Son xəbərlər

Energetik içkilərin satışına məhdudiyyət qoyula bilərmi?














Ekspertlər 18 yaşına çatmayan şəxslərə siqaret və alkoqollu içkilərlə yanaşı, energetik içkilərin də satışının qadağan edilməsini zəruri sayırlar
Kaspi.az yazını təqdim edir.

Milli Məclisin plenar iclasında çıxış edən deputat Qənirə Paşayeva 18 yaşına çatmamış uşaqlara enerji içkilərinin satılması ilə bağlı narahatlığını bildirib. Qeyd edib ki, valideynlər də bununla bağlı ona müraciətlər edir. "Energetik içkilər uşaqlarımıza, böyüyən nəslimizə, genefondumuza çox böyük zərər vurur. Bu, sadəcə asılılıq yaratmaq deyil. Bunun çox ciddi zərərləri də var".

Q.Paşayeva bildirib ki, valideynlər övladlarına nəzarət etmək imkanında olmadıqlarını deyirlər: "Onlar deyir, biz uşaqları məktəblərə göndəririk. Məktəblərin də hamısının ətrafında rahat şəkildə bu içkilər satılır. Əgər bu gün ölkənin vacib qurumu - Qida Təhlükəsizliyi Agentliyi və Ombudsman bu barədə həyəcan təbili çalırsa, bununla bağlı parlamentə müraciət olunursa, deməli, ciddi addımlar atılmalıdır". Xanım deputat 18 yaşına çatmamış uşaqlara enerji içkilərinin satılmasının qadağan olunması, həmçinin bu tələbləri pozanlara qarşı sərt cəzaların tətbiqini zəruri sayıb: "Kimlərsə pul qazanacaq deyə, millətin gələcəyini təhlükəyə atmaq doğru deyil".

Tibb üzrə ekspert, professor Adil Qeybulla düşünür ki, maarifləndirmə işi olmadan inzibati qadağalar mənasızdır: "Hesab edirəm ki, əsas məsələ energetik içkilərin nəzarət altına alınmasını mexanizmidir. Bu içkilər hal-hazırda bütün mağazalarda açıq şəkildə satılır. Sahibkarlar bu içkiləri satmaqda maraqlıdır. Hər kəsdən şəxsiyyət vəsiqəsi tələb etmək mümkün deyil. Məncə, bu məsələnin inzibati qaydada qadağan edilməsi mümkün deyil. Ona görə də təbliğat işlərini gücləndirmək lazımdır. KİV-də bu məsələ xüsusilə işıqlandırılmalı, energetik içkilərin sağlamlığa zərəri haqqında mütəxəssis rəylərinə əsaslanan materiallar hazırlanaraq ictimaiyyətə təqdim olunmalıdır. Valideynlər və uşaqlar bu içkilərin həqiqətən zərərli olduğunu dərk etməlidir. Qadağa qoymaqla nəyəsə nail olmaq mümkün deyil. Energetik içkilər inkişaf edən orqanizmə böyük ziyan vurur. Onların tərkibində protein, taurin kimi maddələr və müxtəlif qarışıqlar var. Bəzi energetik içkilərin texniki standartlara uyğun şəkildə hazırlandığı da bəlli deyil. Bu maddələr ürək döyüntülərini artırır, ürəyə artıq yük düşür. Bəzən hətta ağır ürək patologiyalarına qədər gətirib çıxara bilir. Belə içkilər, həmçinin beyinə də həddən artıq yorucu təsir göstərir. Bu mənada gənclərin energetiklərdən kütləvi şəkildə istifadə etməsi məqsədəuyğun sayılmır. Bu təkcə gənclərə deyil, böyüklərə də aiddir. Ona görə də maarifləndirmə işləri aparılmalı, bu içkilərin anti-təbliğat kampaniyası həyata keçirilməlidir. Yalnız düzgün təbliğat aparıldığı halda biz uğura nail ola bilərik".
İnsan Hüquqları XXI Əsr Fondunun sədri Şahin Camalov isə qeyd etdi ki, hal-hazırda dünyanın bəzi ölkələrində 18 yaşına çatmayan şəxslərə energetik içkilərin satışı qadağan edilib: "Məncə, Azərbaycanda da belə bir metod tətbiq edilə bilər. Düşünürəm ki, energetik içkilərlə bağlı ciddi problemlər var. Təəssüflər olsun ki, bununla bağlı laboratoriya nəticələri, konkret araşdırmalar yoxdur. Amma əksər ölkələrdə bu içkilərin qadağan edilməsi onların həqiqətən təhlükəli olduğundan xəbər verir. Bununla bağlı çoxsaylı neqativ hadisələrin şahidi oluruq. Bu məsələ aidiyyəti qurumlarda müzakirə edilirsə, deməli, məsələ həqiqətən də təhlükəli hal alıb. Ona görə də 18 yaşına çatmayan gənclərə energetik içkilərin satılması qadağası, hesab edirəm ki, faydalı bir addım olardı. Bunun üçün qanunvericilikdə təşəbbüs göstərilməlidir. Bütün alkoqollu içkilərə qadağalar müəyyən olunduğu kimi, energetik içkilərin satışına da belə qadağa qoyula bilər. Qanunun icrası mexanizmini tənzimləmək asandır. Əsas məsələ qanunvericilikdə belə bir maddənin olmasıdır. Hesab etmirəm ki, qadağa qoyulduqdan sonra bu içkilərə olan maraq daha da artacaq. İlkin mərhələdə müəyyən maraq olsa da, mexanizm işlədikcə öz təsirini göstərəcək".

