Dünən Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul üçün imtahanın nəticələri açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, tələbə adını qazanan abituriyentlər arasında tanınmış simalara da rast gəlmək mümkündür.
Onlardan biri məşhur klarnet ifaçısı Hüseyn Məmmədoğlu da var.
Bu barədə Hüseyn instaqram səhifəsində məlumat verib. 35 yaşlı musiqiçi Azərbaycan Milli Konservatoriyasının estrada sənəti fakültəsində daxil olub.
Avqustun 9-da Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib.
Dövlət Turizm Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yerli və xarici mütəxəssislərin, digər dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib.
Xatırladaq ki, iyulun 14-də saray ərazisindəki 1530-cu ilə aid çinar ağacının təxminən 50 santimetr diametrində olan budağı qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşmüşdü.
Hadisədən sonra müvafiq araşdırma və bərpa işlərinin bitməsinədək sarayın fəaliyyəti dayandırılmışdı.
“Uşaqdan sonra 35 kiloqram kökəlmişdim. Efirlərə çıxmağa utanırdım. İndi bütün artıq çəkini atmışam”.
Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova “Sunayla sına” proqramında deyib. Sənətçi kök olduğu vaxtlarda efirə çıxmağa utandığını etiraf edib:
“Məni görənlər tanımırdı. Ancaq düzgün qidalandım. idman etmirdim çox. Heç rəqs də edə bilmirdim. İndi əvvəlki çəkimə qayıtdım”.
Qeyd edək ki, Oksananın oğlu dünyaya gəlib. Sənətçi övladına Osman adını qoyub.
“Atamın səhhətində irəliləyişlər hiss olunur, əvvəlkinə nisbətən yaxşılaşıb”.
Bunu “Report”a açıqlamasında Türkiyədə xəstəxanada müalicə olunan Xalq artisti, müğənni Yalçın Rzazadənin oğlu Orxan Rzazadə deyib.
Onun sözlərinə görə, Y.Rzazadə artıq yeriyə və gəzə bilir:
“Atam yeriyir, gəzir. Amma, təbii ki, tez-tez haldan düşür. Bu da onun keçirdiyi ağır əməliyyatla və yaşadığı ağır xəstəlik dövrü ilə əlaqədardır. Amma yeməyində və içməyində müəyyən problemlər olsa da, ümumilikdə, qidalanması normaldır. Atam yemək mövzusunda fərqli düşüncəli adamdır. Azərbaycan mətbəxinə öyrəncəlidir. Hələ ki, xəstəxanadan nə zaman evə buraxılacağı barədə həkimlər heç bir söz demirlər. Bu da onun yaşadığı ağır xəstəliklə bağlıdır. Gərək tam sağalsın ki, evə buraxılsın. Salamatlıq olsun, atam xəstəxanadan evə buraxılandan sonra Bakıya çatan kimi, elə hava limanında kiçik mətbuat konfransı keçirməyi düşünürük”.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond nəzarətinə götürüb. Y.Rzazadə müayinə və müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb. O, bir neçə gün bundan əvvəl müalicə aldığı xəstəxanada əməliyyat olunub.
Xatırladaq ki, 73 yaşlı Y.Rzazadənin mədəsində bir neçə yara aşkarlanıb.
Müğənni Sərdar Ortaç həyat yoldaşı Xloedən boşanıb.
Axşam.az xəbər verir ki, razılaşma əsasında boşanan cütlük məhkəmə zalına birgə gəlib.
Çıxışda jurnalistlərin suallarını cavablandıran sənətçilər hər şeyin yaxşı olduğunu, lakin evliliklərinin belə davam edə bilməyəcəyini deyiblər.
Qeyd edək ki, S.Ortaç irlandiyalı modellə 2014-cü ildə ailə qurmuşdu.
Bu il Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı keçiriləcək. Keçiriləcək, amma sədrin kim olacağını seçkilər müəyyən etməlidir. Bu da bəzi gənc ədibləri həvəsləndirib.
