Ümumdünya Qızıl Şurası (World Gold Council) avqustun 1-də dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatını yeniləyib. Bu hesabatdakı reytinqdə Azərbaycan yer almayıb. Şura bunu Azərbaycanın öz qızıl ethiyatlarını 2018-ci ildən etibarən satmağa başlaması və tamamən satması ilə izah edib.

Qızıl Şurasının bu hesabatı Azərbaycanda ciddi müzakirələrə səbəb olub. Belə ki, Azərbaycanın qızıl ehtiyatları  Dövlət Neft Fondunda toplanıb. Şuranın hesabatında isə onun satıldığı qeyd edilir.

Bununla bağlı Musavat.com-a Neft Fondundan verilən açıqlamaya görə, Dünya Qızıl Şurası ölkələrin qızıl rezervləri barədə məlumatı Beynəlxalq Valyuta Fondundan (BVF) əldə edir: “Bu statistika isə özündə əsasən Maliyyə Nazirliyi və Mərkəzi Banklar kimi monetar və fiskal qurumların balansında olan qızıl ehtiyatlarını birləşdirir. Bu səbəbdən Dövlət Neft Fondunun qızıl investisiyaları qurumun rüblük hesabatında öz əksini tapmamışdır. Bildirmək istərdik ki, ARDNF-nin İnvestisiya siyasəti və İnvestisiya qaydalarının tələblərinə uyğun olaraq 30 iyun 2019-cu il tarixinə ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton (3 069 414,783 troya unsiyası və ya 4 356,4 milyon ABŞ dolları) təşkil edir”.

Ekspert Elman Rüstəmovun dediklərini haqlı sayır: “İstehlak krediti əlavə dəyər yaratmır”

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov maliyyə-bank sektorunda təhlükəli meyl barədə xəbərdarlıq səsləndirib. Nazirlər Kabinetinin 2019-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında çıxış edən baş bankir real sektora verilən kreditlərin azaldığı bir şəraitdə istehlak kreditlərinin (əhaliyə verilən kreditlərin) sürətlə artmasının təhlükəli nəticələri ola biləcəyinə işarə edib: “2019-cu ilin 6 ayı ərzində cəmi kreditlər 1.6 faiz artıb. Bu artım istehlak kreditlərinin 9 faizdən çox artmasından qaynaqlanıb. Amma biznes kreditləri 0,3 faiz azalıb”.

Elman Rüstəmov əhaliyə verilən cəmi kreditlərin bankların kredit portfelinin yarısına yaxınlaşmasının problemlər yarada biləcəyi barədə xəbərdarlıq edib: “Mərkəzi Bank hesab edir ki, biz diqqətli olmalıyıq. İstehlak kreditlərinin artması diqqətlə izlənilməlidir. Əhalinin borc yükünün artması, həm də istehlak kreditlərinin cəmi bank sektorunun portfelində 50 faizə yaxınlaşması izlənilməlidir ki, hansı problemlər yarada bilər.”

Mərkəzi Bankın sədri əlavə edib ki, bank sektorunda əhəmiyyətli likvidlik var: “Yüksək likvidliyə baxmayaraq, biznes kreditləri artmır. Görünür, kompleks requlyativ, stimullaşdırıcı tədbirlər görmək lazım gələcək ki, bu kreditlər bütövlükdə real sektora getsin və bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləsin”.

