Son xəbərlər

Mən Azərbaycan Prezidenti İlham Əliyevi, doğma Azərbaycan xalqını tarixi Qələbə münasibətilə təbrik edirəm. Bu qələbə azərbaycanlıların Ermənistan tərəfindən 30 il əvvəl işğal olunmuş torpaqlara qayıdış hüququnun bərpasıdır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Misirin Həlvan Universitetinin professoru, politoloq Adel Dərviş çıxış edib.

“Mən hələ iyulda sizə verdiyim müsahibədə qeyd etmişdim ki, hərbi təxribatlara əl atan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil. Onu da bildirmişdim ki, COVİD-19 pandemiyası dövründə dərin böhran keçirən Ermənistanın baş naziri bu təxribatlarla öz xalqının diqqətini yayındırmaq istəyir. Lakin hər şeyin sonu olduğu kimi, bu təhlükəli oyunların da axırı gəlməli idi. Ermənistanın sentyabrın 27-də hərbi təxribatından sonra başlayan döyüşlər işğalçı ölkənin təslim olması ilə başa çatdı. Mən Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərlərinin, 300-dən çox yaşayış məntəqəsinin cəmi 40 gün ərzində işğaldan azad edilməsini böyük hərbi zəfər hesab edirəm. Ümidvaram ki, Dağlıq Qarabağda nəhayət ki, sülh və təhlükəsizlik bərqərar olacaq. Doğma Azərbaycan xalqına öz torpaqlarında sülh və əmin-amanlıq arzu edirəm”, - Dərviş söyləyib.


Zelenski Merkeldən koronavirusa qarşı peyvənd istədi

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Angela Merkel ilə telefon danışığında Almaniyanın “BioNTech” və “Pfizer” firmaları tərəfindən hazırlanan koronavirus peyvəndinin Kiyevə verilməsinin mümkünlüyünü müzakirə edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenskinin ofisi məlumat yayıb. 

“Almaniyanın “BioNTech” şirkətinin Amerikanın “Pfizer” şirkəti ilə birlikdə koronavirusa qarşı peyvəndin hazırlanmasında əldə etdiyi irəliləyişi alqışlayırıq. Bu, çox ürəkaçan bir xəbərdir. Koronavirusa qarşı peyvənd tədarükünü planlaşdırarkən Ukraynanın maraqlarının nəzərə alınması istiqamətində yardımınızı istərdim”, - deyə Zelenskinin ofisinin saytında bildirilib.

“Tərəflər pandemiyanın nəticələrini aradan qaldırmaq üçün səyləri daha da koordinasiya etmək barədə razılığa gəliblər”, - deyə Ukrayna Prezidentinin ofisi əlavə edib.

 

Qeyd edək ki, Almaniyanın biomühəndislik şirkəti “BioNTech” və Amerikanın əczaçılıq nəhəngi “Pfizer” üçüncü mərhələ klinik sınaqların uğurla başa çatdığını elan ediblər. Peyvənd “COVID-19” infeksiyasının qarşısının alınmasında 90 faizdən çox effektivlik göstərib. Peyvəndin ABŞ-da qeydiyyatı üçün müraciətin noyabr ayında edilməsi planlaşdırılır.

Daha əvvəl Almaniya Səhiyyə Nazirliyinin rəhbəri Yens Şpan “BioNTech” və “Pfizer” firmalarının koronavirusa qarşı peyvənd tədarükünə dair son Avropa müqaviləsinin yaxın günlərdə imzalana biləcəyini açıqlamışdı. Almaniya üçün 100 milyon doza qədər peyvəndin verilməsi planlaşdırılır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi vəhşiliklərə bağlı beynəlxalq məhkəməyə müraciət ediləcək.

Axar.az xəbər verir ki, bunu bu gün Azərbaycanda olan xarici ölkə səfirləri və diplomatik korpus nümayəndələri ilə görüşdə İnsan Haqları üzrə Beynəlxalq Standartların İnplementasiyası üzrə İşçi qrupunun rəhbəri Kamil Səlimov deyib.

