Kiyevə tərəf irəliləyən rus qoşunları İvankov kəndi yaxınlığında Ukrayna ordusu tərəfindən dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.

“Kiyevə tərəf rus tankları irəliləyirdi, lakin İvankova yaxınlığında döyüş başladı. Ukrayna hərbçiləri tank karvanının qarşısını almaq üçün körpünü partlatdılar”, - məlumatda bildirilib.

Kiyevin Vorzel qəsəbəsinin və ətrafdakı yaşayış məntəqələrinin işğalı an məsələsidir.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin köməkçisi Anna Malyar öz Feysbuk hesabında paylaşım edib.

O, həmçinin öz paylaşımında ukraynalıları düşməni dağıdıb məhv etməyə də çağırıb.

İndiyə qədər Donbas ərazisindən Rusiyaya 120 min qaçqın keçib.

Axar.az xəbər verir ki, bu barədə Vahid Rusiya Partiyasının rəsmisi Andrey Turçak deyib.

Onun sözlərinə görə, yardıma Rusiyanın bütün regionları qoşulub, 15 regionda isə qaçqınlar yerləşdirilib.

Şimal istiqamətindən hücum var və döyüşlər gedir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, döyüşlər Pobeda və Qluxov rayonlarında davam edir.

Nazir müavini bildirib ki, şimaldan hücum edən Rusiyanın 58-ci briqadasının irəliləməsinin qarşısı alınıb.

Rusiya ordusu ciddi itkilərə məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Sosial Əlaqələr və İnformasiya Müdafiəsi Dövlət Xidməti açıqlama yayıb.

“DİN-in keçmiş rəhbəri Arsen Avakovun sabiq müşaviri Mixail Apostolun verdiyi məlumata görə, Rusiya ordusu 3200 əsgər itirib, 500 zirehli texnikası məhv edilib, 2 alayı mövqelərini tərk edib”, - məlumatda bildirilib.

Maraqlıdır ki, Dövlət Xidməti bu yayadığı məlumatın rəsmi olmadığını da qeyd edib.

Mariupolun hazırda Ukrayna ordusunun nəzarətində olduğu bildirilir.

Rusiyanın hərbi əməliyyatının əsas hədəfi Kiyevi bloklamaq, Krıma və Dnestryanıya quru yolunu təmin etməkdir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Quru Qoşunları məlumat yayıb:

“Gecə saatlarında Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu davam edir. İndiyə qədər Ukraynaya 60 taktiki alay atılıb. Düşmənin əsas gücü Slobojansk, Seversk, Tavriçesk istiqamətindədir. “Qardaş ölkə” Belarusda Su-25SM-lərin nümayişi başlayıb. Artıq Rusiyanın işğal planı bəllidir. Əsas hədəf Kiyevin bloklanması, Krım və Dnestryanıya quru yolu açmaqdır”.

Qeyd edilib ki, daha bir hədəf mülki infrastrukturu sıradan çıxaqmaqdır:

“Xerson yaxınlığında döyüşlər gedir. Düşmən şəhəri şərqdən keçərək, Nikolayeva hücum etmək istəyir. Buyalıka iki raket zərbəsi endirilib. Pobeda-Qluxov istiqamətində müdafiə ordusu müqavimət göstərir. Rus ordusunun kolonu dayandırılıb.

Çerniqova ətrafında da döyüş gedir”.

Avropa Birliyinin sanksiyaları Rusiya iqtisadiyyatını “boğmağa” yönəlib.

Axar.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Lö Drian deyib.

Qeyd edək ki, AB ölkələri Rusiyaya əlavə sanksiyaları təsdiqləyib.

Olmalı olanlar oldu. Kreml bu addımı atmağa məcbur qaldı. Bu, Ukraynaya hücum deyil, Moskva tərəfindən tanınan iki dövlətin tələb etdiyi rəsmi hərbi dəstək üçün qoşunların yeridilməsidir.

Bu fikirləri Axar.az-ın müxbirinə müsahibəsində rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

“Putinin sözlərini xatırlayın: “Əgər döyüş qaçılmazdırsa, ilk növbədə siz zərbə endirməlisiniz”. Beləliklə, Rusiya vurdu. Bu, Ukrayna xuntasına zərbədir. Bu mənim sırf şəxsi fikrimdir. Orada Ukrayna Silahlı Qüvvələri dinc əhalini - uşaqları, qadınları öldürdü. Buna az adam diqqət yetirdi. Hamı qışqırırdı ki, separatçılar var və s. Əslində, 2014-cü ildə gələn hakimiyyəti qəbul etmək istəməyən Ukrayna xalqı idi. Bu gün Rusiyanın buna haqqı var. Orada nə desələr də, Rusiyanın milli maraqlarına real təhlükə mövcuddur. Ən əsası isə zərbələr Ukraynada mülki şəxslərə deyil, bu ölkənin hərbi obyektlərinə endirilib. Bu ölkəni heç kim işğal etmək fikrində deyil”, - həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, Ukrayna xalqı ayağa qalxmalı və ölkənin indiki rəhbərliyini zorla dəyişməli və bütün satqınları qovmalıdır:

“Yalnız bu, Ukrayna dövlətçiliyinin məhv edilməsi prosesini dayandıra bilər. Bu müharibə bütün bu müddət ərzində ölkəni talan edən və Qərbin tam himayəsində olan Ukrayna rəhbərliyinin vicdanındadır”.

Rusiyanın SWİFT maliyyə sistemindən çıxarılması üçün Britaniya müttəfiqləri ilə işləyir.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.

“Rusiya iqtisadiyyatı dağılmayana, Ukraynanın suverenliyi və ərazi bütövlüyü bərpa olunmayana qədər biz sakitləşməyəcəyik. Sanksiylar Rusiyanın varlı elitası və Putinin ətrafı üçün dərhal ciddi nəticələrə səbəb olacaq”, - deyə nazir bildirib.