurtara bilər. Çünki kampaniyalar olanda mallar sürətlə satılır, hamı sərfəli variantdan tez istifadə etmək istəyir. Bizdə isə cəmi 10-15 dəqiqəyə alış edilir.

- Dediniz ki, Türkiyədəki şirkətlər də tez-tez öz mallarına endirimlər edirlər. Bakıdan internetlə bu malları endirimlə almaq olurmu və müştərilər həmin endirimlərdən necə xəbər tuta bilərlər?

- Bizim bununla bağlı mobil tətbiqimiz hazırlanır. Burada büğün endirim kampaniyaları haqqında eniş məlumatlar olacaq. Hazırda isə həmin kampaniyaların saytımızda görünməsi üçün işləri tamamlayırıq. Nəticədə müştərilər saytımıza da daxil olanda kampaniyalar barədə məlumatları əldə edəcək.

- Bakıdakı müştərilər Türk mallarını əsas hansı saytlardan alırlar?

- Bunlar müxtəlifdir, bəzi müştərilər isə ümumiyyətlə hansı saytdan mal alacağını bilmir.

Belə hallar üçün saytımızda «nümunə saytlar» bölməsi var. Və əgər müştəri hansı mağazadan alış-veriş etməyi bilmirsə, saytda hamısı olmasa da, ən məşhur saytların adları var. Burada ev tekstilindən tutmuş, geyim, idman malları, kitablar, aksessuarlar və sair satışı olan saytlar var.

- Siz dediniz ki, şirkətiniz vasitəsilə Türkiyədən vanna aksessuarları və divar kağızları alanlar da var. Bu avadanlıqları Türkiyədən almaq sərfəlidirmi, nəzərə alsaq ki, onlar təyyarə ilə gətirilir və çəkisi də ağırdır, yəni daşınma xərcə böyük olmalıdır?

- Əvvəla internetlə alınanda dəqiq bilinir ki, bunlar doğrudan da Türkiyədən gətirilib. Bakıda satılan malların bəzilərində belə əminlik olmur. Türk malı kimi təqdim olunan bəzi mallar əslində Çin istehsalı olur. Bizdə isə mal həmin brendin öz rəsmi səhifəsindən alınır və dəqiq brenddir.

İkincisi İnternet alışlar zamanı çeşidlər çox olur. Burada istənilən malların minlərlə çeşidini tapmaq olur.

Qiymətlərdə də böyük – azı 40%-ə yatan fərq var.

Digər tərəfdən, dediyim kimi, həmin saytlarda tez-tez endirimlər olur, iki mal birinin qiymətinə və sair kimi. Bakıda həmin məhsulları satan mağazalarda belə kampaniyalar olmur.

- Qanunvericiliyiə görə, Azərbayan vətəndaşlarının xaricdən gələrkən ölkəyə mal gətirməsi ilə bağlı bir məhdudiyət var. Bu məhdiyyət internet alışlarında da tətbiq edilir?

- Bəli, məlumat üçün deyim ki, hər bir Azərbaycan vətəndaşının 30 gün ərzində şəxsi istifadə üçün 1000 dollarlıq mal idxal etmək hüququ var. Bu məbləğ hesablananda təkcə malın öz qiyməti deyil, həm də daşınma xərcləri əlavə olunur. Amma nəzərinizə çatdırım ki, Türkiyədə lirənin məzənnəsin nəzərə alanda bu məbləğ Türkiyə üçün çox böyükdür və limit deək olar ki, hiss edilmir. Məsələn bizim bir neçə aktiv müştərimiz va ki, onların alışları ayda heç 500 dolları da keçmir. Yeri gəlmişkən, saytımızda bununa bağlı bölmə var ki, müştərilər aylıq alışlarını izləyə bilirlər ki, limiti keçməsinlər.

- İndiy ay mövsümüm qızğın çağıdır, müştərilər ən çox nə sifariş edirlər?

- Yay mövsümündən vacib, qarşıdan yeni tədris ili gəlir. Valideynlər Türkiyədən məktəb ləvazimatı və məktəbli çantaları ala bilərlər. Orada həmin malların zəngin çeşidi var və qiymətlər də çox münasibdir. Ən əsası odur ki bütün bunları evdən çıxmadan etmək olur.

- Belə bir fikir yaranıb ki, Türkiyədən yalnız ekonom mallar olar, belədirmi?

- Xeyr, ilk baxıdan belə düşünənlər var, amma Türkiyədə bildiyimiz dünya brendlərinin – «Versaçe»nin, «Armani»nin və başqalarının çox yaxşı mağazaları var və onların böyük endirimləri olur. Hətta siz bir alış-verişdən 300-500 TL endirim də ala bilərsiniz. Bəzən isə alış-verişin məbləği müəyyən həddi keçəndə əlavə endirim verilir. Yəni burada faydalanmağa imkanlar həddən artıq böyükdür.