Əmanətlərin 12 faizlə alınıb, kreditin 25 faizlə verilməsinin səbəbləri; iqtisadçı: “Xarici maliyyə institutlarının, korporasiyaların ölkəyə buraxılması lazımdır”

“Kredit faizlərinin yüksək olması son nəticədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində strategiya ortaya qoyan hökumətin planlarına da neqativ təsir göstərir”

Millət vəkili Vahid Əhmədov növbəti dəfə bankların kredit siyasətini tənqid edib. O, İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi-Yekun” verilişində çıxışı zamanı bankların krediti yüksək faizlə verdiyinə diqqət çəkib. Deputat “Necə olur ki, bank əmanəti 12 faizlə alır, lakin 25 faizlə kredit verir?” deyə məsələ qaldırıb və bildirib ki, banklar vəsaiti ilk növbədə insanların qoyduğu əmanətlərdən cəlb edir: “İkincisi, xarici maliyyə institutlarından, üçüncüsü isə Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditindən vəsait cəlb edirlər. Cəlb olunan vəsaitlərin 80-85 faizi faktiki olaraq insanların əmanətləridir.

Bəs necə olur ki, bank məndən 12 faizlə əmanət götürür, sonra həmin pulu 25 faizlə qaytarır? Bankın xərci 3-4 faiz olar, 15-20 faiz ola bilməz axı. Bank sistemindəki bu suallar həllini tapmalıdır”.

Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirov isə hər bir özəl bankın öz strategiyası olduğunu qeyd edib: “Nəyə görə bu gün bank sistemində yüksək faizləri götürürsünüz? Məsələn, Sahibkarlığa Yardım Fondu illik 6 faizlə, İpoteka Fondu 8 faizlə kredit verir. Hazırda bizdə banklarda boş vəsait formalaşır. O boş vəsait isə artıq orta və kiçik sahibkarlığa ayrılmış vəsaitdən istifadə olunacaq. Yaxın günlərdə bu barədə açıqlama da veriləcək. Bizim faiz siyasətimiz bazara uyğun tənzimlənir”.

Sözügedən məsələyə iqtisadçı ekspertlər də münasibət bildirərək, kredit faizləri ilə bağlı durumun problemli olduğunu etiraf etdilər.

İqtisadçı ekspert Rəşad Həsənov da hesab edir ki, kredit faizləri ilə bağlı vəziyyət qənaətbəxş deyil: “Burada kifayət qədər ciddi problemlər var. Kredit faizləri yüksəkdir, banklar kreditləşmədən çəkinirlər. Real sektorda da risklər yüksəkdir. Bu rəqəmləri 2015-ci illə müqayisə etsək görərik ki, bankların kredit portfeli 25 milyard manatdan 13 milyard manata qədər azalıb. Təxminən 47-48 faiz kredit portfelində azalma müşahidə olunur. Bu situasiyada digər problemlərdən biri də kredit faizlərinin yüksək olmasıdır. Çünki kredit faizlərinin yüksək olması son nəticədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi istiqamətində strategiya ortaya qoyan hökumətin planlarına da neqativ təsir göstərir. Çünki maliyyə çıxış imkanlarını məhdudlaşdırır”.

İqtisadçının sözlərinə görə, səbəblər birmənalı deyil, burada müxtəlif səbəblər var: “Birinci səbəb odur ki, Azərbaycanda maliyyə bazarında və bank sektorunda liberallaşma kifayət qədər deyil, hazırkı bazar iştirakçılarının bir çoxu hansısa formada bir-biri ilə əlaqəlidir. Onlar çox asanlıqla bazarda dominantlıq nümayiş etdirə bilirlər və faizləri diqtə edirlər. Xüsusilə də alternativ maliyyə institutlarının inkişaf etməməsi bankların bu sektorda faizləri diqtə etməsi üçün ən böyük imkanlardan biri hesab olunur. Düşünürəm ki, bazarın liberallaşdırılmasına ehtiyac var və bu məqsədlə xarici maliyyə institutlarının, korporasiyaların ölkəyə buraxılması lazımdır, onların fəaliyyəti üçün şərait yaratmaq lazımdır. O zaman rəqabət faizləri aşağı çəkəcək. Dünya praktikasında da bu amil öz təsirini göstərib”.

R.Həsənov vurğuladı ki, Azərbaycanda xüsusilə 2015-ci ildən sonra risklər yüksəlib və banklar nisbətən aşağı riskli biznes layihələrinə vəsait yönəltməyə çalışırlar: “Bu kimi biznes layihələrinin də sayı azdır və buna görə də bankların mənfəət norması kifayət qədər aşağı düşüb. Banklar nisbətən sığortalı kredit siyasəti həyata keçirməyə çalışırlar. Digər bir məsələ odur ki, bankların hazırda maliyyə mənbələrinə çıxış imkanları da məhduddur. Bu özünü daha çox mərkəzləşmiş kreditlərdə göstərir. Burada müxtəlif səbəblər var. Səbəblərdən biri odur ki, banklar götürdükləri vəsaitləri yerləşdirə bilmirlər. Bu səbəbdən də vəsait cəlb etməkdə maraqlı deyillər. İkinci səbəb isə ondan ibarətdir ki, banklar daha genişləndirilmiş kredit siyasəti həyata keçirərkən belə mərkəzləşmiş kreditlərdən kifayət qədər yararlana bilmirlər, cəlb etdikləri vəsaitlərin faizləri yüksək idi”.