Onun sözlərinə görə, erməni hərbçiləri döyüş zonasında olmayan yaşayış məntəqələrimizə artilleriya atəşi açıb, qadağan olunmuş silahlardan istifadə edib:

"Bu, bir daha Ermənistanın müharibə cinayətləri törətməsinə əsaslı sübutdur. Ermənistan hərbçiləri ballistik raketlərdən istifadə edərək qırğınlar törədib, mülki şəxslər arasında ölən və yaralananlar var. Bununla bağlı aidiyyəti qurumlar araşdırma aparır, araşdırmalar başa çatandan sonra faktlar toplanaraq beynəlxalq məhkəmələrə göndəriləcək və cavabdeh şəxslər cəzalandırılacaq".

K.Səlimov qeyd edib ki, ilkin araşdırmalara görə, Ermənistanda olan ballistik raketlərin kodu baş nazir Nikol Paşinyanda olub və ondan icazəsiz həmin raketlərdən istifadə etmək olmaz: "Məlum olub ki, həmin raketlərin kodu Paşinyandadır. Paşinyan icazə verəndən sonra həmin raketlərdən istifadə etmək olar. Bu da onu göstərir ki, Azərbaycan ərazilərində yaşayan dinc sakinlərə atəş açılması əmrini Paşinyan verib".

Qarabağla bağlı monitorinq mərkəzi Azərbaycanda yerləşə bilər, amma bu ayrı razılaşmaların mövzusudur.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı Türkiyə sülhməramlılarının yerləşdirilməsinin mümkünlüyünü şərh edərkən bildirib ki, həqiqətən də Azərbaycan ərazilərində atəşkəsə nəzarət mərkəzinin yaradılmasından söhbət gedib:

“Bu, Azərbaycandadır və birgə monitorinq mərkəzinin yerləşdirilməsinin nüansları artıq ayrı bir razılaşmanın mövzusudur”.

Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan bəyanatla bağlı ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayzanın Axar.az-a müsahibəsi:

– Bəyanatın şərtləri ilə yəqin ki, tanışsınız. Sizcə, müharibənin bu formada bitməsi Azərbaycana nə vəd edir?

– Mənim təhlilimə görə, bununla Azərbaycan Prezidenti Əliyev çağırış etdiyi əsas baza prinsiplərindən daha artığını əldə etdi. Çünki əsas baza prinsiplərində Dağlıq Qarabağın statusu məsələsi də vardı, lakin aydın görünür ki, əldə edilmiş razılaşmaya əsasən, Dağlıq Qarabağ birmənalı şəkildə Azərbaycanın hissəsi olaraq qalacaq, heç bir status olmayacaq. Bu, Ermənistan üçün böyük itki, Azərbaycan üçün isə olduqca böyük bir qələbədir.

– Sizcə, yekun sülh müqaviləsi hansı formada olacaq? Və Azərbaycana hansı üstünlüklər verəcək?

– Əsas prinsiplərə əlavə olaraq, bu razılaşma Azərbaycanla anklavı Naxçıvan arasında birbaşa rabitə yolunu bərpa edir. Bu, həmçinin hələ 2001-ci il ABŞ, Florida ştatı, Ki Uestdəki danışıqlar zamanı müzakirə edilən bir qazancdır. Bu yol heç vaxt əsas prinsiplərin bir hissəsi olmamışdı, bu da Azərbaycan üçün bir bonusdur. Beləliklə, Azərbaycan torpaqlarına nəzarəti bərpa edir və azərbaycanlı köçkünlər öz evlərinə qayıdırlar. Ümid edək ki, ermənilər Qarabağ ərazisində qalacaqlar və yenidən azərbaycanlılarla ermənilər qonşu olacaqlar. Bundan əlavə, bu saziş bütün dünyaya Azərbaycanın beynəlxalq normalara uyğun davrandığını, erməni mülki vətəndaşlarından qisas almaq istəmədiyini göstərdi. Prezident Əliyev erməni xalqının Azərbaycanın düşməni olmadığını və onların öz yaşayış evlərində qalacaqlarını dəfələrlə vurğulamasının sadəcə söz olmadığını göstərdi.