Sosioloq Cavid İmamoğlu bildirir ki, uşaqların sağlamlığının qorunması kontekstindən yanaşdıqda, təklif olunan məsələ kifayət qədər önəmli və aktualdır: "Azərbaycanda 0-18 yaş aralığında olan hər kəs uşaq hesab olunur. Onların sağlamlığının qorunması birbaşa olaraq dövlətin müstəsna səlahiyyətindədir. Parlament üzvünün belə bir təkliflə çıxış etməsi uşaqların sağlamlığının qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Bu həm də gələcəkdə zərərli vasitələrdən asılılıqların azaldılması istiqamətində atılan addımlardan biri hesab oluna bilər. Məncə, bu məsələyə nəzarət etmək üçün təkcə qanun layihəsi hazırlamaq kifayət etmir. Burada ictimai nəzarət də xüsusi əhəmiyyət kəsb edir. Ayrı-ayrı şəxslər öz məsuliyyətini dərk etməlidir. 18 yaşına çatmayan şəxslərə siqaret və alkoqollu içkilərin satışı qadağan edildiyi kimi, energetik içkilərin də satışı qadağan edilə bilər. Bu içkilərin tərkibi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır. Onun sağlamlığa vurduğu zərər inkar edilmir. Belə olan halda, kütləvi istifadəni nəzərə alsaq, bu müdaxilə mütləqdir. Amma bu müdaxiləni elə bir formada etmək lazımdır ki, məsələyə ictimai sağlamlıq kontekstindən yanaşılsın. Elə etmək lazımdır ki, cəmiyyət özü nəyin doğru, nəyin səhv olduğunu aydınlaşdıra bilsin. Əks halda, bu içkilərə maraq daha da arta bilər. Hamı bu içkilərin zərərli olduğunu dərk edir. Ona görə də yeniyetmə və uşaqlara onların fəsadları haqda maarifləndirmə işi aparılmalıdır. Gəncləri bu zərərli vərdişdən çəkindirmək bizim borcumuzdur".

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı müəssisələrinin, balıqçılıq fəaliyyəti üzrə layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi tələb ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanuna dəyişikliklərin edilməsi təklif edilir.

Dəyişikliyə uyğun olaraq, kooperativlərin, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı müəssisələrinin, irimiqyaslı kənd təsərrüfatı (aqroparklar), habelə balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatı fəaliyyəti üzrə layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi həyata keçirilməlidir.

Dəyişikliyin edilməsində məqsəd su, torpaq, meşə, bitki və heyvanlar aləmindən istifadənin əsaslandırılması, eləcə də torpaqların, bitki və heyvanlar aləminin, biomüxtəlifliyin mühafizəsi və bərpası, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin statusunun qorunmasıdır.

Layihəyə əsasən, bu obyektlər təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin hazırlanması tələb olunmur.

Ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması bu qanun qüvvəyə mionədək həyata keçirilən fəaliyyətlərə də şamil ediləcək.

İranın kartof – soğan qadağası sabahdan qüvvəyə minir: Bakı bazarlarını nə gözləyir?















Soğanla bağlı ajiotaj yaşadığımız bir məqamda, qonşu İran sabahdan kartof-soğan ixracına qadağa qoydu. Sabahdan bu qadağa qüvvəyə minir. Azərbaycan İrandan soğan idxal etmədiyinə görə, bu qərar daha çox kartofun qiymətinə təsir edə bilər. Bəs görəsən kartofun qiymətində artım olacaqmı?

Kənd təsərrüfatı eksperti Nicat Nəsirli də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İran il ərzində Azərbaycanın kənd təsərrüfatı bazarını formalaşdıran əsas ölkələrdən biridir: “Xüsusən, kartof məsələsində İran əsas rol oynayır. İl ərzindən bu ölkədən Azərbaycana 50 min ton kartof idxal olunur. Azərbaycanın soğan bazarının formalaşmasında İran rol oynamır, digər məhsullar üzrə dominantlıq edir. İlkin yaz dövründə İranın belə bir qərara verməsi, qiymətlərə ciddi təsir göstərməyəcək. Ona görə ki, artıq faraş soğan və kartofun çıxmasına az qalıb. Təxminən iki həftə sonra bu məhsulların istehsalı başlayacaq. Bu, ilk növbədə qiymətlərin sabitləşməsinə təsir göstərəcək. Digər tərəfdən, iki həftə ərzində İrandan Azərbaycana nə kartofun, nə də soğanın gəlməsinə inanmıram. Çünki ölkədə kifayət qədər rezervlər var idi”.

Ekspertin sözlərinə görə, İran qadağanı ilin sonuna qədər qüvvədə saxlayarsa, Azərbaycan bunun təsirini payız-qış mövsümündə hiss edəcək: İnanmıram ki, İran sözügedən qadağanı uzunmüddətli etsin. Çünki İran embarqoda yaşayan ölkədir, həm də böyük həcmdə istehsalı var. Əgər İran qadağanı daimi olaraq saxlasa, təbii ki, biz bunun təsirini daha çox kartofda hiss edəcəyik. Ola bilsin ki, ilin sonuna doğru, əsasən də payızlıq soğan, kartof istehsalı vaxtı İran bu qadağanı aradan qaldırsın.

İranın aidiyyəti qurumları etiraf edirlər ki, bu il onlarda da iqlim amilləri kifayət qədər əlverişsiz olub. Bu da məhsuldarlığın aşağı düşməsinə təsir göstərib. Faraş kartof və soğanın çıxdığı bir dövrdə təbii ki, daxili bazarı qorumağa çalışırlar”.

N.Nəsirlinin sözlərinə görə, İran bu addımla daxili bazarını qorumağa çalışır: Son illər baş verən təbii fəlakətlər və əlverişsiz iqlim şəraiti ümumi istehsalda geriləmələrin olduğunu deməyə əsas verir. İran daha çox embarqoda yaşayan bir ölkədir, daxili bazarı və tələbatı ödəməyə çalışır. Bu embarqoya səbəb olan ən ciddi amil, İranın ərzaqla bağlı öz təminatını 100 faiz həcmdə təmin etməsi ilə bağlıdır. Bu isə daxili bazarın qorunma intervensiyası baxımından çox normalıdır”.
“AtaBank” vətəndaşa necə zülüm edir... - Özbaşınalıq














2014-cü ildə “AtaBank”ın Mingəçevir şəhər filialından 15 min manat məbləğində kredit götürmüşdüm. Bundan sonra bir müddət ödəniş edə bilmədim və cərimələrlə birlikdə borcumun 20 600 manat olması ilə bağlı qətnamə çıxarıldı. 2018-ci ilin yayında bankla hər ay 200-300 manat ödəmək üçün razılaşdıq. Hər ay da 200, 300, bəzən 400 manat ödəniş etmişəm. Martın 10-da isə mənə bankın hüquqşünası məlumat verdi ki, evimin boşaldılması ilə bağlı martın 11-də məhkəməyə gəlməliyəm.

