Son xəbərlər

Avropa İttifaqı hakimiyyəti kiberizləmə üçün texnologiyaların satışı və ixracını tənzimləyən normaları sərtləşdirib. Belə ki, Avropa qanunvericilik orqanları və Avropa Şurası arasında sifətin tanınması texnologiyaları və casus proqram təminatı kimi ikili təyinatlı malların insan hüquqlarının pozulması məqsədilə istifadəsinin qarşısının alınması üçün onların dövriyyəsinə nəzarət edən normaların yenilənməsi barədə ilkin razılıq əldə olunub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yenilənmiş normalara görə, Avropa şirkətləri dövlətdən müəyyən məhsulların ixracı üçün lisenziya almalı və yeni kriterilərə uyğun cavab verməlidir. Məsələn, onlar ixrac olunan texnologiyaların insan hüquqlarının pozulması üçün istifadə edilməyəcəyini sübut etməlidirlər. Bundan başqa, Avropa ölkələri şəffaflığı daha çox təmin edəcək və ictimaiyyətə əldə edilən lisenziyalar haqqında daha çox məlumat verəcəklər.

Sifətin tanınması texnologiyaları və casus proqram təminatı ilə yanaşı, ikili təyinatlı mallara yüksək məhsuldarlığa malik kompüterlər, pilotsuz uçan aparatlar və müəyyən kimyəvi maddələr aiddir.

Uzun müddət davam edən danışıqlardan sonra imzalanan sazişin Avropa Parlamenti və digər orqanlar tərəfindən rəsmən təsdiqlənəcəyi gözlənilir.

Hüquq-mühafizə qrupları çoxdandır Avropa İttifaqını kiberizləmə üçün texnologiyaların ixracı üzrə qaydaları sərtləşdirməyə çağırırlar. "Amnesty International" təşkilatının hesabatına görə, hazırda mövcud olan Avropa qanunvericilik normalarında sürətlə dəyişən müşahidə dinamikası və yeni rəqəmli müşahidə texnologiyaları ilə əlaqədar yaranan risklər nəzərə alınmır. "Amnesty International" tərəfindən Çinə rəqəmli müşahidə texnologiyaları satan minimum üç Avropa şirkəti aşkarlanıb.

Mən müxalifətdə olanda, 2016-cı ildə (Aprel savaşı nəzərdə tutulur – red.) Qarabağa könüllü getdim, sonradan hadisələrin o qədər də uğurlu getməməsinə baxmayaraq, mitinq keçirmədim.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan müxalifətdə olsaydı, üçlü Bəyanata necə reaksiya verəcəyi haqda danışarkən deyib.

İctimai kanalın efirində danışan Paşinyan bildirib ki, o, 30 minə yaxın əsgər və zabitin mühasirəyə düşüb məhv olmaması üçün bu Bəyanatı imzalamağa məcbur olub:

“Bu Bəyanatı bir an tez imzalamaq üçün Baş Qərargah tələsdirirdi, digər hərbi heyət təkid edirdi ki, proses dərhal dayanmalıdır”.

Bəyanatın imzalanmayacağı halda hər şeyin itiriləcəyini xatırladan Paşinyan bu sənədin hələ siyasi nizamlanma olmadığını, bütün açıq məsələlərin bundan sonra müzakirə ediləcəyini qeyd edib. Həmçinin bildirib ki, "ərazini saxlamaq üçün" yeganə yol Bəyanatı imzalamaq idi.

ABŞ-ın Tanzaniya və Keniyadakı səfirliklərinə hücumun iştirakçılarından biri olan Əl Qaidə terror təşkilatının liderlərindən biri Abdulla Əhməd Abdulla İsrailin Tehrandakı agentləri tərəfindən məhv edilib.

Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb. Məlumata görə, Abdulla 3 ay əvvəl məhv edilib. Onun avqustun yeddisində Tanzaniya və Keniya səfirliklərinə hücumun il dönümündə Tehranın küçələrindən birində motosikletdə olan iki nəfər tərəfindən öldürüldüyü bildirilib. Abdulla ilə bərabər qızı Məryəm də öldürülüb.

Qəzet İsrail xüsusi xidmət orqanlarının hücumu ABŞ-ın təşəbbüsü ilə gerçəkləşdirdiyini bildirib. Abdullanın öldürülməsindən sonra isə İran KİV-i Tehranda livanlı tarixçi Həbib Daudun öldürüldüyü haqqında məlumat yayıb. “Nyu York Tayms” əslində belə adamın heç vaxt mövcud olmadığını və öldürülən şəxsin Həbib Daud adıyla gizləndiyini açıqlayıb.

Belə ki, Abdullah Əhməd Abdullanın 2003-cü ildən İranda həbsxanada olduğu, amma 2015-ci ildən Tehran ətrafında sərbəst həyat yaşadığı qeyd edilib.

Naxçıvan Meğri vasitəsilə Azərbaycanla birləşir, Ermənistan cənubdan da bloklanır.

Axar.az xəbər verir ki, bu barədə erməni iş adamı, marketoloq Vaqram Mirakyan sosial şəbəkə hesabında yazıb.

O, dediyinin sübutu kimi üçlü Bəyanatın aşağıdakı məqamlarını diqqətə çatdırıb:

“1. “dqr”in keçmiş ərazilərindən söhbət getmir

2. Talış, Madagiz, Hadrut barədə bir söz belə yoxdur

3. Başa düşdüyümüz kimi, türk ordusu Rusiya ordusu ilə bir yerdə “artsax”dadır.

4. Naxçıvan Meğri (Sünik vilayəti) vasitəsilə Azərbaycanla birləşir, yəni Ermənistan cənubdan bloklanır.

5. Rusiya sülhməramlıları 5 il müddətinə qalırlar və əgər 5 ildən sonra tərəflərdən biri razılaşmadan çıxmırsa, müddət avtomatik olaraq uzadılır. 5 və ya 10 ildən sonra Azərbaycan tərəf kimi razılaşmadan çıxa bilər, o zaman ruslar gedəcək, "dqr" və Emənistan blokadada qalacaq

6. “dqr” statusu haqqında heç bir söz yoxdur

7. Azərbaycanlılar öz qaçqınlarını, təxminən, 200 min nəfəri "artsax"da məskunlaşdıracaq”.

Onun sölərinə görə, Ermənistan türk birliyi qarşısında aciz vəziyyətdədir:

“Strateji nöqteyi-nəzərdən Türk Dünyası inanılmaz uğur qazandı – Ermənistan vasitəsilə birləşdi, “artsax”ın yarısını – Kəlbəcəri, Ağdamı, Şuşanı və digərlərini aldı...”

Qeyd edək ki, Qarabağı işğal edən ermənilər Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazilərini həyasızcasına “öz torpaqları” adlandırmaqda davam edir.

Məlum məsələdir ki, Ermənistanda vəziyyət stabil deyil, xalq üsyan edir. Lakin ABŞ-ın siyasi “serialı” hələ bitmədiyindən Paşinyanın Baydenin köməyinə müraciət edəcəyi barədə hər hansı bir ehtimal irəli sürmək üçün tezdir.

Bunu Axar.az-a açıqlamasında rus politoloq Konstantin Bloxin Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-ın yeni prezidenti Co Baydendən kömək istəmək ehtimalından danışarkən deyib.