– Sizcə, bu bəyanat Rusiyaya hər hansı təsir imkanı verirmi?

– Düşünürəm ki, müharibənin sonunda Azərbaycan Rusiya tərəfindən dəstəkləndi, görünür, Putin Ermənistan Baş naziri Paşinyana müharibəni dayandırmaq və təslim olmaq üçün çox təzyiq göstərib. Belə hiss olunur ki, bunun qarşılığında Azərbaycan öz ərazisində Rusiya sülhməramlılarının yerləşdirilməsinə razılıq verib. Bu, əlbəttə, Rusiyanın təsir imkanlarını artırır. Rusiya amilinə cavab olaraq türk sülhməramlılarının da burada yerləşdiriləcəyi ilə bağlı iddialar var. Bir müddətdən sonra tranzit əlaqələri Ermənistanla Türkiyə arasında, daha sonra isə müqavilənin şərtlərinə uyğun olaraq Ermənistanla Azərbaycan arasında açılacaq. Düşünürəm ki, Türkiyənin bölgədə iqtisadi və geosiyasi təsir gücünün xeyli artacağı bir dövrün astanasındayıq. Və yəqin ki, Türkiyə ilə Ermənistanın münasibətlərini yenidən normallaşdırdığını görəcəyik. Bu fakt isə Rusiyanın bölgəyə, o cümlədən Azərbaycana təzyiq imkanlarını kəskin azaldacaq, tamamilə yeni bir geostrateji dinamika meydana gətirəcək.

– Hazırki razılaşma Ermənistandakı daxili siyasi proseslər baxımından hansı perspektiv vəd edir?

– Ermənistanda artıq böyük etirazların baş qaldırdığını müşahidə edirik. Bir az öncə izlədiyim kadrlarda etirazçıların Ermənistandakı hökumət binasına soxulduğunu gördüm. Yeni bir çaxnaşma yaşanır. Düşünürəm ki, bütün bunların nəticəsi olaraq Baş nazir Paşinyan həqiqətən də uzun müddət iqtidarda qalmayacaq və o, Dağlıq Qarabağı və ətraf 7 rayonu itirən təcrübəsiz lider kimi əbədi tarixə qovuşacaq. Bu, onun üçün böyük faciədir. Amma nəhayət ki, Paşinyanın ən yaxşı çıxış yolunun insan itkisinə son qoymaq, erməni və azərbaycanlı əsgərləri, mülki insanları qurban verməyi dayandırmaq olduğunu anlaması çox yaxşıdır. Və son olaraq, Ermənistanın qalib gəlmək ehtimalının olmadığı aydın idi – xüsusilə də Azərbaycan Şuşanı geri qaytardıqdan sonra.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan bəyanatla bağlı türkiyəli məşhur hərbi ekspert Abdullah Ağarın Axar.az-a müsahibəsi:

– Müharibənin bu formada sonlanması Azərbaycan və Türkiyə üçün nə vəd edir?

