Son xəbərlər

Türkmənistanın Xalq Şurası ikipalatalı parlamentin yaradılması üçün Konstitusiyaya düzəlişləri təsdiqləyib.

Axar.az xəbər verir ki, bu məlumatı Türkmənistanın dövlət agentliyi yayıb. Dəyişikliyə əsasən, parlamentin yuxarı palatası Xalq Şurası, aşağı palatası isə Məclis adlanacaq.

Xalq Şurasında 5 vilayətin və Aşqabadın nümayəndələri toplanacaq. Onlar vilayət şuralarının iclasında məxfi səsvermə ilə seçiləcəklər. Bundan başqa palataya prezident 8 nümayəndə göndərəcək. Ümumilikdə Xalq Şurasında 56 deputat yer alacaq. Üstəlik, Türkmənistanın bütün eks-prezidentləri Xalq Şurasının üzvü olacaqlar.

Başqa bir düzəlişə əsasən, Türkmənistan prezidenti səlahiyyətlərini icra edə bilməyəcəyi təqdirdə onun səlahiyyətləri Xalq Şurası sədrinə keçəcək.

Məclisdə isə 125 deputat yer alacaq. Aşağı palata həmçinin dövlət büdcəsinin təsdiqi, seçkinin təyini məsələlərinə baxacaq.

Yeni Konstitusiya 2021-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Belarusda etirazları dağıdan maskalıların kimliyini ortaya çıxardı

Belaruslu oyun dizayneri Andrey Maksimov “Youtube” kanalında təhlükəsizlik qüvvələrinə videomüraciət ünvanlayıb. O, videoda etirazları dağıdan maskalı hüquq-mühafizə orqanlarının əməkdaşlarının kimliyini müəyyənləşdirə bilən süni intellektin işini təsvir edib.

“Qafqazinfo” xəbər verir ki, videomüraciətdə Maksimov təhlükəsizlik işçilərini etirazçıları dağıtmaq əmrlərini yerinə yetirməməyə çağırıb və onların kimliyinin sonradan müəyyən edilə biləcəyini bildirib.

Videoda maskalı çevik polis üzvlərinin etirazçıları həbs etdiyi kadrlar yer alıb. Daha sonra isə alqoritm onların əsl üzlərini və şəxsi məlumatlarını ortaya çıxarıb.

 

Proqramçı “Getmək üçün son şansınız var” deyərək etirazların dağıdılmasında iştirak edən təhlükəsizlik əməkdaşlarını xəbərdar edib.

Xatırladaq ki, Belarusda sentyabrın 23-ü Aleksandr Lukaşenkonun qapalı andiçmə mərasimi baş tutub. Avropa İttifaqının 27 ölkəsi Lukaşenkonu legitim prezident olaraq tanımaqdan imtina edib və andiçmə mərasiminin Belarus xalqının iradəsinə zidd olduğunu bildirib.

 

 

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 86 min 508 yeni yoluxma və bu virus səbəbindən 1129 ölüm qeydə alınıb. Bu, ötən gün üçün dünyada sutkalıq ən çox yoluxma və ölüm halıdır. Ümumiyyətlə, Hindistan son bir neçə gündür ki, sutkalıq yoluxma və ölüm hallarının sayına görə bütün ölkələri qabaqlayır.

AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 5 milyon 732 mini ötüb. Hindistanda pandemiya qurbanlarının sayı isə 91 min 149-a çatıb. Hindistanın Dəmir Yolu Məsələləri üzrə Dövlət naziri Sureş Anqadi COVID-19 virusuna yoluxduğu təsdiqləndikdən 2 həftə sonra - ötən gün vəfat edib.

Baş Nazir Narendra Modi əhalinin qoruyucu maska taxmasının artıq vərdiş halını alacağına ümid etdiyini deyib.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir. Ölkədə virusa yoluxanların ümumi sayı iyulun 16-da 1 milyonu, avqustun 6-da 2 milyonu, avqustun 22-də 3 milyonu, sentyabrın 4-də 4 milyonu, sentyabrın 15-də isə 5 milyonu ötüb. Avqustun 6-dan bəri sutkalıq ən çox yoluxma Hindistanda qeydə alınır.

“Ermənistanın Sevr sazişi haqqında yersiz mövqe bildirməsindən sonra Şərqi Aralıq dənizi ilə bağlı rəy verməyə çalışmasını növbəti həddini aşma və məsuliyyətsizlik hesab edirik. Burada məsələ Sevan gölü (Göyçə gölü) deyil, Şərqi Aralıq dənizidir”.

Türkiyə Xarici İşlər nazirinin sözçüsü Hami Aksoy belə deyib.

