Türkiyəli aktrisa Hilal Altınbilek Azərbaycandan reklam təklifi alıb.
Minval.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan çərəz şirkəti reklamda oynamaq üçün aktrisaya 3 milyon lirə təklif edib.
Qeyd edək ki, H. Altınbilekin adı son olaraq aktyor Kubilay Aka ilə anılır. İddialara görə, aktrisa Akanı 3 illik sevgilisi Miray Danerdən ayırıb.
O son olaraq “Bir zamanlar Çukurova” serialında rol alıb.
“Son dövrlər İTV və İctimai radionun müsbət istiqamətdə xeyli dəyişdiyi göz önündədir. Lakin bu günlərdə İTV-nin xəbər buraxılışında İctimai radionun bu vaxtadək özəl radioların efirində yayımlanmış ən populyar və reytinqli iki layihəni öz efirinə cəlb etməsi ilə bağlı xəbər müəyyən qədər düşünməyə əsas verir”.
Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov deyib.
Burada qanunsuz bir şey olmadığını bildirən Dadaşov qeyd edib ki, İTV-nin İctimai radionun reytinqli layihələri öz efirinə gətirməsi telekanalın reytinq uğrunda mübarizəyə qoşulacağını açıq şəkildə elan edir.
“Bu isə o deməkdir ki, İctimai radio həm də özəl yayımçılarla rəqabət aparacaq. Bu gün özəl yayımçılar reytinq üçün nə edir, bunu geniş şəkildə xırdalamağa gərək yoxdur. Konkret olaraq, Manpası və yaxud Avtostop-un reytinq üçün istifadə etdiyi üsulları xatırlamaq kifayətdir. Deməli, bütün bunları artıq İTV-nin efirində də müşahidə etməli olacağıq. İctimai radionun proqram direktorunun dedikləri də bunu təsdiq edir. O, İTV-nin xəbər buraxılışına açıqlamasında bildirib ki, həmin layihələr İctimai radionun efirində də əvvəlki xarakterini qoruyub saxlayacaq”.
Təvəkkül Dadaşovun sözlərinə görə, bu verilişlərin ötən mövsümlərdə aparılmış monitorinqləri zamanı aparıcıların nitqlərinin sərtliyi, hətta bəzən tamaşaçı ilə ünsiyyətdə efirə uyğun gəlməyən üsluba yer vermələri, dinləyicini ələ salma, sətiraltı qeyri-etik məzmunlu mövzular və ifadələrə yer verilməsi və s. hallar müşahidə edilib:
“Əgər İctimai radionun efirində də bu cür üslubdan istifadə etməyə davam ediləcəksə, bu, ən azından kanalın ictimai nüfuzuna və missiyasına ziyan gətirmiş olacaq. Nəzərə almaq lazımdır ki, İctimai radio özəl radiolardan fərqlənməyə borcludur. Özəl radioların, yeri gələndə, reytinq və reklam bəhanəsi varsa, İctimai radionun belə “əsas”lara haqqı çatmayacaq. Çünki o, dövlət büdcəsindən maliyyələşir. Bütün bunlarla yanaşı, inanmaq olar ki, həmin verilişlərin aparıcıları İctimai radio efirinin məsliyyətini dərk etmiş olacaqlar və əvvəlki çatışmazlıqlar yeni mövsümdə İctimai radio kimi mötəbər bir media qurumunun efirində yer almayacaqdır. İctimai radioya, “Avtostop” və “Manpası” layihələrinə yeni mövsümdə uğurlar”.
Qeyd edək ki, “Avtostop”da maarifləndirmə elementləri olsa da, “Manpası” daha çox şou-əyləncəli verilişdir.
Bizimyol.info xəbər verir ki, 2012-ci ildə çəkilmiş “Maşa+kaşa” seriyasına indiyə qədər 4 milyard 5 milyon dəfədən çox baxıblar. “Youtube” portalının izləyicilərindən 6 milyon nəfər seriyanı bəyəndiyini uyğun düyməyə basmaqla bildirib.
“Maşa və Ayı” cizgi filminin daha iki seriyası “milyardlıq” statusu qazanıb. “Nuş olsun” epizodunu 1,3, “Böyük təmizlik” seriyasını isə 1,1 milyard dəfədən çox izləyiblər.
“Maşa və Ayı”nın ilk seriyası 2009-cu ildə ekranlarda peyda olmuşdu. Cizgi filmi 36 dilə tərcümə olunub və dünyanın 100-dən çox ölkəsində göstərilir.