Onlar AYB sədri Anarın yerinə seçilmək istəyirlər. Lakin “köhnə qvardiya” Anarın bu posta yenidən seçilməsinin tərəfdarıdır. Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda yaradılıb.
İlk rəhbəri Məmmədkazım Ələkbərli olub. Sonra Seyfulla Şamilov, Rəsul Rza, Süleyman Rəhimov, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı kimi yazıçı-şairlər AYİ sədri olublar. 1987-ci ildən quruma Anar sədrlik edir. 32 ildir bu vəzifəni tutan Anar AYB-də ən uzunmüddətli sədrdir.
Qurumun birinci katibi, xalq şairi Fikrət Qoca Modern.az-a bildirib ki, gənclərin bu prosesdə aktivləşməsi yaxşıdır, amma həyatda olduğu kimi, həmin mərama çatmalıdırlar: “Təki gənclər sədr seçilsinlər, kim nə deyir ki? Hamı sədr ola bilər. Mən özüm Anara səs verəcəm. Anar gedəndə mən ondan bir saat da qabaq gedəcəm. Çünki mən yaşca Anardan böyüyəm. Zamanı gələndə gedərəm. Amma AYB bizim evimizdir. Evdən bu saat qaçmalıyam?”
Şair Emil Rasimoğlu AYB sədrliyinə namizədliyini irəli sürəcəyini elan edib: “Bu o demək deyil ki, gənclərin hansısa biri sədr seçildikdə digərləri ona qarşı, şəxsən sədrlik postuna görə kütləvi şəkildə etiraz edəcək və ya haçansa özünün sədr olmasını gözləyəcək. Bu seçkidir, seçki! Seçkidə seçilirsən, təyin olunmursan ki, narazılıq edəsən. Fikrət Qoca indidən artıq Anar müəllimi namizəd kimi görür. 80 yaşı ötmüş bir ziyalının digər 80 yaşı ötmüş bir ziyalıya dəstək olmasına ehtiyac varmı?! Axı nə məcburdur? Olmazmı ki, Fikrət Qoca da, elə Anar müəllim də gəncləri dəstəkləyib, onları namizəd görələr?”
Gənc şair Fuad Cəfərli də namizədliyini elan edib və digər yazarlar da prosesə qoşulublar. AYB Gənclər Şurasının üzvü, şair Tural Turan da bildirdi ki, 13-cü qurultayda AYB sədrliyinə namizədliyini irəli sürəcək: “Hazırkı sədr və onun komandası gənc yazarların beynəlxalq aləmdə, dünyada tanıdılması üçün heç nə etməyib. Xaricdə hər hansı tədbir olarsa üç-beş eyni adamlar gedir. Azərbaycanın həmin adamlardan başqa istedadlı yazarları yoxdur? Var. Amma kölgədə qalırlar. Prezident təqaüdü istisna olmaqla, gənclər üçün heç nə edilməyib.
Xarici ölkələrdə kitabları çap olunmayıb. Halbuki prezident 800 min manat bir, daha sonra da 3 milyon manat ayırıb. Bəs bu pullar hara xərclənib? Hesabatı da verilməyib. Bütün bunları nəzərə alaraq AYB-də yeni idarəetməyə ehtiyacın olduğunu görürəm”.
Qan Turalı: “İdeya, yanaşma dəyişməsə, Orxan Pamuk da AYB sədri olsa xeyri yoxdur”
Yazıçı Qan Turalı “Yeni Müsavat”a bildirdi ki, dünyanın hər yerində AYB kimi qurumlar fəaliyyət göstərir: “Bu cür yazıçılar ittifaqlarına hər zaman ehtiyac var. Türkiyənin özündə də yazıçılar birlikləri var. Sadəcə, Azərbaycanda bu qurum fəaliyyətini günün tələbləri istiqamətində qurmalıdır. Biz daha çox görürük ki, AYB yazıçıların sosial müdafiəsi ilə məşğuldur, nəinki ədəbiyyatın özü ilə. Yaxşı olar ki, bir nəşriyyat açsın, kitab çapı üçün real addımlar atsın. Amma bu istiqamətdə heç bir iş görmürlər. Ona görə də qurultayda bu məsələlər ortaya çıxarılmasa, addımlar atılmasa sədr postunda kadr dəyişikliyinin bir əhəmiyyəti qalmayacaq”.