Rəşad Həsənov ile ilgili görsel sonucu

Baş bankirin dediklərini şərh edən iqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, istehlak və biznes kreditləri mahiyyətcə fərqli alətlərdir: “İstehlak krteditləri iqtisadiyyatda əlavə dəyər yaratmır. Yəni iqtisadi inkişafa dolayısı ilə təsir edir. Məcmu tələbi artırır, bu, dolayısı ilə mal və xidmətlərin istehlakına və ticarət dövriyyəsinin həcminə təsir göstərir. Amma nəzərə alsaq ki, istehlak kreditəri daha çox müəyyən kateqoriyalı məhsulların istehlakına yönələn kreditlərdir, o məhsulların böyük  əksəriyyəti idxal məhsullarıdır, onda görərik ki, bu kreditlər daxildə istehsalçı ölkə olaraq əlavə dəyər yarada bilmir. Biznes kreditləri isə birbaşa  olaraq iqtisadi aktivliyi dəstəkləməklə, eyni zamanda ümumi daxili məhsul, yeni iş yerləri yaradır. Bu baxımdan, istehlak kreditlərinin artması biznes kreditlərinin azalması, təbii ki, təhlükəli və arzuolunmaz prosesdir. Bu, iqtisadiyyatın özündə mənfi balansın olmasının göstəricisidir. Bu vəziyyət bank sektoru üçün risklər formalaşdırır. Hansı ki, 2015-ci ildə sektor belə risklərlə üzləşdi: istehlak kreditləri 45 faiz idi, iqtisadiyyatın ümumi zəifələməsi fonunda onların geri qaytarılmasında ciddi problemlər yarandı, banklar böyük itkilərlə üzləşdilər. Onların toksik aktivlərinin həcmi normalardan dəfələrlə yüksəyə qalxdı. Buna görə də istehlak kreditlərinin artması iqtisadi çətinlik dövründə bank defoltlarının əsas səbəblərindən biri hesab olunur. İstehlak kreditlərinin zəmanət mexanizmləri zəif olur. Girov kimi istehlak olunmuş məhsulların özü çıxış edir, vaxt keçdikcə dəyərini itirir. Buna görə də son nəticədə banklar aktivlərin likvidləşməsi imkanlarını itirirlər”.

Biznes kreditlərinin azalmasının səbəblərinə gəlincə, ekspert onların bir neçə olduğunu deyir: “Birincisi, məlum böhranla əlaqədar son 3-4 il ərzində biznesin əksəriyyəti problemli müştəri kateqoriyasına düşüb. Yəni bankın kredit təkliflərini ala biləcək kateqoriyanın əhatə dairəsi kəskin məhdudlaşıb. İkincisi, iqtisadiyyatda mənfəət norması çox aşağı düşüb. 2014-2015-ci illərdə bu norma 70-80 faiz ətrafında dəyişirdisə, indi bu göstərici təxminən 30-35 faiz civarındadır. Bu şəraitdə biznesin 20-30 faizlə kredit cəlb etməsi gəlirli deyil. İndiki şərtlər daixilində biznesin kreditlər hesabına genişləndirilməsi sahibkar üçün əlverişli deyil. Daha bir səbəb budur ki, böhrandan sonra kredit qaydaları xeyli sərtləşdirilib. Düzdür, son zamanlar Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən yumşalmalara gedib, amma bu, yetərli deyil. 2015-ci ilədək olan dövrə nisbətən kreditləşmə şərtləri xeyli sərtdir. Buna görə də banklarda izafi likvidlik yaranıb”.

R.Həsənovun fikrincə, vəziyyəti dəyişmək, biznes kreditləşməsini artırmaq üçün kompleks addımlar atılmalıdır:“Birincisi, kredit faizləri aşağı düşməlidir. Kredit faizlərinin aşağı düşməsi isə bir neçə amildən asılıdır: bank sektoru liberallaşdırılmalıdır, təklif artmalıdır. Eyni zamanda mərkəzləşdirilmiş vəsaitlərin bank aktivlərində payı artmalıdır. Bu gün Mərkəzi Bankın uçot dərəcələrinə etdiyi dəyişikliklər ölkədə kredit faizlərində öz əksini tapmır. Bunun əsas səbəbi ondan ibarətdir ki, Mərkəzi Bankın bankların aktivlərində iştirakçılığı çox aşağı səviyyədədir. Banklar aktivləri əhalidən, biznesdən yüksək faizlə cəlb edirlər və bu halda kredit faizləri də yüksəlir. Mərkəzi Bankın bank aktivlərində iştirakının artırılması ilə yanaşı, uçot dərəcəsinin də əhəmiyyətli şəkildə aşağı salınması lazımdır ki, kredit faizləri aşağı düşsün. Bundan əlavə, zəmanət mexanizmləri təkmilləşdirilməlidir. Daşınar girovların reyestrinin işləməsi üçün real addımlar atılmalıdır. Biznesin sığortalanması – xüsusilə də kənd təsərrüfatında – üçün addımlar atılmalıdır. Yəni təməl olaraq tədbirlər görülməlidir: iqtisadiyyat liberallaşmalı, məmurlar biznesdən çəkilməli, inhisarçılıq təşəbbüsləri yerindəcə boğulmalıdır. Biznes mühiti nə qədər azad olacaqsa, biznes təşəbbüsləri də bir o qədər çox olacaq, kreditə tələb artacaq. Bunun fonunda bank sistemi də liberal olacaqsa, biznes kreditlərinin sürətli artımını görə biləcəyik”…

