“Neftin qiyməti ilin əvvəlindən 20 faizə qədər artıb və 66 dollardır. Bu, bizim daxili proqnozlarımızda, yəni büdcə və sosial-iqtisadi proqnozlarda qoyduğumuz proqnozdan 6 dollar çoxdur”. 

Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov dünən Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə çıxışı zamanı deyib. O, bildirib ki, strateji valyuta ehtiyatları son illərdə əhəmiyyətli dərəcədə artıb:

“Biz inamla bütövlükdə böhrandan öncəki səviyyəni bərpa etməyə doğru gedirik. Qırx doqquz milyard dollar bizim ümumi daxili məhsuldan daha çoxdur. Bu, Azərbaycanın həm yüksək beynəlxalq ödəmə qabiliyyətini, həm də yüksək maliyyə təhlükəsizliyini ifadə edir.

Mərkəzi Bankın özünün də valyuta ehtiyatları artır. Cari ildə biz valyuta ehtiyatlarımızı 330 milyon dollardan çox artırmışıq. Amma diqqətinizi ona cəlb etmək istəyirəm ki, Sizin qoyduğunuz məsələ – valyuta ehtiyatlarının idarə olunmasının effektivliyinin artırılması olduqca mühüm məsələdir. Bu vəsaitin təxminən 100 milyon dollardan çoxunu biz altı ayda xarici idarəetmədən almışıq. Baxmayaraq ki, beynəlxalq maliyyə bazarlarında vəziyyət kifayət qədər mürəkkəbdir və faiz dərəcələri aşağıdır. Biz ili 3,2 faiz gəlirlə başa vurmağı düşünürük.

Bütövlükdə manatın məzənnəsi, qeyd etdiyiniz kimi, sabitdir və sabit olaraq qalır. Xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb. Mən bunu Sizə məruzə etmişdim. Bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir.

Baxmayaraq ki, məzənnəmiz sabitdir, biz tərəfdaş olan ölkələrlə, ticarət tərəfdaşlarımızla xarici rəqabət qabiliyyətimizi izləyirik. Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb.

E. Rüstəmov bildirib ki, inflyasiya hədəf diapazonu çərçivəsində həm hökumətin, həm də Mərkəzi Bankın hədəfindən də aşağı səviyyədədir:

“Baxmayaraq ki, Siz artıq qeyd etdiniz, olduqca presedentsiz sosial tədbirlər həyata keçirilir, sosial siyasət gücləndirilir, daxili tələb genişləndirilir, lakin bütövlükdə idarəetmənin yaxşılaşdırılması, görülən tədbirlər və manatın məzənnəsinin sabitliyi inflyasiyanın aşağı səviyyədə formalaşmasını şərtləndirir.

İnflyasiyanın idarə olunmasında inflyasiya gözləntiləri olduqca mühüm rol oynayır. Biz özümüz Dövlət Statistika Komitəsi ilə birlikdə 4 mindən çox ailə təsərrüfatında sorğular aparmışıq. Bütövlükdə gələcəkdə ilin sonuna qədər inflyasiyanın sürətlənməsini gözləyən əhalinin sayı 2 faizdir. Yəni, əhalinin 98 faizi ilin qalan dövründə inflyasiyanın sürətlənməsinə inanmır. O cümlədən biznesdə bütövlükdə makroiqtisadi sabitliyə, inflyasiyanın dinamikasına olan inam da, – orada da sorğular aparmışıq, – kifayət qədər yuxarıdır.

Bütövlükdə inflyasiya səviyyəsinin aşağı olması şəraitində Mərkəzi Bank ardıcıl olaraq monetar siyasətin, pul-kredit siyasətinin yumşaldılması fonunda addımlar atır. Uçot dərəcəsini 2018-ci ildən bəri 18 faizdən bu gün üçün 8,25 faizə qədər endirmişik. Monetar siyasətin yumşaldılmasının digər istiqaməti bütövlükdə kəmiyyət yumşaldılması, yəni bizim iqtisadiyyata verdiyimiz pulun həcmidir. Cari ildə bu, 9 faizdir. Amma cənab Prezident, son iki ildə pul bazası deyilən bizim əsas göstəricimiz 37 faizdən çox qalxıbdır. Bu da bütövlükdə aşağı inflyasiya şəraitində iqtisadiyyatda canlanma, kredit aktivliyinin artması istiqamətində edilir ki, bankların kifayət qədər öz resursları olsun və bu vəsaitlərdən istifadə edə bilsinlər.

