Bundan şərəf və qürur duydum – Mövlud Çavuşoğlundan təsirli PAYLAŞIM ( FOTO)

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Hörmətli Prezident İlham Əliyevin əlindən “Dostluq” ordenini almaqdan şərəf və qürur duydum”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Dövlət başçısı ona Azərbaycanın “Dostluq” ordenini təqdim edib. (trend)
Küçədə limon, simit, su satan, Menderesin edamına ağlayan uşaq – Ərdoğanın ilginc dosyesi

Rizədən İstanbula köçən yoxsul bir ailənin uşağı olan Rəcəb Tayyib Ərdoğanın həyat hekayəsi Türkiyənin son 50 illik siyasət tarixinin xülasasidir. Çoxpartiyalı hökumət, Menderesin edamı, siyasi savaşlar, 12 sentyabr qiyamı, Özalla başlayan liberal dalğa, 28 fevral prosesi, klassik sağçı partiyaları çöküşü və AKP-nin ortaya çıxması… Rəcəb Tayyib Ərdoğan bu olayların bir hissəsinin izləyicisi, əksəriyyətində isə rol alan siyasi oyunçu idi. Cəmiyyət hakimiyyəti 2001-ci ildə bəri Türkiyə siyasətində 1990-cı illərdə ulduzu parıldayan bu adama etibar edib.


Teleqraf.com Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uşaqlığı haqda yazını təqdim edir.

O, ötən əsrin ortalarında yoxsulluğa görə bölgələrdən İstanbula köç edən yoxsul ailələrdən birinin övladı idi. Oxumaq, ailəsinin maddi qayğılarına dəstək olmaq üçün kiçik yaşlarında küçələrdə işləmək məcburiyyətində qaldı. Təhsil aldığı məktəbdə ayrı-seçkiliyə məruz qalan Ərdoğanın uşaqlıq arzusu futbolçu olmaqdı. Qiyam dövründə siyasi mövqeyinə görə işdən qovuldu. Həmçinin siyasi fikirlərinə görə həbs həyatı yaşamağa da məcbur olmuşdu. Əlbəttə bunlar Rəcəb Tayyib Ərdoğanı Menderes-Özal ənənəsinin mirasçısı kimi siyasətin zirvəsinə qaldıran olayların başlanğıcı idi.

Özal-Menderes ənənəsi

Tənzilə və Əhməd Ərdoğanın ailəsinə doğulan Rəcəb Tayyib ailənin ikinci övladı idi. Rizənin Güneysu qəsəbəsindən yoxsulluq və işsizlik səbəbindən 13 yaşında köç edən atasının əvvəlki evliliyindən iki uşağı vardı. Dənizdə bərə kapitanı olan Əhməd Ərdoğan ona öz atasının adını vermişdi. Keçmiş təqvimə görə rəcəb ayında doğulan uşağa bu ad qoyuldu. Atası Demokrat Partiyasının üzvü idi. Rəcəb Tayyib hələ bir yaşı olmamış Demokrat Partiyası seçkilərdə qələbə qazandı. 1950-ci il seçkilərində 52.7 faiz səslə qalib gələrək təkbaşına hökumət qurmaq imkanı əldə edən Adnan Menderes 1954-cü ildə CHP qarşısında səslərini iki dəfə artıraraq ikinci dəfə seçkiləri qazandı.

Demokrat Partiyası bu dövrdə 57.6 faizlik səslə çoxpartiyalı bir ölkədə rekord qırırdı. Bu hadisədən 53 il sonra Ərdoğan özünün qurduğu partiya ilə CHP-ni təkbaşına məğlub edərək ölkənin baş naziri olacaqdı. Həmin dövrdə gələcəkdə siyasi mirasçısı olacağı Turqut Özal da bürokratiyanın pillələrini qalxmağa başlamışdı. Özal ABŞ-dakı təhsilini başa vuraraq ölkəyə qayıtmış, Elektrik İdarəsində sıravi məmur kimi işləyirdi. Ərdoğan hər nə qədər siyasi xətt olaraq Menderesə, liberal baxışı ilə Özalı xatırlatsa da, gəldiyi sosial çevrə, təhsil aldığı məktəblər və işlədiyi qurumlara baxanda onlardan fərqli görünür.

