İşğaldan azad edilən torpaqlarımızda çəkilişlərdən bir daha aydın olur ki, Ermənistan islamafob, barbar, vandal bir ölkədir. Beynəlxaq hüquqa 30 ildir məhəl qoymayan bu ölkə həm də dağıdılan məzarlar, donuz tövləsinə çevrilərək təhqir edilən məscidlərin, abidələrinin timsalında bütün islam dininə yanaşmasını birmənalı olaraq sərgiləyir.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Ermənilərin işğaldan azad edilən və hələ də işğal altında olan torpaqlarda dini, mədəni abidələrə qarşı həyata keçirdiyi terror haqda danışarkən deyib.
Millət vəkili bildirib ki, işğalçı ölkənin məscidləri donuz tövləsinə çevirməsi, dağıtması yalnız Azərbaycan deyil, bütün islam aləminə edilən təhqirdir:
“Ermənistan işğal etdiyi Qarabağ ərazisində bütün məscidləri ya dağıdıb, ya da mal-qara, hətta islam etiqadında haram sayılan donuzlar üçün tövlə halına gətirib. İstənilən halda islam dünyasına edilən bu təhqirə heç bir ölkə səssiz qalmamalıdır. Ermənistan bu barmarlığı islama qarşı olsa da, məscidlərə qarşı edilən təhqir digər dinin nümayəndələrini də narahat etməlidir.
Bu gün Azərbaycan Cənubi Qafqazın ən sabit, multikultural və bütün dinlərin birlikdə yaşadığı bir ölkədir. Bu gün Azərbaycanda alman lüteran katolik, rus pravoslav kilsələri, yəhudi sinaqoqları fəaliyyət göstərir. Bakının mərkəzində yerləşən, içərisində 5000 kitab olan erməni qriqroyan kilisəsi isə təmir edilərək tarixi irs kimi saxlanılır. Budur, Ermənistanın və Azərbaycanın dinə yanaşması. Azərbaycan heç bir halda işğal faktoru olsa belə, düşmənin dini abidəsinə, mədəni irsinə zərər verəcək xislətdə bir ölkə deyil. Lakin Şuşada Gövhərağa məscidinin bugün acınacaqlı halı Ermənistanın başqa dinlərə yanaşmasının bariz sübutudur”.
Politoloq deyib ki, bu gün Ermənistanda tək bir məscid sağlam vəziyətdədir. Həmin bu məscid İrəvan xanlığı dönəmində əsası qoyulan Göy məscid tarixi kompleksidir:
“Ermənilər bu tarixi dini abidəni “fars irsi” kimi dünyaya təqdim edərək, Azərbaycanın izini silməyə çalışır. Halbuki bütün tarixi mənbələrdə İrəvanda yerləşən Göy məscidin İrəvan xanı tərəfindən tikildiyi əks olunub.
Düşünürəm, Ermənistanın islam abidələrinə qarşı 30 ildir davam edən müxtəlif təhqirlərinə artıq səssiz qalınmamalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatına üzv olar bütün müsəlman ölkələr Azərbaycan dəstək verməlidir. Nəzərə almaq lazımdır ki, islam abidələrinə edilən bu təhqir bu gün bu və ya digər formada islam dininə, onun peyğəmbərinin şəxsiyyətinə edilir. Bu gün Fransada islam peyğəmbərini təhqir edən karikaturalar hazırlayıb yayımlayan dərgilər, jurnallar, qəzetlər yenə bu ölkədə güclü təsirə, nüfuza malik olan erməni diasporu və lobbisinin dəstəyini görür. Halbuki islam peyğəmbəri hər zaman digər peyğəmbərlər, xüsusən də İsa peyğəmbəri hörmətlə yad edib özündən sonrakılara da bu hörməti miras qoyub. Budur islam, budur Azərbaycan multikulturalizmi və dinlərə yanaşması”.