İqtisadiyyatda faiz dərəcələrinin aşağı düşməsini müşahidə edirik. Baxmayaraq ki, ümumi fondu formalaşdıran yüksək istehlak kreditlərinin faizləri olur. Amma biznes kreditlər, yeni verilmiş biznes kreditlərinin orta faiz dərəcəsi cari ildə 11 faizdir və 5 faizdən də aşağı düşüb. Bu, bizim uçot dərəcəsinə yaxındır. Bu, onu göstərir ki, Mərkəzi Bankın uçot dərəcəsi, faiz siyasəti artıq bütövlükdə biznes kreditləri üzrə həm də əhalinin əmanətlərinin faizinin formalaşmasında mühüm rol oynamağa başlayıb.

De-dollarlaşma, deməli bizim o böhran dövründə dollarlaşma baş verdi. Bu gün biz görürük ki, dollarlaşma aşağı düşməyə başlayıb. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2016-cı ildə pik nöqtədəki 85 faizdən 56 faizə, kreditlərin dollarlaşması müvafiq olaraq 52 faizdən 35 faizə qədər aşağı düşüb.

Kredit aktivliyi davam edir. Cari ilin altı ayında kreditlər 3,6 faiz artıb. Lakin bu zaman başlıca olaraq bu artım 9 faizdən çox istehlak kreditləri tərəfindən baş verib. Amma biznes kreditləri, real sektorda kreditlər bir qədər – 0,3 faiz azalıb. Hesab edirik ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Həm bütövlükdə əhalinin borc yükünün artmasını, həm də bank sektorunun portfelində bunun 50 faizə yaxınlaşmasını izləməliyik ki, sabah bu, hansı problemlər yarada bilər”.

Baş bankir qeyd edib ki, əhalinin devalvasiya dövründə zərər gördüyü valyuta kreditlərinin kompensasiya olunması prosesi tam başa çatıb:

“Bu vəsaitlər əhaliyə ödənilibdir. Manat kreditlərinin restrukturizasiyası üzrə hazırlıq işləri yekunlaşıbdır. Yaxın vaxtlarda biz əlaqədar qurumlarla birlikdə bu vəsaitlərin əhaliyə verilməsini təmin edəcəyik.

İqtisadi artım haqqında deyildi, bu, davamlıdır. Bütövlükdə 6 rübdür ki, ümumi iqtisadi artım, 10 rübdür ki, qeyri-neft sektorunda iqtisadi artım davam edir. Bu, onun davamlılığını göstərir. Cənab Prezident, ilin sonuna qədər qarşıda duran vəzifə makroiqtisadi sabitliyin qorunub saxlanması və onun inkişaf etdirilməsindən ibarətdir. Biz bunu təmin etməliyik. Sentyabr ayında Sizin Fərmanla müəyyən etdiyiniz sosial paketin ikinci mərhələsi başlayır. Bütövlükdə bunu təkcə sosial bir paket kimi yox, həm də yeni iqtisadi artım modelinin bir amili kimi görürük. Çünki bütövlükdə əhalinin daxili tələbatının canlanması daxili istehsalın canlanmasına, ixracın şaxələnməsinə dəstək verəcək. Amma başlıca vəzifəmiz bütövlükdə bu sosial proqramların, əhalinin real gəlirlərinin artması prosesini dəstəkləmək, aşağı inflyasiyaya nail olmaqdır. Burada Mərkəzi Bankın hökumətlə çox yaxşı əlaqələndirilmiş işi nəzərdə tutulur. Biz bu məsələləri Maliyyə Sabitliyi Şurasında müntəzəm müzakirə edirik. Hesab edirik ki, biz buna nail ola biləcəyik”.

Qafqazinfo

Azərbaycanda fəaliyyət göstərən iri mağazalar şəbəkələrində 45 adda ərzaq məhsullarının qiymətlərini araşdırılıb.

Report xəbər verir ki, 29 iyul 2019-cu il tarixinə “Araz”, “Bazarstore”, “Bizim Market” və “Bravo” mağazalarındakı eyni adda mallar üçün müəyyən olunan qiymətlərin (manatla) müqayisəsi aparılıb.

Müəyyən olunub ki, yalnız üç adda məhsul üzrə qiymətlər tədqiq edilən bütün marketlərdə analoji səviyyədə olub.

