Son xəbərlər

Yumurta alarkən diqqətli olun! — XƏBƏRDARLIQ















Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılır.

Aparılan monitorinqlər zamanı bəzi sahibkarların idxal olunan və ölkədə istehsal olunan yumurtaların qutuları üzərindəki istehsal tarixlərini dəyişdirməsi halları aşkar olunub. Eyni zamanda məlum olub ki, bəzi sahibkarlar xaricdən idxal olunan yumurtaları yerli müəssisələrin qutularına yerləşdirilərək “yerli yumurta” adı altında satışa çıxarır. Aşkar olunan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Bu barədə Minval.İnfo-ya Agentlikdən məlumat verilib.

Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin diqqətinə çatdırır ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və belə şəxslər haqqında qanunvericilik çərçivəsində ən sərt tərbirlər həyata keçiriləcək.

Vətəndaşlardan satış şəbəkələrində belə hallarla rastlaşdıqda konkret faktlarla Agentliyin “1003” Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur.

İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Azərbaycana gəlib.

Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən bildiriblər.

Qeyd olunur ki, nazir bu gün Bakıda keçiriləcək Azərbaycan-İran Hökumətlərarası İqtisadi Komissiyasının iclasında iştirak edəcək.

F.Dejpəsənd gəlişindən sonra bildirib ki, İran infrastruktur layihələrindən başqa, maliyyə və turizm sahələrində də Azərbaycanla ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

O, Bakıya səfərinin məhsuldar olacağına, ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə imkan verəcəyinə ümid etdiyini söyləyib.

ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb














ABŞ-ın Energetika Nazirliyi Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın nazirlik yanında Energetika İnformasiyası Agentliyinin (EİA) “Qısamüddətli energetika proqnozu”nun mart nəşrində deyilir.

Bildirilir ki, Azərbaycan 2019-cu ildə orta hesabla gündə 0,78 milyon barel neft və kondensat çıxarılacaq.

Proqnozun məlumatlarına əsasən, 2019-cu ilin birinci rübündə hasilatın səviyyəsi gündə 0,79 milyon barel təşkil edəcək. İkinci rübdə hasilat dəyişməz qalacaq – 0,79 milyon barel. Cari ilin üçüncü və dördüncü rüblərində neft hasilatı və gündə 0,78 milyon barel neft və müvafiq olaraq 0,76 milyon barel kondensat səviyyəsində proqnozlaşdırılır.

Agentliyin proqnozuna görə, 2020-ci ildə birgünlük hasilatın orta göstəricisi 0,76 milyon barel neft və kondensat təşkil edəcək.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 12-də 67,94 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,4 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 64,5 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,52 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 65,64 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.

"Bu ayın pensiya ödənişləri qrafik üzrə verilməyə başlayıb. Artıq 10-dan çox rayonun pensiyaları ödənilib".

Bunu "Report"a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Novruz bayramına qədər ölkə üzrə bütün pensiyaların ödənilməsi təmin olunacaq.

S.Babayev qeyd edib ki, martın 18-nə kimi bu ödənişlər tam yekunlaşacaq: "Adətən pensiyalar ay sonunda verilirdi. Bu dəfə pensiya ödənişlərinin artımla birlikdə Novruz bayramına qədər verilməsi təmin ediləcək".

Dövlət Neft Fondu Mərkəzi Bankın fevral ayında keçirdiyi valyuta hərraclarında 316,2 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, rəsmi açıqlama martın 13-də yayılıb.

Yanvarın valyuta hərraclarında fonddan 634,9 milyon dollar alınmışdı. Manatın kursunu qorumaq üçün keçirilən hərraclarda 2019-cu ilin ümumi xərci 951,1 milyon dollardır.

2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.

Mərkəzi Bank ABŞ dollarının kursunu 2018-ci il martın 7-dən 1,7 manat həddində saxlayır.

Martın 13-də avro banklara 1,9181, Gürcüstan larisi 0,6326, Rusiya rublu 0,0259, Türkiyə lirəsi 0,3114 manata satılır (Məzənnələr).

Avro 2019-cu ilə 1,9323, Gürcüstan larisi 0,6346, Rusiya rublu 0,0245, Türkiyə lirəsi 0,3141 manatla başlayıb.