Bu barədə Publika.az-a problemli kreditlərlə bağlı Prezidentin fərmanından yararlanmaq hüququndan məhrum edildiyini iddia edən Elgiz Mirzəyev deyib.

Vətəndaş iddia edir ki, bank indi onun evini əlindən alıb, evin boşaldılması ilə bağlı işə məhkəmədə baxılır:

“Bu barədə telefonla məlumat verən hüquqşünasa etiraz etdim. Çünki məhkəmə ilə bağlı mənə xəbərdarlıq məktubu göndərilməmişdi. Martın 11-də keçirilən məhkəməyə getmədim, proses ayın 28-nə təxirə salındı. Martın 28-də yenidən məhkəmə keçirildi və Mingəçevir şəhər məhkəməsi prosesi aprelin 18-dək təxirə saldı. Hakim dəyəri 100 min manat olan 5 otaqlı evin 25 min manata satılmasının doğru olmadığını bildirdi.

Mənə bildirildi ki, Mingəçevir rayonundakı 5 otaqlı evim bank tərəfindən hərraca çıxarılıb. 3 dəfə keçirilən hərracdan sonra evim 25 min manata dəyərləndirilib və bank evimi alıb. Hərracla bağlı məlumatım var idi. Lakin heç bir hərracda iştirak etməmişdim. Bankdan da mənə bildirilmişdi ki, borcu tam ödəyəndən sonra ev mənə qaytarılacaq. Lakin sonradan evin boşaldılması üçün məhkəməyə müraciət ediblər. Dünən Maliyyə Bazarlarına Nəzarət Palatasında oldum, bütün sənədlərimə baxdılar, problemli kreditlərin həlli ilə bağlı qərarın mənim borcuma da şamil olunduğunu dedilər. Lakin “AtaBank” banka borcumun olmadığını siyahıda göstərib. Yəni məlumatlarımı gizlədib.

Maliyyə Nazirliyində Ayaz müəllimlə danışdım, o da adımın siyahıya düşməli olduğunu dedi. Maliyyə Bazarlarına Nəzarət Palatasında mənə şikayət ərizəsi yazdırdılar. Daha sonra “AtaBank”ın baş ofisinə getdim, orada əvvəl qəbul etmək istəmədilər, Mingəçevirin problemli kreditlərinə Nərimanov filialında baxıldığını dedilər. Mən isə həmin filialda dəfələrlə olduğumu, lakin problemimin həll edilmədiyini bildirdim. Bundan sonra baş ofisdə müdir müavini məni qarşıladı, bütün məlumatları ona təqdim etdim və təəccüblü qaldı. Nərimanov rayon problemli kredit şöbəsində Möhsüm müəllimlə danışdı, dedi ki, adım siyahıda olmalıdır. Qanunsuz olaraq evimin boşaldılması ilə bağlı məhkəməyə müraciət ediblər, üstəlik 5 otaqlı evimi 25 min dollara bank satın alıb”.

Bəs belə hallarla qarşılaşan vətəndaş nə etməlidir?

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, bank vətəndaşın adını Maliyyə Bazarlarına Nəzarət Palatasının reysterində gizlədə bilməz:

“Əgər vətəndaşın adı həmin siyahıda yoxdursa, demək bank evi satıb əldə edilən pulla kredit bağlanıb. Vətəndaşın adına kredit olmadığına görə adı siyahıda yoxdur. Təbii ki, bu ehtimaldır, məsələ aidiyyəti qurumlarla dəqiqləşdirilməlidir”.

Vəkil Sadiq Əfəndiyev bildirib ki, vətəndaşın təkrar apellyasiya məhkəməsinə şikayət etmək hüququ var:

“Əgər vətəndaşın borcuna görə ondan xəbərsiz evi satılıb və bu gün evdən çıxarılmaq üçün məhkəmədə iddia qaldırılıbsa, vətəndaş evin satışı barədə qərarla bağlı iddia qaldıra bilər. Evin satışı ilə bağlı qətnamənin nüsxəsini məhkəməyə təqdim edə bilər. Bundan sonra bir ay müddətində satış barədə məhkəmənin qərarından apellyasiya şikayəti etmək hüququ yaranır. Bu zaman evdən çıxarılma ilə bağlı məhkəmə dayandırılır. Çünki məsələ bu zaman kökündən araşdırılır. Bundan sonra digər məsələlər həll edilə bilər. Əgər vətəndaşla bank arasında borc və cərimənin ödənilməsi ilə bağlı yazılı razılıq əldə edilibsə, ödəniş edildiyi halda ev hərraca çıxarıla bilməz. Bundan başqa evin bazar qiymətindən daha aşağı dəyərdə qiymətləndirilməsi məsələsinə də təkrar baxılması mümkündür”.

