Türkiyədə dollar bahalaşdı














Türkiyənin Ali Seçki Qurumunun İstanbuldakı seçki nəticələrini ləğv etməsi dərhal iqtisadiyyata da öz təsirini göstərib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, qərarın açıqlanmasından sonra dollar kəskin bahalaşıb. Belə ki, dollar 6.04 türk lirəsi göstəricisindən 6.15 türk lirəsinə qədər yüksəlib.

Qeyd edək ki, martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələri ləğv edilib.
Bank vətəndaşları yalançı reklamla aldadır















Əkrəm Həsənov: “Bu, açıq-aşkar qanun pozuntusudur…”

Dollar kreditlərinə görə artıq ödəniş etmiş vətəndaşların pulunun özlərinə qaytarılması banklarda qələbəlik yaradıb. Vətəndaşlar onlardan artıq alınan pullarını geri almaq ümidi ilə banklara axışır, sıxlıq yaranır. Belə növbələrdə boş-bekar gözləyən vətəndaşlar bankların reklam bukletləri ilə tanış olmaq fürsəti də qazanırlar.

“Bank VTB”də də uzun növbələrdən müştəri tutmaq üçün istifadə olunur. Bu da təbiidir. Bankın “Neftçilər” metro stansiyası yaxınlığındakı filialında da hər gün sıxlıqdır. Orada da reklam bukletləri “gəl-gəl” deyir. Məsələn, “10 min AZN-dək nağd pul krediti; Yeni başlanğıclara 9 faizlə start verin!” reklam bukleti əslində müştərinin cəlb edilməsidir. Əgər vətəndaş 36 aylıq kredit götürəcəksə, o pulun böyük hissəsini dünyanın heç yerində olmayan bir faiz dərəcəsi -26 faizlə ödəməli olacaq.

Reklam bukletində kreditin yalnız şəxsiyyət vəsiqəsi ilə veriləcəyi göstərilir. Bakı, 2 digər şəhər və 1 rayon istisna olmaqla, ölkənin digər şəhər və rayonlaırn sakinləri kampaniyadan istifadə etmək üçün Bakıda qohum-qardaş tapmalı, onların evlərinin sənədlərini aparıb banka təqdim etməlidirlər. Bundan başqa, nağd pul krediti reklam bukletində yazıldığı kimi, tək şəxsiyyət vəsiqəsi ilə deyil, iş yerindən aylıq əmək haqqı haqda arayışa əsasən verilir. Bank operatoru internet üzərindən dəqiqləşdirici yazışmada adi 9 faizlik olan kreditin verilməsi üçün tələblərin belə olduğunu qeyd edir: “Kredit – 10 000 AZN təşkil edir. 5000 AZN-dən yuxarı sorğuda zamin tələb olunur. Kredit 6 aydan 36 aya qədər verilir. Bank tərəfindən keçirilən ”Start” kampaniyası çərçivəsində 15.04.2019 – dən etibarən illik faiz dərəcəsi 9 % təşkil edir. Təklif 15.07.2019-dək qüvvədədir. Növbəti aylar üçün illik faiz dərəcəsi 24% təşkil edəcək, bank komissiyası isə 2% təşkil edir. Yaş həddi qadınlar üçün 21-60 yaş, kişilər üçün 21-65 yaş təşkil etməlidir. Ümumi staj 1 ildən az olmamaq şərti ilə, sonuncu iş yerində staj minimal – 6 ay olmalıdır. Qeydiyyat tələb olunur: Bakı ş., Sumqayıt ş., Xırdalan ş. və Abşeron r-nu. Qeydiyyat rayona və yaxud digər şəhərə olduqda, Bakı ş., Abşeron r., Sumqayıt ş., Xırdalan ş. və ya Abşeron r-da öz adınıza və yaxud atanızın, ananızın, həyat yoldaşınızın, övladlarınızın adına mənzil və ya ev olsun. Həmin evin və ya mənzilin çıxarışı, orderi, texniki pasportu, tikiliş üçün icazəsi olan sənədlərdən hər hansısa biri təqdim olunmalıdır. Krediti əldə etmək üçün lazım olan sənədlər:

1) Vaxtı keçməmiş şəxsiyyət vəsiqəsi; 

2) İş yerindən arayış və yaxud son 6 ayın əmək haqqının çıxarışı (iş vəsiqəsi ilə bir) təqdim olunmalıdır.

Tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a dedi ki, bu məsələdə açıq-aşkar qanun pozuntusu var:“”Reklam haqqında Qanun”un 33-cü maddəsi konkret olaraq maliyyə, bank, sığorta, investisiya xidmətlərinin və qiymətli kağızların reklamı ilə bağlıdır. Həmin maddənin 4-cü bəndində konkret olaraq deyilir ki, istehlak kreditlərinə dair reklamda kreditin xərci ilə bağlı məlumat verildikdə istehlakçı aşağıdakılar barədə məlumatlandırılmalıdır. Kreditin ümumi xərcinə daxil istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinə hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər; kreditin müddəti; kredit müəyyən malın alınması və ya xidmətlərin göstərilməsi ilə əlaqədar verildikdə, həmin mal və ya xidmət, onun nağd qiyməti və ilkin ödənilən məbləğ; kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilə bilinmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi. Bu tələblərə uyğun olaraq belə reklamlardakı məlumatlar digər məlumatlardan kiçik ölçüdə olmayan və aydın şəkildə oxuna bilən şəkildə yazılmalıdır. Hazırkı reklam bukleti “Reklam haqqında” Qanunun tələblərini pozur.

Faktiki illik faizlə bağlı tələblər haqda məlumat verilmir. Bankdan kredit alan şəxsə illik nə qədər faiz ödəyəcəyi haqda konkret məlumat verilməlidir. Yazır kı, 9 faizlə 10 min kredit veririk. Neçə ayı 9, neçə ayı 26 faizlə verirlər, bunu konkret yazmalıdırlar. Bu, müştərini cəlb etmək üçün aldatmaqdır. İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsi “Reklam haqqında” qanunvericiliyin pozulması adlanır. Əmtəələr, işlər, xidmətlər haqqında və yaxud onların istehsalçıları, icraçıları, satıcıları haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 500 manata qədər, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək, hüquqi şəxslər – bu halda bank 4 min manatdan 6 min manatadək məbləğdə cərimə edilir. Bank qanunu pozduğuna görə cərimə edilməlidir”.

“Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı “Bank VTB” rəsmilərinin mövqeyini öyrənməyə çalışıb. Əməkdaşımıza bildirlib ki, marketinq şöbəsində Nigar Kərimova yalançı reklamla bağlı məsələyə aydınlıq gətirəcək. N.Kərimova isə redaksiyamızla əlaqə saxlamayıb.
Güzəştli mənzil almaq istəyənlər üçün yeni xəbər – Qaydalar dəyişir














Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 469 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilib.

Mənzil İnşaatı Dövlət Agentliyindən ONA-ya verilən məlumata görə, ölkə başçısının bu Fərmanının icrasını təmin etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” sistemində müvafiq zəruri dəyişikliklər aparılıb. Agent banklardan güzəştli ipoteka kreditinin verilməsinə dair alınacaq ilkin razılıq qərarının vətəndaşların elektron kabinetlərində yerləşdirilməsi xidməti və gözləmə qaydası ilə mənzil seçimi yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcək.

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində güzəştli şərtlərlə satılacaq 1 654 mənzildən 430-u ötən müddət ərzində vətəndaşlar tərəfindən əldə edilib. Bununla yanaşı, 29 aprel 2019-cu il tarixində həyata keçirilən satış zamanı “Güzəştli mənzil” elektron sistemi vasitəsilə əlavə 154 mənzilin seçimi başa çatdırılmışdır. Yasamal Yaşayış Kompleksində qalan 1070 mənzil isə bu ilin sonunadək yeni qaydalara uyğun olaraq satışa çıxarılacaqdır. Həmin mənzillərdən 174-ü 1 otaqlı, 617-si 2 otaqlı, 279-u 3 otaqlıdır. Tezliklə mənzillərin satışı ilə bağlı növbəti elan veriləcəkdir.