İqtisadçının fikrincə, digər bir səbəb isə inflyasiya səviyyəsinin yüksək olmasıdır: “Bu amil də kredit faizləri müəyyənləşdirilərkən əsas götürülür. Ümumi problem isə odur ki, bazarda rəqabət imkanları zəifdir və bu da kredit faizlərinin aşağı düşməsini əngəlləyən əsas məqamdır. Qeyd edək ki, bankların əsas problemlərindən biri də əmanətlərin həcminin artması fonunda yüksək gəlirli biznes layihələrinə kredit ayıra bilməmələridir. Belə olan halda son çarə yüksək faizli istehlak kreditləridir ki, bu özü də banklar üçün sərfəli deyil və risk faktoru böyükdür. Kredit faizinin böyük hissəsi əmanət faizi, işçi, filialların saxlanılması və digər xərclərdir. Bankirlərin dili ilə desək, 1 nəfərə 1 milyon manat borc vermək, bu pulu 1000 nəfərə bölərək kredit verməkdən daha gəlirlidir. Lakin real sektorun yetərincə inkişaf etməməsi kommersiya banklarını bu addımı atmağa məcbur edir. Çünki son dövrlərdə əmanət qoyuluşlarının, xüsusən də milli valyutada qoyulan əmanətlərin həcmində ciddi artım var”.

Əhalinin yerli valyutada olan əmanətlərə marağı artıb. Fiziki şəxslər tərəfindən ölkədə fəaliyyət göstərən kommersiya banklarına yerləşdirilən əmanətlərin həcmi 1 may 2019-cu il tarixinə 8 mlrd. 715 mln. manat təşkil edib.

Bu, 1 aprel tarixi ilə müqayisədə 4,5 faiz , ötən ilin eyni dövrü ilə müqayisədə isə 10,6 faiz çoxdur. Fiziki şəxslər tərəfindən yerləşdirilən əmanətlərin 3 mlrd. 621 mln. manatını milli valyutada olan əmanətlər, 5 mlrd. 93,9 mln. manatını xarici valyutada olan əmanətlər təşkil edib.

Ay ərzində yerli valyutada yerləşdirilən əmanətlərin həcmi 9,8 faiz , xarici valyutada yerləşdirilən əmanətlərin həcmi 1,04 faiz artıb. Bütün bunlar isə o deməkdir ki, banklar həmin əmanətlər üzrə faizləri ödəyə bilmək üçün potensial kredit portfelində faizləri yüksəltməli olurlar./musavat.com

21 Noyabr 2024 Uşaqlar üçün yaşayış minimumu artırıldı
19 Noyabr 2024 Nazirdən maaş və pensiya artımı ilə bağlı açıqlama
18 Noyabr 2024 Azərbaycan bu istiqamətə 17 milyard ayıracaq
18 Noyabr 2024 İlin sonuna inflyasiya nə qədər olacaq? – AMB sədri
11 Noyabr 2024 Azərbaycanda bu məhsul kəskin bahalaşdı - Video
06 Noyabr 2024 Trampın qalib gəlməsi ilə İran rialı çökdü
28 Oktyabr 2024 Ət ucuzlaşacaq? - VİDEO
25 Oktyabr 2024 18 təqaüdçüyə 1 milyon vəsait xərclənəcək
21 Oktyabr 2024 Ölkəmizdə kərə yağı kəskin bahalaşdı
18 Oktyabr 2024 Nazirlik açıqladı: Yaxın 4 ildə əhalinin gəlirləri...
11 Oktyabr 2024 Müştərilər bu bankdan pullarını geri götürür
11 Oktyabr 2024 Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11 Oktyabr 2024 Satışdakı keyfiyyətsiz yağlar HANSILARDIR? – MÜHÜM AÇIQLAMA
10 Oktyabr 2024 Pensiya alanlara şad xəbər
09 Oktyabr 2024 Onların pensiyası bu halda avtomatik dayandırılacaq
07 Oktyabr 2024 Bakı COP29-la bağlı bu xərcləri də üzərinə götürür
07 Oktyabr 2024 Maliyyə piramidası TƏLƏSİ: Minlərlə insanı necə tora salırlar? - VİDEO
03 Oktyabr 2024 Onlara maaşının 6 misli məbləğində müavinət veriləcək
23 Sentyabr 2024 5 yaşadək uşaqlara 150 manat verilsin!
19 Sentyabr 2024 Azərbaycanda təmizlik vasitələri bahalaşdı - VİDEO
19 Sentyabr 2024 İran iqtisadiyyatı iki dəfə kiçilib
19 Sentyabr 2024 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?
19 Sentyabr 2024 Kredit ödəyəndə diqqət edin: “MilliÖn” faiz tutur
19 Sentyabr 2024 Bu yağlar kəskin bahalaşdı
18 Sentyabr 2024 Azərbaycanda orta aylıq maaş 1326 manat olacaq
18 Sentyabr 2024 Ətin kəskin şəkildə bahalaşmasının səbəbi - Video
13 Sentyabr 2024 Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı
12 Sentyabr 2024 Kərə yağının bahalaşmasının səbəbi - Video
11 Sentyabr 2024 Yaşa görə müavinət alanlara sevindirici xəbər
10 Sentyabr 2024 AMB-nin “Nağd pul ofisi” fəaliyyətini dayandırır