Qarabağ əlillərinə avtomobillər verildi – VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər” markalı 50 minik maşını Qarabağ müharibəsi əlillərinə təqdim edilib. 

Avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini diqqətə çatdırıb.

O bildirib ki, cari ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin ciddi şəkildə artırılmasına, problemli kreditlərlə bağlı narahatlığın aradan qaldırılmasına imkan verib.

Bu tədbirlər ümumilikdə 4,2 milyon vətəndaşın, nəticə etibarilə hər bir ailənin rifahına ciddi dəstəkdir.

Nazir müavini şəhid ailələrinə və müharibə əlillərinə qayğının ildən-ilə artırıldığını vurğulayıb. M.Kərimli diqqətə çatdırıb ki, sosial islahatlar paketinin tərkib hissəsi kimi, cari ildə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün də sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis edilib.

Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı tədbirlərinin gücləndirildiyini qeyd edən M.Kərimli bildirib ki, ötən il bu kateqoriyalardan olan vətəndaşlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib.

Bu il isə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq 60 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6714 mənzil şəhid ailələri və müharibə əlillərinin istifadəsinə verilib.

Nazir müavini 2018-ci ildə müharibə əlillərinə 265 minik avtomobilinin verildiyini deyib. Bildirib ki, dövlət başçısının 18 mart 2019-cu il tarixli sərəncamı ilə müvafiq kateqoriyadan olan vətəndaşların avtomobillərlə təminatının gücləndirilməsi məqsədilə beş milyon manat ayrılıb.

Bu da 2019-cu ildə həmin insanlara verilməsi üçün əlavə olaraq 400-dən artıq avtomobilin, beləliklə, cari ildə nazirlik tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan bu ilin ötən dövründə 200 avtomobil təqdim edilib. Bununla da indiyədək 6350-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara verilib.

Yeni minik avtomobili ilə təqdim olunan vətəndaşlar ölkəmizdə geniş vüsət alan sosial müdafiə tədbirlərindən, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlardan bəhs ediblər. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə avtomobillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Lirə 0,3002, lari 0,5911 manatdır

Azərbaycan Mərkəzi Bankı 22 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 22-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9069 manat təşkil edir.

1 türk lirəsi 0,3002 manat, 1 rus rublu 0,0270 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5911 manatdır.

Bakı Metropoliteni” 10 yeni vaqon alıb.

“Qafqazinfo” xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, növbəti 10 yeni vaqon Rusiyanın paytaxtı Moskvadan yola düşüb. Vaqonlar Bakıya çatıb sazlandıqdan sonra xəttə buraxılacaq.

Qeyd edək ki, vaqonların Bakıya avqust ayında çatacağı gözlənilir.

Azərbaycanın aparıcı tikinti şirkəti “AzVirt” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 125,007 milyon manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 21,8% çoxdur.

Hesabat dövründə “AzVirt”in cəmi öhdəlikləri 57,8% artaraq 60,178 milyon manata, cəmi kapitalı isə 0,5% artaraq 64,829 milyon manata çatıb.

2018-ci ildə “AzVirt”in tikinti işlərindən gəlirləri 85,746 milyon manat (2017-ci ilə nisbətən 20,1% az), işlərinin maya dəyəri 69,347 milyon manat (23,5% az), ümumi və inzibati xərcləri 11,114 milyon manat (6% çox), ehtimal üzrə kreditlər üzrə zərəri 1,034 milyon manat (2017-ci ildə gəlir olub), maliyyə gəlirləri 6 min manat (təxminən 14% az), maliyyə xərcləri 392 min manat (47,8% az), xarici valyuta mübadiləsi üzrə gəlirləri 147 min manat (94,4% az), əmlak, tikinti və avadanlıqların silinməsi üzrə zərəri 442 min manat (2017-ci ildə gəlir olub), digər gəlirləri 585 min manat (53,9% az), digər xərcləri 485 min manat (63,7% az), mənfəət vergisi ödəmələri isə 886 min manat (64,1% az) təşkil edib.

Son nəticədə şirkət ötən ili 2,784 milyon manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 67,5% və yaxud 3,1 dəfə azdır.

