ABŞ Dövlət katibi Entoni Blinkeni Türkiyəyə dəvət etdim. Qarşılıqlı səfərlər etmək barədə razılığa gəldik.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Mövcud F-16-ların modernləşdirilməsi üçün danışıqlar davam edir. Əvvəlki illərlə müqayisədə ən azından ritorika baxımından heç bir gərginlik yoxdur. İndi daha çox və sakit dialoqumuz var. Bunları konkret addımlara çevirməliyik", - Çavuşoğlu bildirib.
İndoneziya Fransadan 42 ədəd çoxməqsədli “Rafale” qırıcısı alacaq.
Axar.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Florens Parli bildirib.
"İndoneziya 42 ədəd “Rafale” qırıcısı sifariş edib. Strateji tərəfdaşlığımız müdafiə əlaqələrimizdən faydalanacaq. Fransa ASEAN və Hind-Sakit okean regionunda əsas rol oynayan tərəfdaşımızın ordusunun modernləşdirilməsinə töhfə verməkdən qürur duyur", - Parli bildirib.
ABŞ və NATO-dan Rusiyanın təhlükəsizliyinə hərtərəfli təminat axtarmaq zəruridir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Dünyada vəziyyət getdikcə daha təlatümlü hal alır və gərginləşir. Bu, əlbəttə ki, strateji sabitliyin təmin edilməsi və yaranan təhdid və çağırışların qarşısının alınması üçün əlavə davamlı səylər tələb edir. İlk növbədə ABŞ və onun NATO müttəfiqlərindən ölkəmizin təhlükəsizliyi üçün hərtərəfli, hüquqi cəhətdən təmin edilmiş təminatlar almağa çalışmalıyıq”, - Putin bildirib.
Rusiya-Ukrayna gərginliyində Türkiyənin mövqeyi çox aydındır. Ankaranın münaqişədə olan hər iki tərəflə yaxşı münasibətləri var. Bunun üçün də addımlar atmağa davam edirik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "TRT Haber"ə açıqlamasında deyib.
"Bəziləri görünən, bəziləri isə pərdə arxasında atdığımız addımlardır. Prezidentimiz bu mövqeyini ən son Ukraynaya səfəri zamanı bildirdi. Burada məsələ ilk növbədə gərginliyi azaltmaq və sabitləşdirməkdir. Hər cəhd dəyərlidir, amma bəziləri “mən də bu işdə varam” söyləmək üçün addım atır. Burada qeyri-səmimilik görürük. Gərəksiz bəyanatlardan da çəkinmək lazımdır. Rusiyanın bu gün-sabah hücum edəcəyi haqda verilən bəyanatlar Ukraynada iğtişaşlara səbəb olur. Bu, həm də Ukraynaya iqtisadi ziyan vurur. Biz bunun real mənzərə olmadığını görürük. Real mənzərədə gərginlik var, münaqişə ehtimalı mövcuddur, amma bunu bəzi Qərb ölkələri etdiyi kimi, "meqafon diplomatiyası" ilə dilə gətirməyə ehtiyac yoxdur", - Çavuşoğlu bildirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.
Axar.az xəbər verir ki, o, bu barədə TRT telekanalına müsahibəsində deyib.
Nazir bildirib ki, səfər azərbaycanlı həmkarı Ceyhun Bayramovun dəvəti əsasında baş tutacaq:
“Ən qısa zamanda Bakıya gedəcəyəm. Həmkarım, Ceyhun qardaşım dəvət edib. Onsuz da xüsusi nümayəndələr görüşür, amma biz də fikir mübadiləsi aparacağıq”.
Türkiyənin Ağrı vilayətinin Doğubəyazid ilçəsində inanılmaz oğurluq hadisəsi baş verib.
Axar.az xəbər verir ki, çay məcrası üzərində yerləşən zərgərlik mağazasından 16 kq qızıl və 1 kq gümüşün oğurlandığı məlum olub.
Hadisə yerinə gələn polislər oğruların çay yatağı və ətrafını betonlayaraq binanın zirzəmisinə çatdığını müəyyən ediblər.
Belə ki, cinayətkarlar mağazanın içərisinə daxil olmadan sadəcə zinət əşyalarının saxlanıldığı seyfin olduğu hissəni kəsərək oradan müxtəlif qızıl və gümüş məhsullarını ələ keçiriblər.
Liviyanın Baş naziri Əbdülhəmid Dibeybənin avtomobilinə silahlı hücum edilib.
Axar.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Məlumata görə, Əbdülhəmid Dibeybənin maşınına paytaxt Tripolidə silahlı hücum edilib, lakin o, xəsarət almayıb.
Hücum edənlərin qaça biliblər. Onların kimliyi ilə bağlı məlumat verilmir.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Danimarka kraliçası II Marqrete koronavirusa yoluxub.
Ermənistan son illərdə Birinci Qarabağ müharibəsindən bəri itkin düşmüş hesab edilən 108 nəfərin meyitinin qalıqlarını Azərbaycana təhvil verib.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, yaxın günlərdə daha iki nəfərin meyitinin qalıqları Azərbaycana təhvil veriləcək.
Erməni baş nazir bununla Azərbaycanın Birinci Qarabağ müharibəsindəki 4 min itkinlə bağlı Ermənistanın heç bir addım atmadığı haqda ittihamlarının “əsasının” olmadığını, bu istiqamətdə addımlar atıldığını bildirib.
O, eyni zamanda 44 günlük müharibə zamanı itkin düşən 217 nəfərin qaytarılması ilə bağlı Azərbaycandan da analoji addımlar gözlədiyini bildirib.
N.Paşinyan 44 günlük müharibədən sonra Azərbaycan Ordusunun birbaşa iştirakı və dəstəyi ilə 1708 erməni əsgərin meyitinin qalıqlarının Ermənistana təhvil verildiyini və hazırda da axtarışlara şərait yaradıldığını nədənsə “xatırlatmağı” lazım bilməyib.
İranda ötən sutka ərzində 39 085 nəfər koronavirusa (COVID-19) yoluxub, 116 nəfər ölüb.