Martın 13-nə olan məlumata görə, Rusiya Ukrayna iqtisadiyyatına 119 milyard dollar ziyan vurub.
Axar.az xəbər verir ki, bunu Ukrayna iqtisadiyyat nazirinin birinci müavini Denis Kudin deyib.
Onun sözlərinə görə, dəyən ziyanın məbləği hərbi əməliyyatlara görə hər gün artmaqda davam edir.
Kudin bildirib ki, Ukraynanın müharibə səbəbindən ÜDM itkilərini aprel ayından hesablamağa başlayacaqlar:
“ÜDM-ə gəlincə, biz yalnız iqtisadiyyatın hərbi rejimə keçməsindən 1 ay sonra buna yekun vura biləcəyik. Yəni apreldə biz mart ayının aralıq nəticələrinə yekun vura və sonra müəyyən rəqəmləri deyə bilərik”.
Qeyd edək ki, ötən həftə Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko 15 gün ərzində Rusiyanın hücumu nəticəsində ölkə iqtisadiyyatına ən azı 100 milyard dollar ziyan vurulduğunu açıqlamışdı.