“Baydenin hələ ABŞ prezidenti olacağına dair 100 faiz zəmanəti yoxdur. Yeri gəlmişkən, nə Putin, nə də Çin lideri onu qələbə münasibətilə təbrik edib. Bayden prezident olarsa, bu, Türkiyə və ya Azərbaycanla münasibətlərin pis, Ermənistanla yaxşı olacağı demək deyil. Türkiyənin aktiv xarici siyasəti NATO-nun məntiqinə və Birləşmiş Ştatların dövlətlər üzərində nəzarətə sahib olmaq istəyinə uyğun gəlmir. Yəqin, xatırlayırsınız, ABŞ-ın Türkiyə ilə münasibətləri hələ Obamanın dövründən soyuq olub. Həmçinin Tramp və Pompeo da Türkiyəyə qarşı çox mehriban olmayıb. Nəticə etibarilə Bayden və ya Tramp - bunlardan hansının prezident olmasından asılı olmayaraq, Vaşinqtonu Türkiyənin fəal xarici siyasətini qane edə bilməz. Burada prezidentin əlindən çox az şey gəlir”, - politoloq qeyd edib.

K.Bloxinin sözlərinə görə, Tramp Baydendən yalnız ritorikası ilə fərqlənəcək:

“Trampın ritorikası daha aqressivdir, Baydendə isə əksinə, daha balanslıdır. ABŞ-ın xarici siyasəti Türkiyə, Rusiya və Qafqazla bu və ya digər formada sabit qalacaq”.

İrəvana göndərilən helikopterlər ağır yük təyyarəsinə belə yükləndi

Dağlıq Qarabağdakı sülhməramlı kontingenti üçün ayrılan çox məqsədli “Mi-8” və “Mi-24” hücum helikopterləri Ermənistana gətirilib.

“Qafqazinfo” xəbər verir ki, helikopterlərin “An-124” ağır yük təyyarəsinə yüklənməsi videoya çəkilib.

Artıq 8 ədəd helikopter İrəvana gətirilib. Helikopterlər atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin havadan izlənilməsində istifadə ediləcək.

 

Bununla yanaşı helikopterlər sülhməramlıların şəxsi heyətini və resurslarını Dağlıq Qarabağın ucqar bölgələrinə çatdırmaq üçün də istifadə olunacaq.

 

 

 

Lənət şeytana! Hansı cəhənnəmdədir suallara cavab verəcək Paşinyan?! O, hansısa bunkerdə kreslonun altında gizlənib?

Axar.az xəbər verir ki, bunu erməni siyasi icmalçı Samvel Ohanesyan deyib.

Onun sözlərinə görə, bütün bu dövr ərzində erməni cəmiyyəti aldadılıb:

“Aldadanların siyahısına Ermənistan Müdafiə Nazirliyi də daxildir. Əvvəlcə Azərbaycan əsgərlərinin guya Qarabağın şəhərlərində şəkil çəkdirib, sonra qaçdıqlarını söylədilər, Ermənistan ordusunun itkilərini gizlətdilər, sonra cəhənnəmdən və “Gorbagor əməliyyatı”ndan danışdılar. Daha sonra isə Şuşanı itirmədiyimizi söylədilər. Halbuki şəhər çoxdan Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında idi”.

Qeyd edək ki, Ermənistan MN guya Azərbaycan Ordusunun həmlələrinə qarşı “Gorbagor əməliyyatı” həyata keçirəcəyi ilə bağlı öz ictimaiyyətini aldatmışdı.


Lavrov fransalı həmkarını bəyanatla bağlı məlumatlandırdı

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov fransalı həmkarı Jan-İv Le Drianla bu gün Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Sergey Lavrov həmkarına Rusiyanın 10 noyabr tarixindən etibarən Dağlıq Qarabağ bölgəsindəki bütün hərbi əməliyyatların tamamilə dayandırılması üçün həyata keçirdiyi vasitəçilik səyləri barədə məlumat verib.

 

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən noyabrın 9-da imzalanan birgə bəyanatın hazırlanmasında ATƏT-in Minsk qrupu həmsədrlərinin hazırladığı baza prinsiplərinin vacib rol oynadığını xatırladıb. 

