Son xəbərlər

ABŞ hökuməti Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Kommunist Partiyasının sədri Gennadi Züqanova sanksiya tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

Ukrayna Melitopol merinin dərhal azad edilməsini tələb edir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Melitopol meri İvan Fedorovun Rusiya hərbçiləri tərəfindən oğurlanmasına münasibət bildirərkən deyib.

“Rus ordusu bu addımı ilə İŞİD terrorçularına bənzəyir. Əgər siz (Rusiya) İŞİD terrorçularına bənzəyəcəksinizsə, sizinlə hər hansı bir mövzuda danışmağın nə mənası var?”, - Ukrayna lideri bildirib.

Azərbaycan İranla Zəngəzur dəhlizinə alternativ yolun inşası üzərində anlaşdı: Ermənistan sərhədi ilə 5 kilometr məsafədən keçən yol Şərqi Zəngəzur rayonunu Naxçıvanla birləşdirəcək; bura avtomobil və dəmir yolu, eləcədə rabitə və enerji təminatı xətlərinin yaradılması daxildir.

Bununla Azərbaycan birdən çox strateji gediş edir:

Birincisi, bölgədə kommunikasiyanın açılması məsələsində Ermənistanın kartını əlindən alır: Zəngəzur dəhlizi təxirə düşmür, sadəcə İrəvanın prosesi uzatmasının qarşısı alınır və seçim qarşısında qalır – ya razılaşmalıdır, ya da regional layihələrdən kənarda qalacaq;

İkincisi, Bakının Zəngəzur dəhlizinin “dəhliz məntiqi” ilə açılmasında əli güclənə bilər: İrəvan dəhlizin özlərinin nəzarət etdiyi yol məntiqi ilə açılmasını istəyir, Bakı layihənin icra edilməsi məqsədilə “dəhliz, yoxsa yol” məntiqini sonraya saxlamışdı; regional kommunikasiyanın açılmasında Azərbaycan üçün əhəmiyyətli olan Naxçıvanla, həm də Türkiyə ilə quru əlaqəsinin İran vasitəsilə yaradılmasından sonra İrəvan “dalan dövlət” olmaqdan çıxmaq üçün Bakının şərti qarşısında geri çəkilə bilər;

Üçüncüsü, öz layihəsini İran üzərindən həyata keçirən Azərbaycan regional kommunikasiyanın aktuallığını arxa plana keçirə bilər və bu, Ermənistanla quru əlaqəsi yaratmaq istəyən Rusiyanın marağında deyil: Moskvanın onun planlarını pozan İrəvana təzyiqi güclənə və Bakı bu fürsətdən istifadə edə bilər;

Dördüncüsü, Azərbaycan Zəngəzur dəhlizinin açılmasında o qədər də maraqlı olmayan İrana regional layihələrdə iştirak imkanı yaradır: bu, Ermənistanla münasibətlərdə Tehranın ən azı neytrallığını təmin edə bilər;

Beşincisi, Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən yol hələ də gündəmdə olan “Bir kəmər, bir yol” layihəsində Orta Dəhlizin aktuallığının saxlanılmasına imkan yaradır: Rusiyaya qarşı sanksiyalar layihənin Şimal Dəhlizini faktiki olaraq sıradan çıxarır və Moskva daşımalarda Orta Dəhlizin keçdiyi Azərbaycan marşrutundan istifadə etməli olacaq; Cənub Dəhlizinin keçdiyi İran da bu anlaşma ilə Orta Dəhlizə - Azərbaycana birləşir.

Azərbaycan bu addımla Avrasiyanın nəqliyyat şəbəkəsinin qurulmasında “ev tapşırığını” yerinə yetirir. İtirən tərəf yenə Ermənsistandır. İrəvan İranla anlaşaraq, “Fars körfəzi – Qara dəniz” marşrutu ilə Zəngəzur dəhlizinə alternativ yaratmaq istəyirdi. Bakı Tehranla anlaşdı və marşrutun Azərbaycan üzərindən keçməsinə nail oldu. Və Ermənistanın icra etmədiyi, həm də alternativ yaratmaq istədiyi Zəngəzur dəhlizinə alternativi də özü yaratdı.

Krımla bağlı fikrimizi həmişə açıq şəkildə bildirmişik. Biz həm Rusiya Federasiyası, həm də ukraynalı dostlarımızla görüşlərimizdə hər zaman bu məsələni gündəmdə saxlamışıq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda deyib.

“2014-cü ildə bütün Qərb və bütün dünya Krımın işğalına qarşı səsini ucaltsaydı, bugünkü mənzərə ilə üzləşərdikmi? Amma Krımın işğalına susanlar indi nəsə deyirlər. Yaxşı, Yer kürəsinin müəyyən bir yerində ədalət etibarlı, digər hissəsində etibarsızdırmı? Bu necə dünyadır?

Biz müharibə deyil, birlikdə sülh dünyası qurmağa borcluyuq.

