Bakının Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi iyulun 5-də istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksinin açılışında iştirak ediblər.
Qida Təhlükəsizliyi Agentliyi yağlarla bağlı araşdırmaların nəticələrini açıqlayıb. "Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, gündəlik istehlak olunan əsas qida məhsullarına daxil olan yağlar tərkiblərindəki yağ turşularının xüsusiyyətlərinə görə qidalanmaya və sağlamlığa təsir edir. Son zamanlar aparılan müxtəlif elmi araşdırmalar nəticəsində doymuş yağ turşuları ilə yanaşı, trans yağ turşularının da sağlamlığa mənfi təsiri öz təsdiqini tapıb. Belə ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən, dünyada aparılan elmi araşdırmalara istinad edilərək, trans yağların insan orqanizmi üçün təsirlərinin elmi əsaslarla risk qiymətləndirməsi aparılmış və həmin araşdırmalar nəticəsində bu yağların insan sağlamlığına mənfi təsiri öz təsdiqini tapıb. Bununla bağlı geniş elmi hesabat ictimaiyyətə təqdim olunacaq.
Ümumiyyətlə, doymuş yağ turşularından əmələ gələn yağların çoxu otaq temperaturunda qatı (sərt), tərkibində doymamış yağ turşuları olan yağlar isə maye halında olur. Qidalarda ən çox rast gəlinən bəzi doymuş yağ turşuları palmitin, stearin və miristin turşularıdır.
Doymuş yağ turşularının enerji dəyərinin digər yağ turşuları ilə eyni olmasına baxmayaraq, orqanizmdə yağ toplanması və çəki artımına səbəb olduğu məlumdur. Eyni zamanda, trans yağ turşuları ilə qidalanma insulinə qarşı rezistentliyin əmələ gəlməsinə şərait yaradaraq, diabetə meyilliliyi artırır və xroniki iltihabi proseslərin inkişafına səbəb olur.
Bitki və balıq yağlarının dadını qorumaq, fiziki xüsusiyyətlərini dəyişmək, rəf ömrünü uzatmaq və istifadə imkanlarını artırmaq məqsədilə doymamış yağ turşularının qismən hidrogenləşdirilməsi aparılır və bu zaman trans yağ turşuları yaranır.
Aparılan araşdırmaların nəticəsi olaraq bildirilir ki, gündəlik qida məhsullarında müəyyən olunmuş normadan artıq trans yağların qəbulu ürək–damar xəstəliklərinin yaranmasına səbəb olur. Həmçinin, trans yağ turşularının xərçəng, piylənmə, alzeimer, dölün inkişafdan qalması, körpələrdə mərkəzi sinir sisteminin inkişafına mənfi təsir etməsi, diabetə meyilliliyi artırdığı da müxtəlif araşdırmalarda müəyyən edilib.
Bundan əlavə, araşdırmalar göstərir ki, trans yağları yaddaş pozuntusu və süd vəzisi xəstəliklərini inkişaf etdirir, hər iki cinsdə sonsuzluq yaradır, immun sisteminə mənfi təsir göstərir.
Hazırda bir çox inkişaf etmiş ölkələrdə trans yağlarının qida məhsullarındakı miqdarı ciddi şəkildə tənzimlənməkdədir. Avropa Birliyi və bir sıra digər ölkələrdə qida məhsullarının tərkibində olan trans yağları üçün ən yüksək hədd 2% miqdarında təyin edilmiş və qablaşdırma üzərində miqdarının qeyd olunması zərurəti tələb kimi qoyulmuşdur.
Bununla əlaqədar olaraq, insan istehlakı üçün nəzərdə tutulan yağların təhlükəsizlik göstəriciləri ilə bağlı AQTA tərəfindən nəzarət tədbirlərinin gücləndirilməsi və daha sərt tənzimləmə işlərinin həyata keçirilməsi nəzərdə tutulub.
“Dollardan imtina ilə bağlı məsələlər çox zaman siyasi bəyanat xarakteri daşıyır. Çünki praktiki olaraq bunun həyata keçirilməsi həmişə bəzi maneələrlə qarşılanır. İş adamlarına məzənnələrin tez-tez dəyişməsi əlavə məzənnə riski və məzənnə xərcləri yaradır”.
