Cərimələr gəlir: “Kupça”sı olmayan evlərin taleyi necə olacaq?

Xəbər verdiyimiz kimi bu ilin yanvar ayının 1-dən daşınmaz əmlakın icbari sığortası barəsində qanuna edilən düzəliş qəbul edilib. Qanuna görə, 2020-ci il yanvarın 1-dən etibarən Bakı şəhərində daşınmaz əmlaka sahib olanlar 50 manat illik sığorta haqqı ödəyərək əmlaklarını sığorta etdirməlidir.

Sığorta haqqı Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir.

Daşınmaz əmlakın icbari sığortasına nəzarət mexanizmi işə düşəndə İcbari Sığorta Bürosunun sistemində “kupça”sı olanlar görünəcək. Əgər mənzilin sığortası yoxdursa, həmin şəxsin e-mailinə və yaxud telefonuna mesaj göndəriləcək.

Bəs “kupça”sı olmayan evlərin taleyi necə olacaq? Onlar sığortalana biləcəklərmi?

Sualımıza cavabı Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı verib. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu qərar “kupça”sız evlərə aid olmayacaq:

“Əslində ilkin müzakirələrdə məsələ belə qoyulmuşdu ki, fərqi yoxdur, sənədli və ya sənədsiz bütün evlər sığortaya cəlb olunmalıdır. Amma sonradan təbii ki, ekspertlər və mütəxəssislər bu məsələyə birmənalı yanaşmadılar. Çünki faktiki olaraq, mülkiyyət hüquqlarının tanınması baş verdikdən sonra əmlak üzərində hansısa əməliyyat aparıla bilər. Dövlət Sığorta Agentliyinin rəhbəri bu məsələyə nöqtə qoydu. O qeyd etdi ki, yalnız çıxarışı olan mənzil və obyektlərdən söhbət gedəcək. Çünki fiziki baxımdan sığorta prosesinə nəzarət imkanları da məhduddur. Qeydiyyatı olmayan mənzillərin icbari sığortaya cəlb olunması üçün bu qədər canlı resurs yoxdur ki, bir-bir araşdırma aparılsın və tapılsın ki, hansı evlərdə icbari sığorta müqaviləsi bağlanıb və ya bağlanmayıb. Düşünürəm ki, qərar haqlı idi. Bu prosesin hökumət elektron portalı çərçivəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən sistemlərin inteqrasiyası müəyyən dövrü əhatə edəcək. Hesab edirəm ki, bu prosesdə ilkin mərhələdə müəyyən çətinliklər olacaq”.

Ekspert bildirir ki, ilin birinci yarısında proses tam olaraq, öz axarına düşəcək:

“Lakin qeyd etdiyimiz müddət ərzində sığortadan yayınanlar olacaq, hətta yayınanlara görə cərimələrin tətbiqində müəyyən yubanmalar da ola bilər. Amma bütün hallarda çıxarışı olanlar vətəndaşlar sığorta etsələr, daha yaxşı olar”.

Azərbaycanda “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazası yaradılacaq.

Turkustan.info xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, elektron məlumat bazasının yaradılması “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramında nəzərdə tutulub. Hazırda “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazasının yaradılması və məlumatların elektron qaydada hazırlanması barədə layihə hazırlanır. 
 
Bu, irihəcmli işdir və mütəxəssislər cəlb edilməlidir. Bizim də fikrimiz var ki, baş verən yol-nəqliyyat hadisələri zamanı məlumat toplananda, hətta görüntülü şəkildə dərhal o proqram əsasında qoyulan suallara konkret cavab verilsin.

Yaradılacaq elektron bazada nəqliyyat vasitəsinin buraxılış ilindən başlayaraq, ölkə qeydiyyatı, onun aktiv təhlükəsizlik avadanlığının mövcud və ya işlək vəziyyətdə olub-olmaması, hava şəraiti, yol örtüyünün vəziyyəti, sükanın hansı tərəfdə olması, səfər, yaxud səyahətin məqsədi və sair məlumatlar toplanacaq ki, bunun da nəticəsində hadisələrin daha ətraflı təhlilinə, habelə bir sıra xarici ölkələr arasında yol-nəqliyyat hadisələri üzrə məlumatların müqayisə edilməsinə imkan yaradacaq.

Eyni zamanda, həmin bazadakı məlumatlar əsasında həm də hadisələrin elektron xəritəsini yaratmaq mümkün olacaq və elektron xəritənin köməyi ilə ölüm, xəsarət və maddi zərərlə nəticələnmiş qəza nöqtələrinin vizual görüntüsünü əldə etmək mümkün olacaq, analizlərin aparılması işi daha da təkmilləşəcək”.

K.Əliyev bildirib ki, bəzən yol-nəqliyyat hadisəsi baş verəndə dəqiq səbəbini üç-beş dəqiqəyə demək çətindir:

“Ümumi deyilir ki, sürət həddinin aşılması. Amma sürət həddinin aşılmasına görə qəza olmur. Dünyada elə dövlətlər var ki, sürət məhdudiyyəti yoxdur. Qəza o zaman olur ki, sürücü sürətlə gedən zaman hərəkət iştirakçısı manevr etmə, ötmə qaydalarını pozur və qəza baş verir.