– Azərbaycanla Türkiyə arasında Zəngəzur dəhlizi üzərindən açılacaq yol və ya yollarla bir bağın yaradılması məsələsi gündəmdədir. Burada hər nə qədər yolun Ermənistan ərazisindən keçdiyinə görə idarəsini rus sərhəd qüvvələri təmin etsələr də, sözügedən əlaqənin yaradılması Türkiyə ilə Azərbaycan adına və türk dünyasına adına son dərəcə önəmlidir. Yəni bununla güclü bir fiziki bağ qurulmuş olacaq. Digər tərəfdən Azərbaycanın burada çoxsaylı təməl qazancları var. Bu, yeddi rayon, Şuşa, üstəgəl 7 kənd və daha öncə qeyd etdiyim kimi Zəngəzur dəhlizinə açılacaq yol və ya yollardır. 45 gün öncə əlimizdə heç nə yox idi. Amma Azərbaycan əsgərinin nümayiş etdirdiyi şanlı mübarizə bu ərazilərin əlimizə gəlməsinə səbəb oldu. Digər bir tərəfdən, Dağlıq Qarabağın statusu ilə bağlı bir sıra spekulyasiyalar mövcuddur. Xeyr, anlaşma mətnində Dağlıq Qarabağın statusu ilə bağlı heç bir bənd yoxdur. Burada gələcəkdə həll ediləcəyinə dair, xüsusilə 5 illik periodlarla bağlı prosesin yenilənməsi məsələləri var. Onun hər 6 ay əvvəlində planlaşdırılan müzakirələr, danışıqlar nəzərdə tutulur. Bununla bağlı müəyyən siyasi mənzərələr olacaq.

– Sizcə, gələcək proseslər hansı istiqamətdə inkişaf edəcək?

– Bu məsələlərin Azərbaycanın xeyrinə dəyişəcəyini düşünürəm. Çünki Azərbaycan güclənən, Ermənistan isə qeyri-sabitliyə yuvarlanan ölkəyə dönür. Yəni hazırda Ermənistan bütünlüklə Rusiyadan asılı hala düşdü. Ermənistan bu saatdan sonra güclü qeyri-sabitliklə üz-üzədir. Digər tərəfdən ordusunun 40 faizinin müharibədə məhv edilməsi də bu qeyri-sabitliyi dərinləşdirəcək.

Bu saziş nəticəsində bölgənin geopolitikası özünəməxsus bir forma alacaq. Bu, “Bir kəmər, bir yol” layihəsi ilə bağlı son dərəcədə önəmlidir. Xüsusilə Zəngəzur dəhlizi ilə açılacaq yol və yollar həm bölgənin sabitliyinə, həm də rifahına xidmət edəcək. Bölgədəki geopolitikanın formalaşdırılmasında Rusiya, Türkiyə, İran, Azərbaycan arasında son dərəcə əhəmiyyətli əlaqələrin yaranması istisna edilmir. Ermənistan da bu mövqedə yer ala bilər. Mən belə bir fundamental gələcək proqnozlaşdırıram.

– Paşinyanın aqibətini necə görürsünüz?

– Düşünürəm ki, sonrakı dövrdə Nikol Paşinyanın işi son dərəcə çətindir. Hətta dünən Rusiyadan bir təyyarə gəlib. Bu təyyarənin Paşinyanı Soçiyə apardığı barədə bəzi iddialar var. Bunlar doğrudursa, Paşinyanın ölkəni tərk etməsi, qaçması ilə bağlı məsələ müzakirə mövzusu ola bilər. Ancaq açığını deyim ki, Paşinyanın işi gələcəkdə son dərəcə mürəkkəb olacaq. Bu özünü çox açıq şəkildə göstərir. Paşinyan artıq böyük bir məyusluq, böyük xəcalət və böyük məhvin altına imza atmış bir baş nazirdir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da prezident seçkilərində Demokratlar Partiyasından namizəd olmuş Co Baydenə təbrik məktubu göndərib.

Axar.az Report-a istinadən xəbər verir ki, Paşinyan qələbəsi hələ rəsmən təsdiqlənməmiş Baydeni təbrik edərək, onun uzun illərdə təcrübə qazandığını vurğulayıb və biliyinin ABŞ-ı tərəqqiyə aparacağını qeyd edib. Ermənistanın Baş naziri Baydeni hələ seçki dönəmində namizəd kimi verdiyi vədləri də xüsusi vurğulayaraq, demokratların namizədinin Qarabağda müharibənin dayandırılması üçün addımlar atacağına ümid etdiyini deyib. Paşinyan əslində bununla Baydenin ermənilərə verdiyi vədlərə əməl etməsinə eyham vurub.

