Akif Nəsirli sözlərinə belə davam edib: “Ölkədə heyvandarlıq bir küncə sıxışdırılıb. Ona görə də ölkə daxilində heyvandarlıqla məşğul olmaq istəyən yoxdur. Günü-gündən bu sahə tənəzzülə uğrayır. Ona görə də istehsal azalır. İstehsal azaldıqca bazara təklif azalır, təklif azaldıqca tələb onu üstələyir və qiymətlər bahalaşır.
Qarşıdakı aylarda hesab edirəm ki, proseslər bu cür getsə bu bahalaşma daha da kəskinləşəcəkdir. Çünki artıq soyuq aylar başlayıb, ətə tələbat çoxalıb, müxtəlif səbəblərdən həm havanın sərinliyi, həm toylar, restoran mövsümünün başlanması və s. bunlar hamısı ətə tələbatı artırır. Ona görə də təklif tələbi ödəyə bilmir. Təklif tələbi ödəyə bilmədiyinə görə də qiymətlər bahalaşır.
Heyvandarlıqla məşğul olan fermerlərin əlindən alındığı örüş sahələrini özünə qaytarmağı təmin edilməlidir. Bələdiyyələrin satdığı örüş yerlərinin geri qaytarılmasını qanunauyğun qaydada həyata keçirməlidir, heyvandarlıq sahələrinə subsidiyalar artırılmalıdır. Yəni, heyvan saxlanılmasına görə subsidiyanın verilməsi təmin edilməlidir və bunun üçün də heyvanların sistemdə qeydiyyatı asanlaşmalıdır. İstənilən fermer öz heyvanlarını sistemdə qeydiyyatdan keçirməyə imkanı olmalıdır ki, ona subsidiya verilsin, üstəgəl məsələn, indi subsiyadalaşdırma gedir, müxtəlif sahələr subsidiyalaşdırılır. Amma yonca sahəsinə subsidiya verilmir.
Ümumiyyətlə, pambıqçılıq deyil, kənd təsərrüfatını heyvandarlıq və ərzaq mənşəli bitkiçilik sektoru strateji sahə elan edilməlidir”.