Rusiya və Fransa Xarici İşlər nazirləri Minsk qrupu həmsədrlərinin bölgədəki vəziyyəti yaxşılaşdırmaq və münaqişənin birdəfəlik siyasi həllinə nail olmaq üçün birgə səyləri çərçivəsində mümkün gələcək addımlar barədə fikir mübadiləsi aparıblar.

 

 

 

Azərbaycanlı qardaşlarımızı bir daha təbrik edirəm.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, əldə edilən razılaşmaya əsasən Azərbaycan torpaqları ən geci dekabrın 1-nə kimi təslim ediləcək:

“Azərbaycanla Naxçıvan arasında nəqliyyat təmin ediləcək və yol çəkiləcək. Türkiyə sazişin icrasına nəzarət etmək və izləmək üçün bölgədə Rusiya ilə birgə çalışacaq. Bununla bağlı bu səhər müqavilə imzalandı”.

Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin Qarabağla bağlı imzaladığı bəyanat Ermənistan cəmiyyətində ciddi siyasi proseslər və açıqlamalar, görüşlərlə müşayiət olunur.

Belə görünür ki, əslində 44 günlük savaş və onun “hərbi kapitulyasiya” adlandırdığımız sənədlə yekunlaşması heç də son deyil. Bəlkə də başlanğıcdır.

Prosesləri əvvəldən nəzərdən keçirək...

Paşinyan bu gün artıq 2 ildir təkrarladığı “məndən əvvəlki hakimiyyət Qarabağla bağlı hər şeyi uduzmuşdu” fikrini səsləndirməklə məşğuldur.

Haqlıdır, çünki 2011-ci ildə Kazan prinsipləri əsasında razılaşmadan Ermənistanın sabiq prezidenti Serj Sərkisyan yayınmağı bacarmadı: 2016-cı ilin aprel savaşı ilə ağır zərbə alan Ermənistanın baza prinsipləri əsasında danışıqları davam etdirəcəyi və Sərkisyanın o şərtləri qəbul edəcəyi öhdəliyini Rusiya öz üzərinə götürdü.

Bundan sonra Sərkisyana Rusiyanın təzyiqi artmağa başladı: Xatırlayırsınızsa, 5 rayon (“+2”-ni Lavrov tez-tez unudurdu) formulunu hətta Lavrov belə gündəmə gətirirdi və bu ssenari ona görə bir müddət “Lavrov planı” da adlanmağa başladı.

Sərkisyan əvvəlcə razılaşma imzalamağa və 7 rayonu (Laçın koridoru istisna olmaqla) boşaltmağa razı olsa da, sonradan “fasilə” götürdü – seçkiləri bəhanə edirdi. Seçkidə isə hakimiyyəti Qərbin layihəsinə, Sorosun uşağına uduzmadı, sadəcə ötürdü, vəssalam.

Ermənistanda “məxməri inqilab”ın baş tutma səbəbi elə Sərkisyanın özü idi. Əks halda 2008-ci il 1 martındakı kimi, nümayişçilərə qarşı ən azı zor tətbiq etmək olardı.

Sərkisyan isə nəinki zor tətbiq etdi, hətta bir-iki dəfə Nikol Paşinyanla bağlı qapı arxasında görüşəndən sonra heç kəsin gözləmədiyi bir anda istefaya getdi.

Sərkisyan Dağlıq Qarabağın ətrafındakı rayonları belə qaytarmağa hazır deyildi, amma qaytarmaya da bilməzdi. Paşinyan isə Rusiyanın işğalı dayandırmaq təzyiqindən yayınmaq yolunu tapdığını düşünürdü.

Sərkisyanın bu layihədə iştirakı istisna edilməməlidir: Paşinyanı 1 mart hadisələrindən sonra vaxtından əvvəl həbsdən buraxan da, onun deputat seçilməsinə yaşıl işıq yandıran da Serj Sərkisyan olmuşdu.

