Avropa İttifaqı hakimiyyəti kiberizləmə üçün texnologiyaların satışı və ixracını tənzimləyən normaları sərtləşdirib. Belə ki, Avropa qanunvericilik orqanları və Avropa Şurası arasında sifətin tanınması texnologiyaları və casus proqram təminatı kimi ikili təyinatlı malların insan hüquqlarının pozulması məqsədilə istifadəsinin qarşısının alınması üçün onların dövriyyəsinə nəzarət edən normaların yenilənməsi barədə ilkin razılıq əldə olunub.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, yenilənmiş normalara görə, Avropa şirkətləri dövlətdən müəyyən məhsulların ixracı üçün lisenziya almalı və yeni kriterilərə uyğun cavab verməlidir. Məsələn, onlar ixrac olunan texnologiyaların insan hüquqlarının pozulması üçün istifadə edilməyəcəyini sübut etməlidirlər. Bundan başqa, Avropa ölkələri şəffaflığı daha çox təmin edəcək və ictimaiyyətə əldə edilən lisenziyalar haqqında daha çox məlumat verəcəklər.
Sifətin tanınması texnologiyaları və casus proqram təminatı ilə yanaşı, ikili təyinatlı mallara yüksək məhsuldarlığa malik kompüterlər, pilotsuz uçan aparatlar və müəyyən kimyəvi maddələr aiddir.
Uzun müddət davam edən danışıqlardan sonra imzalanan sazişin Avropa Parlamenti və digər orqanlar tərəfindən rəsmən təsdiqlənəcəyi gözlənilir.
Hüquq-mühafizə qrupları çoxdandır Avropa İttifaqını kiberizləmə üçün texnologiyaların ixracı üzrə qaydaları sərtləşdirməyə çağırırlar. "Amnesty International" təşkilatının hesabatına görə, hazırda mövcud olan Avropa qanunvericilik normalarında sürətlə dəyişən müşahidə dinamikası və yeni rəqəmli müşahidə texnologiyaları ilə əlaqədar yaranan risklər nəzərə alınmır. "Amnesty International" tərəfindən Çinə rəqəmli müşahidə texnologiyaları satan minimum üç Avropa şirkəti aşkarlanıb.