Ölkə üzrə avqust ayının pensiyaları tam ödənilərək başa çatdırılıb.

Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Məlumatda qeyd edilib ki, DSMF tərəfindən avqust ayı üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün pensiyaların ödənişi başa çatdırılıb.

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

2021-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1 faiz, əvvəlki ilin iyul ayına nisbətən 106,2 faiz təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu ilin iyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması təbii qaz təchizatı xidmətinin əhali qrupu üzrə illik istehlak həcminə görə tariflərinin dəyişdirilməsi nəticəsində təbii qazın orta qiymətinin artması, habelə ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olub.

Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib

ABB ödənişləri asanlaşdıran daha bir texnoloji imkanı müştərilərin istifadəsinə verib. Belə ki, indi alış-veriş zamanı ödənişləri saatla da aparmaq olar. Garmin saatları təmassız ödəniş imkanı yaradır. Müştərilər öz Garmin saatlarını ABB-ə məxsus Visa kartı ilə əlaqələndirdikdən sonra kassada saatı POS terminala sadəcə yaxınlaşdırmaqla ödənişlərini ani və təmassız şəkildə apara bilərlər. Eyni zamanda müştərilər Garmin saatları ilə ABB-nin yeni təmassız bankomatlarında da əməliyyatlarını icra edə bilərlər.

Axar.az xəbər verir ki, Garmin Pay-i aktivləşdirmək üçün müştəri mobil telefonunda Garmin saatına aid tətbiqə daxil olur. Saat tənzimləmələri hissəsində Garmin Pay-i seçir. ABB-dən olan Visa kartını bura daxil edib qeydiyyatı tamamlayır. Sonra saatdakı cüzdana keçid edərək şifrəni daxil etməklə kartı seçir. Cəmi bir neçə dəqiqə çəkən bu prosedurlardan sonra Garmin saatı təmassız ödənişlər üçün hazırdır.

ABB müştərilərə ödəniş kartlarının ən müxtəlif çeşidlərini təklif edir. Kartlar haqqında ətraflı məlumatı buradan əldə etmək və istənilən kartı onlayn sifariş vermək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Bu gündən etibarən daha 20 ölkənin vətəndaşları, PCR-testindən əlavə, COVID-pasportunu (18 yaşdan yuxarı şəxslər üçün) təqdim etməklə, Azərbaycana qonaq və turist kimi gələ bilərlər.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin (AZAL) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, epidemioloji vəziyyətin yaxşılaşması və koronavirusa qarşı fəal peyvəndləmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, Azərbaycan, karantindən azad sərhədlərin açılması, maksimal səviyyədə təhlükəsiz səyahətin təmin olunması, turizm sənayesinin və beynəlxalq aviadaşımaların bərpasına yönəldilmiş qlobal təşəbbüsə mərhələli şəkildə qoşulur.

Aviaşirkət bu baxımdan, sərnişinlərə ümumi məlumatı və tez-tez verilən sualların cavablarını təqdim edib.

1. Azərbaycan ərazisinə hava nəqliyyatı ilə hansı şəxslər və hansı şərtlərlə daxil ola bilər?

- Epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Azərbaycan 2020-ci ilin mart ayından Rusiya, Türkiyə, ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan, Qətər, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Sloveniya, Slovakiya və Yunanıstan vətəndaşlarının və rezidentlərinin hava yolu ilə girişinə tətbiq edilən məhdudiyyətləri ləğv edib. Əvvəllər ölkə ərazisinə giriş yalnız Azərbaycan vətəndaşları, onların birbaşa qohumları Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər üçün mümkün idi. Yeni qaydalara əsasən, yuxarıda qeyd olunan ölkələrin vətəndaşları hava yolu ilə Azərbaycana daxil ola bilərlər, bu zaman yaşı 18-dən yuxarı olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin mənfi nəticəsini təsdiq edən arayışı, həmçinin tam peyvəndləmə və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədi (sertifikat) təqdim etməlidirlər. Sertifikatda onun həqiqiliyini təsdiq edən elektron təsdiqləmə atributları (məsələn, QR-kod) olmalıdır. Testin nəticəsində belə atributların olması məcburi deyil, lakin rəsmi prosedurlardan keçidin sürətləndirilməsi üçün arzuediləndir.

Sənədlər yola düşmə hava limanında qeydiyyat zamanı yoxlanılacaq. 1 yaşdan 18 yaşadək şəxslərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən arayışı təqdim etməsi kifayətdir. 1 yaşdan aşağı olan uşaqlar üçün isə belə sənədlər tələb olunmur.

2. Azərbaycan vətəndaşları ölkə ərazisinə hansı şərtlərlə daxil ola bilərlər?

- Azərbaycan vətəndaşları, onların birbaşa qohumları (həyat yoldaşı, valideynlər, qardaş, bacı, övladı, babası, nənəsi və ya nəvələri), o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları), habelə Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etməklə hava nəqliyyatı ilə ölkəyə daxil ola bilərlər.

3. Azərbaycandan yola düşən vətəndaşlar arayış və ya COVID-19 pasportu təqdim etməlidirlərmi?

- Azərbaycandan yola düşən sərnişinlər yalnız təyinat ölkəsinə daxil olmaq üçün tələb olunan sənəd və arayışları təqdim etməlidirlər. Azərbaycan tərəfi yola düşən sərnişinlərdən arayış və ya COVID-19 pasportu tələb etmir, lakin təyinat ölkəsində bu sənədlər tələb olunduğu halda uçuşdan əvvəl qeydiyyat zamanı həmin sənədlər yoxlanacaq. Müxtəlif ölkələrin tələblərinə dair aktual məlumatla müvafiq diplomatik qurumların rəsmi saytlarında tanış olmaq tövsiyə olunur.

4. Daxili reyslərin sərnişinlərindən COVID-19-a dair PCR testindən keçmək tələb olunurmu?

- Xeyr, daxili reyslərin sərnişinlərindən COVID-19-a dair PCR testindən keçmək tələbi ləğv edilib. Eyni zamanda, daxili reyslərdən istifadə edən və Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn bütün sərnişinlərdən PCR testi götürüləcək.

5. Azərbaycana hava nəqliyyatı ilə gələn sərnişinlərə hansı özünütəcrid tədbirləri şamil olunur?

- Ölkəyə gəldikdən sonra iki həftəlik məcburi özünütəcrid tələbinə riayət olunması ləğv edilir. Lakin ölkəyə gələn insanlar, bununla belə, ictimai və izdihamlı yerlərdə sosial məsafənin qorunmasını və bütün sanitar-epidemioloji qaydalara riayət etməli olduqlarını unutmamalıdırlar.

6. Aviaşirkətiniz tərəfindən yerinə yetirilən reyslərdə əl yükünün daşınması ilə bağlı hansı qaydalar tətbiq edilir?

- Azərbaycanın milli aviadaşıyıcısı AZAL və “Buta Airways” aşağıbüdcəli aviaşirkəti pandemiyadan əvvəl qüvvədə olan əl yükünün daşınması qaydalarını bərpa edir. "Azərbaycan Hava Yolları"nın reyslərində 10 kq-a qədər çəkidə əl yükünün daşınmasına yenidən icazə verilir. “Buta Airways” reyslərində sərnişin, daşınmasına icazə verilən əl yükü əşyalarına əlavə olaraq, ödənişsiz əl yükü qismində istənilən əşya (bel çantası, idman çantası və s.) götürə bilər (ölçülər üç ölçünün cəmi üzrə 75 sm-dən çox olmamalıdır - 30x35x10 sm).