Rusiya yerinə yetirməsi mümkün olmayan, reallıqdan uzaq, Ukrayna xalqının mənəviyyatını alçaldacaq şərtlər irəli sürür.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlar haqda deyib.
“Danışıqlarda yeganə irəliləyiş humanitar dəhlizdir, buna baxmayaraq, bunu da normal təmin etmək mümkün olmur. Razılıq əldə edilib, ancaq 12 gündür mühasirədə olan Mariupol şəhərində insanlara ərzaq və su çatdırılmır. Rus ordusunun su və ərzaq aparılan karvanı atəşə tutduğu bildirilir. Əlbəttə, bu məlumata inanmaq lazım gəlir. Çünki Ukrayna öz vətəndaşlarını qidasız-susuz saxlamaq istəməz”.
Politoloq müharibənin gedişində əhəmiyyətli dəyişiklik olduğunu da vurğulayıb:
“Əcnəbi muzdlularla yanaşı, xaricdə olan ukraynalılar da öz ölkələrini qorumaq üçün geri qayıdır. Yalnız son sutkada qayıdan 14,5 min ukraynalıdan 12 min nəfərinin döyüşə qatılmaq istədiyi açıqlanıb. Bununla da könüllü döyüşçülərin sayı 40 minə çatıb. Qərb ölkələrindən müasir silahlar, raketlər gətirilir, Ukraynanın müqaviməti güclənir. Doğrudur, Ukrayna şəhərləri, qəsəbələri viran qalır, ancaq Rusiya ordusu da planlaşdırıldığı kimi irəliləyə bilmir. Artıq strateji cəhətdən Ukraynanın qələbəsi təmin olunub, qalır onun faktiki cəhətdən rus qoşunlarını qovub çıxarması”.
Türkiyənin milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Aleksey Reznikov arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, tərəflər atəşkəsin təmin olunması barədə fikir mübadiləsi aparıblar.
H.Akar Rusiya ilə Ukrayna arasında müzakirələrin əhəmiyyətini qeyd edib, həmçinin atəşkəsin vacibliyini vurğulayıb.
O deyib ki, humanitar yardım baxımından Türkiyənin Ukraynaya dəstəyi bundan sonra da davam edəcək.
Moskva Ukrayna ilə danışıqları mənasız qan tökülməsinin qarşısını almaq üçün aparır.
Axar.az xəbər verir ki, belə bir təəccüblü açıqlama ilə Rusiya XİN sözçüsü Mariya Zaxarova çıxış edib.
O bildirib ki, danışıqlarda müəyyən irəliləyişlər var:
“Paralel olaraq Ukraynada hərbi əməliyyat davam edir. Danışıqlar mənasız qan tökülməsinin və Ukrayna ordusunun müqavimətini dayandırmaq üçün aparılır”, - Zaxarova bildirib.
Qeyd edək ki, mənasız qan tökülməsinə səbəb Rusiyanın Ukraynaya hərbi müdaxiləsidir.
Ukraynada gecə nisbətən sakit keçdi, lakin vəziyyət mürəkkəb olaraq qalır.
Axar.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.
“Ümumiyyətlə, bu gecə bir çox əvvəlki gecələrlə müqayisədə nisbətən sakit keçdi, lakin dincəlmək üçün hələ tezdir, hamımız matçın idman prinsipini xatırlayırıq. Final fitinə qədər hər şey davam edir. Buna görə də bu vəziyyətdə istirahət etmək hələ tezdir. Düşmən hələ də çox güclüdür. Kiyev yaxınlığında nəsə etməyə çalışırlar. Ordunu şimal istiqamətinə cəmləmək istəyirlər. Onlar İzyumu ələ keçirməyi hədəfləyirlər, lakin xoşbəxtlikdən, bu, uğursuzluqla nəticələnir. Qoşunlarımız yaxşı işləyir, lakin ümumilikdə vəziyyət hələ də kifayət qədər mürəkkəbdir”, - o bildirib.
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Antalya Diplomatiya Forumu çərçivəsində nazir Sergey Lavrovla ukraynalı həmkarı Dmitri Kulebanın görüşünü təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib. O bildirib ki, Kiyev də bunu təsdiqləyib.
Təşəbbüskar tərəfin Türkiyə olduğunu xatırladan Zaxarova bildirib ki, görüş martın 10-da baş tutacaq.
ABŞ Prezidenti Co Bayden ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdləri arasında Ukraynaya beynəlxalq dəstək və benzinin bahalaşmasının qarşısının alınması ilə bağlı telefon danışığı təşkil etməyə çalışılsa da, buna nail olunmayıb.
Axar.az xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" məlumat yayıb.
Məlumata görə, Ağ Ev Bayden ilə Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed ən-Nəhyan arasında telefon danışığı qurmağa çalışıb. Sözügedən danışıqlar Baydenin vəliəhdlərlə Ukraynaya beynəlxalq dəstək məsələlərini həll etmək və dünyada benzinin bahalaşmasının qarşısını almaq məqsədi daşıyırdı.
Lakin Ağ Evin görüş tələblərinə hər iki ölkə müsbət cavab verməyib.
Qəzet bildirir ki, son vaxtlar Səudiyyə Ərəbistanının Bayden rəhbərliyi ilə münasibətləri yaxşı deyil.
Bu günə qədər Ukraynada məhv edilən Rusiya hərbçilərinin sayı 4 minə yaxındır.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi general Skot Beryer deyib.
Qeyd edək ki, Rusiya rəsmi olaraq 498 əsgər itirdiyini bildirib, Ukrayna isə rus ordusunun itkilərinin sayının 12 mini keçdiyini açıqlayıb.
Yaponiya hökumətinin Ukraynaya göndərdiyi ilk hərbi yardım Komaki aviabazasından yola düşüb.