Xatırladaq ki, “AzVirt” 1995-ci ildə Azərbaycan – Almaniya Birgə müəssisəsi kimi yaradılıb, sonradan təşkilati-hüquqi formasını dəyişib. Onun nizamnamə kapitalı 129 min manatdır. Şirkətin təsisçiləri 30%-lik payla Almaniya vətəndaşı Martin Manfred (həm də texniki direktordur), 25%-lik payla Azərbaycan vətəndaşı Elnur Əliyev (həm də maliyyə direktorudur), 25%-lik payla Lüksemburqun “Falcom Holding”i və 20%-lik payla Almaniya vətəndaşı Sakhariaz Valterdir.

Çörək yenidən bahalaşa bilər - İDDİA
"Çörək yenidən bahalaşa bilər, çünki buğdanın əhəmiyyətli dərəcədə bahalaşması çörəyin qiymətinə təzyiqləri xeyli artırıb".

Reyting.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Nemət Əliyev səsləndirib. 

N. Əliyev bildirib ki, ötən il bu vaxtlar kiloqramı 23-25 qəpiyə satılan buğda hazırda 38-39 qəpiyə, kiloqramı 25-27 qəpiyə satılan arpa isə hazırda 35-38 qəpiyə satılır. Buğda ötən ilə nəzərən 55-65 faiz, arpa isə 40-41 faiz səviyyəsində bahalaşıb: "Lakin taxıl istehsalının qızğın çağında bahalaşma deyil, ucuzlaşma baş verməliydi. Ucuzlaşma olmasa da, bu dərəcədə bahalaşma olmamalıydı. Ona görə ki, daxili bazarlara mal təklifi çoxalıb. Əgər 2018-ci ilin 9 iyul tarixinə sahələrdən 2 milyon 319 min ton taxıl tədarük olunmuşdursa (Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının açıqladığı məlumat), 2019-cu ilin 9 iyul tarixinə sahələrdən 2 milyon 885 min ton (Kənd Təsərrüfatı Nazirliyinin yaydığı operativ məlumat) taxıl tədarük olunub. Bu iki göstəricinin müqayisəsindən məlum olur ki, ötən ilə nəzərən taxıl tədarükü bu il 566 min ton və ya 24 faizdən çox artıb. Deməli, yerli istehsal hesabına bazarlara yarım milyon tondan çox buğda və arpa çıxarılıb (təklif edilib). Bu hal qiymətlərin səviyyəsinə mütləq azaldıcı təsir göstərməliydi".

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi yanvar-iyun dövrünə dair məlumatında bildirib ki, xaricdən bu il 576,489 min ton, ötən il isə 538,781 min ton buğda almışıq. Yəni, idxal hesabına daxili bazarlara buğda təklifi bu il 7 faizə qədər artıb. 

Ekspert qeyd edib ki, taxıl istehsal hesabına 24 faiz, idxal hesabına 7 faiz artıbsa, deməli, normalda buğda və arpa ucuzlaşmalıydı. Lakin ucuzlaşmayıb. Nəinki ucuzlaşmayıb, hətta bazar iqtisadiyyatının əsas qanunu olan tələb-təklifin ziddinə olaraq kəskin bahalaşıb.

“Azərbaycanda bazar iqtisadiyyatının yaradılmasından eninə-boyuna danışanlara tövsiyə edirəm ki, bu sirri-xudanın səbəbləri haqqında yaxşı-yaxşı düşünsünlər. Bununla belə, bilmək vacibdir ki, taxılın hazırkı bahalaşma səviyyəsi taxıl istehsalına dair açıqlanan rəsmi məlumatların həqiqiliyini böyük sual işarəsi altına almaqla yanaşı, həm də çörəyin qiymətləri üzərində təzyiqləri xeyli artırıb və bu davamiyyət çörəyin növbəti bahalaşması ilə nəticələnəcək (quşçuluq və heyvandarlıq təsərrüfatlarına təsiri də qaçılmazdır). Odur ki, əhalinin gəlirləri ilə bahalaşma səviyyəsi arasında düz-əməlli tənzimləmə həyata keçirilməzsə, ölkədə həyat səviyyəsi daha da düsşəcək", - deyə N. Əliyev fikrini tamamlayıb.

Onu da qeyd edək ki, bir müddət əvvəl rəsmi qurumlar belə bir bahalaşmanın olmayacağını bəyan ediblər.

