Azərbaycanda kartof və soğanın qiyməti mayın sonu ucuzlaşacaq.
Bunu Trend-ə ekspert Vüqar Bayramlı deyib.
V.Bayramlı qiymətin ötən illərlə müqayisədə yüksək olmasına səbəb kimi tələbin təklifi üstələməsini göstərib: “İranda kartofun ixracına qoyulan qadağa da Azərbaycanda qiymətin artmasına səbəb olub”.
Ekspert deyib ki, qiymət artımı müvəqqətidir, çünki mayın sonunda yeni kartof bazara çıxacaq.
Qeyd edək ki, hazırda bazarlarda soğanın bir kiloqramının qiyməti 0.70-1.30 AZN, kartofun qiyməti isə 1-1.30 arasında dəyişir.
Xatırladaq ki, aprelin 5-də Nazirlər Kabineti daxili bazarda qiymət artımı müşahidə olunan soğan, kartof və kələmin ixracına əlavə rüsum tətbiq edib. Qurumun qərarı ilə soğan və kələmin ixracına 31 may tarixinədək 1 kiloqram üçün 2 dollar, kartofda isə bu ilin 30 aprelinədək 1 dollar rüsum müəyyənləşdirilib. Burda məqsəd ölkədə yetişdirilən bu məhsulların daha çox daxildə istehlak edilməsidir.
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) mavi qaza tətbiq edilən limitin ləğv edilməsi ilə bağlı müzakirə edilən məsələni araşdırıb.
Bu barədə mərkəzin rəhbəri Vüqar Bayramov məlumat paylaşıb. V. Bayramov həmçinin elektrik enerjisindən istifadəyə tətbiq edilən limitin dəyişdirilməsinin mümkünlüyünü də təhlil edildiyini vurğulayıb:
“Qeyd edək ki, Tarif Şurasının 28 noyabr 2016-cı il 18 saylı qərarına əsasən, illik istehlak həcminin 1500 m3 -dək (1500 m3 daxil) olan hissəsi üçün hər kub metri 10, illik istehlak həcminin 1500 m3 -dən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşib. 2017-ci ildən etibarən isə 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Hər il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanır, 2019-ci il yanvarın 1-dən etibarən də əhali istehlakçılarının illik istehlak həcmi 1 700 kubmetr (170 manat) 10 qəpik tarifi ilə, illik istehlak həcminin 1 700 kubmetrdən (170 manat) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanmaqdadır. Monitorinqlər göstərir ki, güzəştli limit böyük olmadığı üçün xüsusən də mavi qazla işləyən istilik sistemindən istifadə edənlər bir neçə ayda sonra artırılmış qiymətlə ödəniş etmək məcburiyyətində qalırlar. Bu isə aztəminatlı ailələrinin büdcələri üçün əlavə xərc deməkdir.
Qazın limitinin ləğv edilməsi və limitsiz olaraq hər kubunun daha aşağı qiymətə, yəni 10 qəpiyə satılması mümkündürmü? Qiymətləndirmələrimiz göstərir ki, mavi qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var.
Əvvəla, Azərbaycanda mavi qaz hasılatının artması bu enerji növünün daha ucuz qiymətə təklif edilməsinə imkan yaradır. Ötən il həm ölkəmizin, həm də Dövlət Neft Şirkətinin (SOCAR) özünü hasil etdiyi mavi qazın həcmi artıb. Ölkəmizdə 30,490 min kub metr mavi qaz hasil edilib ki, bu da əvvəlki illə müqayisədə 7 faizə yaxın çoxdur. 2017-ci ildə Azərbaycanda 28,597 min kub metr mavi qaz hasil olunmuşdu. 2017-ci ildə 6,089 min kub metr mavi qaz hasil edən SOCAR ötən il bu göstəricini 6,525 min kub metrədək çatdıra bilib. Bu isə Dövlət Neft Şirkətinin istehsalını ötən il əvvəlki illə müqayisədə 6,7 faiz artırması deməkdir. Şahdənizin 2-ci fazasında və eləcə də Abşeron yatağından proqnozlaşdırılan mavi qaz hasilatını da nəzərə aldıqda növbəti illərdə də mavi qaz istehsalında artım davam edəcək və 2 ildən sonra əlavə olaraq daha 5 milyard kub metr mavi qaz hasil edə biləcəyik. Deməli, artan hasilat daha çox gəlir deməkdir və bu da limitlərin ləğvini mümkün edir. Hasilatın artması fonunda mavi qaz ilə bağlı limitinin ləğvi üçün iqtisadi əsaslar formalaşır.