Qan Turalı hesab edir ki, ideya, yanaşma dəyişməsə, Orxan Pamuk da AYB sədri olsa xeyri yoxdur.
Yazıçı Əkrəm Əylisli “Yeni Müsavat”a bildirdi ki, 80 yaşdan sonra vəzifə haqda düşünmək insanın öz-özlüyündə mənəvi yoxsulluğun göstəricisidir: “Çünki 80 il yaşayan bir adam vəzifə haqda düşünə bilməz. Bu yaşda adamın başqa qayğıları olur, hansı səhvlərə yol verdiyini saf-çürük edir, axirət dünyasını necə hiss etdiyini düşünür, bütün bunları daxili sarsıntılarla yada salır.
Ona görə 80 yaşdan sonra insan bu dərəcədə mənfəətpərəst ola bilməz. Ümumiyyətlə, böyük yazıçıların həyatında belə bir şey olmayıb”.
Əkrəm Əylisli: “AYB sədrliyinə Anarı mən təklif eləmişdim, bu günə kimi o səhvimi özümə bağışlamıram”
Ə.Əylisli qeyd etdi ki, SSRİ məkanındakı yazıçılar 70 yaşdan sonra rəhbər vəzifədə olmayıblar: “Hətta bu vəzifədə uzun müddət oturanlar da, məsələn, Türkmənistanda Berdı Kerbabayev, Qazaxıstanda Muxtar Auezov… Məndə elə şübhə oyanır ki, indi vəzifədən əl çəkməyən AYB rəhbərləri nə vaxtsa yaradıcılığa qəlbən vurğun insanlar olublar. Əgər belə olsaydı, bu adamların bioqrafiyası hədsiz dərəcədə bəsit, yoxsul olardı. 32 il bir postda oturmaq və bununla fəxr eləmək mənə qəribə gəlir. Amma hər hansı gənc yazıçı bir-iki kəlmə AYB-nin ünvanına düz söz deyəndə onu nəinki AYB-nin, az qala məmləkətin düşməni elan edirlər. Mənim AYB-yə münasibətimdə qərəz, qısqanclıq axtaranlar bilir ki, heç vaxt vəzifəpərəst olmamışam. Bütün vəzifələrdən özüm getmişəm, yalvarsalar da qayıtmamışam. İkincisi, bir yaradıcı təşkilatda 5 ildən sonra hava tapırsansa, o hava süni və sintetikdir, sağlam insan ciyərinin qəbul edə bilmədiyi natəmiz havadır”.
Ə.Əylislinin sözlərinə görə, AYB-də tarix boyunca heç vaxt belə qeyri-demokratik şərait olmayıb: “Nizamnaməyə riayət edilmir. Onsuz da nizamnaməni də özləri yazırlar, lazım gələndə istədikləri formada dəyişirlər. O vaxtlar AYB-də plenium olurdu, indi bu da yoxdur. Rəhmətlik Sabir Əhmədli deyirdi ki, daha Yazıçılar İttifaqı yoxdur, ”katiblər ittifaqı” var. İntəhası, bu gün bir dəstə cığal da var ki, əslində onların yazıçılığa, yaradıcı mühitə dəxli yoxdur, özlərindən razı adamlardır, yeganə məqsədləri AYB-dən nəsə qoparmaqdır. Biri təqaüd, biri ev istəyir. Həmin adamlara istədikləri verilməyəndə AYB-yə atəşin hücuma keçirlər. Bax, AYB-nin bunlardan təmizlənməsi hamının ürəyincə olardı. AYB-nin fəaliyyətinə birtərəfli baxmaq lazım deyil. Burada yaradıcılıq ab-havası yaxşı olsaydı neqativ özü buxarlanıb gedərdi. İndi AYB-yə qəbul olunanlar üçün üzüyolalıq əsas keyfiyyət sayılır. Axı Yazıçılar Birliyi pioner düşərgəsi deyil.
