Türkmənistanın Xalq Şurası ikipalatalı parlamentin yaradılması üçün Konstitusiyaya düzəlişləri təsdiqləyib.
Axar.az xəbər verir ki, bu məlumatı Türkmənistanın dövlət agentliyi yayıb. Dəyişikliyə əsasən, parlamentin yuxarı palatası Xalq Şurası, aşağı palatası isə Məclis adlanacaq.
Xalq Şurasında 5 vilayətin və Aşqabadın nümayəndələri toplanacaq. Onlar vilayət şuralarının iclasında məxfi səsvermə ilə seçiləcəklər. Bundan başqa palataya prezident 8 nümayəndə göndərəcək. Ümumilikdə Xalq Şurasında 56 deputat yer alacaq. Üstəlik, Türkmənistanın bütün eks-prezidentləri Xalq Şurasının üzvü olacaqlar.
Başqa bir düzəlişə əsasən, Türkmənistan prezidenti səlahiyyətlərini icra edə bilməyəcəyi təqdirdə onun səlahiyyətləri Xalq Şurası sədrinə keçəcək.
Məclisdə isə 125 deputat yer alacaq. Aşağı palata həmçinin dövlət büdcəsinin təsdiqi, seçkinin təyini məsələlərinə baxacaq.
Yeni Konstitusiya 2021-ci il yanvarın 1-də qüvvəyə minəcək.