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, avqustun 5-də qızılın qiyməti avqustun 2-i ilə müqayisədə 35,5555 manat artaraq 1 unsiya üçün 2470,4485 manat təşkil edib.

Gümüş 0,4636 manat bahalaşaraq 1 unsiya üçün 28,0011 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 1,53 manat artaraq 1450,5505 manat, palladiumun qiyməti isə 46,41 manat azalaraq 2399,6605 manat təşkil edib.

Lirə bahalaşır, lari ucuzlaşır

Azərbaycan Mərkəzi Bankı 5 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 5-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.8918 manat təşkil edir.

1 türk lirəsi 0.3034 manat, 1 rus rublu 0.0260 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0.5903 manatdır.

Qeyd edək ki, ötən həftə 1 türk lirəsi 0.2999 manat, 1 gürcü larisi isə 0.5805 manat idi.

Vüqar Bayramov: “Hər şey Mərkəzi Bankdan asılı olacaq”; Elman Rüstəmov: “Əhalidə və biznesdə inflyasiya gözləntiləri aşağıdır”

ABŞ Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin növbəti iclası iyulun 31-də baza uçot dərəcəsinin 0,25 faiz azaldılması barədə qərarın qəbul olunması ilə başa çatıb. Bu, son 10 ildə – 2008-2009-cu illərin maliyyə böhranından bəri ABŞ tənzimləyicisinin uçot dərəcəsi ilə bağlı ilk azalma qərarıdır.

Belə ki, 2008-ci il 16 dekabrda ABŞ-da uçot dərəcəsi rekord şəkildə aşağı salınaraq 0-0,25 faiz həddində müəyyən olundu və 7 il ərzində dəyişməz qaldı. 2015-ci ilin dekabr ayında ABŞ-da işsizlik səviyyəsinin 2008-ci ilin fevralından ən aşağı səviyyəyə (5 faiz) düşməsi fonunda FED ilk dəfə olaraq uçot dərəcəsini 0,25-0,5 faizə kimi artırdı. 2018-ci ildə isə tənzimləyici 4 dəfə artım qərarı alıb. FED sonuncu dəfə bu il iyunun 20-də uçot dərəcəsinin 2,25 – 2,5 faiz səviyyəsində saxlanılmasına qərar vermişdi. İyulun son günündə qəbul edilən qərarı analitiklər əvvəlcədən proqnozlaşdırmışdılar. Sadəcə, müzakirələr artımın 0,25, yoxsa 0,5 faiz olacağına dair idi.

FED-in qərarla bağlı press-relizində qeyd olunur ki, uçot dərəcəsinin azaldılması qərarı qlobal iqtisadi inkişaf və aşağı inflyasiya səviyyəsi ilə bağlıdır. Tənzimləyicinin fikrincə, uçot dərəcəsinin endirilməsi iqtisadi aktivliyi artıracaq, əmək bazarında canlanma yaradacaq, həmçinin inflyasiyanı proqnozlaşdırılan 2 faiz səviyyəsində saxlamağa imkan verəcək. Qurum həmçinin qlobal iqtisadi inkişafla bağlı qeyri-müəyyənliyin olduğunu da qeyd edib.