Qeyd edək ki, Paşinyan əvvəllər də bir neçə dəfə Rusiya, Fransa prezidentlərinə, habelə ABŞ-ın hazırkı dövlət başçısına müraciət edərək Dağlıq Qarabağ münaqişəsində Ermənistana kömək etmələrini istəyib. Lakin rədd cavabı alıb.

Xatırladaq ki, ABŞ-ın Demokratlar Partiyasının namizədi Co Baydenin prezident seçkilərində qələbə qazanması hələ rəsmi olaraq təsdiqlənməyib. Yalnız Birləşmiş Ştatların bir sıra mətbu orqanları Baydenin səs çoxluğu ilə Trampı üstələdiyini bildiriblər.


12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad edilən torpaqlarımızda çəkilişlərdən bir daha aydın olur ki, Ermənistan islamafob, barbar, vandal bir ölkədir. Beynəlxaq hüquqa 30 ildir məhəl qoymayan bu ölkə həm də dağıdılan məzarlar, donuz tövləsinə çevrilərək təhqir edilən məscidlərin, abidələrinin timsalında bütün islam dininə yanaşmasını birmənalı olaraq sərgiləyir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Ermənilərin işğaldan azad edilən və hələ də işğal altında olan torpaqlarda dini, mədəni abidələrə qarşı həyata keçirdiyi terror haqda danışarkən deyib.

Millət vəkili bildirib ki, işğalçı ölkənin məscidləri donuz tövləsinə çevirməsi, dağıtması yalnız Azərbaycan deyil, bütün islam aləminə edilən təhqirdir:

“Ermənistan işğal etdiyi Qarabağ ərazisində bütün məscidləri ya dağıdıb, ya da mal-qara, hətta islam etiqadında haram sayılan donuzlar üçün tövlə halına gətirib. İstənilən halda islam dünyasına edilən bu təhqirə heç bir ölkə səssiz qalmamalıdır. Ermənistan bu barmarlığı islama qarşı olsa da, məscidlərə qarşı edilən təhqir digər dinin nümayəndələrini də narahat etməlidir.

Bu gün Azərbaycan Cənubi Qafqazın ən sabit, multikultural və bütün dinlərin birlikdə yaşadığı bir ölkədir. Bu gün Azərbaycanda alman lüteran katolik, rus pravoslav kilsələri, yəhudi sinaqoqları fəaliyyət göstərir. Bakının mərkəzində yerləşən, içərisində 5000 kitab olan erməni qriqroyan kilisəsi isə təmir edilərək tarixi irs kimi saxlanılır. Budur, Ermənistanın və Azərbaycanın dinə yanaşması. Azərbaycan heç bir halda işğal faktoru olsa belə, düşmənin dini abidəsinə, mədəni irsinə zərər verəcək xislətdə bir ölkə deyil. Lakin Şuşada Gövhərağa məscidinin bugün acınacaqlı halı Ermənistanın başqa dinlərə yanaşmasının bariz sübutudur”.

Politoloq deyib ki, bu gün Ermənistanda tək bir məscid sağlam vəziyətdədir. Həmin bu məscid İrəvan xanlığı dönəmində əsası qoyulan Göy məscid tarixi kompleksidir:

“Ermənilər bu tarixi dini abidəni “fars irsi” kimi dünyaya təqdim edərək, Azərbaycanın izini silməyə çalışır. Halbuki bütün tarixi mənbələrdə İrəvanda yerləşən Göy məscidin İrəvan xanı tərəfindən tikildiyi əks olunub.

