Son xəbərlər

Ukraynaya hərbi müdaxiləyə görə tətbiq edilən sanksiyalar səbəbindən Rusiyada Putin rejiminin devrilməsi tamamilə mümkündür.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ ordusunun Avropadakı sabiq komandanı Ben Haces “RBK-Ukrayna”ya müsahibəsində deyib.

O bildirib ki, Putinin ətrafı daha çox itirmək istəməz:

“İnanmıram ki, Putinin ətrafı indiyə qədər itirdiklərindən daha artığını itirmək istəsin. Biz gərək kompleks və hərtərəfli iş görək ki, rus ailələri 1 apreldən öz övladlarını hərbi komissarlıqlara göndərməkdən çəkinsinlər”.

Hocesin fikrincə, Qərbin sanksiyalarına görə Rusiya 10 gündən sonra hücumu davam etdirmək imkanlarının tükənmə nöqtəsinə gələcək.

Çin Xarici İşlər Nazirliyi Rusiyaya qarşı sanksiyalara və NATO-nun şərqə genişlənməsinə qarşı çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Çin xarici işlər nazirinin müavini Li Yuyçen Pekindəki təhlükəsizlik forumunda danışıb.

O bildirib ki, sanksiyalarla bu problemi həll etmək mümkün deyil:

“Tarix dəfələrlə sübut edib ki, sanksiyalarla problemi həll etmək mümkün deyil. Sanksiya yalnız sadə insanlara ziyan vurur, iqtisadi və maliyyə sisteminə təsir edir və qlobal iqtisadiyyatı zəiflədir”.

Çin rəsmisi NATO-nun şərqə genişlənməsi və “Rusiyanı küncə sıxışdırması”nı da yolverilməz adlandırıb.

Qeyd edək ki, 18 martda ABŞ lideri Bayden Çin rəhbəri Szinpinlə videoformatda görüş keçirib. Bayden Rusiyanın sanksiyalardan yayınmasına Çinin dəstək verməməsi üçün Sizinpinə xəbərdarlıq edib.

Çeçen hərbi birlikləri Luqansk vilayətinin Rubejnoe şəhərini “azad” ediblər.

Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Növbəti yaşayış məntəqəsi banderaçı xuntadan azad edildi. Bu dəfə çeçen döyüşçülər Robejnoe şəhərini millətçilərdən təmizlədi. Qorxaqlar, millətçi tör-töküntüləri bizim döyüşçülərin nəzarət etdiyi ərazidən qaçdılar”, - Kadırov Teleqram kanalında yazıb.

Kadırov iddia edib ki, yerli sakinlər Rusiya ordusunu “xoş sözlərlə” qarşılayır.

ABŞ-ın Çikaqo şəhərində oyuncaq şirkətlərindən biri Ukraynada müharibədən zərər çəkənlər üçün ianə kampaniyası təşkil edib.

Axar.az xəbər verir ki, şirkət Ukrayna Prezidenti Vladimir Zelenskinin xarici görünüşünü əks etdirən oyuncaq hazırlayıb.

Zelenskiyə aid hər oyuncaq 100 dollardan satılıb. Ukrayna bayrağı da daxil olmaqla, müxtəlif oyuncaqlar isə 20 dollardan alıcısını tapıb

Oyuncaqların ilk partiyası bir neçə saat ərzində satılaraq tükənib. Ümumilikdə 145 min dollardan çox pul toplanıb.

ABŞ Prezidenti Co Baydenin Rusiyanın Ukraynada apardığı müharibə ilə bağlı vaxtaşırı olaraq “ABŞ və NATO bu münaqişəyə birbaşa qarışmayacaq və Ukraynaya ordu göndərməyəcək” sözləri ən böyük səhvdir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton deyib.

O bildirib ki, Bayden hətta müharibədən aylar öncə, həm də bir neçə dəfə Ukraynaya ordu göndərilməyəcəyini deməklə, olduqca kobud səhv buraxıb:

“Əgər Bayden bu sualın qarşısında sussa və heç bir söz deməsəydi, bu, Ukrayna və bütün dünyanın təhlükəsizliyi üçün daha yaxşı olardı”.

Mən bütün nasistlərə, banderaçı və şeytanlara müraciət etmək istəyirəm: gizləndiyiniz yerlərdən istədiyiniz qədər hürə bilərsiniz, nə fiziki, nə də mənəvi cəhətdən daha çox şeyə qadir deyilsiniz.

Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Bir-bir ərazilər təmizlənir və tezliklə sizə çatacaq. Ya könüllü olaraq silahı yerə qoyub layiq olduğunuz cəzanı qəbul edəcəksiniz, ya da biz onu sizin əlinizdən alıb özümüz cəza tədbirləri görəcəyik”, - Kadırov bildirib.

Ukraynada baş verənlərdən sonra Putinlə münasibətləri normallaşdırmaq səhv addım olardı.

Axar.az xəbər verir ki, bunu Britaniya Baş naziri Boris Conson deyib.

“2014-cü ildə etdiyimiz kimi, Putinlə münasibətləri normallaşdırsaq, həmin səhvi təkrarlamış olarıq. Putinin hərəkətləri onunla izah olunur ki, o, Ukrayna modelinin özünə və Rusiyaya tətbiq olunmasından qorxdu və Moskvada “rəngli inqilab” ehtimalından panikaya düşdü”, - Conson bildirib.

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Ukraynada atəşkəsə nail olmaq üçün bir sıra tələblərini qeyd edib.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Hürriyet” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ərdoğan müharibənin bitməsinə kömək etmək üçün Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Türkiyədə görüş keçirməyi təklif edib. İ.Kalın əlavə edib kli, Putin dövlət başçıları səviyyəsində hər hansı danışıqlar baş tutmazdan əvvəl həll edilməli olduğunu söylədiyi tələblər irəli sürüb:

“Birincisi, Ukraynanın neytrallığı, yəni NATO-ya üzvlüyündən imtina etməsidir; ikincisi, Avstriya modeli kontekstində tərk-silah və qarşılıqlı təhlükəsizlik təminatlarıdır; üçüncüsü, Rusiya tərəfinin “denasifikasiya” adlandırdığı prosesdir; dördüncüsü Ukraynada rus dilinin geniş istifadəsinə maneələrin aradan qaldırılmasıdır. Hazırda davam edən danışıqlarda ilk dörd maddə üzrə müəyyən irəliləyiş əldə olunduğu güman edilir. Tam razılıq və ya müqavilənin imzalanmaq üzrə olması barədə danışmaq hələ tezdir”, - Kalın bildirib.

O əlavə edib ki, iki ən çətin tələb də var - Kiyevin Krımın ilhaqını və iki qondarma “respulika”ları tanımasıdır. Kalının sözlərinə görə, bu iki məsələ Ukrayna və beynəlxalq ictimaiyyət üçün qəbuledilməzdir.

“Əgər ilk dörd maddə ilə bağlı fikir və razılıq əldə olunarsa, o zaman beşinci və altıncı maddələr liderlər səviyyəsində müzakirə oluna bilər. Danışıqlar aparılarsa, bu, razılaşma və müharibəyə son qoymaq üçün bir fürsət ola bilər. Müzakirələr davam edərkən atəşkəs elanı, humanitar dəhlizlərin açılması və mülki insanların təxliyəsi həyati əhəmiyyət daşıyır".

Kalın onu da bildirib ki, Rusiya tərəfi uyğun bir rol oynamalıdır və Türkiyə lideri bunu Putinə xüsusi olaraq deyib.