30 iyul – Beynəlxalq Dostluq Günüdür.
Bu gün 2011-ci ildə BMT-nin Baş Məclisi tərəfindən Paraqvayın təşəbbüsü ilə təsis edilib. Baş Məclis qurumun üzvü olan ölkələrə bu nəcib təşəbbüsü fəal təbliğ etməyi tövsiyə edib.
Baş Məclis bu münasibətlə yekdilliklə qəbul edilmiş qətnamədə bütün dünya insanlarının ən nəcib və misilsiz hisslərinin təzahürü olan dostluğun aktuallığını və böyük əhəmiyyətini vurğulayıb.
Baş Məclis qurumun üzvü olan bütün ölkələrə Beynəlxalq Dostluq Gününü öz adət-ənənələrinə uyğun, o cümlədən maarifləndirmə və ictimaiyyətin məlumatlılığını artırmaq üzrə tədbirlər vasitəsilə lazımi qaydada qeyd etməyi məsləhət görüb.
Son günlərdə Azərbaycan şou-biznesin bəzi qadın nümayəndələri sevdiyi şəxslərlə gündəmə gəlir.
“Qafqazinfo” xəbər verir ki, kimisi ərinin, kimisi də münasibətini rəsmiləşdirmədiyi sevdiyi bəyin fotosunu paylaşır.
Amma onlar bunu sanki bir trendə çeviriblər. Belə ki, paylaşılan fotolarda izləyicilər şou-biznesin xanım nümayəndələrinin sevdiyi şəxsin simasını görə bilmirlər. Şəkillərdə sadəcə kişilərin yalnız bir bədən üzvü düşür ki, o da xanımın sarıldığı ya qoldur, ya da tutduğu əl… Buna görə onları sevdiyinin başını “kəsən” şou-biznes nümayəndələri də adlandırmaq olar.
“Təkqol” trendinə son zamanlarda daha çox üstünlük verən müğənni Şəbnəm Tovuzludur. İzləyiciləri ifaçının həyat yoldaşı olan və israrla hamıdan gizlətməyə çalışdığı Hacısının yalnız sol qolunu görüblər.
Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini fərqli üslubda oxuyaraq gündəmə gəlməyi bacaran Afət Fərmanqızı da “qonşudan qalma dala” prinsipinə əməl edərək, izləyicilərinə sevdiyi bəyəfəndinin yalnız sol əlini çəkib göstərib. Deyilənə görə, Afətin də əri Hacıdır…
Uzun zamandır sevgilisiz qalan aktrisa-model Pərvin Abıyeva da son paylaşımı ilə gündəmə gəlib. O da naməlum kişinin sol qoluyla şəkil paylaşaraq izləyicilərini düşündürməyə vadar edib. Deyilənə görə, bu şəxs Pərvinin sevgilisidir və cazibədar aktrisa onu ictimaiyyətdən gizlətməyə çalışır.
Müğənni Günah İbrahimli də sevgilisini ictimaiyyətdən gizlətməyə üstünlük verən şou-biznesin xanım nümayəndələri arasındadır. O da vaxtı ilə “təkqollu” paylaşımları ilə diqqət çəkib.
Rəqsanə İsmayılova da əvvəllər Rusiyada yaşayan ərini kimliyini gizlətməyə üstünlük verib. Lakin sonradan onun həyat yoldaşının fotoları mediada yayılıb və ifaçının “sirri” hamıya bəlli olub. O, Fazil adlı şəxslə ailəlidir.
Rəqqasə Fatimə Fətəliyeva da uzun müddət evli olduğu bəyin kimliyini ictimaiyyətdən gizli saxlayıb. O, bunun səbəbini ərinin işi ilə əlaqələndirib. Fatimə Fətəliyeva hazırda Xəyal adlı bəylə evlidir.
Bir sözlə, şou-biznesin əksər xanım nümayəndələri münasibətdə olduqları şəxslərin gizliliyinin saxlanılmasına çox önəm verirlər. Təbii ki, bu da onların şəxsi həyatı, şəxsi seçimləridir.
Bakı Turizm İnformasiya Mərkəzi paytaxtda Novruz bayramının daha fərqli şəkildə qeyd edilməsi üçün yeni layihə üzərində iş aparır.
Bunu Trend-ə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov deyib.