İkincisi, Dövlət Neft Şirkəti BP-dən səmt qazı almaqda davam edir. 2018-ci ildə AÇG çərçivəsində SOCAR-a 2,3 milyard kubmetr səmt qazı alıb. Səmt qazının əsasən daxili istehlak üçün istifadə ediliyini nəzərə alsaq, bu əhali üçün satdığı qaz limitinə aradan qaldırmağa imkan yaradır.
Üçüncüsü, manatın məzənnəsinin 2017-ci ilin fevralından sonra stabil qalması SOCAR üçün valyuta riski problemini aradan qaldırıb. Belə ki, Dövlət Neft Şirkəti əhaliyə satdığı qazın bir hissəsini BP-dən xarici valyuta ilə alır. 2016-cı ilin noyabrında, limitlər müəyyənləşdirilən zaman, manatın məzənnəsi stabil deyildi və bu şirkətə xərcini planlaşdırmaqda çətinlik yaradırdı. Amma indi kurs stabil olduğundan proqnozlaşdırılmayan məzənnə xərci yoxdur və bu da limitlərin ləğv edilməsinə iqtisadi əsas yaradır.
Dördüncüsü, Azərbaycanın qaz ixracatındakı artım tendensiyası ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır ki, bu da əhaliyə daha ucuz qiymətə mavi qaz təklif etməyə imkan yaradır. Belə ki, ötən il Azərbaycan 7,9 milyard kubmetrdən çox təbii qaz ixrac edib. Bu 1,499 milyard dollar deməkdir. 2018-ci ildə ixrac edilən təbii qazın miqdarı 2017-ci ildən 4,7%, dəyəri isə 25,5% çox olub. Artım tempi bu ilin birinci rübündə də davam edib. 2019-cu ilin birinci rübündə qaz ixracı 2 milyard 971 milyon kubmetr olub. Beləliklə, bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 3,2 dəfə artım deməkdir. Qaz satışından əldə etdiyimiz gəlir bu ilin ilk 3 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2,5 dəfə artıb. Göründüyü kimi, həm ötən il, həm də geridə qoyduğum rübdə mavi qaz ixracatı və xarici satışdan əldə edilən gəlirdə ciddi artım var. Ölkəyə daxil olan valyutanın həcminin artması fonunda əhaliyə satılan qazın qiymətində güzəştin tətbiq edilməsi üçün maliyyə bazası artıq formalaşıb.
Təbii ki, mavi qaza müəyyənləşdirilən qiymət limitin ləğv edilməsi həmçinin sosial baxımdan da əhəmiyyətlidir. Belə ki, limitin ləğvi əhalinin bu istiqamətə yönəltdiyi xərclərinin azalmasına və sosial təminatının yaxşılaşdırılmasına xidmət etmiş olacaq. Bütün yuxarıda qeyd etdiyimiz iqtisadi əsaslandırmanı və məsələnin sosial tərəfini nəzərə alaraq mavi qaza müəyyənləşdirilən limitin ləğvini məqsədəuyğun hesab edirik”.
Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarında dəyişiklik edilib.
Nazirlər Kabinetinin qərarına əsasən, kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər öncədən bəyannamə təqdim etməlidir.