 

FED-in növbəti toplantısı 17-18 sentyabrda keçiriləcək. Ona qədər tənzimləyici əmək bazarı, inflyasiya barədə statistikanı izləyəcək, həmçinin dünya iqtisadiyyatında vəziyyəti diqqətdə saxlayacaq. Tənzimləyicinin uçot dərəcəsini azaltmaq qərarına səbəb kimi inflyasiya rəqəmlərinin uzun müddət FED-in hədəfi olan 2 faizdən aşağı olması, cari ilin 2-ci rübündə illik iqtisadi artım tempinin 1-ci rübə nisbətən 1 faiz bəndi aşaği düşməsi, ötən ildə iqtisadi artım tempinin yeni statistik məlumatlar sayəsində 3 faizdən 2.5 faizə endirilməsi, ticarət müharibələri və geosiyasi gərginliyin səngiməməsi kimi amillər qeyd olunur. Hesab olunurdu ki, bu amillər FED-in yumşaq pul siyasətinə keçid etməsini, yəni faiz dərəcələrinin endirilməsini şərtləndirir.

Beynəlxalq analitiklər hesab edirlər ki, FED-in qərarına təsir edən əsas amillərdən biri də Avropa Mərkəzi Bankının siyasətidir. Belə ki, iyulun 25-də bu qurum uçot dərəcəsini rekord aşağı səviyyədə – 0 faizdə saxlayıb. Eyni zamanda bazar iştirakçılarında bu göstəricinin Avropa tənzimləyicisi tərəfindən sentyabrda daha da aşağı mənfi 0,5 faizə salınacağına dair rəy formalaşıb. Belə kəskin aşağı uçot dərəcəsi şəraitində isə ABŞ valyutası, həmçinin bu ölkədə istehsal olunan məhsullar rəqabət qabiliyyətini itirəcək.

Uçot dərəcəsinin endirilməsi qərarının digər səbəbi kimi ABŞ prezidenti Donald Trampın quruma davamlı təzyiqləri çıxış edir. Belə ki, Tramp ötən ildən başlayaraq uçot dərəcəsinin radikal şəkildə endirilməsinin zəruriliyi barədə çıxışlar edir, özünün twitter hesabından FED-ə təkliflər yazırdı. FED-in iclası ərəfəsində ABŞ prezidenti azalma qərarının, özü də daha radikal səviyyədə alınmasının gərəkdiyini açıqlamışdı. Bildirmişdi ki, onu 0,5 faizlik endirim qane edir. Buna görə də 0,25 faizlik edirimdən narazı qalıb. O, həmçinin  FED rəhbəri Cerom Pauellin qərarla bağlı açıqlamasından da narazı qalıb. D.Tramp hesab edir ki, bazar Pauelldən gözlədiyini eşidə bilməyib: “Bazar Cey Pauell və Federal Ehtiyat Sistemindən uçot dərəcəsinin Çin, Avropa Birliyi və digər dünya ölkələri ilə ayaqlaşmağa imkan verəcək uzunmüddətli və aqressiv azaldılması qərarını eşitmək istəyirdi”.

FED rəhbərinin qərarla bağlı çıxışından sonra fond bazarlarında ucuzlaşma qeydə alınıb. Belə ki, sənaye indeksi olan Dow Jones 1,23 faiz, geniş bazar indeksi S&P 500 1,09 faiz, yüksək texnologiyalar indeksi Nasdaq isə 1,19 faiz aşağı düşüb.

Ucuzlaşma Asiya bazarlarında da qeydə alınıb. Belə ki, Honkonqun Hang Seng-i 0,56 faiz, Şanxayın Shanghai Composite indeksi 0,41 faiz, China A50 isə 0,3 azalıb.

Ucuzlaşma tendensiyası neft və qızıl bazarında da hiss olunub. Belə ki, Brent nefti bir gün əvvəlki 65 dollardan 64 dollara düşüb, qızıl isə 1,7 faiz dəyər itirib.

 

İqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, FED-in son qərarına rəğmən dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib: “Əvvəla, investorlar 50 bənd azalmanın olacağını gözləsələr də, FED 25 bəndlə kifayətləndi. İkincisi, FED-in qərarı elan edən zaman yayılan açıqlama valyuta bazarına birbaşa təsir göstərdi. Belə ki, FED yeni azalmaların gündəmdə olmadığını bəyan edib. Üçüncüsü, bir sıra mərkəzi bankların, o cümlədən Avropa Mərkəzi Bankının yeni uçot stavkası azalmalarının olacağı ilə bağlı bəyanatı da bazara təsir etməkdədir. FED-in qərarından sonra avro 1.10 dollaradək ucuzlaşıb. Bunun digər səbəbi də Avropa Mərkəzi Bankının növbəti ayın 12-də ehtimal olunan stavka azalmaları ilə bağlıdır. Göründüyü kimi, dolların ucuzlaşması nə qlobal, nə də regional gündəmdədir. Ağ Evin təsir və təzyiqləri ilə reallaşan 25 bəndlik azalma da ABŞ pulunun ucuzlaşdırmadı. Bu isə ondan xəbər verir ki, yığım vasitəsi kimi dollar yeni ən az riskli valyuta hesab olunur”.