Hami Aksoy bildirib ki, Ermənistanın coğrafi olaraq Şərqi Aralıq dənizi ilə heç bir əlaqəsi olmadığı üçün söz haqqına da sahib deyil: “Necə ki, Fransanın, Birləşmiş Ərəb Əmirliklərinin Şərqi Aralıq dənizi ilə heç bir əlaqəsi yoxdur. Bu addım Türkiyəyə qarşı qurulmağa çalışılan növbəti məkrli ittifaqa Ermənistanın da daxil olması təəssüratına əsas verir”.

Diplomat bildirib ki, Türkiyə beynəlxalq hüququn tələbləri çərçivəsində Şərqi Aralıq dənizi sahillərində yaşayan Kipr türklərinin hüquqlarını qorumaq üçün qətiyyətlə mübarizəsini davam etdirəcək: “Bunun qarşısını heç bir şər ittifaq ala bilməz. Bunun əksini düşünənlər, deməli, tarixdən heç bir dərs almayıblar. Yeri gəlmişkən, bir daha xatırlatmaq istərdik ki, bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq”.    /APA/

Məlum olduğu kimi, Belarusda keçirilən prezident seçkilərindən sonra baş tutan kütləvi etiraz aksiyalarına hakimiyyət tərəfindən sərt şəkildə müdaxilə olunub.

Ölkənin Daxili İşlər Nazirliyi min nəfəri Minskdə olmaqla, ölkə üzrə 3 minədək etirazçının saxlandığını, toqquşmalar zamanı 50-dən çox dinc sakinin, 39 hüquq-mühafizə əməkdaşının xəsarət aldığını rəsmən bəyan edib.

Müxalifətin əsas namizədi Svetlana Tixanovskaya isə Minskdə keçirdiyi mətbuat konfransında seçkinin qalibi olduğunu açıqlayıb. O, fikrinin seçki məntəqələrinin çoxundan əldə olunmuş real protokollara əsaslandığını, həmin sənədlərin onun seçkini udduğunu sübuta yetirdiyini söyləyib.

Tixanovskaya seçki komissiyasının elan etdiyi rəsmi nəticələrin saxtalaşdırıldığını iddia edib. Onun sözlərinə görə, etirazlar zamanı bir nəfərin öldüyü təsdiqlənərsə, bu, Lukaşenko hökumətinin sonunun başlanğıcı olacaq. DİN-in rəsmi sözçüsü isə bir nəfərin ölümü haqda məlumatın yalan olduğunu bildirib.

Prezident Aleksandr Lukaşenko isə öz növbəsində aksiyalarda iştirak edənləri sərt dildə tənqid və hətta təhqir edib. Lukaşenko etirazçılara “adekvat cavab veriləcəyini” bildirib. Prezident həmçinin etirazçıları telefon vasitəsilə xarici ölkələrdən idarə olunan “qoyunlar” adlandırıb: “Polşadan, Böyük Britaniyadan, Çexiya Respublikasından bizim, bu sözə görə üzr istəyirəm, qoyunları idarə etmək üçün telefon zəngləri olub. Onlar nə etdiklərini bilmirlər və başqaları onları idarə etməyə başlayır.”

Prezident aksiyalarda iştirak edən gənclərin valideynlərinə də xəbərdarlıq edərək, əgər sonradan peşman olmalarını istəmirlərsə, vaxtında övladlarına nəzarət etmələrini məsləhət görüb. Lukaşenko əlavə edib ki, Minskin mərkəzində “yanğın törətmək”cəhdi baş tutmayıb və o, ölkənin parçalanmasına imkan verməyəcək.

Onu da qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Belarusda baş verən zorakılığı pisləyib, hökuməti seçkinin nəticələrini dəqiq hesablayıb dərc etməyə çağırıb.

Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali təmsilçisi Jozep Borrell və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi də zorakılığı pisləyib. Onlar da avqustun 10-da verdikləri bəyanatda Belarus hökumətini səsləri düzgün saymağa çağırıblar. /AzPolitika.info/

“Rusiya gələn ilin əvvəlinə qədər ayda bir neçə milyon koronavirus peyvəndi istehsal edəcək”.
Bunu Rusiyanın Sənaye və ticarət naziri Denis Manturov TASS agentliyinə müsahibəsində deyib.