Banklar problemli krediti olanlardan borclarını tələb edir















Prezident İlham Əliyevin fiziki şəxslərin kredit borclarının həlli sahəsində əlavə tədbirlərə dair fərmanı imzalamasından iki həftəyə yaxın vaxt keçir. Artıq müvafiq dövlət qurumları fərmanın icrası istiqamətində fəaliyyətlərə başlayıblar.

Fərmanda xarici valyutada olan kreditlərin məzənnə fərqindən artan hissəsi, həmçinin hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq olunacaq güzəşt mexanizminin hazırlanması barədə tapşırıq yer alıb. Bu işi martın 15-dək Maliyyə Bazarlarına Nəzarət Palatası Mərkəzi Bankla birlikdə həyata keçirməli, müvafiq mexanizmi təsdiq etməlidir.

Bundan əlavə, banklar Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən etməlidilər. Bundan əlavə, banklar problemli borcların restrukturizasiyası istiqamətində də addımlar atmalıdılar.

Prezident həmçinin banklara problemli kreditlərlə bağlı məhkəmələrdəki iddialarını geri çəkməyi tövsiyə edib.

Fərmanın icrası ilə bağlı işlər görülərkən banklar və məhkəmə orqanları borclulardan ödəniş etmələrini istəyirlər. Bununla bağlı redaksiyamıza müraciət edən şəxslər banklardan onlara zəng vuraraq ödənişlərini icra etmələrini istədiklərini bildirirlər. Bir neçə oxucumuz isə məhkəmə icraçılarının onlardan məhkəmə qərarına əməl edərək, borclarını bağlamalarını istədiklərini deyirlər.

Banklar və məhkəmələr bu tələblərində nə qədər haqlıdılar və vətəndaşlar necə davransınlar?

Banklar problemli krediti olanlardan borclarını tələb edir


Sualları cavablandıran hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov bildirir ki, borcların ödənməsi tələbi hər iki halda haqlı tələblərdir: “Prezidentin fərmanı problemli manat və xarici valyutada olan kreditlərin tam bağışlanmasını nəzərdə tutmur. Fərman xarici valyutada 10 min dollara qədər olan kreditlərin məzənnə fərqinin 92 faizinin dövlət tərəfindən ödənməsini nəzərdə tutur. Faiz və dəbbə puluna tətbiq olunacaq güzəşt mexanizmi də hazır deyil hələ. Gecikmiş kreditlər üzrə faizləri banklar bağışlamalıdılar, amma hələ buna da başlanmayıb. Bu baxımdan, bankların müştərilərdən ödəniş istəməsi qanunidir”.

Bəs vətəndaşlar borcun yalnız əsas hissəsini ödəməklə kifayətlənə bilərmi? Hüquqşünas bildirir ki, bank qaydaları bunu mümkünsüz edir: “Məsələ burasındadır ki, banka olunan borc ödənişindən birinci faiz borcu çıxılır, yerdə qalan əsas borcun ödənişinə yönəldilir. Bu baxımdan, vətəndaşın imkanı yoxdur ki, gedib əsas borcunu ödəsin, faizlər qalsın. Düşünürəm ki, faizlərin silinməsinə görə çoxlu sayda vətəndaş fərman icra olunanadək borcunu ödəmək istəməyəcək və banklar da buna mane ola bilməyəcəklər”.

Məhkəmə icraçılarının davranışlarına gəlincə, Ə.Həsənov qeyd edir ki, məhkəmələrdən iddiaların geri çağırılması banklara tövsiyə olunub: “Düzdür, bu ehtimal cüzidir, amma ola bilsin ki, hansısa bank bu tövsiyəyə əməl etməsin. Bundan əlavə, hələlik iddiaların geri çəkilməsinə da başlanmayıb. Bu halda məhkəmə icraçılarının qərarların icrasını tələb etməsi təbiidir”.

Qeyd edək ki, fərman icra olunanadək əhatə dairəsinə düşən şəxslərin kredit borclarını ödəməyə davam etməli olduqlarını İqtisadi İslahatlar və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı da qeyd etmişdi. Fərmanla bağlı canlı yayımda sualları cavablandıran mərkəz rəhbəri bildirmişdi ki, vətəndaşlar aylıq ödənişlərini davam etdirməlidilər: “Fərmanın icrasına başlandıqda onların məzənnə fərqinə görə artıq ödənişləri hesablanıb geri qaytarılacaq”.
Problemli kreditlərlə bağlı bütün suallarınızı bura yazın















Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində problemli kreditlərlə bağlı vətəndaşların müraciəti üçün xüsusi bölməyaradılıb.

