Ekspertlər 18 yaşına çatmayan şəxslərə siqaret və alkoqollu içkilərlə yanaşı, energetik içkilərin də satışının qadağan edilməsini zəruri sayırlar Kaspi.az yazını təqdim edir.
Milli Məclisin plenar iclasında çıxış edən deputat Qənirə Paşayeva 18 yaşına çatmamış uşaqlara enerji içkilərinin satılması ilə bağlı narahatlığını bildirib. Qeyd edib ki, valideynlər də bununla bağlı ona müraciətlər edir. "Energetik içkilər uşaqlarımıza, böyüyən nəslimizə, genefondumuza çox böyük zərər vurur. Bu, sadəcə asılılıq yaratmaq deyil. Bunun çox ciddi zərərləri də var".
Q.Paşayeva bildirib ki, valideynlər övladlarına nəzarət etmək imkanında olmadıqlarını deyirlər: "Onlar deyir, biz uşaqları məktəblərə göndəririk. Məktəblərin də hamısının ətrafında rahat şəkildə bu içkilər satılır. Əgər bu gün ölkənin vacib qurumu - Qida Təhlükəsizliyi Agentliyi və Ombudsman bu barədə həyəcan təbili çalırsa, bununla bağlı parlamentə müraciət olunursa, deməli, ciddi addımlar atılmalıdır". Xanım deputat 18 yaşına çatmamış uşaqlara enerji içkilərinin satılmasının qadağan olunması, həmçinin bu tələbləri pozanlara qarşı sərt cəzaların tətbiqini zəruri sayıb: "Kimlərsə pul qazanacaq deyə, millətin gələcəyini təhlükəyə atmaq doğru deyil".
Tibb üzrə ekspert, professor Adil Qeybulla düşünür ki, maarifləndirmə işi olmadan inzibati qadağalar mənasızdır: "Hesab edirəm ki, əsas məsələ energetik içkilərin nəzarət altına alınmasını mexanizmidir. Bu içkilər hal-hazırda bütün mağazalarda açıq şəkildə satılır. Sahibkarlar bu içkiləri satmaqda maraqlıdır. Hər kəsdən şəxsiyyət vəsiqəsi tələb etmək mümkün deyil. Məncə, bu məsələnin inzibati qaydada qadağan edilməsi mümkün deyil. Ona görə də təbliğat işlərini gücləndirmək lazımdır. KİV-də bu məsələ xüsusilə işıqlandırılmalı, energetik içkilərin sağlamlığa zərəri haqqında mütəxəssis rəylərinə əsaslanan materiallar hazırlanaraq ictimaiyyətə təqdim olunmalıdır. Valideynlər və uşaqlar bu içkilərin həqiqətən zərərli olduğunu dərk etməlidir. Qadağa qoymaqla nəyəsə nail olmaq mümkün deyil. Energetik içkilər inkişaf edən orqanizmə böyük ziyan vurur. Onların tərkibində protein, taurin kimi maddələr və müxtəlif qarışıqlar var. Bəzi energetik içkilərin texniki standartlara uyğun şəkildə hazırlandığı da bəlli deyil. Bu maddələr ürək döyüntülərini artırır, ürəyə artıq yük düşür. Bəzən hətta ağır ürək patologiyalarına qədər gətirib çıxara bilir. Belə içkilər, həmçinin beyinə də həddən artıq yorucu təsir göstərir. Bu mənada gənclərin energetiklərdən kütləvi şəkildə istifadə etməsi məqsədəuyğun sayılmır. Bu təkcə gənclərə deyil, böyüklərə də aiddir. Ona görə də maarifləndirmə işləri aparılmalı, bu içkilərin anti-təbliğat kampaniyası həyata keçirilməlidir. Yalnız düzgün təbliğat aparıldığı halda biz uğura nail ola bilərik". İnsan Hüquqları XXI Əsr Fondunun sədri Şahin Camalov isə qeyd etdi ki, hal-hazırda dünyanın bəzi ölkələrində 18 yaşına çatmayan şəxslərə energetik içkilərin satışı qadağan edilib: "Məncə, Azərbaycanda da belə bir metod tətbiq edilə bilər. Düşünürəm ki, energetik içkilərlə bağlı ciddi problemlər var. Təəssüflər olsun ki, bununla bağlı laboratoriya nəticələri, konkret araşdırmalar yoxdur. Amma əksər ölkələrdə bu içkilərin qadağan edilməsi onların həqiqətən təhlükəli olduğundan xəbər verir. Bununla bağlı çoxsaylı neqativ hadisələrin şahidi oluruq. Bu məsələ aidiyyəti qurumlarda müzakirə edilirsə, deməli, məsələ həqiqətən də təhlükəli hal alıb. Ona görə də 18 yaşına çatmayan gənclərə energetik içkilərin satılması qadağası, hesab edirəm ki, faydalı bir addım olardı. Bunun üçün qanunvericilikdə təşəbbüs göstərilməlidir. Bütün alkoqollu içkilərə qadağalar müəyyən olunduğu kimi, energetik içkilərin satışına da belə qadağa qoyula bilər. Qanunun icrası mexanizmini tənzimləmək asandır. Əsas məsələ qanunvericilikdə belə bir maddənin olmasıdır. Hesab etmirəm ki, qadağa qoyulduqdan sonra bu içkilərə olan maraq daha da artacaq. İlkin mərhələdə müəyyən maraq olsa da, mexanizm işlədikcə öz təsirini göstərəcək".
Sosioloq Cavid İmamoğlu bildirir ki, uşaqların sağlamlığının qorunması kontekstindən yanaşdıqda, təklif olunan məsələ kifayət qədər önəmli və aktualdır: "Azərbaycanda 0-18 yaş aralığında olan hər kəs uşaq hesab olunur. Onların sağlamlığının qorunması birbaşa olaraq dövlətin müstəsna səlahiyyətindədir. Parlament üzvünün belə bir təkliflə çıxış etməsi uşaqların sağlamlığının qorunması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Bu həm də gələcəkdə zərərli vasitələrdən asılılıqların azaldılması istiqamətində atılan addımlardan biri hesab oluna bilər. Məncə, bu məsələyə nəzarət etmək üçün təkcə qanun layihəsi hazırlamaq kifayət etmir. Burada ictimai nəzarət də xüsusi əhəmiyyət kəsb edir. Ayrı-ayrı şəxslər öz məsuliyyətini dərk etməlidir. 18 yaşına çatmayan şəxslərə siqaret və alkoqollu içkilərin satışı qadağan edildiyi kimi, energetik içkilərin də satışı qadağan edilə bilər. Bu içkilərin tərkibi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır. Onun sağlamlığa vurduğu zərər inkar edilmir. Belə olan halda, kütləvi istifadəni nəzərə alsaq, bu müdaxilə mütləqdir. Amma bu müdaxiləni elə bir formada etmək lazımdır ki, məsələyə ictimai sağlamlıq kontekstindən yanaşılsın. Elə etmək lazımdır ki, cəmiyyət özü nəyin doğru, nəyin səhv olduğunu aydınlaşdıra bilsin. Əks halda, bu içkilərə maraq daha da arta bilər. Hamı bu içkilərin zərərli olduğunu dərk edir. Ona görə də yeniyetmə və uşaqlara onların fəsadları haqda maarifləndirmə işi aparılmalıdır. Gəncləri bu zərərli vərdişdən çəkindirmək bizim borcumuzdur".