Menderesin edamı

Menderes elit məktəblərdə təhsil almış, CHP-dən gəlmə bir siyasətçi idi. Özalın atası bank işçisi, anası ibtidai sinif müəllimi – bürokratiyanın, yəni hakimiyyətin içində yetişmiş bir siyasi liderdi. Jurnalist Can Dündar Ərdoğan haqda yazırdı:

“Ərdoğan Kasımpaşadan çıxıb bələdiyyə istisna olmaqla bürokratiyanın yorucu dəzgahından keçmədən hökumətə çatmağı bacaran yeganə sağcı liderdir”.

İlk baxışda hər nə qədər Menderes və Özal sağçı kimi görünsə də, ənənəvi siyasətçi idilər. Ərdoğanın sağ kuluarlarda siyasət yürütməsi və Menderes sevgisinin kökündə şübhəsiz atası Əhməd Ərdoğanın təsiri var. O zaman “bir qrup siyasi azlığın partiyası” adlandırılan CHP qarşısında Anadolunun mühafizəkar ənənələrinə sayğılı bir siyasət yürüdən Adnan Menderesin qiyamçılar tərəfindən 1961-ci ildə edam edilməsi atası ilə yanaşı Rəcəb Tayyib Ərdoğanı da göz yaşlarına boğdu.

“O gün baş verənlər…”

Atasının kədərli halını görən yeddi yaşlı Rəcəb Tayyib çox da yaxşı anlamadığı bu vəziyyət qarşısında göz yaşlarına hakim ola bilməmişdi. Çox sonralar Ərdoğan o gün yaşadıqlarını bu cümlələrlə ifadə etmişdi:

“Rəhmətlik Menderesin əlləri arxasında bağlı, əynində edam libasında dar ağacına getdiyi yerdə rəsmi var. Həyat məcmuəsindəki rəsmlər, məhkəmə sənədləri vardı, atam onların dərc olunduğu qəzeti evə gətirmişdi. Mən də qəzetə baxarkən o mənzərəni gördüm. Orada çox anlamlı, duyğulu ifadələr də yer alırdı. Əlbəttə o vaxt mən bunları çox yaxşı anlamırdım. Amma edama gedən belə bir insan, ata və anamın duyğusal anları, yəni evdə bir duyğu vardı. Dövlətə bu qədər xidmət edən bir insanın edama aparılması olayı var”.

Yüksəlişin əlamətləri

Piyalə Paşa orta məktəbinin beşinci sinfində din dərslərinə qatılan məktəb direktoru İhsan Aksoyun bir gün şagirdlərə verdiyi sual bəlkə də Tayyip Ərdoğanın bütün siyasi həyatını şəkilləndirəcək nəticələr ortaya çıxardı. Dərs vaxtı yaxındakı məsciddən azan səsi eşidildi. Aksoy şagirdlərdən “Kim namaz qılmağı göstərəcək?”, – deyə soruşdu. Kimsədən səs çıxmadı, amma Rəcəp Tayyib əlini qaldırıb “Mən namaz qılaram”, dedi. Müəllim yerə bir qəzet sərdi və ondan namaza başlamasını istədi. Ancaq Ərdoğan etiraz etdi. Üzərində rəsmlər olan qəzetin üstündə namaz qıla bilməzdi. Bu, müəllimini həm təəccübləndirdi, həm də sevindirdi. Müəllim masanın üzərindəki örtüyü yerdə sərdi və Ərdoğan şagirdlərə namazın necə qılındığını göstərdi.

Bu hadisədən sonra məktəbdə ona “xoca” deyə xitab edirdilər, nüfuzu xeyli artmışdı. Namaz sayəsində müəllimindən beş almağı bacardı, din dərsi xanasındakı qiyməti də yüksəkdir. Bundan sonra – 1965-ci ildə İmam Xatib liseyinə adını yazdırdı. Artıq Rəcəb Tayyib üçün yeni bir həyat başlayırdı.

Yoxsul ailə

Atasının qazancı beş uşağın yemək və məktəb xərclərinə bəs etmirdi. Orta məktəbə başlayan Tayyib Ərdoğan məktəb xərclərini çıxarmaq üçün kiçik yaşlarında küçələrdə işləməyə məcbur qaldı. Məktəbdən sonra boş qalan vaxtlarında gah su, gah konfet, gah da salfet sataraq ailəsinə yük olmadan təhsilini davam etdirirdi. Əlbəttə çörək pulu üçün apardığı mübarizə dərslərinə də mənfi təsir edirdi. Qiymətləri aşağı düşdü, din dərsindəki qiyməti isə əla idi.