FED qərarının Azərbaycan milli valyutasına təsirinə gəlincə, V.Bayramov hesab edir ki,  məzənnənin qorunub saxlanmasında Mərkəzi Bankın mövcud müdaxiləsi yenə də həlledici olaraq qalır: “Bununla belə, Mərkəzi Bank ilin sonuna doğru yeni ssenarilərə hazır olmalıdır. İlin sonunda dollara proqnozlaşdırılan tələb artımı fonunda manatın kursu həmçinin neftin dünya bazar qiymətindən və əsas qeyri-neft ixrac tərəfdaşlarımızdakı milli valyutaların məzənnəsindən asılı olacaq”.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə Nazirlər Kabinetinin bu ilin 6 ayının yekunlarına həsr olunmuş iclasında bildirib ki, manatın məzənnəsi sabitdir və sabit olaraq qalır: “Xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb. Bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir”.

“Report” Azərbaycanda fəaliyyət göstərən iri mağazalar şəbəkələrində 31 adda qeyri-ərzaq məhsullarının qiymətlərini araşdırıb.

Belə ki, 29 iyul 2019-cu il tarixinə “Araz”, “Bazarstore”, “Bizim Market” və “Bravo” mağazalarındakı eyni adda mallar üçün müəyyən olunan qiymətlərin (manatla) müqayisəsi aparılıb.

Müəyyən olunub ki, yalnız 2 adda məhsul üzrə qiymətlər ikidən artıq marketdə analoji səviyyədə olub.

Daha ətraflı məlumat aşağıdakı infoqrafikada təqdim olunur:

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,35 ABŞ dolları və yaxud 2% azalıb.

“Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,09 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

İran benzin və dizel ixrac edəcək.

APA-nın məlumatına görə, bunu Təbrizdə səfərdə olan İran Prezidenti Həsən Ruhani bildirib.

O, qeyd edib ki, bu gün İran benzin və dizel istehsalında özünü təmin etməklə yanaşı digər ölkələrə də yanacaq ixrac edəcək: “Biz qaz təminatında da özümüzü təmin etməyi bacardıq”.
ABŞ-ın ağır sanksiyalarının istehsal və yeni layihələrin açılmasına heç bir əngəl yaratmadığını bildirən H.Ruhani bu sanksiyaların İran xalqının xeyrinə olduğunu bəyan edib: “Bu sanksiyalar İran xalqına ayaq üstə durmağı öyrətdi. Həmçinin yeni texnologiyalar sahəsində çox yaxşı inkişaf əldə etmişik. Son günlərə kimi avtomobil hissələrini digər ölkələrdən idxal edirdik, lakin indi daxili mütəxəssislərin səyi nəticəsində ölkə daxilində istehsal edə bilirik”.

H.Ruhani həmçinin bildirib ki, İran yaxın vaxtlarda aviasiya və hava hücumundan müdafiə sahəsində çox önəmli layihələrin açılışını edəcək. Bu layihələr ölkəmizin elm sahəsində nə qədər inkişaf etdiyini göstərəcək”.

Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.

Trend bildirir ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bundan əvvəlki valyuta hərracı Mərkəzi Bankda iyulun 30-da keçirilmişdi. Həmin vaxt da hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdı.

Dövlət borcu sahəsində bütün öhdəliklər yerinə yetirilir.

Bunu Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı deyib.

