Rusiya lideri Vladimir Putinlə Hindistan Baş naziri Narendra Modi arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Telefon danışığında Putin Ukrayna ilə müharibə barədə məlumat verib. O bildirib ki, xüsusi hərbi əməliyyatın başlamasına səbəb Kiyevin aqressiyası və ABŞ və NATO-nun Ukrayna ərazisindən istifadəsidir.

Bu gün Azərbaycanın sadə vətəndaşlarından, xüsusən də sosial şəbəkələrdə Ukraynaya dəstək üçün çoxlu telefon zəngləri və mesajlar aldıq. Bu mənə İkinci Qarabağ müharibəsi zamanı sadə ukraynalıların Azərbaycanı necə dəstəklədiyini xatırladır.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski deyib.

"Ölkəmiz üçün belə çətin bir zamanda Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirən bütün azərbaycanlılara dərin təşəkkürümüzü bildiririk!" - səfir qeyd edib.

Ukrayna ordusu Donbasda əla döyüşür. Onların hücumlarını dayandırmışıq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Xarkovda vəziyyət çox çətindir. Şəhəri qoruyacaq qüvvələr etibarlı şəkildə çalışır”, - deyə prezident qeyd edib.

Rusiyanı dünya iqtisadiyyatından təcrid edəcəyik.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

Baş nazir "VTB bank"ın bütün aktivlərinin dondurulduğunu bildirib, "Aeroflot"a qarşı sanksiya tətbiq ediləcəyini əlavə edib.

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili onun müalicə üçün Kiyevə göndərilməsi təklifi ilə ölkə hakimiyyətinə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə Saakaşvili Tiflisdə keçirilən növbəti məhkəmə iclasında bildirib.

"Bilirsiniz ki, həbsxanada aldığım xəsarətlər nəticəsində məndə ağır nevroloji vəziyyət yaranıb. Bu, təcili müalicə tələb edir. Sizə müraciət edirəm ki, Ukrayna XİN-in təklifi ilə razılaşın və mənim Ukraynaya tibbi transferimi həyata keçirin. Vəziyyət sabitləşənə qədər məhkəmə qərarını müvəqqəti təxirə salın. Mən Ukrayna vətəndaşıyam, Ukrayna Milli İslahatlar Şurasının hazırkı sədriyəm”, - o qeyd edib.

Rusiya Ukraynaya qarşı müharibəyə görə çox ağır iqtisadi və siyasi bədəl ödəyəcək.

Axar.az xəbər verir ki, bu barədə NATO-nun bəyanatında deyilir.

“Biz qəti şəkildə Rusiyanı seçdiyi zorakılıq və təcavüz yolundan imtina etməyə çağırırıq. Rusiya rəhbərliyi öz hərəkətlərinin nəticələrinə görə tam məsuliyyət daşımalıdır. Rusiya çox ağır iqtisadi və siyasi bədəl ödəyəcək”, - bəyanatda deyilir.

NATO Donetsk və Luqansk “xalq respublikaları”nın müstəqilliyinin tanınması qərarını qətiyyətlə pisləyib:

“Bu, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozur. Qərar Rusiyanın da imzalamış olduğu Minsk razılaşmalarına ziddir. Müttəfiqlər bu qanunsuz tanınmanı heç vaxt qəbul etməyəcək”, - qeyd olunub.

Çexiya Prezidenti Miloş Zeman Rusiyanı Ukraynaya hücuma görə tənqid edib.

Axar.az xəbər verir ki, bu barədə o, televiziya vasitəsilə xalqa müraciətində bildirib.

Ukrayna xalqı ilə həmrəyliyini vurğulayan Zeman Rusiyaya qarşı daha sərt sanksiyalara və onun SWIFT sistemindən çıxarılmasına çağırıb.