Onun sözlərinə görə, hazırda yeni layihələr üzərində iş aparılır:
“Layihələrin çoxu hələ təsdiqlənməyib. Amma düşünürəm ki, 2020-ci ilin sonunadək hər kəs yeni layihələrin şahidi olacaq. Həmin layihələrdən biri Novruz karnavalının keçirilməsi ilə bağlıdır. Planlaşdırılır ki, karnavalda Bakının mərkəzi küçələrində milli personajlarımız iştirak etsinlər. Bizim düşündüyümüz layihə çox qeyri-adidir. Biz elə etmək istəyirik ki, həmin karnavalda iştirak edən turistlər yenidən Bakıya qayıtmaq barədə fikirləşsin”.
Xəbər verdiyimiz kimi, “Jara-2019” Beynəlxalq Musiqi Festivalının sonuncu günü - iyulun 28-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.
"Qafqazinfo"nun məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqları arasında olub.
Qırmızı xalıdan keçən Leyla Əliyeva festivalla bağlı təəssüratlarını bölüşüb. Leyla Əliyeva “Jara” festivalının tamaşaçılara əsl bayram ab-havası yaşatdığını söyləyib.
“Əfsuslar olsun ki, bu gün festivalın son günüdür. Burada böyük sevgi, məhəbbət və bayram əhval-ruhiyyəsi var. Çox şadam ki, builki festival da böyük uğurla başa çatır. Bol musiqi, sevgi, əyləncə və isti münasibətlər – bütün bunlar insanları bir-birinə daha doğma edir. İnanıram ki, növbəti “Jara”da da bugünkü səmimiyyəti, hərarəti görə biləcəyik. Hər kəsə uğurlar arzulayıram”, - deyə Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib.
Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ötən gün “Jara-2019” Beynəlxalq Musiqi Festivalının fəxri qonaqları arasında olub.
“Qafqazinfo” xəbər verir ki, Əliyevanın oğlu Əli anasından qısa müsahibə alıb.
Leyla Əliyeva “Jara”nı çox sevdiyini bildirib.
Almaniyada həkim kimi çalışan həmyerlimiz Tərlan Mehdizadə Oxu.Az-ın suallarını cavablandırıb:
– Tərlan xanım, bildiyimiz qədəri ilə, dörd yaşında məktəbə getmisiniz. Necə oldu ki, dörd yaşında sizi məktəbə qoydular? Adətən, bu hal vunderkind uşaqlarla bağlı müşahidə olunur.
– Tərtər rayonunda anadan olmuşam, orada oxumuşam. Uşaqlığım müharibə şəraitində keçib. Yaşadığım yerdə müharibənin qoyduğu izlər vardı. Onlardan biri də uşaq bağçası məfhumunun olmaması idi. Anam və atam işə, qardaşlarım isə məktəbə gedirdi. Nə evdə məni saxlayan bir kəs, nə də gedə biləcəyim bir bağça vardı.
Bir gün evdə tək olanda pəncərədən yıxıldığıma görə anam çox qorxdu və məktəbdə işlədiyi üçün məni də özü ilə aparmaq qərarına gəldi. Altı yaşıma qədər birinci sinifdə oxumağıma qərar verildi ki, təki evdə tək qalmayım.
Məktəbdə fəal şagird olmuşam və sinif yoldaşlarımdan yaxşı oxuduğum üçün müəllimlər deyirdilər ki, bu qız heyifdir, boşuna sinifdə saxlamayaq. Beləliklə, 15 yaşımda XI sinfi bitirdim.
– Öz yaşıdlarınızdan nə ilə fərqlənirdiniz? Məktəbdə yaşca hamıdan kiçik olmaq sizə çətinlik yaradırdımı?
– Məktəbdə heç vaxt digər şagirdlərdən kiçik olduğumu hiss etməmişəm. Dərsləri oxuyub başa düşmək baxımından çətinliyim olmayıb. Çox fəal və yaşıdlarımdan bir addım irəlidə olan uşaq idim. Onu da deyim ki, bizim nəsildə ali təhsil almayan yoxdur.
Bu mənada, bəlkə də təhsilə marağım genetikdir. Məsələn, qardaşım dördüncü sinifdən altıncı sinfə keçib. Beş yaşında dünyanın bütün ölkələrini, paytaxtlarını və prezidentlərinin adını əzbər bilirmiş. Halbuki bunu ona heç kim öyrətməyib. Yəni bizim ailədə belə hallar var.
– Necə oldu ki, Almaniyaya getmək qərarına gəldiniz?
