Son xəbərlər

Gözlə görünən savaş Ukrayna torpağında rus və ukraynalılar, əsl müharibəni isə Ağ Evlə Kreml arasında gedir. Bu, dünyada bir ilkdir. ABŞ bir güllə belə atmadan Rusiyanı çökdürməyə can atır. Bu, illərdir hazırlanmış bir planın gerçəkləşməsidir.

Axar.az xəbər verir ki, bu fikirləri Rusiyanın “Rossiya 1” kanalında yayımlanan "Vladimir Solovyovla axşam" proqramının efirində rusiyalı rejissor Karen Şahnazarov bölüşüb.

“Plan artıq gerçəkləşir, rusların düşüncə tərzi dəyişir. Heç kim qıtlıq dolu 90-lara qayıtmaq istəmir. Artıq Rusiyada çoxları özlərini sadə Ukrayna vətəndaşlarının yerinə qoyub düşünməyə başlayır. Bir tərəfdən də tam detallı düşünülmüş sanksiyalar… İndi hələ ki, ruslar dözür, amma bir müddət sonra ölkədə vətəndaş müharibəsi başlaya bilər. Müharibənin davam etməsi ən çox Qərbə sərf edir. Hərbi faza dərhal dayandırılmalıdır, yoxsa Moskva bunun altından çıxa bilməyəcək”, - deyə Şahnazarov qeyd edir.

Belarus kəşfiyyatı sərhəd yaxınlığında muzdlulardan ibarət qrup aşkarlayıb.

Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bu kimi birləşmələr sərhədimizi pozmamalıdırlar”, - o bildirib.

Rusiyaya qarşı bu cür iqtisadi müharibə indiyə qədər olmayıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, bu cür situasiyanın misli görünməyib, proqnoz verməyə gərək yoxdur, yalnız tədbirlər görülməlidir.


Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Çernobıl Atom Elektrik Stansiyasındakı vəziyyətlə bağlı məlumat aldım.

Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Rusiyalı həmkarı ilə telefon danışığından sonra Lukaşenka belaruslu mütəxəssislərə Çernobıla getməyi və AES-i enerji ilə təmin etməyi tapşırıb:

“Onların məlumatları bizimki ilə üst-üstə düşür. Çernobıl AES-ə elektrik enerjisi verilişi kəsilib. Aydındır ki, stansiya özü elektrik enerjisi istehsal edir, lakin o, həm də işləmək üçün çoxlu elektrik enerjisi sərf edir”, - Lukaşenko bildirib.

 

Rusiya ilə müharibəyə girməkdən qaçmalıyıq.

Axar.az xəbər verir ki, bu çağırışı Avropa Birliyinin Xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell səsləndirib.

O bildirib ki, belə bir toqquşma Üçüncü Dünya müharibəsi deməkdir.

12:24

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya XİN başçısı Sergey Lavrov və Ukrayna XİN başçısı Dmitri Kuleba arasında üçtərəfli görüş başlayıb.

Axar.az xəbər verir ki, bu haqda Rusiya XİN sözcüsü Mariya Zaxarova özünün rəsmi Teleqram səhifəsində məlumat paylaşıb.

***

Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başa çatıb.

Müzakirələr bir saat davam edib.

Bir qədər sonra Sergey Lavrov və Dmitro Kuleba ayrı-ayrılıqda mətbuat konfransı keçirəcəklər.

İranın yol və şəhərsalma naziri Rüstəm Qasıminin rəhbərlik etdiyi heyətin Azərbaycana səfəri Naxçıvan Muxtar Respublikasından başlayıb.

Axar.az xəbər verir ki, səfər çərçivəsində R.Qasıminin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək, Culfa sərhəd terminalı, Culfa-Təbriz dəmiryol stansiyası ilə yaxından tanış olacaq.