Təsadüfi deyil ki, Paşinyan hakimiyyətə gələndən sonra “qisas ağırlığını” Köçəryanın üstünə saldı və onu həbs etdirdi, Sərkisyanla bağlı cinayət işlərinin açılmasına baxmayaraq isə o, həbs olunmadı...

Paşinyan nəyə nail olmaq istəyirdi?

Nikol Paşinyan ilk gündən qərbyönümlü və yaxud sorosyönümlü (necə adlanmasından asılı olmayaraq) siyasi xətt tutmuşdu: hədəf Rusiyadan daha çox siyasi, hərbi və iqtisadi güzəştlər qoparmaq, Qarabağ məsələsində baza prinsiplərindən imtinaya dəstək almaq, Dağlıq Qarabağı tanıtmaq, bu baş tutmadıqda isə Qərbin dəstəyi ilə bu istədiklərinə nail olmaq idi.

Hakimiyyətinin ilk illərində siyasi manevr edərək, Azərbaycandan möhlət alan Nikol Paşinyan xalqın dəstəyi ilə rəqiblərini zərərsizləşdirdikdən sonra planını həyata keçirməyə başladı: silahlanmanı gücləndirdi, eyni zamanda həm Rusiya ilə, həm də Azərbaycanla çox təhlükəli oyuna başladı.

Qərbdən ciddi dəstək ala bilməyəcəyini anlayanda isə artıq gec idi: Rusiya ilə münasibətləri kifayət qədər gərginləşdirmişdi. Belədə yeganə yol qalırdı: “va-bank”!

Paşinyanın Şuşada qondarma andiçmə mərasimi keçirməsi, “dqr” parlamentinin Şuşaya köçürülməsi prosesini başlatması, Azərbaycanın mənəvi paytaxtında yallı getməsi, “Qarabağ Ermənistandır” açıqlaması - hamısı müharibəyə nail olmaq istəyi idi.

N.Paşinyanın, nəhayət, “müharibəni qazanmaq üçün” “yeni ərazilər uğrunda yeni müaribə” avantürası ən təhlükəli oyun oldu. Bu, artıq son idi və heç bir güzəştə yer qoymurdu.

Ermənistan baş nazirinin əminliyi vardı: Azərbaycan heç bir halda Dağlıq Qarabağın ərazisinə girməyəcəkdi, o cümlədən Ermənistan ərazisinə də müdaxilə etməyəcəkdi – KTMT zəmanətinə görə.

Ən pis ssenari Aprel savaşı ola bilərdi: bir neçə yüz hektar ərazinin itirilməsi. Bunun ardınca Nikol Paşinyan ya işğaldakı ərazilərin cüzi bir hissəsini “güzəştə” gedə, əvəzində isə Rusiya ilə münasibətləri tamamilə kəsərək, Qərbə doğru üz tutma fürsəti qazana bilərdi.

Ən yaxşı variant isə “yeni ərazilərlə” Azərbaycanı kapitulyasiyaya məcbur etmək idi.

Ən pis və ən yaxşı variantlar masada idi, Nikol Paşinyan Dağlıq Qarabağ probleminin çözümünü tapmış və bunu birdəfəlik həll etmək üçün qolunu çırmamışdı.

Hər şey hesablanmışdı – yalnız bir şeydən başqa:

İlham Əliyev faktoru

Paşinyan yalnız Azərbaycan Prezidentinin imkanlarını və siyasi strategiyasını düzgün qiymətləndirməmişdi. O bilmirdi ki, uzun illərdir danışıqlar masasında ərazi bütövlüyünün həlli üçün çalışan İlham Əliyev “sülh üçün müharibəyə” hazırlaşır: bundan ötrü bəzi illərdə yalnız silaha bir neçə milyard xərcləməkdən belə çəkinmir.