Həmin şəxsin hansısa bir malı, avtomobili ölkəyə gətirərkən onu hansı məqsədlərlə istifadə edəcəyi araşdırılacaq. Əgər satış məqsədi ilə gətirilən məhsul barədə fiziki şəxs öncədən bəyannamə təqdim etməyibsə o vəzifəli şəxs kimi cərimələncək.
Komersiya fəaliyyəti ilə məşğul olan şəxslər ölkəyə mal gətirməzdən əvvəl qısa idxal bəyannaməsi təqdim etməli olacaqlar.
Elektron formada qısa gömrük bəyannaməsi Egov.az saytı vasitəsi ilə həyata keçirilir. Prosesin elektron həyata keçirilməsi ilə gömrük prosedurlarına sərf edilən vaxt minimum endirilir.
Bu gündən banklar vətəndaşlara kompensasiyalarının ödənilməsinə başlayır.
“Qafqazinfo” xəbər verir ki, artıq şənbə günündən problemli kreditləri olan vətəndaşlara banklar tərəfindən mesaj göndərilib.
Kompensasiya ödənilməsi ilə bağlı müəyyən edilmiş mexanizmə əsasən, fəaliyyətdə olan bankların müştərilərinə həmin banklar vasitəsilə, bank olmayan kredit təşkilatı və ləğvetmə prosesində olan bankların müştərilərinə isə “Azərpoçt” MMC vasitəsilə ödənişlərin edilməsi həyata keçiriləcək.
Banklar tərəfindən 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini ödəniş kartlarına köçürməklə, 500 manat və ondan aşağı məbləğdə kompensasiyalar isə pul köçürməsi yolu ilə veriləcək. Kompensasiya ödənişləri məqsədilə fiziki şəxslərdən heç bir komissiya tutulmayacaq.
Qeyd edək ki, prezident İlham Əliyev fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.
Nazirlər Kabineti “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.
ONA verdiyi məlumata görə, indiyə qədər qüvvədə olan “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə və malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə qısa idxal bəyannaməsi verilib.
Eyni zamanda qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanlarına təqdim edilə bilərdi.
Dəyişikliyə əsasən, artıq fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.
Qeyd edək ki, “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1431-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli fərmanının icrasının təmn edilməsi məqsədilə edilib. 2019-cu il fevralın 1-dən qüvvəyə minən qanunda müvafiq dəyişiklik əksini tapıb.
Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılıb.
ONA Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) istinadən xəbər verir ki, Palata kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edərək, hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edib.
MBNP-dan təqdim edilmiş siyahıya uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsaitlərin kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla), ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, bank olmayan kredit təşkilatlarının, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarının isə poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülməsinə 19 aprel 2019-cu il tarixindən başlanılıb.
Kompensasiya alacaq şəxslərin sayı 602 347 nəfər təşkil edir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə Maliyyə Nazirliyi tərəfindən kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə MBNP ilə razılaşdırılmaqla həyata keçiriləcək.
22 aprel 2019-cu il tarixindən kredit təşkilatları və poçt rabitəsi milli operatoru tərəfindən vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlanacaq.
Bütün ödənişlərin cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır.
Prezident İlham Əliyev Vegilər Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Qanunun 164.1.27-ci maddəsində “3” rəqəmi “4” rəqəmi ilə əvəz edilib. 164.1.42-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.43-cü maddə əlavə edilsin: “164.1.43. kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə.”
Qeyd edək ki, kəpək istehsalı və satışının 2019-cu ilin martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi nəzərdə tutulur.