S.Şərifov bildirib ki, 2019-cu ilin dövlət büdcəsinin 6 aylıq icrasının göstəriciləri ölkə iqtisadiyyatında baş verən dinamik prosesləri təsdiqləyir:

“Belə ki, dövlət büdcəsinin xərcləri 100,2 faiz səviyyəsində icra olunub – 10 milyard 951 milyon manat. Dövlət büdcəsinin gəlirləri isə 10 milyard 406 milyon manat məbləğində icra edilib. Dövlət büdcəsinin xərcləri artıqlaması ilə icra olunub. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən proqnoz göstəriciləri 108 faiz icra olunub. Çox yüksək göstəricilərdir. Vergilər Nazirliyinin xətti ilə yaxşı göstəricilərin biri də ondan ibarətdir ki, vergi daxilolmalarının 70 faizini qeyri-neft gəlirləri təşkil edib. Sair daxilolmalarda da vəziyyət qənaətbəxşdir, yəni büdcədən kənar daxilolmalar olub. Biz gözlədiyimiz templərdən bir qədər aşağı olsa da, ümid edirik ki, ilin sonuna bu vəziyyət tam düzələcək”.

Nazir qeyd edib ki, cari ildə 5 milyard 980 milyon dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərimizin 37 faizi hələ ki 6 ay ərzində icra olunub:

“Bunun bəzi obyektiv səbəbləri var. Onunla bağlıdır ki, bu məbləğdə təxminən 1 milyard 140 milyon manat kreditlər nəzərdə tutulub. Bu kreditlərin istifadə əmsalı əfsuslar olsun ki, o qədər də yüksək deyil. Hesab edirik, bizim bu kreditlərin icrası ilə məşğul olan aidiyyəti qurumlarımız bu sahədə işlərini sürətləndirməlidirlər. Bəzi hallar, şübhəsiz, təkcə onlardan asılı deyil. Müəyyən satınalma prosedurları var, beynəlxalq maliyyə qurumları tərəfindən onlar gözlənilməlidir. Bunlar da müəyyən vaxt tələb edir. Bir sıra hallarda Azərbaycan dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Hesab edirik ki, bunların ləngiməsi nəticəsində dövlət büdcəsinin vəsaitləri, əsasən də infrastruktur layihələrinin həyata keçirilməsi üzrə müəyyən geriləmələr var. Bu isə bizim vergi, gömrük orqanlarının işidir. Nəticə etibarilə, dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərinin icrasında bizə müəyyən maneələr yarada bilər. Ona görə biz çalışırıq ki, dövlət büdcəsinin xərcləri ahəngdar icra olunsun və xərclərin böyük bir hissəsi ilin sonuna – noyabr-dekabr aylarına təsadüf etməsin”.

O əlavə edib ki, dövlət büdcəsinin icrası tam təmin olunur. Dövlət borcu sahəsində də bütün öhdəliklər yerinə yetirilməkdədir. Orta və uzunmüddətli dövlət borcunun idarə edilməsi strategiyasına tam əməl olunur:

“Borcun səviyyəsini endirməyə nail olmuşuq və biz bu səviyyənin saxlanılmasını təmin edirik. Onu da qeyd etmək istərdim ki, eyni zamanda, dövlət tərəfindən bəzi əhəmiyyətli layihələrə dövlət zəmanətləri verilir. O cümlədən, belə mühüm layihələrdən biri də Cənub Qaz Dəhlizi layihəsidir. Sevindirici haldır ki, bu layihə üzrə nəzərdə tutulmuş maliyyələşdirməyə tam ehtiyac yaranmayıb, lakin xarici maliyyə qurumları ilə danışıqlar aparılmışdı, yəni onlar bu vəsaitləri ayırmağa hazır idilər. Amma birinci paket olaraq biz 2 milyardlıq borclanmadan imtina etdik, buna ehtiyac yaranmamışdı. İndi də əlavə sevindirici haldır ki, artıq Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi – MİGA ilə bizim Cənub Qaz Dəhlizi şirkəti tərəfindən kredit müqaviləsi bağlanıb – 750 milyon dollar məbləğində. İndi isə o kreditin götürülməsinə ehtiyac yoxdur. Yəni həm o layihə üzrə qənaət hesabına, həm də layihənin işə salınması ilə əlaqədar bizim o şirkətimiz artıq sərbəst maliyyə axınına malik olub və o, vəsait hesabına bu borcları təmin edir”.