Bunu iqtisadçı-ekspert Natiq Cəfərli xarici ticarətdə dollardan imtina edilməsi məsələsini Sputnik Azərbaycan-a şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan manatı iki ilə yaxındır ki, sabitdir, amma İran rialı tez-tez dəyərdən düşür: “Belə olan təqdirdə iş adamları üçün əlavə risklər yaranır. Azərbaycanlı iş adamları İran rialı ilə müqavilə bağlayarkən sonra məzənnənin dəyişməsindən ciddi zərər görə bilərlər. Türk lirəsi ilə də bağlı eyni problem yaşanır, məzənnə həddindən artıq oynaqdır. Son bir ayda təxminən 7-8 faizlik ciddi dəyişiklik olub. İki həftə bundan öncə 1 dollar 6 lirəyədək bahalaşmışdısa, bu gün isə 1 dollar 5 lirə 50 quruşadək geri çəkilib. Amma bu, zaman-zaman baş verir deyə məzənnə riski artır və kifayət qədər də məzənnə ilə bağlı problemlər yaşana bilər. Ona görə də, dollardan imtinanın praktiki tətbiqində ciddi maneələr, problemlər var”.
Onun sözlərinə görə, bu məsələ dolların hegemon olduğu bir çox ölkələri narahat edir və bu, anlaşılandır:
“Gələcəkdə güclü regional bir valyutanın yaradılması bu məsələdə irəliləyişə nail olmağa imkan verə bilər. Güclü regional bir valyutanın yaradılması dollardan istifadənin getdikcə azalmasına səbəb ola bilər. Amma hələlik düşünmürəm ki, ölkələr arasında ticarət dövriyyəsində dollardan imtina etmək məsələsində çox böyük irəliləyiş əldə edilsin. İndiki şəraitdə dollar və avrodan beynəlxalq ticarətdə imtina edilməsi o qədər də inandırıcı və yaxud da dayanıqlı görünmür. Məzənnələrin oynaq olması iş adamlarına əlavə məzənnə riskinin yaranmasına səbəb ola bilər və ona görə də bundan çəkinirlər”.
Ekspert bildirib ki, Azərbaycan ixracatında neft və neft məhsulları üstünlük təşkil edir: “92 faizə yaxın təbii resurslara bağlı ixracatımız var. Təbii resurslarla bağlı müqavilələrin böyük qismi isə dollarla bağlanır. Azərbaycanın dollardan imtina etməsi ona sərf etmir. Əgər iqtisadiyyatımızı çoxçeşidli hala gətirsək, qeyri-neft ixracatını daha sürətlə artırmağa nail olsaq, ola bilər, gələcəkdə bununla bağlı müxtəlif plan və sxemlər qurmaq mümkün olsun”.
“İndiki şəraitdə dollardan imtina o qədər də Azərbaycan üçün sərfəli görünmür, çünki manat sabitdir. Neft qiymətləri 60 dollardan yuxarı olduqca manat sabit olaraq qalacaq. Manatın sabit olması digər ölkələr üçün manatı cəlbedici edir, amma qonşu ölkələrin milli valyutaları tez-tez məzənnə dəyişikliyinə uğradığı üçün Azərbaycan iş adamlarına o qədər də sərf etmir”, – deyə o, əlavə edib.
N.Cəfərli İranın Xarici işlər naziri Cavad Zərifin “İran və Türkiyə arasında ticarət əlaqələrində dollardan istifadə 30 faiz azalıb” fikrinə də münasibət bildirib: “İran və Türkiyə arasında ticarət əlaqələrində dollardan istifadə azalsa da, amma avrodan istifadə artıb. Yəni bu, o demək deyil ki, bu ölkələr ticarət əlaqələrində milli valyutaya keçib. Avro istiqamətində ödənişlər artıb. Bu, ona görə baş verib ki, Avropa İttifaqı ölkələri ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün xüsusi bir sistem yaradıb və avro cinsindən müqavilələrin həmin sistem vasitəsilə həyata keçirilməsinə çalışırlar”.