“Ət idxalının son 3 ayda artmasına səbəb olan amil ölkədəki örüş yerlərinin pambıq əkininin ixtiyarına verilməsidir”
Sfera.az-a açıqlamasında bunu son üç ayda Azərbaycana ət idxalının əhəmiyyətli dərəcədə artmasına münasibət bildirərkən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib:
“Ümumilikdə ölkəyə gətirilən ətin həcmi istehlak olunan ətin 12 faizi qədərdir. Bu onu deməyə əsas verir ki, onsuz da Azərbaycan az ət istehsal və az istehlak edən ölkədir. Digər tərəfdən, get-getə ət idxalından asılılıq artır. Bunun da səbəbi uzun müddətdir Azərbaycanda ətlik istiqamətində hər hansı bir sanballı işin həyata keçirilməməsilə bağlıdır. Son zamanlar isə 200 min hektar örüş sahəsi pambıq və taxıl əkininin ixtiyarına verilib. Bununla da həmin ərazilərdə heyvandarlıqla məşğul olan əhalini məcbur etdilər ki, onlar heyvanlarını kəsimə versin. Nəticədə həmin sahibkarlar artıq demək olar ki, heyvandarlıqla məşğul olmur. Şəki-Zaqatala bölgəsində oliqarxlar 65 min hektar örüş sahəsini mənimsəyib. Bu oliqarxlar həmin yerlərdən heyvandarlıqla məşğul olan sahibkarları sıxışdırıb çıxarıblar. Təəssüf ki, sözügedən tendensiya geniş vüsət almaqdadır. Nəticədə bu amilin özü sə ölkə daxilində ət istehsalının bir qədər də azalmasına gətirib çıxarır. Nəticədə ət idxalı artır. Yaranmış problem isə hökumətin, rəsmi qurumların apardığı yanlış siyasətlə bağlıdır. Yanlış siyasətdə onunla bağlıdır ki, son dövrlər hökumət pambıq, baramaçılığa geniş yer verməyə başlayıb”.
Həmsöhbətimiz onu da qeyd etdi ki, örüş yerlərinin pambığın ixtiyarına verilməsinə baxmayaraq, “ağ qızıl” istehsalçıları 2017-ci ili zərərlə başa vurublar:
“2017-ci ildə pambıq istehsalından əldə olunan gəlir cəmi 100 milyon manat olub ki, onu da qazanan ancaq ixracla məşğul olan oliqarxlar olub. Xam pambıq istehsalçıları isə gəlir əldə edə bilməyib. Bu məlumatları Dövlət Statistika Komitəsi verib. Xam pambığın maya dəyəri satış qiymətindən yüksək olub”.
Qeyd edək ki, rəsmi hesablamalara görə, cari ilin ilk üç ayında Azərbaycana keçən ilin anoloji dövrü ilə müqayisədə 17 faiz çox ət idxal olunub. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan əhalisi maldarlığa meylli olsa da, son zamanlar bu sahədə geriləmə baş verir.
Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
Mədəniyyət Nazirliyindən Minval.info-ya verilən məlumata görə, bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.
Bu gün saat 18:00-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Boulevard Hotel”də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçiriləcək. Tədbir çərçivəsində ölkəmizin mədəni irsinin təbliği, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fərqlənmiş şəxslərin və təşkilatların mükafatlandırılması, “İrs” layihəsi çərçivəsində nəşr edilmiş “Daş keşikçiləri” adlı kitabın təqdimatı keçiriləcək.
Həmçinin Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında və muzeylərdə “açıq qapı” günü elan ediləcək. Tarix-mədəniyyət qoruqlarına və muzeylərə giriş ödənişsiz olacaq.
Qeyd edək ki, tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük işlər həyata keçirirlər. Ölkə başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində bir sıra layihələr icra olunur. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Bu sahədə beynəlxalq təşkilatlarla da əlaqələr uğurla inkişaf edir. 2000-ci ildə İçərişəhər Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Hazırda digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, bu il UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakı şəhərində keçiriləcək. Bu münasibətlə Azərbaycana 3 min nəfərdən artıq xarici qonağın gələcəyi gözlənilir.
Azərbaycan Mərkəzi Bankı 18 aprel tarixinə olan valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan bildirilib ki, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1,9202 manat, 1 türk lirəsi 0,2949 manat, 1 rus rublu 0,0266 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6310 manatdır.