Avropa Birliyi Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskova sanksiya tətbiq etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Kiyev meri Vitali Kliçko paytaxt sakinlərinə çağırışında bu gecəni sığınacaqlarda keçirməyi tövsiyə edib.

Axar.az xəbər verir ki, mer bu gecənin çox çətin keçəcəyini söyləyib.

“Paytaxtımızı qorumağa hazırlaşırıq”, - deyə Kliçko bildirib.

Ukrayna lideri Zelenski Britaniya Baş naziri Consonla telefon danışığında növbəti 24 saatın Ukrayna üçün həlledici olacağını deyib. İngiltərə baş naziri müttəfiqləri ilə birlikdə müdafiəni təşkil etmək üçün əlindən gələni edəcəyini bildirib.

Rəsmi Kiyev Qərbdən gözlədiyi silah yardımını, xüsusilə döyüş təyyarələri və hava hücumundan müdafiə sistemlərinin verilməsini tezləşdirmək istəyir: müharibənin gedişi haqda məlumatlar da göstərir ki, mövqe döyüşlərində işğalçılara keçid verməyən Ukrayna ordusunun çətinliyi hava əməliyyatlarındadır.

Ukraynanın zəif nöqtələrini bilən Rusiya bu müddətdə hücumlarını, xüsusilə bombardmanı gücləndirə bilər:

Birincisi, hücumun beşinci günündə Putin generallarından ciddi nəticə tələb edir;

İkincisi, Ukraynanın Qərbin verəcəyi silahlarla müdafiənin boşluqlarını doldurmasına imkan verməməyə çalışacaq;

Üçüncüsü, mümkün danışıqlar masasında üstün mövqe əldə etmək istəyir: hücumda istədiyi nəticəni əldə edə bilməyən Moskvanın şərtlərinin Kiyev tərəfindən qəbul edilməsi mümkünsüz görünür, əslində Zelenskinin dediyi “həlledici 24 saat” da bununla bağlıdır, çünki Putin danışıqlardan sonra hücumun təzyiqini daha da artıracaq; istisna deyil ki, Ukrayna tərəfi cəbhədə müdafiəni gücləndirmək məqsədlə danışıqları uzatsın.

Bunun fonunda “Tayms” nəşrinin yaydığı məlumat diqqət çəkir: Putin “Vaqner” qrupunun 400 üzvünü Zelenski və Ukrayna hökumətinin bəzi nümayəndələrini öldürməsi üçün hərəkətə keçirib.

Mövcud vəziyyətdə bunun Qərb mediasının iddiası olduğunu demək çətindir, çünki Putinin Ukrayna hakimiyyətini dəyişmək planında bu variantın da olduğu istisna deyil: hücumun beşinci günündə də Kiyevin müdafiəsini yara bilməyən və yarmaq imkanı getdikcə çətinləşən Rusiya sui-qəsd ssenarisini işə salır.

Yunanıstan bu gün Polşa vasitəsilə Ukraynaya hərbi ləvazimatlar və humanitar yardım göndərəcək.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın Nazirlər Kabineti bəyanat yayıb.

“Yunanıstan Ukraynanın tələbinə cavab olaraq NATO və onun Avropa Birliyindəki müttəfiqləri ilə məsləhətləşib. Yunanıstan çətin vəziyyətdə olan Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirərək 2 C-130 nəqliyyat təyyarəsilə hərbi təchizat və humanitar yardım göndərəcək", - bəyanatda bildirilib.

Rusiya Ukraynada qan axıdılmasının qarşısını almaq üçün sülh danışıqlarına hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri Kiyevlə danışıqlar üçün Belarusa göndərilən nümayəndə heyətinin üzvü, Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko deyib.

“Harda yığışmaq problem deyil, məsələ nə ilə getməkdir. Biz sülh haqda danışmağa hazırıq, biz qan tökülməsinin qarşısını almaq üçün şərtləri müzakirəyə hazırıq”, - o bildirib.

Qeyd edək ki, Rusiya Ukrayna ilə sülh danışıqları üçün Belarusun Qomel şəhərinə nümayəndə heyəti göndərib. Kiyev isə Belarusda hər hansı danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.

Daha sonra isə Kiyev danışıqlardan imtina etməsinə səbəb kimi Rusiyanın Ukrayna ordusuna silahı yerə qoymağı şərt kimi irəli sürməsini göstərib.

Rusiya nümayəndə heyəti saat 15:00-a qədər gözləyəcəyini bildirib.

Rusiya ordusu Kiyevin Svyatoşinsk rayonuna soxulmağa çalışır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının sürətli reaksiya briqadasının mətbuat-zabiti Xariton Starski deyib.

“10:40-a (Bakı vaxtı ilə 12:40) olan məlumata görə, Priirpenya və Buçi ərazilərində ağır döyüşlər gedir. Onların həmin ərazidə texnikaları işləyir. Onlar Kiyevin Svyatoşinsk rayonuna soxulmağa çalışır. Bu, İrpen istiqamətidir. Onları qarşılamağa hazırlaşırıq. Biz işğalçını qarşılamaq üçün Kiyevə olduqca böyük qruplaşma cəlb etmişik”, - o bildirib.

O bildirib ki, Kiyev düşmən üçün evə qayıtmayacağı yer olacaq:

“Əhalinin sığınacaq və evlərdən çıxmaması lazımdır. Metro stansiyaları və zirzəmilər təhlükəsizdir”.