İranın yol və şəhərsalma naziri bildirib ki, səfər çərçivəsində Tehran-Bakı münasibətləri bütün sahələrdə inkişaf etdiriləcək. Enerji, sənaye, investisiya, məhsul mübadiləsi sahəsində əməkdaşlıq üzrə anlaşmalar əldə olunacaq və Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Komissiyanın 15-ci iclasının sonunda yekun sənəd imzalanacaq.

Bu gün Antalyada çox önəmli bir görüş keçirilir. Ukrayna tərəfi hələ müharibədən əvvəl Rəcəb Tayyib Ərdoğanın vasitəçilik təklifini heç bir ön şərt olmadan qəbul etdiyini bildirib. Lakin Rusiyanın Ukraynanın müqaviməti və Qərbin ağır sanksiyaları nəticəsində müzakirə qapısını araladığını deyə bilərik.

Bu sözləri Axar.az-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin professoru Kürşad Zorlu deyib. Professor tərəflərin öz tələbləri olduğunu qeyd edib:

“Kremldən verilən açıqlamalarda Putinin öz tələblərindən geri addım atmayacağı qeyd olunsa da, Belarusda tərəflərin görüşünün üçüncü raundunun da baş tutması əslində masanın varlığını göstərir. Rusiyanın Türkiyənin müşaiyəti ilə Ukrayna ilə xarici işlər nazirləri səviyyəsində görüşə razı olması rəsmi Moskvanın müzakirələrə önəm verdiyini göstərir.

Makron və Bennettin vasitəçiliklə bağlı axtarışda olduğu hazırki mərhələdə tərəflərin liderlər səviyyəsində olmasa belə, nazirlərin üz-üzə görüşü üçün Türkiyəni seçməsinin çox vacib beynəlxalq diplomatik əhəmiyyəti var. Hazırda ölkə başçılarının üz-üzə görüşü müharibədə real vəziyyətə görə mümkün deyil. Kuleba Antalyaya gəlməmiş “Bizim mənfəətimiz atəşkəsin olması, torpaqlarımızın qurtarılması və humanitar məsələlərin həllidir. Mən bu müzakirələrə güclü bir mövqe ilə gedirəm” sözlərini işlədib. Zelenskinin də daha mülayim açıqlamalar verməyə başlaması isə ölkənin ərazi bütövlüyünün neytrallıq statusundan daha önəmli olduğunu göstərir. Ukraynanın neytral status qarşılığında Rusiyadan çoxlu tələbləri olacaq. Rusiya isə tərəfsizliyin rəsmi bir status kimi təsdiq olunmasından başqa Donbas və Krımın rus torpağı kimi qəbul edilməsini istəyir.

Sözügedən tələblərin hansısa bir formada tarazlaşdırılması mümkündürmü? Buna cavab vermək çətindir”.

Kürşad Zorlu eyni zamanda humanitar məsələlərdə razılıqların əldə edilə biləcəyini daha mümkün hesab edib:

“Fikrimcə, üçtərəfli görüşdə humanitar dəhliz və yardımlar haqqında daha qəti bir razılıq beynəlxalq ictimaiyyətə elan edilə bilər. Antalya görüşü həm də tərəflərin bir-birini test edəcəyi görüşdür. Bəlkə də hazırki görüş nəticəsiz bitə bilər, ancaq əsas məsələ atəşkəsə gedən yolu açan görüşlərin davamlı hala gəlməsidir”.

Biz ABŞ-ın bioloji silah laboratoriyalarının olması və Ukraynada kimyəvi silah hazırlaması ilə bağlı əsassız iddiaları görürük.

Axar.az xəbər verir ki, bu sözləri Ağ Ev sözçüsü Cen Psaki deyib.

“Çinin də bu sui-qəsd nəzəriyyələrini səsləndirdiyi müşahidə edilir. Bu iddia mənasızdır.

Suriyada davamlı olaraq kimyəvi silahdan istifadə edən Əsəd rejiminə dəstəyini davam etdirən, həm də beynəlxalq hüquqa məhəl qoymadan uzun müddətdir bioloji silahlar hazırlayan Rusiyadır”, - Psaki bildirib.