“Ferrari” brendinin Azərbaycanda rəsmi nümayəndəliyi olan “Ferrari Store Azerbaijan” fəaliyyətini dayandıracaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, mağzasa 5 avqust 2019-cu ildə bağlanacaq.

Mağazanın hansı səbəbdən bağlanacağı məlum deyil.

Qeyd edək ki, 2014-cü ildən etibarən Bakıda fəaliyyət göstərən mağazada “Ferrari” brendinə məxsus kişi, qadın, uşaq geyim və aksesuarları satılır.

Azerinform.az xəbər xerir ki, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin 2018-ci ilin beynəlxalq audit standartlarına uyğun olan birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının auditi başa çatmışdır.

Audit yoxlaması ABAK-Az Crowe Ltd tərəfindən həyata keçirilmişdir. ABAK-Az Crowe Ltd beynəlxalq audit şirkətləri arasında ilk 10-luqda 8-ci yeri tutur. Şirkətin baş ofisi Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşir.
Audit yoxlamasının nəticələrinə uyğun olaraq Azərbaycan Respublikası daxilində Korporasiyanın 73.5 mln manat gəlirə cəlb olunan dövriyyəsi olmuşdur.
Bu dövriyyədən 11.2 mln manat dövlət büdcəsinə ödənişlər həyata keçirilmiş, ondan 5.8 mln manat vergi, 4.6 mln manat DSMF, 772.5 min manat gömrük rüsumları təşkil edir.
2018-ci ilin ümumi konsolidə olunmuş audit hesabatına əsasən Korporasiya ili 12% mənfəətlə başa vurmuşdur ki, bu da 12.5 mln manat gəlir deməkdir. 
Audit yoxlaması zamanı həmçinin müəyyən olunmuşdur ki, banklardan alınmış kredit borcu 2018-ci il ərzində pul ödənişi, zəmanətlərin qaytarılması və “Aqrarkredit” QSC-nin balansına verilmiş əmlaklar hesabına 286.31 mln manat azalmışdır.

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

“APA-Economics”in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,39 ABŞ dolları azalaraq 66,17 dollara bərabər olub.

Azərbaycanda qızılın qiyməti ucuzlaşıb.

Trend-in məlumatına görə, iyulun 17-də qızılın qiyməti ötən günlə müqayisədə 15.4275 manat azalaraq 1 unsiya üçün 2388,8655 manat təşkil edib.

Gümüş 0,434 manat artaraq 1 unsiya üçün 26.5225 manata bərabər olub.

Platinin qiyməti 1,938 manat düşərək 1429,1390 manat, palladiumun qiyməti isə 66,98 manat azalaraq 2593,1120 manata çatıb.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Azərbaycanda hava şəraitinin yağıntılı keçməsi ilə əlaqədar olaraq sahələrdən məhsulun kütləvi yığımı ləngiyib.

Oxu.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.

O bildirib ki, nazirlik heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir:

“Sərbəst bazar iqtisadiyyatında bu, mümkün də deyil. Apardığımız müşahidələrə, araşdırmalarımıza, fermerlərlə söhbətlərdən çıxan nəticələrə gəlincə deməliyəm ki, birincisi, indiyədək sahələrdən əksər hallarda istixana üsulu ilə yetişdirilmiş məhsul yığılıb. Yəni bazarlarda olan bostan-tərəvəz məhsullarının böyük bir qismi istixana məhsullarıdır. Açıq sahə məhsullarının kütləvi yığımı havaların yağıntılı keçməsi ilə əlaqədar hələ başlamayıb.

Bir neçə müddətdir xüsusilə qərb bölgəsində, şimal rayonlarımızda yağıntıların davam etməsi açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə fermer məhsulu yığaraq bazara çıxara bilmir”.

V.Hüseynov qeyd edib ki, yağıntıların azalması ilə məhsulun kütləvi yığımına başlanacaq:

“Bazarda məhsulun bol olması ilə qısa müddətdə qiymətlərin ucuzlaşacağı gözlənilir. Bu ilk hal deyil, yay mövsümündə qiymətlərdə hava şəraiti ilə əlaqədar enib-qalxmalar əvvəllər də qeydə alınıb. Yəni yağıntılarla əlaqədar pomidor gec yetişib, məhsul yığımı azalıb, lakin hava şəraiti normallaşan kimi qısa müddətdə bazarda bolluq yaranıb və qiymətlər ucuzlaşıb”.