“AtaBank”ın problemli kreditlər departamentinin əməkdaşı Mövsüm Əmiraslanov açıqlamasında vətəndaşın iddialarına aydınlıq gətirib:

“Vətəndaş uzun müddət ödəniş etmədiyinə görə onun götürdüyü kreditin məbləği 20600 manat olub. Lakin onunla ayda 200-300 manat ödənilməsi ilə bağlı razılıq əldə edilməyib. Çünki bu cür ödənişlə borcun bağlanması uzun müddət vaxt aparır. Məbləğ bu qədər yüksək olanda bank ilkin olaraq 3-5 min manatın nağd, qalan vəsaitin hissə-hissə ödənilməsi barədə razılığa gələ bilər. Lakin bu vətəndaşla bu cür razılıq əldə edilməyib. Bundan başqa, razılıq şifahi olmur, yalnız rəhbərliklə daxili proqram vasitəsilə razılıq əldə ediləndən sonra bu məsələ rəsmiləşdirilir. Bizim bank da vətəndaşın evini məcburiyyətdən balansa götürüb. Çünki ev iki dəfə hərraca çıxarılıb, lakin alan olmayıb. Bundan sonra növbəti iddia vətəndaşın evdən çıxarılması barədə oldu. Evin hərraca çıxarılması üçün vətəndaşdan razılıq əldə edilmir. Bank icra şöbəsinə hərracın sifarişini verir, vətəndaşın bu məsələdən xəbəri olur. Vətəndaşa məlumat verilməsə, hərrac keçirilə bilməz. Evin bazar dəyərindən daha aşağı məbləğdə alınması isə düzgün deyil. Əmlakın qiymətini ya məhkəmə, ya da qiymətləndirmə şirkəti müəyyən edir. Real dəyərdən aşağı qiymət qoyulsa, vətəndaşın şikayət etmək hüququ var. Birinci hərracda əmlak satılmazsa, dəyəri 15 faiz, ikinci hərracda da satılmazsa, 25 faiz aşağı düşür. Bundan sonra isə əmlak məbcuri qaydada banka təklif edilir”.

Bank rəsmisi Elgiz Mirzəyevin probleminin aprelin 18-də keçiriləcək məhkəmədə həll olacağına söz verdi:

“Bank evin boşaldılması ilə bağlı məhkəmə iddiası qaldırandan sonra Prezident müvafiq fərmanı imzalayıb. Bu fərmanla 10 min dollar və 17 min manatadək problemli kreditlərlə bağlı məsələ həllini tapdı. Lakin bunun üçün məhkəmənin müvafiq qərarı olmalıdır. Yalnız məhkəmədə fərman nəzərə alınaraq proses dayandırılmalıdır. Aprelin 18-də keçiriləcək təkrar prosesdə bu məsələyə Prezidentin fərmanına uyğun olaraq baxılmamış saxlanılacaq. Çünki vətəndaşın adı problemli kreditlərə görə kompensasiya və ya güzəştlərlə bağlı müvafiq siyahıya düşür. Məhkəmə qərarından sonra vətəndaşın evdən çıxarılması prosesi dayandırılacaq. Bundan sonra onun adı kompensasiya və ya güzəştlər tətbiq edilən borclular siyahısına salınacaq. Vətəndaşın adı siyahıya düşəndə onun bütün cərimələri, faizləri silinəcək, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qalıq borc hesablanacaq. Həmin borc restrukturizasiya olunacaq və borclu illik 1 faizlə 5 ilə həmin borcu ödəməlidir”.
Məmurlar Hövsan torpaqlarını su qiymətinə pay-püş edirlər – Reportaj















