Moskvanın Qaqarinski bələdiyyə dairəsinin Deputatlar Şurası Ukraynaya qarşı başlayan müharibəni pisləyib və Vladimir Putinə qoşunları dərhal oradan çıxarmağa çağırıb.

Axar.az xəbər verir ki, deputatlar Rusiya prezidentinə göndərdikləri məktubda Ukraynaya müdaxiləni fəlakət adlandırıblar.

"Bu, ölkənin deqradasiyasına və yoxsullaşmasına aparan yoldur. Başqa heç bir hərəkət Rusiya iqtisadiyyatına bundan böyük ziyan vura bilməz", - məktubda deyilib.

Hindistanın Kiyevdəki səfirliyi bağlanıb, diplomatlar Ukraynanın qərb hissəsinə yola düşüblər.

Axar.az xəbər verir ki, bu barədə NDTV kanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumatına görə, Hindistan səfirliyi böyük ehtimalla Lvova köçürüləcək.

Rusiya ordusu Ukraynada xüsusi əməliyyatını davam etdirir. Əsas tapşırıq – Rusiyanı Qərbin hərbi təhdidindən qorumaqdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin bölmələri qarşıya poyulan hədəfə çatana qədər xüsusi əməliyyatı davam etdirəcək.

Əsas məqsədin Ukraynanın demilitarizasiya və denasifikasiyası olduğu və Donbasın müdafiə edildiyini vurğulayan Şoyqu bildirib:

“Rus ordusu Ukraynanı işğal etmir, mülki insanların təhlükəsizliyini təmin edir. Xüsusi olaraq vurğulayıram ki, yüksək dəqiqlikli silahlarla yalnız hərbi obyektlərə zərbələr endirilir”.

Rusiyanın Ukrayna ilə müharibəsi Vladimir Putinin təsəvvür etdiyindən daha təhlükəli avantüraya çevrilir.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş nazirinin müavini Dominik Raab deyib.

O bildirib ki, Britaniya artıq Rusiyaya qarşı sanksiyalar paketini təqdim edib və bu, Putinin davranışına təsir göstərməlidir:

“Rusiyanın Ukraynaya müdaxiləsinin uğursuzluğa düçar olması üçün əlimizdən gələni edəcəyik”.

O, Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyalardan sonra Putinin özünü daha aqressiv apara biləcəyindən ehtiyat etdiyini də vurğulayıb.

Putin açıq-aşkar siyasi sui-qəsd etdi. Bunun bir çox səbəbləri ola bilər. Amma ən əsası odur ki, Rusiya lideri bunu etməklə bütün rus xalqını da zərbə altına qoydu.

Axar.az xəbər verir ki, bu fikirləri tanınmış ukraynalı politoloq Aleksey Voronenko bildirib.

“Ukrayna xalqı öz silahlı qüvvələri ilə fəxr edə bilər. Mən hazırda Kiyevdəyəm və hər şeyi öz gözlərimlə müşahidə edirəm. Rusiyanın saysız-hesabsız texnikası olmasına baxmayaraq, onlar şəhərə girə bilmir. Hazırda mülki obyektlərə zərbələr endirirlər”, - deyə o qeyd edib.

Onun sözlərinə əsasən, bu müharibədə rusiya xalqı günahkar deyil.

“Onlar da pis vəziyyətdə qalıblar. Rusiyanın bütün bölgələrində insanlar kilometrlik növbələrdə saatlarla durub bütün əmanətlərini təcili şəkildə çıxarmağa çalışırlar. Bu, iqtisadi cəhətdən Rusiyanı çökdürəcək”, - deyə Voronenko qeyd edib.

Pakistan Rusiya-Ukrayna müharibəsində neytral siyasət yürüdür.

Axar.az xəbər verir ki, bunu Pakistanın Baş naziri İmran Xan deyib.

O, Rusiyadan təbii qaz və buğda idxalına davam edəcəklərini bildirib.