Bölmədə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla əlaqədar vətəndaşlar tərəfindən tez-tez verilən suallara cavab tapmaq, eləcə də yeni sual ünvanlamaq mümkündür.

Həmçinin bölmədə fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar güzəşt kalkulyatoru da fəaliyyət göstərir.

*Bölmə sözünün üzərinə klikləyin (tıklayın).
Gömrük Komitəsindən vətəndaşlara süni maneələr yaradılması xəbərləri ilə bağı AÇIQLAMA















Bəzi kütləvi informasiya vasitələrində idxal əməliyyatları zamanı xarici iqtisadi ticarət iştirakçılarına Mərkəzi Gömrük Ekspertizası İdarəsi və Bakı Baş Gömrük İdarəsində gömrük orqanları tərəfindən süni maneələr yaradıldığı, malların laboratoriyaya və anbara göndərilərək sahibkarlardan qeyri-qanuni vəsaitlərin tələb olunduğuna dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bununla bağlı Dövlət Gömrük Komitəsindən Publika.az-a daxil olan açıqlamada qeyd olunur ki, yayılan məlumatda idxal edilən malların guya məqsədli şəkildə ekspertizaya göndərildiyi, prosesin günlərlə davam etdiyi və bu müddət ərzində sahibkarların nəqliyyat şirkətlərinə əlavə vəsaitlər ödədiyi iddia olunur. Digər iddiaya görə isə sahibkarların idxal etdikləri mallar gömrük orqanları tərəfindən məcburi qaydada anbara göndərilir və burada həm yükləmə, həm də xidmət müqabilində onlardan qeyri-qanuni vəsaitlər alınır.

Dövlət Gömrük Komitəsi bildirir ki, hər iki halda irəli sürülən iddialar tamamilə əsassızdır və gömrük qanunvericiliyinə uyğun olaraq həyata keçirilən proseslər qərəzli şəxslər və ya dairələr tərəfindən gömrük orqanlarının fəaliyyətinə kölgə düşürmək məqsədilə bilərəkdən yanlış şərh olunur.

Belə ki, idxal edilən hər hansı malın mənşə ölkəsi, təsnifat kodu və gömrük dəyəri haqqında gömrük orqanında şübhə yaranarsa, həmin mallar qanunvericiliyə görə Mərkəzi Gömrük Ekspertizası idarəsinə göndərilməlidir. Ekspertiza qanunla müəyyən olunan müddətdə başa çatdırılır və hər hansı qeyri-qanuni hal aşkar edilmədiyi təqdirdə sahibinə təhvil verilir.

Bu prosesin daha asan şəkildə həyata keçirilməsi və sahibkarların vaxt və əlavə vəsait itkisinə məruz qalmaması məqsədilə Dövlət Gömrük Komitəsinin sədri tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 50-ci və 322.2-ci maddələrinin müddəalarının tələblərindən irəli gələn məsələlərin icrası ilə əlaqədar ticarətin asanlaşdırılması üsullarından biri olan məcburi qərarların tətbiqinə dair sərəncam imzalanıb.

Gömrük Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə (mallar gömrük ərazisinə gətirilmədən öncə) gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər.

“Məcburi qərar” adlandırılan bu qərarlar həmin Məcəllənin 50.4-cü maddəsinə görə (bu Məcəllənin 50.5-ci maddəsinə əsasən ləğv edilən qərarlar istisna olmaqla), malların təsnifatına, mənşə ölkəsinə dair məcburi qərarlar qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) il müddətində, malların gömrük dəyərinə və gömrük ödənişlərinin məbləğinə dair məcburi qərarlar isə qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) il müddətində qüvvədə olur.

Yəni xarici iqtisadi fəaliyyət iştirakçısı idxal edəcəyi malın nümunəsini və mala dair məlumatları əvvəlcədən gömrük orqanına təqdim edir və aparılan araşdırma nəticəsində qəbul edilən qərara görə idxal edilən mallar maksimum 1 iş günü ərzində sahibinə təhvil verilir.

Bir nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus malların gömrük nəzarəti prosesi zamanı malların gömrük anbarına yönləndirilməsinə gəlincə, bu proses də gömrük qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir. Belə ki, qanunvericiliyə görə, bir nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus malların gömrük nəzarəti qanunvericiliklə müəyyən edilən gömrük anbarlarında həyata keçirilməlidir. Bu zaman sahibkar gömrük orqanlarına yalnız mallara dair bəyannamə üzrə nəzərdə tutulan vergi və rüsumları ödəyir. Həmin gömrük anbarlarının və orada göstərilən xidmətə görə alınan və ödənilən vəsaitlərin isə gömrük orqanlarına aidiyyəti yoxdur.