Bu gün həqiqi istedadı olanlar var ki, AYB üzvü olmaqdan utanırlar. Niyə utanırlar? Bu məsələ hökmən araşdırılmalıdır. O vaxtı AYB sədrliyinə Anarı mən təklif eləmişdim. Bu günə kimi o səhvimi özümə bağışlamıram. Növbəti qurultayda hamının qarşısında çıxış elədim, İsmayıl Şıxlıdan üzr istədim, seçimimdə səhvə yol verdiyimi boynuma aldım və qurultayı tərk elədim. Ondan sonra AYB-nin qapısından içəriyə heç vaxt ayaq qoymadım…”
Qəşəm Nəcəfzadə: “Xalq və hakimiyyət Anarı dəstəkləyir, mən də onun namizədliyini dəstəkləyəcəm”
AYB İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadə “Yeni Müsavat”a dedi ki, qurultayın 2020-ci ildə olması gözlənilir: “Bu barədə dəqiq tarixi rəsmilər daha yaxşı bilirlər. Amma gələn il olacağı ehtimalı var”. Q.Nəcəfzadə gənc yazarların namizədliyini irəli sürməsini normal qarşıladı: “Hər qurultay ərəfəsində olur, sonra qaçıb gizlənirlər. Deyirlər ki, gənc yazar sədr olsa yeni nəfəs gələr. Amma bu, yaşla bağlı deyil. Elə gənc var ki, qocadır. Elə qoca var ki, müasirdir. Anar müəllim hər cəhətdən müasirdir, xalq və hakimiyyət onu dəstəkləyir. Mən də Anar müəllimə dəstək vermək fikrindəyəm”.
“Fəlakət” kimi tanınan aktyor Elşən Orucov boşanması barədə yayılan xəbərləri təkzib edib.
Minval.info xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. Jurnalistləri yalan xəbər yaymaqda ittiham edən aktyorun paylaşımının fotosunu təqdim edirik.
Müğənni Nigar Camal paylaşdığı video ilə diqqət çəkib.
Minval.info xəbər verir ki, cazibədar müğənni son günlərdə dəb halını alan Reymenin “Ela” mahnısı altında kollaj düzəldib və yay tətilindən olan görüntüləri oraya əlavə edib.
Bu paylaşım qısa müddətdə minlərlə baxış toplayıb.
Həmin görüntüləri təqdim edirik:
“Biz həmişə bu cür taleləri səhnədə oynamışıq. İndi həyatda öz başımıza gəlir”
Aktyor Allahverdi Yolçuyevin səhhəti ağırlaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran öz “Instagram” hesabında paylaşım edib. O bildirib ki, tanınmış aktyor Parkinson xəstəliyindən əziyyət çəkir. Yolçuyev müalicə üçün maddi imkanının olmadığını vurğulayıb. Səhhətində yaranmış problemlə bağlı məlumat əldə etmək üçün aktyorun özü ilə əlaqə saxladıq.
– Allahverdi müəllim, hal-hazırda vəziyyətiniz necədir? Müalicəniz evdə, yoxsa xəstəxana şəraitində davam edir?
– Evdəyəm. Özümü elə də yaxşı hiss etmirəm. Parkinson xəstəliyinin başlanğıcıdır. Artıq 2 ilə yaxındır ki, bu xəstəlik var məndə. Həkimlərə getmişəm, bu müddət ərzində nə qədər dərman qəbul etmişəm.
– Həkimlər nə deyirlər?