Qəsəbənin əkin sahələri təyinatı dəyişmədən sotu 1500-2000 manatdan peşkəş edilir; yollar bərbad gündə, liftlər xarab, küçə itləri isə qorxunc mənzərə yaradıb…
Soğanı ilə məşhur olan Hövsanın sosial problemləri camaat üçün acı, göz yaşardan dərd-sərə çevrilib. Bakının 1793-cü ildə salınan bu qəsəbəsinin əhalisi əkin torpaqlarının təyinatının dəyişdirilmədən satılmasından narazılıq edir. Ötən həftəsonu kənddə olarkən yerli sakinlər bizə danışdılar ki, yüksək çinli məmurlardan birinin qohumu Hövsan torpaqlarını dəyər-dəyməz qiymətə peşkəş eləməkdədir.

Həmin şəxs bu ərazilərdə kəndxudalıq edərək torpağın sotunu 1500-2000 manatdan pay-püş edir. Sakinlər əkin sahələrini göstərərək deyirlər ki, hamısı bir-bir satılır, yerində fiziki şəxslər evlər tikirlər.

“O adam kimdirsə, məmur qohumunun adından sui-istifadə edir, Hövsanda “at oynadır”. Kənddə əkin sahələri azalır, çünki təyinatını dəyişməyib satırlar, bizim soğan əkməyə yerlərimiz qalmır” , – deyə hövsanlı Əli şikayətlənir. Onun sözlərinə görə, nə icra, nə bələdiyyə burada əsas söz sahibi deyil, söz sahibi həmin məmura yaxın adamdır: “Birdəfəlik desinlər ki, Hövsanda soğan əkməyə qoymayacağıq. Hər yer tikinti meydançasına çevrilib. Suraxanı İcra Hakimiyyəti Hövsanda boş yer qoymayıb. Vaxt var idi ki, qəsəbədə hektarlarla əkin sahələri adama ”gəl-gəl” deyirdi, indi getdikcə azalır. Sağ-sol təzə tikilən həyət evlərindən ibarətdir”.

Qəsəbədə “koneçni” deyilən ərazidə 5 hektar ərazi sotlara bölünərək sotu 2500-3000 manatdan satılıb. Amma Hövsanda məmurların və İH-nin əsas gəlirli biznesi dəniz yaxınlığında torpaqlarda 30-a yaxın villa tipli evlərin tikilərək satılması olub. Son illərdə 80-dən çox belə ev tikilərək satılıb. Həmin evlərin qiyməti isə 80 min manatdan başlayaraq müxtəlif qiymətlərə qədərdir.

Vaxtilə hövsanlıların əsas məşğuliyyət növü ovçuluq olub. Bundan başqa, hövsanlılar heyvandarlıq, quşçuluq və əkinçiliklə də məşğul olublar. Bu gün həmin məşğuliyyətlər tədricən aradan çıxır. Sakinlər qəsəbədəki avtobusun işləməsindən də gileylənirdilər. Onlar nəqliyyatın pis işləməsi ucbatından hər gün şəhərə işə gecikdiklərini deyirlər. Hövsanın yolları da bərbad vəziyyətdədir. Sakinlər dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, bir nəticəsi olmayıb. Yollarda avtomobillə də irəliləmək mümkün deyil, yağış yağan kimi bərbad duruma düşür. Çala-çuxur əlindən hərəkət etmək mümkün olmur.

Nəzərə alsaq ki, dövlət büdcəsindən hər il bələdiyyələrə kifayət qədər dotasiya ayrılır, amma bunun müqabilində ortada heç bir iş yoxdur. Bu da həmin yoldan ağır tonnajlı yük avtomobilinin keçməsi ilə əlaqədardır. Onlar yolları dağıdırlar. Mərkəzi yol tam dağılıb, dayanacaqlarda avtobus gözləmək mümkün olmur, çünki yağış sularını sərnişinlərin üstünə çiləyirlər. Bu da ona görədir ki, Hövsanın kanalizasiya sistemi yoxdur.