Üstəlik, İlham Əliyev həm Rusiya, həm Türkiyə, həm İran, eyni zamanda dünyanın bir çox mötəbər qurumları, beynəlxalq təşkilatları ilə aktiv şəkildə çalışır, siyasi, mədəni, idman tədbirlərindən belə məharətlə istifadə edir, dünyanın ən nüfuzlu təşkilatları ilə əlaqələrini genişləndirir, lobbi fəaliyyətinə ciddi vəsait xərcləyir, daxili sabitliyi gücləndirir, siyasi partiyalarla münasibətləri ən yüksək səviyyəyə qaldırır, ölkənin idarəetməsini təkmilləşdirir, iqtisadi gücünü günbəgün artırır və..

Və əlbəttə ki, strateji müttəfiq, qardaş ölkə ilə hərbi təlimlərin sayını ildə 10 dəfəyə qədər qaldırır – yəni ordunu ən yüksək səviyyədə döyüşə hazırlayır.

Paralel olaraq ölkənin rezervlərini bütün vəchlə çoxaldır: o səviyyədə ki, bu ehtiyatlar dövlət büdcəsini az qala 4 dəfədən də artıq üstələyəcək həddə yüksəlir.

İlham Əliyev Ermənistanın ciddi şəkildə müharibəyə hazırlaşdığını deyəndə qətiyyən siyasi manipulyasiya etmir və təbliğat aparmırdı: faktı deyirdi və bu faktı hətta BMT Baş Assableyasının toplantısında da bütün dünyanın diqqətinə çatdırdı.

Bu, görünən...

Görünməyən isə bütün detalları, kəşfiyyat məlumatlarını, Nikolun planını qonşu ölkələrlə paylaşmaq idi - əlbəttə, ilk növbədə Rusiya ilə. Rusiya heç bir halda Ermənistanı Qərbə güzəştə gedə bilməzdi.

Putinin vassalının qeyri-peşəkar gedişləri haqda məlumatsız olduğunu düşünmək sadəlövhlük olardı: o, hər şeyi bilirdi və ona görə də Azərbaycana artıq Aprel savaşındakı kimi mane olmayacaqdı.

Bu dəfə başlayacaq savaş Paşinyanın Ermənistanı bütövlükdə Rusiyanın ayaqları altına sərməsinə qədər davam etməliydi. Ancaq o həddə olmamalıydı ki, sonradan Ermənistanda Rusiyanı Qarabağın tamamilə əldən çıxmasına görə ittiham etsinlər.

Ərdoğan faktoru

Regional gücə çevrilən Türkiyə və onun böyük lideri Ərdoğan faktoru bu prosesdə xüsusilə mühümdür. Suriyada beynəlxalq gücləri – “min kilometrlərlə uzaqda olanları” bir qıraqda qoyub, regionun problemlərini regional güclərlə həll etməyə girəşən Ərdoğanın Suriyadakı manevrləri göz önündədir. “Astana formatı” region problemlərinin həlli üçün uğurlu bir düstur sayıla bilərdi. Doğrudur, bu format Liviyada Türkiyəni qane etmirdi - baxmayaraq ki, “format” buna çox cəhd etdi. Türkiyə burda yeganə söz sahibi olmaqda iddiasını ortaya qoydu. Ancaq Qafqazda bu “format” aktivləşə bilərdi və aktivləşdi də.

Lakin Cənubi Qafqaz Liviya deyil, Rusiyanın maraqları təmin olunmalıydı və olunacaqdı da.

Yalnız...

44 gün və... yenə İlham Əliyev!

27 sentyabr tarixi gəldi: Hamının gözləntiləri Azərbaycan Ali Baş Komandanının 5 rayonu azad edəndən sonra Dağlıq Qarabağla bağlı danışıqları yeniləyəcəyi və baza prinsipləri əsasında problemin həllinə nail olacağı idi.