O bildirib ki, ümumi istehsal səhiyyə sisteminin ehtiyaclarından asılı olacaq: “Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanan ilk yerli peyvəndin seriyalı istehsalına sentyabr ayında başlanacağı gözlənilir. Eyni zamanda, ilkin hesablamalara görə, gələn ilin əvvəlinə qədər bir neçə milyona çatdırılmaqla, ayda bir neçə yüz min peyvəndin istehsalını təmin edə biləcəyik. Bu planların həyata keçirilməsindən əmin olmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Rusiyanın 17 tədqiqat müəssisəsində 26 koronavirus peyvəndi variantı hazırlanır. Qamaleya Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanmış bir peyvənd artıq könüllülər üzərində sınaqdan keçirilib. Həmçinin, Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin “Vektor” tədqiqat mərkəzi tərəfindən 6 fərqli texnoloji platformada peyvənd hazırlanır. Bunlardan birincisinin sentyabrda, ikincisinin isə 2020-ci ilin oktyabrında istifadəyə veriləcəyi gözlənilir. /APA/

Naxçıvanda keçirilən Azərbaycan -Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının bayram və istirahət günlərində mənalı istirahətləri təşkil olunub.

Türkiyəli hərbçilər Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerlərini,“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini, Batabat yaylağını, Şahbuz Dövlət Təbiət Qoruğunu ziyarət ediblər.

Qardaş ölkənin genişmiqyaslı birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak  etmək üçün Naxçıvana  gələn hərbçiləri gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində şəxsi heyətin sosial-məişət şəraiti, silahvə texnikaları ilə tanış olub, əsgərlərimizlə birlikdə nahar ediblər. 

İran parlamentinin keçmiş millət vəkili Əli Mütəhhəri “Twitter” səhifəsində paylaşdığı bir yazıda İran rejiminin Çin hökumətinin uyğur müsəlmanlarına qarşı təzyiq və repressiyalarına göz yummasına kəskin etiraz bildirib.

Gunaz TV bildirir ki, sabiq millət vəkili “İran hakimiyyəti iqtisadi baxımdan Çinə möhtac olduğu üçün onun uyğur müsəlmanlarına qarşı zülmünə göz yumur. İranın Çin hökumətinin uyğur müsəlmanlarına qarşı zülm və repressiyaları qarşısında susması və buna göz yumması islam respublikası üçün başıaşağılıq və biabırçılıqdır” deyib.

Mütəhhəri bundan əvvəl də başqa bir tvitində İranla Çin arasında razılaşdırılmış 25 illik əməkdaşlıq sənədinin möhtəvasına etiraz bildirərək, rəsmi Tehranın Pekinlə hər hansı bir əməkdaşlıqdan əvvəl Çindəki uyğur müsəlmanlarının acınacaqlı taleyi barədə mövqe bildirməsini tələb etmişdi: “İranla Çin arasında 25 illik əməkdaşlıq sənədinin məzmunu hələ bir kənara qalsın, lakin sənədin imzalanmasından əvvəl məscidləri dağıdılan, öz din və mədəni kimliyindən əl çəkmək üçün Çinin icbari əmək düşərgələrində işgəncə altında saxlanılan 2 milyon uyğur müsəlmanının taleyi müəyyən edilməlidir” –deyə, Əli Mütəhhəri bildirmişdi.İran parlamentinin iclasında çıxış edən deputat Mahmud Əhmədi Biğəş, Mütəhhərinin “Twitter”də paylaşdığı bu yazısını rədd edərək, Çin hökumətinin uyğur müsəlmanları ilə hər hansı bir problemi olmadığını deyib: “Son vaxtlar həmişə tələbkar olan bəzi xasiyyətsiz siyasətçilərin hökumətin Çin müsəlmanları ilə bağlı siyasəti barədə yaydığı tənqidi fikirlər və iddialar yalandır və ölkənin milli təhlükəsizliyinə qarşı zidd addımdır.Aparılan araşdırmalar göstərir ki, Çin hökumətinin on minlərlə uyğur müsəlmanı ilə heç bir problemi yoxdur. Beləliklə də Çin müsəlmanlarını Fələstin müsəlmanları ilə müqayisə etmək qərbə meyillənən fitnədən başqa bir şey deyil. Aydın məsələdir ki, bu kimi bəyanatların səsləndirilməsi İranla Çin arasındakı münasibətlərə xələl gətirmək və ona təsir etmək məqsədi güdür” –deyə, İran parlamentinin deputatı Mahmud Əhmədi Biğəş əlavə edib.Mahmud Əhmədi Biğəşin bu çıxışından sonra Əli Mütəhhəri “Twitter” də paylaşdığı yeni bir yazısında iranlı deputatın məsələyə münasibətini kəskin tənqid edib: “Deputat Mahmud Əhmədi Biğəşin Çin kommunist rejiminin uyğur müsəlmanlarına qarşı böyük zülmündən məlumatsızlığı heç də təəccüblü deyil. Çünki onun kimi şəxslər öz məlumatlarını yalnız dövlət radio-televiziyasından əldə edirlər. İran Dövlət Radio-Televiziyası isə dünya mediasından fərqli olaraq, bu günə qədər Çinin müsəlmanlar yaşayan bölgələrində islamın kökünün necə kəsildiyi barədə hər hansı bir məlumat və reportaj yaymayıb” –deyə, İran parlamentinin keçmiş deputatı Əli Mütəhhəri “Twitter” də paylaşdığı yazısında bildirib.