Daha ətraflı məlumat aşağıdakı infoqrafikada təqdim olunur:

“Manat kreditlərinin restrukturizasiyası üzrə hazırlıq işləri yekunlaşıb. Yaxın vaxtlarda biz əlaqədar qurumlarla birlikdə bu vəsaitlərin əhaliyə verilməsini təmin edəcəyik”.

“Report” xəbər verir ki, bunu iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

“Əhalinin devalvasiya dövründə zərər gördüyü valyuta kreditlərinin Sizin Fərmanınız və təşəbbüsünüzlə kompensasiya olunması prosesi tam başa çatıbdır, bu vəsaitlər əhaliyə ödənilibdir. Manat kreditlərinin restrukturizasiyası üzrə hazırlıq işləri yekunlaşıbdır. Yaxın vaxtlarda biz əlaqədar qurumlarla birlikdə bu vəsaitlərin əhaliyə verilməsini təmin edəcəyik”, – deyə o bildirib.

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend bildirir ki, iyulun 30-da qızılın qiyməti iyulun 29-u ilə müqayisədə 8,5425 manat artaraq 1 unsiya üçün 2422,9505 manat təşkil edib.

Gümüş 0,1058 manat bahalaşaraq 1 unsiya üçün 27,9634 manata bərabər olub.

Platinin qiyməti 21,148 manat artaraq 1494,759 manat, palladiumun qiyməti isə 35,615 manat artaraq 2634,8555 manat təşkil edib.

Ad 30.07.2019 29.07.2019
Qızıl XAU 2422.9505 2414.408
Gümüş XAG 27.9634

 

 
27.8576
Platin XPT 1494.759 1473.611
Palladium XPD 2634.8555 2599.2405

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 29-da 65,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,37 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 62,46 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,18 dollar/barel çoxdur.

Soğanın qiyməti əslində neçəyədir? - Fermerlər danışdı+VideoBu gün aqrar sahə istər ölkənin ərzaq təminatı və təhlükəsizliyinin ödənilməsində, istərsə də regionların sosial-iqtisadi inkişafında olduqca böyük əhəmiyyətə malikdir. Rayonlarda müxtəlif növ qida məhsulları əkib-becərən fermerlərə dövlət tərəfindən böyük dəstək göstərilir, nəticədə kənd təsərrüfatı sahəsi sürətlə inkişaf edir.

“Qafqazinfo” əməkdaşları Azərbaycanın bir neçə bölgəsinə səfər edərək, fermerlərin iş şəraiti ilə tanış olub.

Səfərimizin növbəti dayanacağı Ağcəbədi rayonu oldu. Son illər ərzində rayonda tərəvəz əkinlərinə, xüsusən də soğan istehsalına maraq artıb, bu isə əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldarlığın yüksəlməsində də öz əksini tapıb. Müsahibimiz, Muğanlı kənd sakini Vəli Behbudov da ailəsinin dolanışığını soğan əkməklə təmin edir. Aylar əvvəl 4 hektar sahədə yazlıq soğan əkən fermerin sözlərinə görə, əldə etdiyi bol məhsul onu əkin sahəsini genişləndirməyə həvəsləndirib: “Yazlıq soğanın satışı çox yaxşı oldu, ona görə də indi 8 hektar ərazidə qışlıq soğan əkmişəm. Keçən illə müqayisədə satışlarımız da yaxşı gedir”.

Həmsöhbətimiz qeyd edir ki, bu il rayonda məhsul bolluğu yaşanır. Bu isə ölkədə aqrar sahəyə ayrılan böyük diqqətin nəticəsidir: “Fermer üçün əsas olan odur ki, dövlət tərəfindən ona dəstək verilsin, o da fikrini ancaq məhsul yetişdirməyə cəmləsin. Bu şərait də bizə yaradılıb. Hər il dövlət büdcəsindən fermerlərə güzəştli kredit verilir, bundan başqa, torpaq vergisini çıxmaqla, bütün vergilərdən azad edilmişik. Yəni, dövlət hər cür imkan yaradır ki, biz həm bol məhsul becərək, həm də ailəmizi dolandıraq”.

