Mən Azərbaycan Prezidenti İlham Əliyevi, doğma Azərbaycan xalqını tarixi Qələbə münasibətilə təbrik edirəm. Bu qələbə azərbaycanlıların Ermənistan tərəfindən 30 il əvvəl işğal olunmuş torpaqlara qayıdış hüququnun bərpasıdır.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Misirin Həlvan Universitetinin professoru, politoloq Adel Dərviş çıxış edib.
“Mən hələ iyulda sizə verdiyim müsahibədə qeyd etmişdim ki, hərbi təxribatlara əl atan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil. Onu da bildirmişdim ki, COVİD-19 pandemiyası dövründə dərin böhran keçirən Ermənistanın baş naziri bu təxribatlarla öz xalqının diqqətini yayındırmaq istəyir. Lakin hər şeyin sonu olduğu kimi, bu təhlükəli oyunların da axırı gəlməli idi. Ermənistanın sentyabrın 27-də hərbi təxribatından sonra başlayan döyüşlər işğalçı ölkənin təslim olması ilə başa çatdı. Mən Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərlərinin, 300-dən çox yaşayış məntəqəsinin cəmi 40 gün ərzində işğaldan azad edilməsini böyük hərbi zəfər hesab edirəm. Ümidvaram ki, Dağlıq Qarabağda nəhayət ki, sülh və təhlükəsizlik bərqərar olacaq. Doğma Azərbaycan xalqına öz torpaqlarında sülh və əmin-amanlıq arzu edirəm”, - Dərviş söyləyib.