Düşünürəm, Ermənistanın islam abidələrinə qarşı 30 ildir davam edən müxtəlif təhqirlərinə artıq səssiz qalınmamalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatına üzv olar bütün müsəlman ölkələr Azərbaycan dəstək verməlidir. Nəzərə almaq lazımdır ki, islam abidələrinə edilən bu təhqir bu gün bu və ya digər formada islam dininə, onun peyğəmbərinin şəxsiyyətinə edilir. Bu gün Fransada islam peyğəmbərini təhqir edən karikaturalar hazırlayıb yayımlayan dərgilər, jurnallar, qəzetlər yenə bu ölkədə güclü təsirə, nüfuza malik olan erməni diasporu və lobbisinin dəstəyini görür. Halbuki islam peyğəmbəri hər zaman digər peyğəmbərlər, xüsusən də İsa peyğəmbəri hörmətlə yad edib özündən sonrakılara da bu hörməti miras qoyub. Budur islam, budur Azərbaycan multikulturalizmi və dinlərə yanaşması”.

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra bölgəyə dayanıqlı sülhün gəlməsi region dövlətlərinin nə qədər müdrik və cəsarətli siyasət yürüdəcəyindən çox asılıdır.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP-nin mətbuat xidmətinin bölgənin müharibədən sonrakı gələcəyi haqqında sualını cavablandıran partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

BAXCP sədrinin sözlərinə görə, hazırda görünən odur ki, qonşu dövlətlərin hamısı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını istədiklərini bəyan edir və ən azından neytrallıqlarını qoruyub saxlamağa çalışırlar:

“Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi həm də regona kənar güclərin müdaxiləsini aradan qaldıracaq. Həmişə söyləmişəm ki, regionda təhlükəsizliyin, siyasi sabitliyin, inkişafın təmin olunması üç Cənubi Qafqaz dövlətinin, Türkiyənin, Rusiyanın və İranın dostluq və əməkdaşlığından keçir. Artıq Azərbaycanın Ermənistan istisna olmaqla digər qonşularımızla üçtərəfli formatda əməkdaşlığı var. İnşallah, müharibə başa çatandan sonra altı ölkənin birgə və sıx əməkdaşlığını qaçılmaz hesab edirəm və zəruri sayıram. Bu əməkdaşlıq Avrasiya İttifaqı çərçivəsində də ola bilər. Vahid iqtisadi məkanın yaradılması xalqların rifahına və sülhə böyük töfhə verə bilər. Ona görə bölgənin bütün ölkələri haqqın və beynəlxalq hüququn yanında olmalı, Ermənistana təzyiq etməli və müharibənin tezliklə başa çatmasına çalışmalıdırlar”.

ABŞ-da prezident seçkisi ilə bərabər Nümayəndələr Palatasına keçirilən seçkilərin də nəticələri elan olunmağa başlayıb.

Axar.az xəbər verir ki, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası daha çox səs toplamağı bacarıb. Belə ki, hazırda Demokratlar Partiyası Nümayəndələr Palatasında 212 mandat qazana bilib, Respublikaçılar isə 194 yer əldə ediblər. Demokratların mütləq çoxluğu üçün minimum daha 6 yeri zəmanət altına almalarına ehtiyacları var.

Nümayəndələr Palatasına yenidən erməni lobbisində yer alan konqresmenlər seçiliblər. Xüsusilə bu tip konqresmenlərə Kaliforniya ştatında daha çox dəstək verilib. Belə ki, son hesablamalara əsasən, ştatdan seçiləcək konqresmenlərin böyük çoxluğunu demokratlar təşkil ediblər.

Nümayəndələr Palatasına yenidən seçilən erməni lobbisi üzvləri arasında Adam Şif, Ceki Speyer (ana tərəfdən ermənidir), Nensi Pelosi, Barbara Li, Ted Liyu, Cudi Çu (son üçü Qarabağdakı savaşa görə Pompeoya məktub yazaraq Azərbaycana qarşı çıxıb), Qreys Napalitano, Bred Şerman və digərləri yer alıblar.