15:23

Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini telefon danışığımız zamanı ukraynalı həmkarım Vladimir Zelenskiyə də dedim.

Axar.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Gərginliyin Minsk razılaşmaları çərçivəsində tənzimlənməsi arzumuzu bir daha təkrarlayırıq. Bunu dünən telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinə də dedim”, - dövlət başçısı vurğulayıb.

16:44

Rusiya Prezidenti Vladimir Putin Moskvada Pakistan Baş naziri İmran Xanla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezident Administrasiyasının saytında məlumat verilib.

Məlumata görə, tərəflər ikitərəfli əməkdaşlığın əsas məsələləri, aktual regional problemlər, o cümlədən Cənubi Asiyadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bu, Pakistan baş nazirinin son 23 ildə Moskvaya ilk səfəridir.

Rusiyada vicdanını itirməmiş hər kəs Ukrayna ilə müharibəyə etiraz etməlidir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya vətəndaşlarına müraciətində deyib.

“Rusiya dövləti şər yolu ilə gedir. Ancaq rus xalqından çox şey asılıdır. Bu gün Rusiya vətəndaşları hansı yolu seçəcəyini özləri müəyyən edəcəklər. Rusiyada hələ də vicdanını itirməmiş hər kəsin çıxıb bu müharibəyə, Ukrayna ilə müharibəyə etiraz etmə vaxtıdır”, - Zelenski bildirib.

Zelenski, həmçinin, ukraynalıları Rusiyadan olan qohumları və dostları ilə əlaqə saxlamağa və baş verənlər barədə Rusiya televiziyasında göstərilməyən aktual məlumatları onlara çatdırmağa çağırıb.

Rusiyanın Ukraynaya hücumu fonunda Belarus lideri Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinin andını xatırladıb.

Axar.az xəbər verir ki, o, Putinin “İstənilən hücum, hətta Belarus sərhədindən içəri bir addım – bu, onların Rusiyaya hücumu deməkdir” andına sadiq qalacağına əminliyini bildirib.

Dost Ukrayna ilə koordinasiyadayıq.

Axar.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

“Rusiya bizim danışıqlar təklifimizi qəbul etmədi. Əgər biz indi Rusiyaya cavab verməsək, bunun əvəzini çox ağır ödəyəcəyik”, - Berbok bildirib.

Ukrayna lideri Vladimir Zelenski ümumi səfərbərliklə bağlı qanun layihəsini Ali Radaya təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə Radanın teleqram kanalında məlumat yayılıb.

Kreml Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında danışıqların təşkili üçün heç bir maneə görmür.

Axar.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, bu görüş yalnız Ukrayna Moskvanın təhlükəsizlik problemləri barədə danışmağa hazır olduğu anda baş tuta bilər:

“Bu, neytral statusdur. Bu, silah sistemlərindən imtinadır. Məsələ burasındadır ki, Ukrayna rəhbərliyi buna hazırdırmı?”