Agentliyin ikinci layihəsi Hövsan Yaşayış Kompleksi 11 çoxmənzilli yaşayış binasından ibarətdir və 2 962 ailəni mənzillə təmin edəcək. Mənzillərdən 280-i birotaqlı, 1 401-i ikiotaqlı, 980-i üçotaqlı, 301-i isə dördotaqlıdır. Kompleksdəki yeddimərtəbəli binalardan 6-nın tikinti-quraşdırma işləri başa çatdırılmış, bəzək işlərinə başlanılmışdır. Paralel olaraq digər yeddimərtəbəli 1 binanın və onmərtəbəli 4 binanın tikintisi də sürətlə davam etdirilir. Kompleksdə tikinti və təmir işləri gələn ilin ilk rübündə yekunlaşdırılaraq mənzillərin satışı barədə elan veriləcəkdir.

Agentliyin növbəti layihəsi ̶ Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisi də sürətlə davam etdirilir. Kompleks 22-si doqquzmərtəbəli və 18-i on iki mərtəbəli olmaqla 40 yaşayış binasından ibarət olacaq. Agentlik sərəncamında olan 1458 mənzili “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxararacaq və güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif edəcək. Həmin mənzillərdən 42-nin birotaqlı (studio tipli), 144-nün birotaqlı, 461-nin ikiotaqlı, 740-nın üçotaqlı, 71-nin isə dördotaqlı olması nəzərdə tutulur. Bütün mənzillər tam təmirli vəziyyətdə, kombi isitmə sistemi və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.

Agentliyin daha bir layihəsi isə Sumqayıt şəhərində reallaşdırılacaq. Belə ki, Sumqayıt şəhərində 0,76 ha torpaq sahəsində 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasının tikintisi ilə əlaqədar artıq tender elanı verilmişdir. Tenderin qalibi müəyyən edildikdən sonra podratçı şirkət tərəfindən tikintiyə başlanılacaq. Bu binalarda ümumilikdə 144 mənzil olacaq.
Elektrik enerjisinə qoyulan limitlə bağlı əhaliyə ŞAD XƏBƏR















Vətəndaşlar tərəfindən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, Tarif Şurasının 30 aprel qərarı ilə əhali üzrə təbii qazın güzəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Beləliklə, mayın 1-dən qüvvəyə minən qərara əsasən, ildə 2200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanacaq. İstehlak olunan qazın 2200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödəniləcək.

Modern.az xəbər verir ki, Tarif Şurasının 30 aprel qərarından sonra elektrik enerjisinin istehlakı ilə bağlı da analoji addımın atılacağı gözlənilir.

Mənbə bildirir ki, hazırda “Azərenerji” ASC-də prezident Baba Rzayev, hökumət nümayəndələri, iqtisadçılar və deputatlar tərəfindən daxil olan təkliflər dəyərləndirilir.

Müzakirələr yekunlaşdıqdan sonra ən optimal variant üzrə qərar veriləcək.

Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
“Əhaliyə kütləvi bildirişlərin göndərilməsi dayandırılacaq” – Azəriqaz














“Azəriqaz” İB prezident İlham Əliyevin tapşırığına əsasən bir neçə tədbirlər planı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə birliyin sədri Əkbər Hacıyev bu gün keçirilən toplantıda məlumat verib.