Orta məktəbdə başladığı ticarət həyatı ali məktəb illərində də davam etdi. Yoxsulluq və işləmək məcburiyyəti Tayyip Ərdoğana istər həyat, istərsə də siyasətdə zirvəyə qalxmaq şansı verirdi. Ərdoğan qıt-qənaət yaşayan ailəsinə yük olmamaq üçün liseyin yataqxanasında qaldı. Çünki atasının verdiyi məktəb xərcliyi ilə təhsili davam etdirmək mümkün deyildi. Dövr kəmərləri sıxma dövrüydü. Soyuq günlərdə belə xərclərini azaltmaq üçün məktəbə uzun məsafələri piyada gedir, piyada geri qayıdırdı.

Limon satan uşaq

Həftə sonlarında isə limon alıb satırdı. Ticari zəkasını işə salaraq çoxlu pul qazanmağın yollarını da tapdı. Simit dükanlarına gedib axşamdan qalma boyat simitləri yarı qiymətinə alır, anası buxarda isidib yumşaldırdı. O da bazarda 10 quruşa satılan simitləri 5 quruşa sataraq pul qazanırdı. Yataqxanada ticari fəaliyyətlərdən biri də məktub markalarının satışı idi. Yataqxanadakı uşaqlar tez-tez ailələrinə məktub göndərirdilər, o da bundan qazanc əldə edirdi. Təhsilini davam etdirən Tayyib Ərdoğan öz xərclərini ödədiyi kimi ailəsinə də dəstək olmağa başlamışdı. Qazandığı pulların böyük hissəsini kitab almağa xərcləyirdi.
Çindən dəhşətli görüntü

Çinin Milli Səhiyyə Komitəsi koronavirusdan ölənlərin sayının 636 nəfər olduğunu açıqlayıb.

Virusa yoluxanların sayı isə 31 min 161 nəfər olub.

Yerli mətbuatda dərc olunan bəzi xəbər və iddialar rəsmi rəqəmlərin reallığı əks etdirmədiyini iddia edir. Bildirilir ki, virusun ortaya çıxdığı Uhan şəhərindəki morqlar və krematoriumlar 7 gün, 24 saat işləyir, virusdan ölənlərin cəsədləri yandırılır.

Kremaotium işçilərindən biri Bay Yun 28 dekabrdan bəri hər gün ən az 100 nəfər yaxın insanın cansız bədənini yandırdıqlarını söyləyib və buna görə istirahətsiz olaraq çalışdıqlarını bildirib:

“İşçilərimizin 90 faizi 7/24 işləyir. Evimizə gedə bilmirik. Uhandakı bütün krematoriumlar bu vəziyyətdədir. İnsan qüvvəsinə həqiqətən ehtiyacımız var. İş yerimizə Uhan Tonqci və 13 nömrəli xəstəxanalardan, eyni zamanda Huşenşandan bədənlər gəlir. Hər gün 100 cəsəd torbasına ehtiyacımız olur”.

Qeyd edək ki, Çində yas mərasimlərinin keçirilməsinə qadağa qoyulub.

Çinin Uhan şəhərində koronavirusla mübarizə aparan həkim və aşağı tibbi personalın son görüntüləri dünyanı şoka salıb.

Koronavirusun episentri olan Uhanda həkimlər virusun yayılmasını dayandırmaq üçün gecə-gündüz dayanmadan işləyirlər.

Çinli həkimlərin günlərlə üzlərindən çıxarmadıqları maskaların üzlərində açdığı yerləri, yorğunluq və halsızlıq yayılan fotolardan açıq şəkildə görünür.

Uhandakı tibbi heyətin bu fəaliyyətinə dair sosial şəbəkələrdə yayılan fotolar baxış rekordu qırıb.

Yerli media Uhanda virusun ən çox təsir etdiyi digər şəhər Hubeydə tibbi personalın gecə-gündüz işlədiyini və sutka ərzində oturmadığını xüsusilə qeyd edir. Çin mediasına görə, həkim və tibbi personal gün ərzində ya yatmır, ya da xəstəxanada tapa bildikləri ərazidə az müddət uzanırlar. Hətta dəhlizdə, döşəmə üzərində qısa müddətə yatan həkimlərə də rast gəlinir.

“Vaşinqton Post” qəzeti qeyd edir ki, koronavirusla mübarizə aparan tibbi personal tualetə getməyə vaxtı olmadığı üçün böyük insanlar üçün nəzərdə tutulan bezdən istifadə edirlər.

Virusa yoluxmamaq üçün həkim komandalarının istifadə etdiyi xüsusi geyim və maskalar iş yükünü daha da çətinləşdirir. Bütün günü, bəzən sutkalarla çıxarılmayan maskalar, saatlarla əyinlərində qalan paltarlar həkimlərin üzündə, bədənlərində iz buraxmaqla yanaşı, yaralara da səbəb olur. (teleqraf.com)

İzmirdən İstanbula uçan sərnişin təyyarəsinin qəzaya düşdüyü anlar kameraya tuş gəlib.