Onu da qeyd edək ki, gömrük sistemində aparılan islahatların əsas istiqamətlərindən biri idxal-ixrac əməliyyatlarının, gömrük nəzarəti və rəsmiləşdirilməsi proseslərinin sadələşdirilməsi, sürətləndirilməsidir. Bu məqsədlə tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemində malların hər hansı gömrük nəzarəti metodu tətbiq edilmədən birbaşa sahibkarların anbarlarına yönləndirilməsi və özləri tərəfindən boşaldılması və yüklənməsi nəzərdə tutulur.

Digər tərəfdən 1 nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus müxtəlif təsnifat kodu altındakı malların idxalı zamanı malların sahibi və ya onun səlahiyyətli nümayəndəsi mallar barədə əvvəlcədən gömrük orqanına lazımi məlumatları təqdim edərsə həmin mallar da prioritet qaydada ən qısa vaxt ərzində gömrük rəsmiləşdirilməsindən keçirilərək sahibinə təhvil verilir.

Üstəlik, ticarətin asanlaşdırılmasını, sahibkar üçün münbit şəraitin yaradılmasını nəzərdə tutan bu yeniliklər və tətbiqlər barədə Dövlət Gömrük Komitəsinin rəhbərliyi və aidiyyəti qurumları tərəfindən xarici iqtisadi fəaliyyət iştirakçıları ilə keçirilən görüşlərdə, Komitənin rəsmi internet səhifəsi, KİV, maarifləndirici videoçarxlar və digər vasitələrlə dəfələrlə məlumat verilib. Artıq 200-dən artıq xarici fəaliyyət iştirakçısı “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edərək malları birbaşa öz anbarına apara bilir.

Bundan başqa, Dövlət Gömrük Komitəsi tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrinin yaxınlığında Ticarətin Asanlaşdırılması Mərkəzlərinin yaradılması ilə bağlı yeni layihə icra olunur. Belə ki, “Yaşıl dəhliz” istifadəçisi olmayan xarici fəaliyyət iştirakçılarının idxal etdikləri mallar bu mərkəzlərdə asan və sürətli şəkildə gömrük nəzarətindən keçirilərək sahibinə təhvil veriləcək.

Görülən işlərin, həyata keçirilən islahat və yeniliklərin müqabilində həqiqətə uyğun olmayan məlumatların yayımlanması, hətta daha irəli gedərək gömrük xidmətinin korrupsiya və rüşvətxorluqda ittiham edilməsi gömrük orqanlarının fəaliyyətinə qərəzli və məqsədli şəkildə kölgə düşürməkdən başqa bir şey deyil. Üstəlik, korrupsiya, rüşvət, bir sözlə, gömrük qanunvericiliyinin pozulması ilə bağlı faktları müəyyən edən şəxslər və bəzi dırnaqarası kütləvi informasiya vasitələri bu faktları ictimailəşdirmədən öncə, birbaşa aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.
2 ayda nə ucuzlaşdı, nə bahalaşdı? – STATİSTİKA















2019-cu ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz bahalaşıb.

Azvision.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz bahalaşıb.

Ay ərzində düyünün, unun, manna yarmasının, makaron məmulatlarının, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları və pendirin, bitki yağlarının, limonun, naringinin, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin qiymətlərində bahalaşma, qarabaşaq yarmasının, yumurtanın, kərə yağının, yerkökünün, çuğundurun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində qeyri-ərzaq mallarından ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, velosipedlərin, mobil telefonların, televizorların, zərgərlik məmulatlarının, dəftərxana ləvazimatlarının, kəsilmiş taxtanın, sementin, kərpicin, nitro, sulu və yağlı boyaların qiymətlərində bahalaşma, geyimin, soyuducuların, paltaryuyan maşınların, tozsoranların, noutbuk və planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari ilin fevral ayında yanvar ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmizlənməsi, təmiri və kirayəsi, avtomobillərin təmiri, tibbi və stomatoloji xidmətlərin, ölkə daxilində istirahət turlarının qiymətləri bahalaşmış, respublikadan kənara istirahət turlarının, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşmışdır. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.