Avropaya “mühacir” adı altında gedən millətlərin nümayəndələri bir çox hallarda üz tutduqları ölkələrin xüsusi xidmət orqanları tərəfindən öz ölkələrinə qarşı “legioner dəstələr” kimi istifadə edilir.
Bu, II Dünya müharibəsində Avropada müxtəlif millətlərin nümayəndələrindən yaradılan və cəbhədə döyüşlərə göndərilən “legioner” dəstələri xatırladır. “Söyüş müxalifəti”nin timsalında Azərbaycana qarşı həyata keçirilən planda bunu aydın şəkildə görmək mümkündür.
Müxtəlif səbəblərlə - iş, yaxud şəxsi məsələlər üstünlük təşkil edir – Avropaya gedən bir qrup azərbaycanlının Azərbaycana qarşı qeyri-etik və nə insani, nə siyasi əxalaqa sığan fəaliyyəti heç də göründüyü qədər bəsit deyil. “Söyüş müxalifəti” adlandırılan bu şəxslərlə bağlı araşdırmalarda bir neçə detal xüsusilə diqqət çəkir. Onların əksəriyyəti ya şəxsi problemlərinə görə, yaxud işləmək məqsədilə Avropa paytaxtlarına “mühacir” etsələr də, daha asan yolla qazanc əldə etmək və yaşamaq üçün “siyasi mühacir” yarlığından istifadə edirlər. Bu keyfiyyətlərə malik şəxslərin Avropa ölkələrinin xüsusi xidmət orqanlarının diqqətinə daha tez düşdüyü və onlardan öz məqsədləri üçün istifadə etdikləri sirr deyil. Əvəzində həm yaşamaq, həm qazanc əldə etmək imkanı, həm də “təhlükəsizlik” təminatı verilir.
Avropada Azərbaycana qarşı “söyüş müxalifəti”ni dəstəkləyən əsas ölkələr Almaniya və Fransadır. Nə rəsmi Berlin, nə də rəsmi Paris bunu etiraf edir, hərçənd, faktlar ortadadır.
Yaşamaq və fəaliyyət göstərmək imkanları yaradılır
Təxminən 10 ilə yaxındır xüsusilə Almaniya və Fransada məskən salan “söyüş müxalifəti” bu ölkələr tərəfindən himayə edilir. Berlin və Parisin sərt miqrasiya siyasəti fonunda bu, sual yaradır. Misal üçün hər il Paris hava limanlarında 10 minə yaxın insana keçid icazəsi verilmir və günlərlə, bəzən aylarla təcridxanalarda saxlanılır. Azərbaycana qarşı fəaliyyət göstərən “söyüş müxalifəti"nin Fransanın sərt miqrasiya və viza rejimindən kənarda qalması təsadüfi deyil. Fransanın böyük media orqanlarında “söyüş müxalifəti”nin müdafiəsi üçün yazılan materiallar, eləcə də onlara tribuna verilməsi də rəsmi Parisin bu dəstəni himayə etdiyinin əyani nümunələrindən biridir.
Analoji siyasəti Almaniya da həyata keçirir. Bu ölkədə sosial şəbəkələrin fəaliyyəti sərt qanunlarla tənzimlənir. 2017-ci ilin 30 iyununda qəbul olunan, 2018-ci ilin 1 yanvar tarixində qüvvəyə minən Sosial Media Fəaliyyəti Qanununa görə (NetzDG) Feysbuk, İnstaqram, X və Yutub da daxil olmaqla, böyük sosial şəbəkə platformalarında fəaliyyətə görə Cinayət Məcəlləsinin 22 adda madəsini tətbiq edir. Qanuna görə, alman hökumətinin “qanunsuz məzmun” olduğunu hesab etdiyi istənilən paylaşım silinir, əks təqdirdə məzmunun yayıldığı sosial şəbəkə 50 milyon avro məbləğində cərimələnir. Bu qədər sərt qanunların olduğu Almaniyada “söyüş müxalifəti”nin asanlıqla və heç bir maneə olmadan Azərbaycana qarşı mənəvi terror həyata keçirməsi şəbəkənin Berlin tərəfindən himayəsindən qaynaqlanır.