Təyyarə Sabiha Gökçən hava limanında sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb.

Qəza zamanı təyyarədə olan 179 nəfərdən 3-ü dünyasını dəyişib. Digər yaralıların vəziyyətlərinin yaxşı olduğu bildirilir. 

İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəzada yaralananlardan biri azərbaycanlıdır. Azərbaycanın İstanbuldakı Baş konsulluğundan verilən məlumata görə, hazırda bu şəxsin kimliyi araşdırılır.

Qeyd edək ki, qəzaya uğramış təyyarədə Türkiyə ilə yanaşı, ABŞ, Çin, İraq və digər ölkələrin vətəndaşları olub. (day.az)

Suriyada öldürülən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı Mərkəzinin dörd zabiti Hələb yaxınlığındakı döyüşlərdə yox, Latakiya ətrafında hakimiyyət qoşunlarının tam nəzarət etdiyi ərazidə qətlə yetirilib.

Turkustan.info xəbər verir ki, bunu “Novıy qazeta” öz mənbələrinə istinadən yayıb. Latakiyanın həddən artıq sakit yer olduğu bildirilən xəbərdə FTX zabitlərinin tələyə düşdüyü vurğulanıb. Döyüşçülərin FTX-nın snayperlərinin hərəkət marşrutunu dəqiq bildiyi və onların zirehli avtomobilini uzaq məsafədən partlatdığı qeyd edilib.

Kontuziya alan zabitlər ürəyindən və gicgahından yaxın məsafədən açılan atəşlə qətlə yetiriliblər:

“Sual yaranır ki, Xüsusi Təyinatlı Mərkəzin snayper qrupu Suriyada nə işlə məşğul olub? Mənbələrimizin məlumatına görə, zabitlər ezamiyyətdə öz adlarıyla olmayıblar. Onların xüsusi tapşırıqla Suriyaya gəlməsini az şəxs, o cümlədən bir neçə suriyalı bilirdi. Yəqin ki, zabitləri satıblar. Onları savaş eskalasiyası məqsədiylə satıblar”.

İddiaya görə, Türkiyə-Suriya sərhədində yerləşən Kasab şəhərində Suriya və Türkiyənin ali rəhbərlərinin görüşü hazırlanır və Dəməşq Rusiyadan görüşün təhlükəsizliyinin təminatı üçün yardım istəyib. Məhz bunun icrası üçün əraziyə 4 FTX zabitinin göndərildiyi, onların görüşün keçiriləcəyi ərazinin kəşfiyyatını apardığı, geri qayıdarkan tələyə düşdükləri qeyd olunub:

“FTX-nın məhz bu zabitlərinin Suriyaya göndərilməsi təsadüf deyil. Bu, onların yanvar ayında Suriyaya ikinci ezamiyyətidir. İlin əvvəlində onlar Dəməşqə səfər zamanı Putinin təhlükəsizliyinin təminində iştirak ediblər. Əgər FTX zabitlərinin tələyə düşməsi barədə informasiya həqiqətdirsə, o zaman qətl məqsədyönlüdür və bununla kimsə Türkiyə-Suriya danışıqlarını pozmaq istəyir. Suriyadan olan son xəbərlərə əsasən, provokasiya baş tutub. Fevralın 3-də Suriya ordusu İdlibdəki Türkiyə ordusuna artilleriya atəşi açıb. Böyük ehtimalla atəş əmri və FTX zabitlərinin öldürülməsi tapşırığını Bəşər Əsəd ətrafındakı “müharibə partiyası” verib. Artıq bu gün heç bir danışıqlardan söhbət gedə bilməz”.  /Axar.az/

“1 milyon insan Türkiyə sərhədi istiqamətində irəliləyir”.

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə Kiyevdə təşkil olunan mətbuat konfransında belə deyib. O bildirib ki, İdlibdəki vəziyyətə görə, insanlar evlərini tərk etmək məcburiyyətində qalıb. Türkiyə-Suriya sərhədində qaçqınların yerləşdirilməsi üçün hazırlıqların davam etdiyinə diqqət çəkən Ərdoğan, əlverişsiz hava şəraitinə görə qaçqınların çətinliklərlə üzləşdiyini bildirib. Onlara lazımi dəstək göstərilir.