“Türkiyənin iş adamları da çox zaman həmin sistemdən istifadə edirlər ki, ABŞ sanksiyalarından yayınsınlar. Dollardan istifadə 30 faiz azalsa da, avrodan istifadə kifayət qədər sürətlə artıb. Bu, o demək deyil ki, 30 faiz azalma ticarət əlaqələrində milli valyutalara keçidin hesabına baş verib”, – deyə o qeyd edib.
İqtisadçının fikrincə, dolların qlobal valyuta ehtiyatlarında payının azalmasında iki nüans önəmli rol oynayıb: “Birincisi, avronun daha geniş istifadə olunmasıdır. İkincisi, ötən il Beynəlxalq Valyuta Fondu öz yığım səbətinə Çin yuanını daxil edib. Bunadək isə yuan beynəlxalq yığım səbətinə daxil edilməyib. Bu isə Çin yuanının mövqeyinin möhkəmlənməsinə, bəzi ölkələrdə yuanda da ehtiyatların saxlanılması üçün müxtəlif addımların atılmasına səbəb olub. Azərbaycanın Neft Fondunda da az da olsa, yuanla saxlanan vəsait var. Bu da dolların qlobal yığım valyutası kimi mövqeyinin az da olsa, zəifləməsinə səbəb olub”.
Qeyd edək ki, İran bir sıra ölkələrlə, xüsusilə Rusiya, Türkiyə və Çinlə ikitərəfli maliyyə sazişlərinin bağlanmasına dair müzakirələr aparır. İran KİV-nin məlumatına görə, bunu İranın xarici işlər naziri Cavad Zərif deyib.
“Biz Türkiyə, Rusiya, Çin, Azərbaycan, Hindistan və digər ölkələrlə maliyyə sazişlərinin imzalanmasına dair danışıqlar aparırıq. Bu ölkələrdən bəziləri ilə sazişlər artıq bağlanılıb, digərləri ilə isə razılaşmalar, demək olar ki, əldə olunub”, – deyə o qeyd edib. Məlumata görə, bu sazişlər ticarət əməliyyatlarında ABŞ dollarından imtina edilməsinə yönəlib.
“İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,4 mlrd. ABŞ dollarına çatıb. Azərbaycan iş adamları da İran iqtisadiyyatına investisiyalar yatırırlar”. Azərbaycan İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bunu ölkənin İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının üzvlərinin, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təmsilçilərinin daxil olduğu nümayəndə heyəti ilə görüşü zamanı deyib.
Nazir bildirib ki, qarşılıqlı ticarət sahəsində də ciddi irəliləyişlərə nail olunub, 2018-ci ildə ticarət dövriyyəsi 74%, bu ilin 5 ayı ərzində isə 2,3 dəfə artıb.
Əməkdaşlığın inkişafı perspektivlərinə gəlincə, nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, enerji, sənaye, kənd təsərrüfatı, ticarət, kiçik və orta sahibkarlıq, maliyyə, İKT, ekologiya, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.
Onu da qeyd edək ki, Rusiya və Çin öz aralarında ödənişlərdə milli valyutalardan istifadə etmək üçün hökumətlərarası saziş bağlayıb. Avropa isə İranla ticarət apara bilmək üçün Vaşinqtonun sanksiyalarından yan keçməyə və dollarsız alver etməyə imkan verən “INSTEX” mexanizmini işə salır. Vaşinqton avropalıları bu layihədən imtina etməyə çağırır və bu da təəccüblü deyil. ABŞ artıq “INSTEX”də iştirak edəcək bütün ölkələri sanksiyalarla təhdid edib.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin statistik məlumatına görə, bu ilin birinci rübündə Azərbaycanın İranla ticarət dövriyyəsinin həcmi 230,637 mln. dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 162,235 mln. dollar (3,4 dəfə) çoxdur. İranla ticarət dövriyyəsindəkı həcmin 11,007 mln. dolları ixracın, 219,631 mln. dolları isə idxalın payına düşüb.
