Çinin Uhan şəhərində koronavirusla mübarizə aparan həkim və aşağı tibbi personalın son görüntüləri dünyanı şoka salıb.
Koronavirusun episentri olan Uhanda həkimlər virusun yayılmasını dayandırmaq üçün gecə-gündüz dayanmadan işləyirlər.
Çinli həkimlərin günlərlə üzlərindən çıxarmadıqları maskaların üzlərində açdığı yerləri, yorğunluq və halsızlıq yayılan fotolardan açıq şəkildə görünür.
Uhandakı tibbi heyətin bu fəaliyyətinə dair sosial şəbəkələrdə yayılan fotolar baxış rekordu qırıb.
Yerli media Uhanda virusun ən çox təsir etdiyi digər şəhər Hubeydə tibbi personalın gecə-gündüz işlədiyini və sutka ərzində oturmadığını xüsusilə qeyd edir. Çin mediasına görə, həkim və tibbi personal gün ərzində ya yatmır, ya da xəstəxanada tapa bildikləri ərazidə az müddət uzanırlar. Hətta dəhlizdə, döşəmə üzərində qısa müddətə yatan həkimlərə də rast gəlinir.
“Vaşinqton Post” qəzeti qeyd edir ki, koronavirusla mübarizə aparan tibbi personal tualetə getməyə vaxtı olmadığı üçün böyük insanlar üçün nəzərdə tutulan bezdən istifadə edirlər.
Virusa yoluxmamaq üçün həkim komandalarının istifadə etdiyi xüsusi geyim və maskalar iş yükünü daha da çətinləşdirir. Bütün günü, bəzən sutkalarla çıxarılmayan maskalar, saatlarla əyinlərində qalan paltarlar həkimlərin üzündə, bədənlərində iz buraxmaqla yanaşı, yaralara da səbəb olur. (teleqraf.com)