Ancaq İlham Əliyev Ağdamı ortada buraxıb birbaşa Hadrut, Xocavənd və Şuşa istiqamətində həmləyə getdi. Ona görə bəzi beynəlxalq hərbi ekspertlər Azərbaycan Ordusunun Şuşa əməliyyatını “böyük provokasiya” adlandırırlar. Ən çətin relyef, Qala-şəhərə doğru mümkün və rahat yolların hələ açılmaması halında qısa müddətdə Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etməsi əsl şok idi.

Bu, Ermənistan hərbi-siyasi rəhbərliyi də daxil olmaqla, çoxları üçün sürpriz sayıla bilərdi.

Bu, artıq İlham Əliyevin situasiyadan maksimum bəhrələnərək, milli hədəflər naminə böyük riski, bəlkə də beynəlxalq ekspertlərin dediyi kimi, “provokasiyası” idi.

İlham Əliyev bunu necə bacardı, hansı şəraitdə buna nail oldu və bunu necə “razılaşdırdı”? Niyə İlham Əliyev imzalama mərasimindən sonra xalqa müraciətində “Azərbaycan ordusu olduğu yerlərdən bir addım da geri çəkilməyəcək” sözlərini xüsusi vurğu ilə dedi? Kimlərin, hansı planını pozdu və ÖZ İRADƏSİNİ, ÖZ SSENARİSİNİ NECƏ TƏTBİQ ETDİ?

Bununla bağlı yalnız təxminlər var və hesab edirik ki, indiki halda dilə gətirilməsə, daha yaxşıdır. Bu, illər sonra üzərindən “məxfilik qrifi” qalxanda aydınlaşacaq.

İndi yalnız bircə işarə etmək olar: İlham Əliyev böyük sərkərdə və böyük oyunçudur!

Rusiya sülhməramlılarının gəlişi

Şuşa azad olunur, cəmi bir gün sonra artıq Rusiya müdaxiləsi ilə bəyanat imzalanır.

Çox sürətli, gözlənilməz gedişdir. Çünki Rusiya müharibənin Azərbaycanda getdiyini bildirərək, savaşa müdaxilə etmirdi və heç kim də gecə ilə, hələ sənəd tam hazır olmadan sürətli bir şəkildə Bəyanat gözləmirdi.

Niyə gecə yarı bu Bəyanat imzalanmalı idi? Niyə Bakı vaxtı ilə saat 01-də? 10 noyabr səhərini tərəflər (yəni Rusiya) niyə gözləmədi? Niyə Naxçıvan istiqamətində harasa gedən kolonu müşayiət edən helikopterin vurulması səhvi baş verdi? Xırdalan səmasında həmin gecə hansı “naməlum raket” zərərsizləşdirildi?

İlham Əliyev daha hansı sürpriz hazırlamışdı?

Bu suallara cavablar da var təxminən: ancaq zamana buraxaq...

Paşinyan ötən gündən ardıcıl açıqlamalar verir və bildirir ki, əgər indi də bu sazişdən imtina etsə idi, daha çətin vəziyyətə düşə bilərdi.

Halbuki bir müddət əvvəl Ermənistan baş naziri danışıqlar üçün xahiş etmişdi, ancaq bircə gün sonra “savaş” qərarı vermişdi. Bu provokasiyaya – “va-banka” getməsi üçün məsləhətləşdiyi müşavirləri, ağaları və hərbi kontingenti sadəcə yenə də bir faktı nəzərə almamışdılar: İlham Əliyev faktorunu!

İlham Əliyev provokasiyaya nə vaxt və necə getmək lazım olduğunu təkcə Paşinyana və bütün Ermənistan hərbi-siyasi rəhbərliyinə deyil, Paşinyanın ağalarına da göstərmiş oldu.

Beləliklə, nəticə: İlham Əliyev baza prinsiplərində nəzərdə tutulandan qat-qat artığını əldə etdi, Dağlıq Qarabağın statusu məsələsini tarixə gömdü, Dağlıq Qarabağın daxilindəki 3 rayona əl qoydu, ətrafdakı 3 rayonun sülhlə, cəmi 20 günə boşaldılmasını təmin etdi, Qazaxın 7 kəndini geri aldı və...