– Həkimlər söyləyirlər ki, qarşısını almaq lazımdır, yoxsa o biri əl və ayaqlara keçə bilər. Bunun dünyada müalicəsi yoxdur. İrana da getmişəm. Orada da eyni fikri söylədilər. Məndə vaxtı ilə depressiv nevroz var idi. Güclü stres keçirmişəm. Həkimlər deyirlər ki, bu, ya şəkərə çevrilir ya da Parkinson xəstəliyinə.
– Hacı Nuran sizə köməklik edilməsi ilə bağlı müraciət edib.
– Əvvəllər vəziyyətim yaxşı idi. Mən demirəm, kimsə mənə pul versin. Heç olmasa, təqaüd ayrılsın. Hansısa şirkət dərmanlarıma köməklik etsin. Çünki mən teatrda da işləmirəm. Əlim əsir. Dublyaj hərdənbir olur. Serial da payızda nəzərdə tutulub. Evdə övladlarım da işləmirlər. Evimi sata bilərəm. Demirəm, acından ölürəm. Amma maddi dəstəyə ehtiyacım var.
– Mədəniyyət Nazirliyinin bu haqda məlumatı varmı və ya müraciət etmisinizmi?
– Mən heç yerə müraciət etməmişəm. Bir Hacı Nurana dedim. Görürəm, heç kəs mənim haqqımda maraqlanmır. 40 ildir, sənətdəyəm, nə fəxri ad verilib, nə də qiymətləndirən olub. Unudulmaq çox pis şeydir.
Biz həmişə bu cür taleləri səhnədə oynamışıq. İndi həyatda öz başımıza gəlir.
– Əvvəl Gənc Tamaşaçılar Teatrında idiniz.
– Axırıncı tamaşanı orada oynamışam. 60 illik yubileyim münasibəti ilə Nicat Kazımov Əziz Nesinin “Öldür məni, canikom” əsərini səhnələşdirib. Sonuncu tamaşam o olub.
– Aktyor dostlarınızdan maraqlanan olubmu?
– İlk maraqlanan şəxs Xalq artistimiz Valeh Kərimov oldu. Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sevinc Əliyeva, tanınmış musiqiçilər, müğənnilər də zəng ediblər.
– Son zamanlar çəkildiyiniz “Niyə?” serialında fəaliyyətinizi davam etdirə biləcəksiniz?
– Mən elə o vəziyyətdə serialda çəkilirdim. Əlimin əsməsi efirdə də görünürdü. Görək başımıza nə iş gəlir.
Qeyd edək ki, Allahverdi Yolçuyev bir çox film və tamaşalarda rol alıb. Xüsusi ilə dublyaj sahəsində tanınıb. Onun ən yaddaqalan rol səsləndirməsi məşhur fransız aktyoru Lui de Fünesin yaratdığı obrazlar olub.
Azərbaycanlı model Aysel Telmanqızı paylaşdığı fotolara görə tənqid edilib
Minval.İnfo xəbər verir ki, gənc model çimərlik geyimində çəkdirdiyi fotoları özünün “İnstagram” hesabında paylaşıb. Amma buna peşman olub.
Belə ki, fotolarına olduqca mənfi rəy gələn, geyiminə görə tənqid edilən Aysel növbəti paylaşımında izləyicilərinə cavab verib.
“Sözüm mənim fotolarıma mənfi rəy yazanlaradır. Siz hovuz kənarında qalın geyimlə gəzirsiniz? Onunla günəşlənirsiniz? Göz önündəyəm deyə hər şeyi böyüdürsünüz” – deyən modelə izləyiciləri, “Biz də çimərliyə gedirik, amma arxamızın fotosunu çəkib paylaşmırıq. Çünki məqsədimiz qaralmaq və əylənməkdir”, “Bu məntiqlə tualetə gedəndə də foto çəkdirmək lazımdır” kimi şərhlər yazıblar.
Qeyd edək ki, Aysel daha əvvəl də geyiminə görə tənqid edilmişdi.
Ayselin tənqidə məruz qalan fotolarını təqdim edirik: