Dünyanın tanınmış analitikləri Rusiyanın Ukraynaya hücumunun nəticələrini və dünya düzəninin necə dəyişəcəyini proqnozlaşdırmağa çalışırlar. Bunlardan biri də dünyanın tanınmış filosofu və analitiki Frensis Fukuyamadır.
Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bildirilib.
Qeyd olunub ki, Fukuyama Amerika dərgilərindən birində Rusiyanın Ukraynaya işğalıyla bağlı 12 maddəlik proqnozunu dərc edib:
“Birincisi, Fukuyama Rusiyanın Ukraynada hər mənada məğlub olacağı qənaətindədir. O, bunu belə izah edib: “Kreml elə bilirdi ki, Ukrayna ordusu işğalın ilk günü təslim olacaq, döyüşməyəcək və rus hərbçiləri Kiyevin mərkəzində rahat hərbi parad keçirəcəklər. Ancaq hazırda Rusiya ordusu Ukrayna ərazisində ilişib, ukraynalıların əks-həmlələri rus hərbçilərini yorur, resurslarını azaldır”.
Kreml hələ ki, itkilərini etiraf etmir, ancaq müharibənin uzanması Rusiyanın enerjisini tükəndirir, ordusunun və hərbi texnikasının qüsurlarını üzə çıxarır.
İkincisi, Fukuyamanın fikrincə, hazırki şərtlər daxilində məsələnin diplomatik həlli yoxdur: “Eyni zamanda həm Rusiyanı, həm də Ukraynanı qane edəcək güzəşt variantı yoxdur”. Amerikalı alim BMT-nin bu münaqişədə də özünü tam mənasız təşkilat olduğunu göstərdiyini vurğulayıb.
Fukuyama haqlıdır. BMT sadəcə fikir mübadiləsi üçün məkandır. BMT Təhlükəsizlik Şurası daimi üzvlərindən birinin veto hüququndan istifadəsi kifayətdir ki, bu beynəlxalq təşkilat fəaliyyətsiz duruma düşsün. Səs çoxluğu ilə qəbul olunan qərarlar da yerinə yetirilmir.
Üçüncüsü, Fukuyama hesab edir ki, Ukraynaya hərbi təyyarələrin verilməsi heç nəyi həll etməyəcək. Onun fikrincə, Ukraynaya daha çox tank əleyhinə “Javelin”, təyyarələri və helikopterləri vura bilən “Stinger” vermək lazımdır. Yəni amerikalı alimin qənaətinə görə, ukraynalılar özləri döyüşməlidir, ancaq onları döyüşləri davam etdirmək üçün hərbi texnika ilə təmin etmək lazımdır.
Ukraynanın əsas hərbi hava limanları dağıdılıb. Rusiya Ukrayna səmasında tam üstünlüyə malikdir. NATO ölkələri Ukraynaya hərbi təyyarələr versələr belə, bu təyyarələrin havaya qalxması üçün hava limanları yoxdur.
Dördüncüsü, Fukuyama Rusiyanın məğlubiyyətinin Kreml sahibi Vladimir Putinin qüdrətini zəiflədəcəyini proqnozlaşdırıb: “Vladimir Putini bugünə qədər ona görə dəstəkləyirdilər ki, güclüdür. Onun Ukraynada müharibədə zəifliyi özünü büruzə verən kimi ağır günləri başlayacaq. Putinin Avropadakı azsaylı dostları da ondan üz döndərib”.
Həqiqətən Putinin reytinqi hərbi müdaxilər zamanı artıb. Ancaq Putinin ilk dəfə üzləşəcəyi məğlubiyyət onun reytinqinə mənfi təsir edəcək. Digər tərəfdən Kreml sahibinin ətrafındakı fiqurlar məğlubiyyət halında ondan uzaqlaşmağa çalışacaqlar. Amerika kəşfiyyatı Putinin beyin pozğunluğu barədə məlumat yayıb. Bu informasiya müharibəsinin tərkib hissəsidir. Çünki bu xəbər internetdə və sosial şəbəkələrdə geniş yayılıb. Bu xəbəri oxuyan Kreml sahibinin ətrafı kimə xidmət etdiyini anlamalıdır.
Beşincisi, Fukuyamanın fikrincə, Rusiyanın Ukraynada üzləşdiyi çətinliklər Çin üçün dərs olmalıdır: “Çin də Rusiya kimi hərbi texnikasını modernləşdirməyə çalışır. Ancaq Ukrayna müharibəsi Rusiya hərbi texnikasının keyfiyyətinin yüksək olmadığını göstərdi. Deməli, Çin də hər hansı məntəqəd üçün müharibəyə başlayarsa, eyni problemlə üzləşəcək. Ona görə Çin Tayvanı ələ keçirmək planından imtina etməlidir. Əks halda Çin Tayvanla müharibədə Rusiyanın Ukraynada üzləşdiyi oxşar çətinliklərlə üzləşəcək”.
Belə düşünülürdü ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Çini Tayvana hərbi müdaxiləyə həvəsləndirə bilər. Bu, o zaman baş verərdi ki, Rusiya Ukrayna ilə müharibədə ilk gündən uğur qazanardı və Qərbi reaksiyası zəif olardı. Hadisələri diqqətlə müşahidə edən Pekin tələsmədi. Çünki Rusiya Ukraynada problemlərlə üzləşdi və Qərbin hərtərəfli sanksiyalarıyla üzləşdi. Buna baxmayaraq, Çin hərbi gücünü artırır və Tayvanı ələ keçirmək planlarından imtina etməyib. Çin münasib zaman gözləyir”.
Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun maddi-təminat infrastrukturuna sarsıdıcı zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusu müvəqqəti işğal olunmuş ərazilərində düşmənin maddi-texniki təminatı sistemini sıradan çıxarmaq üçün arxa infrastruktura sarsıdıcı zərbələr endirib:
“Ötən gün Hava Qüvvələrimiz rusların dörd təyyarə, üç helikopter və pilotsuz uçuş aparatını vurub. Onların növü barədə məlumat dəqiqləşdirilir”.
Martın 13-nə olan məlumata görə, Rusiya Ukrayna iqtisadiyyatına 119 milyard dollar ziyan vurub.
Axar.az xəbər verir ki, bunu Ukrayna iqtisadiyyat nazirinin birinci müavini Denis Kudin deyib.
Onun sözlərinə görə, dəyən ziyanın məbləği hərbi əməliyyatlara görə hər gün artmaqda davam edir.
Kudin bildirib ki, Ukraynanın müharibə səbəbindən ÜDM itkilərini aprel ayından hesablamağa başlayacaqlar:
“ÜDM-ə gəlincə, biz yalnız iqtisadiyyatın hərbi rejimə keçməsindən 1 ay sonra buna yekun vura biləcəyik. Yəni apreldə biz mart ayının aralıq nəticələrinə yekun vura və sonra müəyyən rəqəmləri deyə bilərik”.
Qeyd edək ki, ötən həftə Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko 15 gün ərzində Rusiyanın hücumu nəticəsində ölkə iqtisadiyyatına ən azı 100 milyard dollar ziyan vurulduğunu açıqlamışdı.
“MakDonalds”ın Moskvanın mərkəzində yerləşən “Dobrıninskaya” metrostansiyası yaxınlığındakı restoranı fəaliyyətini davam etdirir.
Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd edək ki, “MakDonalds” restoranlar şəbəkəsi bu gündən Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadakı 850 restoranını bağlayacağını elan etmişdi. Buna baxmayaraq, hazırda bəzi restoranlar işləyir, hətta evə çatdırılma xidməti də fəaliyyətdədir.
“MakDonalds”ın Rusiya şəbəkəsində ümumilikdə 100 minə yaxın işçi çalışır. İşçilərin hamısına orta aylıq əmək haqqı veriləcəyi vəd edilib. Eyni zamanda, müvəqqəti bağlanma müddətində icarədarlar qarşısında öhdəliyin yerinə yetiriləcəyi də bildirilib.
Böyük Britaniyanın Baş naziri Boris Conson Vladimir Zelenski ilə telefon söhbətində bildirib ki, London Ukraynanın özünümüdafiəsini gücləndirmək variantlarını axtarmağa davam edəcək.
Axar.az xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
"Baş nazir Böyük Britaniyanın Ukraynaya davamlı dəstəyini vurğulayıb. O, Böyük Britaniyanın Ukraynanın müdafiəsini gücləndirmək üçün daha çox variant axtarmağa davam edəcəyini söyləyib. Baş nazir bildirib ki, Böyük Britaniya bu dağıdıcı münaqişəyə son qoymaq üçün Ukraynanı bütün səylərində dəstəkləməyə davam edəcək", - deyə məlumatda qeyd edilib.
