Dünyada qiymətlərin dəyişib-dəyişməyəcəyinə heç kim zəmanət verə bilməz.
Axar.az Report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında Azərbaycanda elektrik enerjisinin, təbii qaz tariflərinin, bəzi məhsulların bahalaşmasından danışarkən bildirib.
“Bilirsiniz ki, Azərbaycana bəzi məhsullar xaricdən gətirilir. Bunların qiymətinə Azərbaycan hökuməti hansısa formada təsir edə bilirmi? Xeyr! Azərbaycana kommunal sahəyə aid olan idxal məhsulları var. Bu isə istər-istəməz maya dəyərinin formalaşmasına təsir edir. Maya dəyəri bahalaşırsa, məhsulu satan şirkət də bunu satdığı məhsulun qiymətində əks etdirir”, - S.Şərifov əlavə edib.
Nazir dünya bazarlarında neftin qiymətinin bahalaşması fonunda Azərbaycandakı bahalaşmanın səbəblərini də izah edib:
“İlkin mərhələdə budcə proqnozlarında neftin qiyməti aşağı səviyyədə nəzərdə tutulmuşdu. Ona görə də neft ucuzlaşanda biz tarifləri aşağı salmırdıq. Hazırda bizdəki tariflər dünyadakı qiymətlərdən kifayət qədər aşağıdır. Təbii qazın qiyməti baxın görün ki, dünyada hansı səviyyədədir, bizdə hansı səviyyədə”, - nazir bildirib.