Bu ilin birinci rübündə Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi isə 812,341 mln. dollara bərabər olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 239,239 mln. dollar (41,7%) çoxdur. Türkiyə ilə ticarət dövriyyəsinin 504,900 mln. dolları ixracın, 307,441 mln. dolları isə idxalın payına düşüb.
Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Trend bildirir ki, iyulun 3-də qızılın qiyməti iyulun 2-i ilə müqayisədə 61,1915 manat artaraq 1 unsiya üçün 2426,155 manat təşkil edib.
Gümüş 0,2283 manat bahalaşaraq 1 unsiya üçün 26,0514 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 8,9845 manat azalaraq 1412,0115 manat, palladiumun qiyməti isə 21,794 manat artaraq 2657,253 manat təşkil edib.
Ad | 03.07.2019 | 02.07.2019 | |
Qızıl | XAU | 2426.155 | 2364.9635 |
Gümüş | XAG | 26.0514
|
25.8231 |
Platin | XPT | 1412.0115 | 1420.996 |
Palladium | XPD | 2657.253 | 2635.459 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Ramil Osmanlı: “Prosesin irəliləməsi üçün dövlətin əlavə müdaxiləsinə ehtiyac var”
Prezident İlham Əliyevin çoxmənzilli yaşayış binalarının istismara qəbulu prosesinin asanlaşdırılmasına dair fərmanının icrası prosesi davam etdirilir. İndiyədək Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 59 çoxmənzilli yaşayış binaları kompleksinin istismarına icazə verilib.
Komitə sədri Samir Nuriyevin mətbuata verdiyi məlumata görə, həmin komplekslərdə 11 mindən artıq ailə məskunlaşıb. İcazə verilənlərdən əlavə, hazırda ölkədə 400-ə yaxın bu cür layihə mövcuddur: “Aidiyyəti dövlət qurumları öz işlərini bitirib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verdikdən 1 həftə sonra mülkiyyət hüququnu təsdiq edən sənəd verilir”.
Komitə sədri hesab edir ki, ilin sonuna qədər fərmanın icrası tam yekunlaşacaq: “Amma onu da qeyd edim ki, müəyyən yerlərdə hələ də nöqsanlar aşkar edilir. İş adamlarını mövcud nöqsanları aradan qaldırmağa səsləyirik”.
Qeyd edək ki, fərmanın imzalanmasından ötən 7 ay ərzində cəmi 59 binaya istismar icazəsinin verilməsi göstərir ki, proses kifayət qədər ləng gedir. Bu ləngimənin kökündə isə xeyli sayda binada kobud pozuntuların olmasıdır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sektor müdiri Bəxtiyar Tağıyevin APA-ya bildirdiyinə görə, Azərbaycanda istismarına icazə verilmədən insanların məskunlaşdığı çoxmənzilli yaşayış binalarının və yaxud da komplekslərin sayı 470-dir. Bunun 413-ü Bakı ərazisində, qalan 57 bina isə Abşeron rayonunda, Sumqayıt, Gəncə, Lənkəran və Mingəçevir şəhərlərindədir. İndiyədək Fövqəladə Hallar Nazirliyi tərəfindən 85 binanın-kompleksin istismara qəbul edilməsi ilə bağlı müsbət rəy verilib.