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın koronavirus testi müsbət çıxıb və onda xəstəliyin yüngül simptomları var.
Axar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.
“Koronavirus üçün verdiyim analiz nümunələri müsbət çıxıb. Bir neçə gündür boğazım ağrıyır, lakin özümü yaxşı hiss edirəm” , - Obama Tvitterdə yazıb.
Rusiya Ukraynada başlatdığı əməliyyata dəstək üçün Çindən hərbi texnika istəyib.
Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.
Məlumata görə, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu barədə Çinə sərt şəkildə xəbərdarlıq edəcək:
"Çinə bildiriləcək ki, Rusiya işğalına dəstək və ya Qərb sanksiyalarından yayınmağa kömək etmək cəhdinin nəticələri olacaq. Ağ Ev qorxur ki, bu addım Pekin və Moskva arasında daha sıx əlaqələrə işarədir".
Qeyd olunur ki, Çinin Rusiyaya müsbət cavabı Qərbin Ukraynaya kömək etmək səylərini sarsıda bilər.
Rusiyada erməni diasporu (erməni-rus təşkilatlarının koordinasiya şurası) bu ölkənin rəhbərliyinə və Müdafiə Nazirliyinə yazılı müraciət edib. Ermənilər Qarabağda yaranmış qaz, elektrik və su probleminə görə Azərbaycanı ittiham edir və həlli üçün Rusiya rəhbərliyindən kömək istəyirlər.
Bu müraciətdən iki nəticə çıxır:
Birincisi, müharibədən sonra rusların dəstəyi ilə ayaqda qalan separatçı-terrorçu rejim indi çətin vəziyyətə düşüb və diaspor vasitəsilə dəstək axtarışındadır;
İkincisi, Ukraynada müharibə aparan Rusiyanın Qarabağa diqqəti azalıb və diaspor erməniləri bu məsələni Putinin yadına salmağa çalışırlar: burada rusların Ukraynadakı işğal hücumunun nəticə verməməsinin bizim xeyrimizə olduğu daha aydın şəkildə görünür.
Vəziyyətin bu cür davam etməsi erməni əhalisinin separatçı-terrorçu rejimə qarşı etirazını daha da körükləyir. Qəza nəticəsində baş vermiş problemlərə görə dünənə qədər Azərbaycanı ittihan edən ermənilər və erməni mediası bu gündən etibarən paralel olaraq separatçı rejimin “rəhbərliyini” də tənqid edirlər.
Bizim maraqlarımız baxımından əsas problem “Azərbaycan hücum edir” tipli təbliğatın aparılmasıdır. Xüsusilə mobil rabitənin və internetin işlək olması ermənilərin bu imkanlarını genişləndirir. İstisna deyil ki, erməni diasporu yaxın günlərdə Avropada da “Qarabağda erməniləri fəlakət yaşayır” kimi kampaniyaya başlaya bilər.
Tarixin bəzi mühüm və açıq dərsləri var. Onlara təkrar-təkrar məhəl qoymamaq üzücüdür. Qışda heç vaxt Rusiyaya hücum etməyin, Asiyada heç vaxt quru qoşunlarının iştirak etdiyi müharibəyə qarışmayın.
Axar.az xəbər verir ki, bu barədə "Amerikan Thinker" nəşri yazıb.
"Əgər növbəti qlobal inqilaba hazır deyilsinizsə, heç vaxt qlobal müharibəyə aparan yola çıxmayın. Tarix təkrarlanır, onu tez-tez proqnozlaşdırmaq olar. İndi ABŞ başda olmaqla, Qərbin Rusiya və Çinlə qarşıdurmaya girdiyi bir vaxtda biz yenə növbəti qlobal müharibənin astanasındayıq (görünür, Birinci və İkinci Dünya müharibələri kifayət qədər dağıdıcı olmayıb). Qlobal müharibələr, bir qayda olaraq, əvvəlki tarixi sonrası tarixdən ayıran parlaq əlamətlərə çevrilir", - məqalədə bildirilib.
Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə növbəti danışıqlar aparıb.