O, bildirib ki, müsbət beynəlxalq təcrübə nəzərə alınmaqla təbii qazdan qanunsuz istehlak nəticəsində dəymiş ziyanın hesablanmasına dair sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar Energetika Nazirliyi ilə birlikdə təkliflər hazırlanacaq və müvafiq qərarların qəbul edilməsi üçün aidiyyəti üzrə təqdim ediləcək:

“Həmçinin qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək qanunsuz istehlak halları üzrə dəymiş ziyanın hesablanmasına dair əsaslı dəlillər olmadan istehlakçılara kütləvi bildirişlərin göndərilməsi dayandırılacaq. Birliyin bəzi əməkdaşları tərəfindən vəzifələrindən sui-istifadə vətəndaşların sadəlövhlüyündən şəxsi maraqları üçün yararlanma hallarını qətiyyətlə qınayırıq. Belə halların vaxtında müəyyən edilməsi, qarşısının alınması və təqsirkar şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə ciddi tədbirlər görüləcək”.
Azərbaycan nefti ucuzlaşıb















CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 1-də 74,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,58 dollar/barel azdır.
Bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 74,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,62 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,52 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,92 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel azdır.
Bu günə olan valyuta MƏZƏNNƏLƏRİ














Azərbaycan Mərkəzi Bankı 2 may tarixinə olan valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan bildirilib ki, hazırda ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. 
Manata nəzərən avronun məzənnəsi 1,9053 manat, 1 türk lirəsi 0,2849 manat, 1 rus rublu 0,0263 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6296 manatdır.
Azərbaycan Cənub Qaz Dəhlizindən əldə olunacaq gəlirləri açıqlayıb















Böyük Britaniyada Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən əmlaka yatırılmış investisiyaların gəlirliliyi indiki dövrədək 4,4% təşkil edib.

Bu barədə “Report”a müsahibəsində ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

“Məlum olduğu kimi, ARDNF 2012-ci ildə Londonun Seynt-Ceyms 78 ünvanında yerləşən daşınmaz əmlak obyektini satın almışdır və onun gəlirliliyi investisiya ediləndən indiki dövrədək 4,4% təşkil etmişdir”, – Ş.Mövsümov deyib.

ARDNF-in icraçı direktoru qeyd edib ki, ARDNF-in illik əsasda təsdiqlənən İnvestisiya siyasəti hazırlanarkən qlobal iqtisadi trendlərin potensial təsirlərini özündə əks etdirən araşdırmalar ciddi şəkildə nəzərə alınır.

“ARDNF uzunmüddətli investor kimi öz investisiya portfelinə yüksək gəlirliliyə malik aktivlər daxil etməklə bərabər, daim qlobal bazarlarda baş verən prosesləri izləyir və eyni zamanda investisiya portfelinin şaxələndirilməsi və qiymət dəyişkənliyi riskinin azaldılması prinsiplərini öz fəaliyyətində rəhbər tutur. Qlobal proseslərin investisiya portfelinə edə biləcəyi bütün mümkün təsirlər ARDNF tərəfindən atılan müvafiq taktiki addımlarda xüsusi olaraq nəzərə alınır. Bildiyiniz kimi “Brexit” ilə əlaqədar danışıqlar 2016-cı ilin ortalarından davam edir, səsvermənin gözlənilməz nəticələrinin elan edilməsindən sonra bazarda baş verən volatillik fonunda müşahidə olunan dalğalanmalar kifayət qədər aşağıdır və ARDNF-in investisiya portfelinə əhəmiyyətli təsiri müşahidə olunmur”, – Ş. Mövsümov bildirib.

Bununla yanaşı, onun sözlərinə görə, ARDNF-in investisiya siyasətinə əsasən, Fondun ingilis funt sterlinqindəki aktivləri ümumi portfelin maksimum 5%-ni təşkil edə bilər.
Problemli kredit sahiblərinə yeni xəbər













Sabahdan etibarən kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər. 

Bununla bağlı “Azərpoçt” MMC məlumat yayıb.

Qeyd edilib ki, 45 minə yaxın vətəndaşın kompensasiyası 500 manatdan yuxarıdır və kompensasiyalar həmin şəxslərə kartlar vasitəsilə ödəniləcək.

Xatırladaq ki, problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyev fevralın 28-də fərman imzalayıb.