Söhbətimiz əsnasında məlum oldu ki, həmsöhbətimiz sahədə soğanın bir kisəsini (təxminən 38 kiloqram) 6-7 manata təklif edir. Qiyməti eşidər-eşitməz fermerdən son zamanlar soğanın qiyməti ətrafında yaranmış ajiotaj barəsində soruşmaya bilməzdik. Görəsən, min bir əziyyətlə məhsul becərərək onu aşağı qiymətə satan V. Behbudov soğanın qiymətinin bahalığı iddiaları barədə nə düşünür? “Bu il məhsul boldur. Ona görə də qiymət aşağıdır. Təkcə soğanın yox, elə digər tərəvəzlərin də qiyməti rayonlarla müqayisədə Bakıda həmişə xeyli fərqli olub. Çünki məhsul sahədən bazara gedib çıxana qədər onun qiymətinin üstünə yol, daşınma xərci gəlir, nə qədər çox vasitəçi dəyişsə, qiymət də bir o qədər dəyişir. Ona görə yaxşı olardı ki, iri marketlər, sahibkarlar gəlib məhsulu fermerin özündən alsınlar. Belə olsa, nə biz uduzarıq, nə də alıcılar narazı qalar” -, deyə fermer bildirib.

Fermerlə müsahibənin videosunu təqdim edirik:

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

“APA-Economics”in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,80 ABŞ dolları azalaraq 65,47 dollara bərabər olub.

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Minval.info “Xalq qəzeti”nə istinadən xəbər verir ki, bu barədə Baş Nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara görə, dəyişiklik emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullarla əlaqədardır.

Dəyişiklikdən əvvəl Azərbaycana idxal edilən yüngül distilyatlar və məhsulların 1 tonu üçün 80 manat aksiz vergisi alınırdı. Bundan sonra, aksiz dərəcəsi 1 ton üçün 1 manata endirilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend bildirir ki, iyulun 24-də qızılın qiyməti iyulun 23-ü ilə müqayisədə 5,5505 manat artaraq 1 unsiya üçün 2414, 3570 manat təşkil edib.

Gümüş 0,4025 manat bahalaşaraq 1 unsiya üçün 27, 97616 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 23,902 manat artaraq 1459, 9600 manat, palladiumun qiyməti isə 4,9135 manat artaraq 2587, 6295 manat təşkil edib.

Ad 24.07.2019 23.07.2019
Qızıl XAU 2414.3570 2408.8065
Gümüş XAG

 

 
27.9761 27.5736
Platin XPT 1459.9600 1436.0580
Palladium XPD 2587.6295 2582.7165

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Qarabağ əlillərinə avtomobillər verildi – VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər” markalı 50 minik maşını Qarabağ müharibəsi əlillərinə təqdim edilib. 

Avtomobillərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini diqqətə çatdırıb.

O bildirib ki, cari ildə dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin ciddi şəkildə artırılmasına, problemli kreditlərlə bağlı narahatlığın aradan qaldırılmasına imkan verib.

Bu tədbirlər ümumilikdə 4,2 milyon vətəndaşın, nəticə etibarilə hər bir ailənin rifahına ciddi dəstəkdir.

Nazir müavini şəhid ailələrinə və müharibə əlillərinə qayğının ildən-ilə artırıldığını vurğulayıb. M.Kərimli diqqətə çatdırıb ki, sosial islahatlar paketinin tərkib hissəsi kimi, cari ildə Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün də sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis edilib.

Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı tədbirlərinin gücləndirildiyini qeyd edən M.Kərimli bildirib ki, ötən il bu kateqoriyalardan olan vətəndaşlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib.

Bu il isə azı 800 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq 60 mənzil təqdim edilib. Ümumilikdə bu vaxta qədər 6714 mənzil şəhid ailələri və müharibə əlillərinin istifadəsinə verilib.

Nazir müavini 2018-ci ildə müharibə əlillərinə 265 minik avtomobilinin verildiyini deyib. Bildirib ki, dövlət başçısının 18 mart 2019-cu il tarixli sərəncamı ilə müvafiq kateqoriyadan olan vətəndaşların avtomobillərlə təminatının gücləndirilməsi məqsədilə beş milyon manat ayrılıb.

Bu da 2019-cu ildə həmin insanlara verilməsi üçün əlavə olaraq 400-dən artıq avtomobilin, beləliklə, cari ildə nazirlik tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan bu ilin ötən dövründə 200 avtomobil təqdim edilib. Bununla da indiyədək 6350-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara verilib.

Yeni minik avtomobili ilə təqdim olunan vətəndaşlar ölkəmizdə geniş vüsət alan sosial müdafiə tədbirlərindən, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlardan bəhs ediblər. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün isə avtomobillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.