Sakinlər deyirlər ki, sahibsiz küçə itlərinin kütləvi şəkildə qəsəbədə yayılması da bir ayrı qorxunc problem yaradıb. Xüsusən də 280 və 281 saylı orta məktəblərin şagirdləri dərsə getməyə çətinlik çəkirlər. Bu problemi itləri güllələməklə həll etmək doğru yol deyil, onlar üçün sığınacaqlar tikilib. Bundan başqa, binaların qarşısındakı oturacaqlar, “besetka”lar da yaman gündədir. Nəzərə alsaq ki, üzü yaya doğru gedir, sakinlərin istirahəti üçün heç bir şərait, dincəlmək üçün bircə normal park yoxdur: “Hövsan kimi böyük qəsəbənin nə abad yolu var, nə yayda su tapa bilirik, nə uşaqların oynaması üçün yaxşı park salınıb. Elə bil, müharibədən çıxmış kənddir. Bir həftə idi su problemi yaşayırdıq. Yəni, yerli idarəetmə çox bərbaddır, Hövsan sahibsiz bir yerə çevrilib. Bura baxan yoxdur, qardaş. Məmurlar gözləyirlər ki, prezident gəlib tapşırıq versin? Onu bilirlər ki, torpaq satsınlar, qazansınlar. Bizi fikirləşən yoxdur ki, camaata normal marşrutlar verək, yolları düzəldək, əkin-biçinə köməklik göstərək. Bizim ən böyük dərdimizin biri də binalardakı köhnə, yararsız liftlərdir. Onlar tez-tez nasaz olur, öz cibimizdən xərc çəkib düzəldirik. Liftlər idarəsinə büdcədən pul ayrılır, amma bizim binaları təmir eləmirlər”.

Sakinlərin sözlərinə görə, iki ildən çoxdur Hövsan qəsəbəsində yeni yolun çəkilişi ilə bağlı ətrafda yerləşən evlərin söküləcəyi haqqında iddialar səslənir. Xüsusilə də Oqtay Şabanov küçəsinin sakinləri narahatlıq keçirirlər. Hətta onlar bir müddət öncə onların qeydiyyata alındığını da deyirlər. Amma bu günlərdə onlara müjdə verilib. Deyilib ki, Hövsan yolunun tikintisi ilə bağlı layihədə evlərin sökülməsi nəzərdə tutulmayıb.

Hövsanda olimpiya kompleksi olsa da, ödənişlidir deyə, gedənlər azdır. Gənclərin asudə vaxtını keçirməsi üçün olan stadion isə mal-qara otlağına çevrilib. Bir sözlə, Hövsanda insanların razı qaldığı bir məsələ yoxdur.

Onu da qeyd edək ki, Hövsana 1966-cı ildə qəsəbə statusu verilib. Abşeron yarımadasının cənubunda yerləşən Hövsanda 50 min nəfərədək əhali yaşayır. Hövsanın yerli əhalisi əsasən tatlar, muğanlılar və dağlılar olub. Qədim kənd 5 hissəyə bölünüb. Həmin ərazilər Təməniş, Fəraqət, Qala bazisi, Səngər, Əlcəyi adlanır. Son zamanlar Hövsan qəsəbəsinə rayonlardan köçənlərin və kirayə yaşayanların sayı artıb. Hövsanla bağlı maraqlı məlumatlar az deyil. Məsələn, qiblə göstəricisi – mehrab hövsanlı Axund Əhədin evində olub və indi məsciddə saxlanılır. Mehrab 1890-cı ildə tikilib. Hövsanda çoxlu sərdabələr, sandıq qəbirləri və hələ də yazısı oxunmamış daş kitabələr var. Hövsanın beş qəbiristanlığının hər birinin 150 ildən çox yaşı var. Qəsəbənin müxtəlif ərazilərində 20-dən çox bulaq, 6 ovdan olub.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunan qədim hamam hazırda fəaliyyət göstərməsə də, onun yaşının 300-350 il olduğu deyilir. Hövsan çoxlu sayda məşhur insanlar yetişdirib: general-mayor Soltan Qılmanov (ilk milis məktəbinin rəisi olub), general Mirzə Almasov (Cəmşid Naxçıvanski adına liseyin rəisi olub), SSRİ Xalq artisti, aktyor Mirzağa Əliyev, Azərbaycan Respublikasının Xalq artisti, aktrisa Bəsti Cəfərova, xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilov və s. Qarabağ müharibəsində hövsanlılar da çoxlu şəhid veriblər: Etibar Cəfərov, Tərlan Şükürov və başqaları kimi…
Bakıda tikiləcək “Ağ Şəhər” metro stansiyası ilə bağlı XƏBƏR














Bakının Nobel prospektində, “Ağ Şəhər” ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, yeni stansiya üçün ayrılan ərazi təmsil etdiyi qurum tərəfindən hasarlanıb: “Stansiyanın yeri artıq məlumdur. Şərti adı “Y-14” adlandırılır. Yeni metro stansiyası “Dərnəgül” – “Xətai” xətti üzərində, yəni Yaşıl xətdə yerləşəcək, “Xətai”dən sonrakı stansiya olacaq”.