Ermənistan ilə Faşist Almaniyası arasında oxşarlıqlar nədir?
2005-2008-ci illərdə Ermənistanın Milli Kino Mərkəzi tərəfindən hazırlanmış "Evə gedən yol" cizgi filmi Ermənistanın dövlət televiziya kanalında göstərilir. Filmdə 2050-ci ildə Ermənistan ərazisinin Gürcüstan, İran, Türkiyə və Azərbaycan torpaqları hesabına necə genişləndiyindən və bir qrup məktəblinin "düşməndən azad olunmuş" həmin ərazilərə səyahətindən bəhs edilir.

Trend xəbər verir ki, bu film vasitəsilə həm Ermənistan daxilində, həm erməni diasporunda ermənilərə uşaqlıqdan qonşu xalqlar qarşı nifrət və işğalçı ruhunda böyüdürlər. Uşaqlara "Böyük Ermənistan" xülyası təlqin edilir.

23 iyul 2011-ci ildə Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan tələbələrlə görüşü zamanı tələbələrdən birinin Türkiyənin ərazilərini nəzərdə tutaraq "Qərbdəki torpaqlar bizə geri dönəcəkmi?"- sualına cavab olaraq Sarkisyan deyib: - "Bu sizdən və sizin nəsildən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni yerinə yetirdi. Qarabağı düşməndən aldıq. Hər nəslin özünün yerinə yetirilməli olduğu öhdəlikləri var". Bununla, Sarkisyan Gürcüstanın, Türkiyənin və Azərbaycanın digər ərazilərinin işğal edilməsi öhdəliyinin gənc nəslin üzərinə düşdüyünü bildirir.

Hitler də "Böyük Alman Reyxi" yaratmaq istəyirdi.

İrqçilik

Ermənistanın 2-ci prezidenti Robert Koçaryan Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında 16 yanvar 2003-cü il tarixində etdiyi çıxışında "ermənilərlə azərbaycanlıların genetic baxımdan uyğunsuz" olduğunu bildirmişdir. Koçaryan belə bir çıxış etdiyini Avropa Şurasının Parlament Assambleyasında da təsdiq etmişdir.

Robert Koçaryanın ixtisasca həkim olan arvadı Bella Koçaryan Ermənistanda Qan köçürülməsi mərkəzinin açılışında demişdir: "ermənilərə yalnız erməni qanı vurulmalıdır. Erməni qanı spesifik genetik struktura malikdir." Mərkəzin rəhbəri də ermənilərin adətən xaricilərlə ailə qurmadığına görə erməni qanının təmiz qaldığını bildirmişdir.

Faşist Almaniyasında "Qan və Torpaq" (Blut und Boden) şüarını xatırladır. Qan " təmiz Ariya irqi"nə istinad edir.

Bu Faşist Almaniyasındakı Nüremberq qanunlarını xatırladır.

Bu qanunlar almanların "təmizliyini" qorumaq üçün "ari irqinə" məxsus olmayan şəxslərlə evlənmələrinin qadağan edirdi.

Ermənistanın faşist siyasəti nəticəsində azərbaycanlı, kürd və digər millətlər qovulmuşdur. Ermənistan hazırda mono-etnik ölkədir.

Soyqırımı törədilməsi

1992-ci il fevralın 26-da Xocalı soyqırımında iştirak etmiş Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas De Vaala verdiyi müsahibəsində fəxrlə bildirib: "Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik". öldürülənlər arasında 63 uşaq, 106 qadın, 70 qoca olduğunu nəzərə alsaq, bunu fəxrlə yalnız faşist təfəkkürlü insan deyə bilərdi.

Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan da Erməni diasporu ilə görüşdə ermənilərin Allah tərəfindən seçilmiş bir millət olduğunu bildirmişdir.

Hitler Almaniyasında da almanların seçilmiş Ari irqə məxsus olduqları barədə təbliğat aparılırdı.

Bütün bunların məntiqi ardıcıllığı olaraq, indi Ermənistanda faşist Almaniyasına xidmət etmiş generallar Drastamat Kanayan (Dro) və Qaregin Njde təbliğ olunur. Onların irqçiliyi və antisemitizmi təbliğ edən əsərləri nəşr edilir, onlara abidələr qurulur, şərəflərinə sikkələr çıxarılır, mahnılar qoşulur, filmlər çəkilir, medallar təsis olunur. Buna görə, Ermənistan Avropada yəhudilərə ən çox düşmən münasibət bəsləyən 2-ci dövlətdir