– Universitet vaxtı başa düşdüm ki, Azərbaycanın səhiyyə sistemində işləyə bilmərəm. Buna görə də Avropaya getmək qərarına gəldim. Almaniya tibb sahəsində uğurları ilə seçildiyi üçün bu ölkəni seçdim. Buraya gəlməyim çətin proses oldu, amma tək də olsa, bunu bacardım. Ailəm Almaniyaya getmək istədiyimi biləndə razılaşmadı. Lakin israrımı, əzmimi gördükdən sonra artıq heç nə edə bilməyəcəklərini anladılar. Bu uğurlarımı yalnız özüm, heç bir dəstək olmadan qazanmışam.
Dörd il Şverin və Gettingen şəhər xəstəxanalarında uşaq həkimi işləmişəm. Artıq iki ildir Hildeshaym Helios xəstəxanasında uşaq şöbəsində çalışıram.
– Uşaqlarla işləməyin hansı çətinlikləri var?
– Onlarla işləmək çox çətindir. Çünki burada çox ağır xəstə uşaqlar qəbul edirik. Xərçəng diaqnozu qoyarkən valideynlərə uşaqlarının ölümün bir addımlığında olduğunu, reanimasiyada qalacağını və yaşamaq uğrunda mübarizə apardığını demək mənim üçün çox ağırdır.
Uşaq sağalandan sonra palataya girəndə üstünə qaçıb səni qucaqlayır. Bu zaman sevincin həddi-hüdudu olmur. Özünü qəhrəman kimi hiss edirsən.
– Başınıza maraqlı hadisələr gəlibmi?
– Maraqlı hadisələr çox olub. Mən burada işləməyə başlayanda 21 yaşım var idi. Onlar 21 yaşında orta məktəbi bitirirlər, mən isə artıq həkim idim. Buna inana bilmirdilər. Hamı məndən şəxsiyyət vəsiqəmi istəyirdi, çünki zarafat etdiyimi düşünürdülər. Baş həkim isə deyirdi ki, belə çıxır, mən 16 yaşında anatomiya dərsində meyitin yanında durub dərs keçmişəm.
“Bu cinayətdir, 18 yaşı olmayan bir uşağın belə şeylər etməsi qanuni deyil. Siz universitetinizi rahat şəkildə məhkəməyə verə bilərsiniz” deyirdilər.
Bir dəfə gecə növbəsində bir uşağı müayinə etmişdim. Uşağı evə buraxan zaman atası mənə “sağ ol” dedi və stolun üzərinə 40 avro pul qoydu. Bunu bir almanın etməsi məni təəccübləndirdi. Təbii ki, pulu özünə qaytardım və bildirdim ki, bu, mənim işimdir, buna görə maaş alıram. Kövrəldi, məni qucaqladı və həkimlərin onun üçün Allah qədər dəyərli olduğunu bildirdi.
– Azərbaycana qayıtmaq istəyirsinizmi?
– Çox istərdim ki, Azərbaycana qayıdım, amma indiki şərtlər altında yox. Mən karyeramı Almaniyada qurduğum üçün Azərbaycan səhiyyəsinə heç cür uyğunlaşa bilmirəm. Bu beş il ərzində cəmi bir dəfə azərbaycanlı xəstəm olub və onunla Azərbaycan dilində danışmışam. Təsəvvür edə bilməyəcəyiniz qədər möhtəşəm hisslər keçirmişəm. Çünki öz millətimi çox sevirəm.
– Almaniyanın səhiyyə sistemi bizimkindən nə ilə fərqlənir?
– Almaniya səhiyyə sistemini Azərbaycanın səhiyyə sistemindən çox şey fərqləndirir. Ən əsası xəstə-həkim münasibətləridir. Həkim xəstəyə ən hörmətli insan kimi yanaşır, otağa girəndə ayağa durur, əl sıxır, özünü təqdim edir, çox səbirlə şikayətləri dinləyir. Burada xəstələrin də həkimlərə hörməti böyükdür. Azərbaycan səhiyyəsində isə belə hallara çox az rast gəlinir.
Almaniyada tibb sahəsinə çox sərmayə yatırılır. Buna görə də burada tibbin inkişaf səviyyəsi belə yüksəkdir. İcbari tibbi sığorta sistemi insanların həyatını asanlaşdırır. Səfil həyatı yaşayan biri belə, xəstəxanada bir qəpik vermədən sağlamlığı ilə bağlı ciddi problemini həll edə bilir. Çox arzu edirəm ki, ölkəmizdə icbari tibbi sığorta lazımi səviyyədə inkişaf etsin.