Ərdoğan bu gün səhər saatlarında Suriya ordusunun Türkiyə hərbçilərini ağır silahlarla atəşə tutmasını bir daha qınayıb. O, hücum nəticəsində ölənlərin sayının 8 nəfərə çatdığını və Suriya ordusuna qarşı cavab əməliyyatlarının davam etdiyini bəyan edib.   /Publika.az/

Krım tatarlarının lideri Mustafa Əbdülcəmil Krımoğlu ilə görüşən Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın onu əfsanəvi lider adlandırıb.

Ukraynada baş tutan görüş zamanı çəkilən fotoşəkli sosial mediada paylaşan Kalın maraqlı qeyd də yazıb.

“Krım Tatar davasının əfsanəvi lideri Mustafa Əbdülcəmil Krımoğlu ilə… Tarix, yaddaş, qürur, azadlıq, müstəqillik, həmrəylik … Türkiyə, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Krım tatarlarının, qardaşlarımızın hər zaman yanında olacaq”, – deyə Ərdoğanın sözçüsü qeyd edib. (teleqraf.com)

Yəmənin müvəqqəti paytaxtı Ədəndə 2015-ci ildən bu yana 200 nəfərin sui-qəsd nəticəsində həyatını itirdiyi açıqlanıb.

Bu barədə Yəməndə fəaliyyət göstərən Sui-qəsd Qurbanlarının Müdafiə Təşkilatı məlumat yayıb.

Məlumatda sui-qəsd hallarının gizlədildiyi bildirilib. Təşkilatın üzvü, vəkil Afra Həriri hüquq-mühafizə orqanlarını və polisi sui-qəsdləri gizlətməkdə ittiham edib.

İddiaya görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2018-ci ildə başda Yəmən olmaqla bölgə ölkələrində nüfuzlu siyasətçiləri aradan qaldırmaq üçün “Mizraq” adlı killer qrupu göndərib. Yəməndə baş verən sui-qəsd hallarından bu qrupun məsuliyyət daşıdığı deyilib.

ABŞ-da fəaliyyət göstərən “Buzzfeed News” adlı xəbər saytı BƏƏ şahzadəsi Məhəmməd bin Zayedin amerikalı killerlərdən ibarət sui-qəsd qrupu qurduğunu iddia edib. Bunun əsas hədəfinin Yəmənin nüfuzlu siyasətçilərini aradan qaldırmaq olduğu deyilib.

BƏƏ-nin muzdlu qatil Məhəmməd Daxlanın vasitəçiliyi ilə qurduğu sui-qəsd şəbəkəsinə hər cinayətə görə ödəniş edildiyi bildirilib. Məlumata görə, sui-qəsd əməliyyatları birbaşa Dubay əmiri Məhəmməd bin Zayedin tapşırığı ilə həyata keçirilib.  /Teleqraf.com/

Ölümcül virusdan xilas olan qadın
Çində yayılan ölümcül koronavirus infeksiyasından sağalan şəxs var.

Medicina.az xəbər verir ki, virusdan canını qurtaran 44 yaşlı şəxs xəstəliyi barədə danışıb. O, bildirib ki, bir neçə ilk öncə Uxan bölgəsinə köçüb. Tətili isə Çinin başqa əyalətin Çunçinə keçirib. Bir müddət əvvəl onun vəziyyəti dəyişilib. Buna görə də həyat yoldaşı onu xəstəxanaya çatdırıb. Müayinə olunan qadının koronovirusa yaxalandığı aşkarlanıb.

Qadının sözlərinə görə, bu ərazidə ilk virusa yoluxan o olub. Virus aşkarlandıqdan sonra həkimlər onu virus əleyhinə müalicə ediblər və bu zaman ənənəvi Çin tibb üsulundan istifadə edilib. Daha sonra səhhətində müsbət irəliləyişlər müşahidə edilib və xəstəxanadan çıxarılaraq evə göndərilib.

O, tibbi maskadan istifadə etməyi, tez-tez əlləri yumağı, hərarətin qalxması, öskürək və digər simptomlar baş verdiyi zaman həkimə müraciət etməyi gecikdirməməyi tövsiyə edib:

"Təcrid edilmək sizi narahat etməsin, əhval-ruhiyyəni yüksək tutmaq, həkimə qulaq asmaq və inanmaq lazımdır. Bu zaman mütləq sağalacaqsınız. Qorxmaq lazım deyil"- deyə o bildirib.

Qeyd edək ki, koronavirusdan 304 nəfər həyatını itirib, 14489 insan isə bu virusa yoluxub.