FHN rəsmisi sənədsiz binalardakı problemləri də sadalayıb: “Bəzi hallarda yaşayış binalarını inşa edən iş adamları öz öhdəliklərini sakinlər qarşısında tam olaraq yerinə yetirməyiblər. Digər tərəfdən, onu qeyd etməliyəm ki, bir sıra kooperativ yaşayış binalarının bu gün sahibləri yoxdur. Müəssisə ləğv edilib, bina sahibləri vəfat edib. Nəticə etibarı ilə binada yaşayan sakinlər problemlərlə üzbəüz qalıblar. İkinci tərəfdən, Fövqəladə Hallar Nazirliyi yaradılmamışdan əvvəl tikintisi aparılmış binalarda, bir çox halda, sənədləşmə ilə bağlı problemlər qalmaqdadır. Bu günə olan məlumata əsasən, 350-yə yaxın yaşayış binasında çatışmazlıqlar qalmaqdadır. Təqribən 200-ə yaxın bina yanğın təhlükəsizliyi tələblərinə cavab vermir. Bu binalarda yanğın təhlükəsizliyi qaydalarına tam və yaxud qismən riayət olunmayıb. Qeyri-yaşayış sahələrində də müvafiq təhlükəsizlik tədbirləri görülməyib. Bildiyiniz kimi, çoxmənzilli yaşayış binalarının böyük əksəriyyətinin zirzəmi hissələrində avtodayanacaqlar yerləşir. Avtodayanacaqlar da potensial təhlükə mənbəyidir. Təsəvvür edin, avtodayanacaqda saxlanılan avtomobillərin birində yanğın baş versə, nələr baş verə bilər. Bunun üçün yanğın təhlükəsizliyi baxımından müvafiq tədbirlər həyata keçirilməli, yanğınsöndürmə, siqnalizasiya, tüstü sovurma sistemləri quraşdırılmalıdır. Binalar tikilib, iş adamı mənzilləri satıb, öz gəlirini götürüb və insanlar mənzillərdə məskunlaşsalar da, problemlər öz həllini tapmayıb”.
B.Tağıyevin dediyinə görə, bundan əlavə, 70-ə yaxın binanın dayanıqlığının təsdiqi ilə bağlı zəruri sənədləşmə işi aparılır: “Ola bilsin ki, onların bir hissəsində əlavə gücləndirmə işlərinin aparılması zəruri hesab edilsin. Bu sonda bilinəcək. Bu sahədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bütün imkanlarını səfərbər edib. Nöqsanlar aradan qaldırıldıqca, istismarına icazə verilən binaların sayı artmaqdadır. Fərmanın icrasına başlanıldığı andan bu günə kimi xeyli irəliləyiş əldə olunub, çatışmazlıqların sayı kəskin azalıb. Məsələn, fərmanın icra olunduğu ilk aylarda yanğın təhlükəsizliyi ilə bağlı 50 binaya müsbət rəy verilmişdisə, bu gün 250-dən artıq binaya yanğın təhlükəsizliyi ilə bağlı müsbət rəy verilib. Liftlərlə də bağlı kifayət qədər problemlər mövcuddur. Respublika üzrə 41 binada 200-dən artıq lift yoxdur, yəni quraşdırılmayıb. Məlum məsələdir ki, liftlərin quraşdırılması kifayət qədər vəsait tələb edir. Bəzi sahibi olmayan binalarda bu problemin aradan qaldırılması sakinlərin imkanları xaricindədir. Bu məsələ açıq olaraq qalmaqdadır. Məsələnin həlli üçün bir neçə variant nəzərdən keçirilir”.
FHN yetkilisinin verdiyi məlumata görə, “Azərişıq” ASC üzrə 40 binada, “Azəriqaz” İstehsalat Birliyi üzrə 77 binada, “Azərsu” ASC üzrə isə 47 binada problemlər hələ öz həllini tapmayıb: “Nöqsanların qaldığı binaların sahiblərindən xahiş edərdim ki, fərmandan istifadə etsinlər. Bu, nöqsanları aradan qaldırmaq üçün onlara verilmiş şansdır. Fərmanın icrası başa çatandan sonra məsuliyyət onların üzərində qalacaq. Hamı bilir ki, hansı binanı kim tikib və orada hansı problemlər mövcuddur. Heç kəs düşünməsin ki, sifarişçisi, sahibi olan binaların problemlərini dövlət öz üzərinə götürəcək”.