Və əlbəttə ki, Naxçıvanla quru əlaqəsini təmin edən koridora sahibləndi.

Hərbi əməliyyatlar davam etsəydi, Qazaxın 7 kəndi və Zəngəzurdan keçən koridoru almaq mümkün olacaqdımı?

Mübahisəlidir...

Müharibə bitdi, daha ağır proses başladı

Ordu dayandı, Azərbaycan hərbi məqsədlərinə çatdı. Bundan sonra isə olduqca ağır, hətta uzun bir diplomatik prosesin başladığını elan etmək üçün kifayət qədər əsaslarımız var.

Ermənistanda vəziyyət gözlənildiyindən daha gərgindir: orda Paşinyanın hakimiyyətdən getməsi və rusmeyilli qüvvələrin ölkənin sükanı arxasına keçməsi prosesinə start verilib; bütün siyasilərin təmasları başlayıb; hamısı ordunu daha da gücləndirmək, “keçmiş səhvlərdən” nəticə çıxarmaq, ciddi şəkildə hazırlaşmaq, hərbi-siyasi gücü ən qısa müddətdə bərpa etmək, Rusiya ilə əlaqələri maksimal səviyyəyə qaldırmaq və Qarabağa dönmək... kursunu götürüb.

Ermənistanda hərbi-siyasi rəhbərliyin dəyişməsi, Rusiya hakim dairələrindəki İrəvandan narazıların da könlünün alınması fonunda nələr dəyişəcək?

Putin bütün hallarda əldən çıxan mövqeyini son anda geri qaytarmaq üçün aktivləşdi. Düzdür, “dqr” sərhədlərinə geriçəkilmə olmadı, ancaq bütün hallarda rus ordusu sülhməramlı adı ilə faktiki olaraq Azərbaycandadır: nə qədər lokal ərazidə olsa da, nə qədər az qüvvə olsa da, fakt faktdır.

Bundan sonra güc və ordu sözünü deyə bilməyəcək – ortada rus ordusu var və hərbi güc Rusiya qüvvələri ilə toqquşmaq deməkdir. Bunu isə nəinki Azərbaycan, dünyanın heç bir ölkəsi istəmir.

İndi hər şey diplomatiyanın üzərinə düşür və burda heç də hərbi uğurların diplomatik cəbhədə reallaşdırılmasından və müdafiə olunmasından söhbət getmir. Burda artıq tamamilə fərqli siyasi strategiya olacaq.

Asan olmayacaq, qısa müddətdə yekunlaşacağına da inanmırıq, ancaq Bizim Liderin bacaracağına inam sonsuzdur.

O, nəyə qadir olduğunu artıq bütün dünyaya sübut edib: dünya isə sözübütöv, qonşu dövlətlərin belə iqtisadi maraqlarını qoruyan ideal tərəfdaşı, eyni zamanda milli maraqlar naminə ən çətin riskləri göz altına almağı bacaran liderlə hesablaşır. 27 sentyabrdan sonra çox rahatlıqla Azərbaycan liderinə zəng edənlər 8 noyabrdan sonra iki, bəlkə də üç dəfə düşünüb, sonra telefona əl atacaq...

Artıq sözü imzası boyda olan İlham Əliyevin qətiyyəti heç kim üçün müzakirə mövzusu deyil!

Amma unutmayaq ki, qarşıdakı imperialist maraqları üçün aşırı aqressorluğa əl atmağı bacaran şəxsdir.

Demək, 17 il Paşinyanı və pandemiyanı gözləyən Liderin bundan sonra da nəyi necə və nə zaman ediləcəyi günü gözləyəcəyik!

Səbirli olacağıq, amma bu dəfə 30 il yox...