Baxın, Almaniyada orkestrin dirijoru Putinin dostudur. O, Putinin dostu olduğuna görə işdən çıxarılıb. Digər tərəfdən, dünyaca məşhur Dostoyevski nəşrləri başqa bir Avropa ölkəsində qadağan edilib. Bunu bilirsinizmi nə ilə müqayisə edirik: Bir vaxtlar İraqda Hülakü tərəfindən dağıdılmış kitabxanalar var idi, eynən o dövrə qayıdış kimi görürük. Biz yeni Hülakü istəmirik.

Ümidimiz odur ki, mötədillik və sağlam düşüncə qalib gəlsin, silahlar ən qısa zamanda susdurulsun. Biz sülh üçün Montrö daxil, əlimizdən gələni edəcəyik", - Ərdoğan bildirib.

Ukrayna yalnız Donbasa deyil, Belarusa da zərbə endirməyə hazırlaşırdı.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Putin ilə görüşü zamanı deyib.

“Mən Ukraynanın Belarusa hücum planlarını açıqlayan xəritələri də göstərəcəm”, - Belarus lideri bildirib.

Rusiyaya enerji sanksiyalarından sonra Vaşinqton bazarda sabitliyi təmin etmək üçün iki istiqamətdə çalışır:

Birincisi, Venesuela ilə danışıqlar aparılır, o cümlədən, nüvə danışıqlarını sürətləndirərək, İrana qarşı sanksiyaları yumşaltmaq və bu ölkənin neftini bazara çıxarmaq niyyətindədir;

İkincisi, körfəz ölkələri – Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyindən neft ixracatını artırmasını istəyir.

İran və Venesuela ilə məsələ hələ müzakirə olunduğu üçün cari dövrdə ərəb ölkələrinin ixracatı artırması problemi həll edə bilər. ABŞ mediası Bayden Administrasiyasının Səudiyyə və BƏƏ rəhbərliyi ilə danışıqlar aparmaq istəyinin bu ölkələr tərəfindən qəbul edilmədiyini, daha sonra BƏƏ-nin ixracatı artırmaq məsələsini OPEC-də müzakirəyə çıxaracağını yazır.

Səudiyyə Ərəbistanı isə bu istəyi qəbul etmir: Tramp dövründən fərqli olaraq, Ər-Riyadın Bayden Administrasiyası ilə əlaqələri o qədər də isti deyil.

Bütün bunların fonunda dünən gecə saatlarında yayılan xəbər xüsusilə diqqət çəkir: Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA Enerji Nazirliyinin rəsmilərinə istinadən paytaxt Ər-Riyadda neft emalı zavoduna PUA hücumunun edildiyini yazdı. Rəsmi məlumatda deyilir ki, “terror hücumu İranın dəstəklədiyi husilər tərəfindən törədilib və bu, təkcə Səudiyyə Ərəbistanını yox, həm də dünyanın enerji təhlükəsizliyinin hədəfə alınmasıdır”.

Beləliklə, Ər-Riyad Vaşinqtona mesaj verir ki:

- Razılaşmaq və neftini bazara çıxarmaq istədiyin İranın dəstəklədiyi qruplar “dünyanın enerji təhlükəsizliyini” təhdid edir;

- İranla anlaşma olacaqsa, Səudiyyə Ərəbistanı ABŞ-ın neft siyasətini dəstəkləməyəcək.

Və mövcud vəziyyətdə Körfəzdə baş verə biləcək istənilən qəza dünya bazarında neftin qiymətinə ciddi təsir edə bilər.

“Birlikdə düşün, birlikdə hərəkət et” ideyası 17 ölkə və dövlət başçısı, 80 nazir başda olmaqla 75 ölkədən iştirakçını bu gün bu zalda hərəkətə keçirib.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumunun açılışında deyib.

“Dünya dövlətlərinin üçdə birindən çoxu burada ən yüksək səviyyədə təmsil olunur. Avropa yenidən sistemli sabitlik çubuğu axtarır.

Antalya Diplomatiya Forumuna baxanda sanki Birləşmiş Millətlər mühiti təsəvvürü yaranır. Antalyada vahid fikir mühiti formalaşdırılır. Problemlərimizi beynimizdə həll etmədən birlikdə hərəkət edə bilmərik”, - Çavuşoğlu bildirib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan ilə ATƏT arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri, habelə regionda baş verən ən son proseslər barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov həmsöhbətinə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində, xüsusilə ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Nazir, həmçinin üçtərəfli bəyanatların icrası istiqamətində Azərbaycan tərəfindən atılan addımlardan danışıb.

Eyni zamanda, post-münaqişə mərhələsində həyata keçirilən quruculuq və reinteqrasiya proseslərində ATƏT-in mümkün iştirakı ətrafında məsələlər müzakirə olunub.

Görüşdə tərəflər, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələləri müzakirə ediblər.