Göründüyü kimi, fərmanın əhatə dairəsinə düşməsi mümkün olmayan binaların sayı kifayət qədərdir. Bu isə həmin binaların fərmanın icra müddətində sənədləşdirilməyəcəyi təhlükəsini yaradır. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının “Yeni Müsavat”a bildirdiyinə görə, FHN rəsmisinin qeyd etdiyi nöqsanlar hazırda prezidentin fərmanının icrasına ciddi problemlər yaradır: “Belə problemlər var və onlara görə fərmanın icrasında çətinliklər yaranıb. Fərmanda Fövqəladə Hallar Nazirliyinə qəzalı və ciddi problemləri olmayan binalara rəy vermək tapşırılıb. Bu gün məlum olur ki, paytaxtda xeyli sayda binada yanğın təhlükəsizliyi ilə bağlı problemlər var. O problemlərin aradan qaldırılması isə bir sıra səbəblərdən mümkün deyil: ya binanı tikən MTK artıq mövcud deyil, ya da problemləri aradan qaldırmaq gücü yoxdur. Bu cür problemlərin yaranmasında əlaqədar dövlət qurumlarının da məsuliyyəti var, çünki tikilən binalara vaxtında normal nəzarət olunmayıb. Elə MTK var ki, 15 il əvvəl binanı tikib, kvadratmetrini 250-300 manatdan satıb. İndi o binada yanğın təhlükəsizliyi üçün zəruri olan infrastrukturun qurulması üçün vaxtilə binadakı mənzillərin satışından əldə olunandan daha çox vəsait tələb olunur. Bütün bunlar çox təəssüflər olsun ki, cənab prezidentin fərmanının icrasında problemlər yaradır”.
Bəs çıxış yolu nədir? Problemlərin aradan qaldırılması necə və kimin hesabına həyata keçirilməlidir? Ekspertin fikrincə, bu məsələyə dövlət tərəfindən dəstək verilməlidir: “Elə binalar var ki, MTK-lar tikib, mənzil sahiblərinə təhvil verib gedib. Yaxud binanı tikən şəxs vəfat edib, hazırda onun sahibi yoxdur. Belə binalarda problemlərin aradan qaldırılması dövlət tərəfindən maliyyələşdirilməlidir. Çünki sakinlərin belə maliyyə tutumu yüksək olan işləri həyata keçirmək imkanı yoxdur. MTK-ları mövcud olan, fəaliyyət göstərən binalardakı problemlərin sahibkarlar tərəfindən aradan qaldırılması tələb olunmalıdır. Elə MTK-lar var ki, prosesi uzatmağa, fərmanın icra müddətinin bitməsinə qədər hansısa iş görməməyə çalışırlar. Belə hallara qarşı dövlət qurumları sərt ölçü götürməli, MTK-ları məcbur etməlidilər ki, nöqsanları aradan qaldırsınlar”.
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend bildirir ki, iyulun 1-də qızılın qiyməti iyunun 28-i ilə müqayisədə 45,6195 manat azalaraq 1 unsiya üçün 2367,165 manat təşkil edib.
Gümüş 0,1236 manat ucuzlaşaraq 1 unsiya üçün 25,8907 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 34,306 manat artaraq 1420,928 manat, palladiumun qiyməti isə 40,8 manat azalaraq 2614,4045 manat təşkil edib.
Ad | 01.07.2019 | 28.06.2019 | |
Qızıl | XAU | 2367.165 | 2412.7845 |
Gümüş | XAG | 25.8907
|
26.0143 |
Platin | XPT | 1420.928 | 1386.622 |
Palladium | XPD | 2614.4045 | 2655.2045 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
Bu gündən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edib.
"Qafqazinfo" nun məlumatına görə, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bildirir ki, 1 iyul 2019-cu il tarixinədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15%, xarici valyutada isə 3% təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır. 1 iyul 2019-cu il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10%-dən, xarici valyutada 2,5%-dən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər ƏSF tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
İyulun 1-nə olan manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, iyulun ilk günü rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, iyunun 28-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.
Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhəri yaxınlığında yerləşən “Platov” hava limanından Bakıya birbaşa uçuşlara başlanılır.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, Rostovdan Bakı istiqamətində ilk təyyarə iyulun 6-da havaya qalxacaq.
Uçuşlar həftədə bir dəfə – şənbə günləri “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək.
Təyyarə “Platov”dan yerli vaxtla 15:00-da havaya qalxacaq və 18:20-də Bakıya eniş edəcək. Beləliklə, uçuş vaxtı 2 saat sürəcək. Bakıdan Rostova təyyarələr 12:50-də uçacaq və 13:50-də “Platov”da yerə enəcək.
Bir istiqamətdə biletin qiyməti təqribən 190 dollardır.