“Söyüş müxalifəti” Almaniya və Fransa tərəfindən “qrant” adı altında maliyyələşir
Bu dəstənin üzvləri qrant aldıqlarını, bəlli mərkəzlərdən maliyyələşdiklərini gizlətməyə çalışsa da, zaman-zaman özlərini ifşa edirlər. Fransa və Almaniyaya köçən miqrantlara bu ölkələrin müvafiq qurumları tərəfindən aylıq 500 avro civarında “yaşamaq pulu” verilir. “Söyüş müxalifəti”nin üzvlərinin bahalı həyat şəraiti fonunda onların bu pulla kifayətlənmədiyi aydın şəkildə görünür. Misal üçün “Azad söz” kanalının Berlində ofisi fəaliyyət göstərir. Berlin kimi bahalı şəhərdə ofis işlətmək təbii ki, aylıq verilən miqrant pulu ilə mümkün deyil. Bir müddət öncə “söyüş dəstəsi”nin “fəal” üzvlərindən olan Məhəmməd Mirzəli və Tural Sadıqlı arasındakı qarşıdurma hər şeyi çılpaqlığı ilə ortaya çıxardı. Məlum oldu ki, “söyüş müxalifəti” Azərbaycana qarşı hücumlarının qarşılığında on minlərlə avro civarında “qrant” əldə edir. Mirzəlinin Sadıqlı ilə davasında 50-70 min avro dəyərində qrantın ayılmasından bəhs olunurdu və bu etiraflar iki faktı ispat etdi:
1. “Söyüş müxalifəti” Almaniya və Fransa hökumətinin təlimatı ilə qrant layihələrinə cəlb edilir;
2. Bu dəstəyə verilən maliyyə geniş şəbəkə yaratmağa yetərli olacaq qədər böyükdür.
“Söyüş müxalifəti”nin maliyyələşdirilməsi iki il öncə - 2023-cü ildə Avropa Birliyinin Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarusla bağlı “qrant layihələri”nə etdiyi yeniliklə də həyata keçirilir. Yeniliyə görə, “korrupsiya, maliyyə cinayətləri, mütəşəkkil cinayətarlıq, ictimai təhlükəsizlik, demokratiya və insan hüquqları, ətraf mühit və iqlim dəyişikliyi, səhiyyə kimi sahələr üzrə jurnalist araşdırmalarının həyata keçirilməsi üçün 100 min avro məbləğində qrant ayrılacaq”, lakin bu layihələr təkcə adıçəkilən ölkələrdə yox, həm də xaricdə həmin ölkə ilə bağlı fəaliyyət göstərən “media resursları”nı da əhatə edir. Bu, “söyüş müxalifəti”nin maliyyələşməsini legitimləşdirən amildir.
Almaniya və Fransa “söyüş müxalifəti”ni təhlükəsizlik xidməti ilə də təmin edir
Bu xidmətə həm “mühafizə”, həm də texniki məsələlər daxildir. Misal üçün Məhəmməd Mirzəli Fransada əlisilahlı mühafizə ilə gəzir. “Le Figaro” nəşri yazır ki, Nantdakı kafelərdən birinin arxa hissəsində Mirzəli ilə görüş təşkil etmək üçün onun təhlükəsizlik xidməti ilə çoxsaylı müzakirələr apardıq. Fransa polisi onu guya təqib edildiyi iddiası ilə qoruyur, halbuki 2022-ci ildə M.Mirzəli şəxsi zəmində mübahisə etmişdi. Mirzəlinin “mühafizə” edilməsi əslində “söyüş müxalifəti”nin Fransa tərəfindən himayə edildiyinin ən bariz nümunəsidir. Tural Sadıqlının “Azad söz” kanalının texniki işlərini Fransanın “Believe” şirkəti həyata keçirməsi də belə nümunələrdəndir.
Bütün bunların fonunda “söyüş müxalifəti”nin arxasından Fransa və Almaniyanın boylandığı aydın görünür.
- Yaşamaq və fəaliyyət göstərmək;
- Qrant və nəğd şəklində maliyyənin ayrılması;
- Bütün təhlükəsizliyin – həm şəxsi, həm iş sahəsinin qorunması – təmin edilməsi.
Hər iki ölkə - Almaniya və Fransa “söyüş müxalifəti”ni açıq şəkildə himayə edir. Əvəzində Azərbaycana qarşı inforasiya müharibəsində onlardan yararlanırlar, “söyüş legionerləri” kimi...