B.Məmmədov qeyd edib ki, stansiyadan əsasən tikilməkdə olan “Ağ Şəhər” yaşayış məntəqəsinin sakinləri rahatlıqla istifadə edəcəklər.

Xatırladaq ki, Bakı Metropoliteninin Perspektiv İnkişaf Planına uyğun olaraq tikilməkdə olan Yaşıl xəttin ümumi uzunluğu 41,8 km olacaq. Yaşıl xətt Bakının Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Nizami”, “Cəfər Cabbarlı” və Xətai” stansiyaları artıq istismardadır. Xəttin bir elektrik deposu hazırda inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir. (trend)
Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı














Gündəlik ən çox istifadə edilən ərzaqlardan olan yumurtanın qiyməti ucuzlaşıb. Qiymətin aşağı düşməsi4-5 qəpik arası müşahidə edilir. Belə ki, bir həftə əvvəl 12-13 qəpiyə satılan yumurtanın qiyməti indi 7-8 qəpiyədir. Xəzər xəbər quşcular cəmiyyətindən ucuzlaşmanın səbəbini öyrənib.

Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb.

Son bir həftədə yumurtanın qimyəti 5 qəpikaşağı düşüb. Satıcılar deyir ki, əvvələr 12-13 qəpiyə satılan yumurtaindi 7-8 qəpiyə təklif edilir.

Qiymətin ucuzlaşması alıcıların da ürəyincə olub.

Quşçular cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, bayramdan sonra yumurtaya tələbat azalıb. Ucuzlaşmaya səbəb istehsalın çox, tələbatın isə az olmasıdır. Buna görə istehsalçılar eyni həcmdə yumurtanın qiymətini endirməyə məcbur olublar.
Neftçalada istehsal edilən “Pejo”nun – Qiyməti














Azərmaş ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda istehsal olunan “Pejo” markalı minik avtomobillərinin satışına başlanılıb.

Bu barədə Report-a şirkətin İdarə Heyətinin sədri Emin Axundov məlumat verib.

Onun sözlərinə görə, fevral ayının sonundan daxili bazara çıxarılmış və qiyməti 17 500 manat olan bu maşınlara maraq böyükdür: “Həmin minik avtomobilləri satılır. Hazırda onların ölkədən ixracı ilə bağlı iş aparırıq”.
İran Azərbaycana kartof, soğan ixracına qadağa qoydu















İranda aprelin 4-dən kartof və soğanın ixracı qadağan edilib.

“Trend”in məlumatına görə, bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini Abbas Qubadi deyib.

A.Qubadinin sözlərinə görə, qonşu ölkələrə, xüsusilə İraqa soğan ixracı bu məhsulun qiymətinin bahalaşmasına səbəb olub.

Nazir müavini əlavə edib ki, Bazarın Tənzimlənməsi Komitəsi yerli bazarı tənzimləmək məqsədilə kartofla birlikdə soğanın ixracının qadağan edilməsinə qərar verib.

Son günlər ərzində İranda 1 kq soğanın qiyməti 140 min rialı (təxminən 3,33 dollar) keçib.

Soğanın bahalaşmasının digər səbəbi Xuzistan və Kirman vilayətlərindəki son yağıntılar və yığım problemi göstərilir.

Xatırladaq ki, son vaxtlar ölkəmizdə də soğanın bahalaşması müşahidə olunur.
Konstitusiya Məhkəməsi hakimlərinin maaşı artırılıb















Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin hakimlərinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutan layihə müzakirə edilib.

“Report” xəbər verir ki, “Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib:

“Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir.

Hazırki bənd isə belədir:

“Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manatdır”.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub.

Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.