Rusiya-Ukrayna gərginliyində Türkiyənin mövqeyi çox aydındır. Ankaranın münaqişədə olan hər iki tərəflə yaxşı münasibətləri var. Bunun üçün də addımlar atmağa davam edirik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "TRT Haber"ə açıqlamasında deyib.
"Bəziləri görünən, bəziləri isə pərdə arxasında atdığımız addımlardır. Prezidentimiz bu mövqeyini ən son Ukraynaya səfəri zamanı bildirdi. Burada məsələ ilk növbədə gərginliyi azaltmaq və sabitləşdirməkdir. Hər cəhd dəyərlidir, amma bəziləri “mən də bu işdə varam” söyləmək üçün addım atır. Burada qeyri-səmimilik görürük. Gərəksiz bəyanatlardan da çəkinmək lazımdır. Rusiyanın bu gün-sabah hücum edəcəyi haqda verilən bəyanatlar Ukraynada iğtişaşlara səbəb olur. Bu, həm də Ukraynaya iqtisadi ziyan vurur. Biz bunun real mənzərə olmadığını görürük. Real mənzərədə gərginlik var, münaqişə ehtimalı mövcuddur, amma bunu bəzi Qərb ölkələri etdiyi kimi, "meqafon diplomatiyası" ilə dilə gətirməyə ehtiyac yoxdur", - Çavuşoğlu bildirib.