K.Əliyevin sözlərinə görə, Dövlət Proqramının icrası ilə bağlı yol-nəqliyyat hadisəsi yerinə müvafiq qəza-xilasetmə bölmələrinin qısa müddətdə çatmasını və daha operativ əlaqələndirməni təmin etmək üçün Daxili İşlər, Səhiyyə və Fövqalədə Hallar Nazirliklərinin rəhbərləri tərəfindən təsdiq edilmiş plan əsasında regionlarda təlimlərə başlanılıb, artıq belə təlimlərdən biri ötən ilin sonunda Gəncədə keçirilib.

Tanınmış jurnalist yüksək vəzifəyə təyin edildiElnur Kələntərov Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub.

"Ölkə.Az" xəbər verir ki, bu barədə Elnur Kələntərov özü məlumat verib. O, sosial şəbəkə hesabında təəsüratlarını bölüşüb:

"Yeni ilin ilk gününə gözəl xəbərlə başladım. Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunmağım xəbəri nə qədər sevinclə qarşılandısa bir o qədər də işimə olan məsuliyyətimi daha da artırdı. Çalışacağam ki, Xidmət rəisi cənab Vüsal Hüseynovun mənə göstərdiyi yüksək etimadı doğrulda bilim. Təşəkkür, cənab general!”

Qeyd edək ki, Elnur Kələntərov bundan əvvəl adıçəkilən qurumun İctimaiyyətlə əlaqələr idarəsində rəis müavini vəzifəsində çalışırdı.

ADAU-nun rektoru İbrahim Cəfərov tələbələrə, təhsil ekspertlərinə, valideynlərə və KİV-nə müraciət etdi.

Əziz dostlar, tələbələr, hörmətli valideynlər, KİV nümayəndələri,sabah Azərbaycan Dövlət Aqrar Universitetində 2019-2020- ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayır, sessiya ilə əlaqədar universitetdə hazırlıq işləri lazımi səviyyədə aparılmış, müvafiq əmrlər verilmiş, ictimai nəzarət şurası yaradılmış və tərkibə KİV nümayəndələri ilə yanaşı ölkənin tanınmış təhsil ekspertləri daxil edilmiş, valideynlərin bütün proses boyu imtahanları izləmələri üçün şərait yaradılmışdır. İmtahanlar Boloniya təhsil prosesinin tələblərinə uyğun olaraq şifahi, yazılı və test üsulları ilə aparılacaqdır. Xüsusi çəki baxımından şifahi imtahanlara daha çox üstünlük verilmiş və tələbələr sessiyanın başlanmasına bir ay qalmış məlumatlandırılmışdır. Qeyd edim ki, bütün şifahi imtahanların gedişi əvvəldən sona qədər kompyuterə yazılacaqdır, bu həm müəllimin, həm də imtahan verənin məsuliyyətini yüksəltmək üçündür, istənilən şikayət dərhal lentə baxmaqla appelyasiya komissiyası tərəfindən araşdırılacaqdır. Test imtahanları üçün 2 böyük auditoriya ayrılmış, 150 kompyuterlə təchiz edilmiş, proqram təminatı işlənmişdir. Bir sözlə, universitet bu məsuliyyətli prosesi uğurla aparmaq üçün bütün tədbirləri görmüşdür. Əlbəttə, ictimai nəzarətə də ehtiyacımız var, buna görə də bütün valideynləri, KİV nümayəndələrini, böyük şirkətlərin rəhbərlərini və əməkdaşlarını, DAİM sədrlərini, prosesə maraq göstərən bütün digər tərəfləri imtahan prosesini izləməyə dəvət edirəm. Bu bizim üçün böyük şərəf olmaqla yanaşı, Sizlərin də bu reallıqları görməsinə bir vasitə olacaq. Tələbələrimə müraciət edərək, onları əmin olmağa çağırıram ki, dövlət, kənd təsərrüfatı nazirliyi və biz daim Sizlərin yanındayıq, imtahan sessiyasının təhsil qanunlarına uyğun keçirilməsi üçün lazım olan bütün tədbirlər görüləcəkdir. Hər birinizi bağrıma basıram, uğurlar arzulayıram. Yaşasın 100 yaşlı Azərbaycan Dövlət Aqrar Universiteti! 100 yaşlı universitetin imtahanlarında 100 ballar qazanaq!

Mehman Hüseynovun namizəd olduğu məntəqənin nəticəsi ləğv edildiAzərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri zamanı iki seçki məntəqəsində səsvermənin nəticələri ləğv olunub.

"Ölkə.Az" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

İclasda bildirilib ki, səsvermə günü sözügedən məntəqələrdə lentə alındığı iddia olunaraq sosial şəbəkələrdə paylaşılan görüntülər araşdırılıb.Belə ki, 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntuları ilə bağlı müraciət dinlənilib.

MSK nəzdində Ekspert qrupunun üzvü şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini qismən tapıb.Eyni zamanda 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqəsinin nəticələrinin ləğv olunması ilə bağlı qərar qəbul edilib.
 
Qeyd edək ki, 31 saylı dairədən namizəd tanınmış bloqqer Mehman Hüseynov olub.

Yol polisi sürücülərə və piyadalara müraciət etdiBaş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə və piyadalara müraciət edib.

İdarədən "Ölkə.Az"a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, 02.01.2020-ci il tarixdən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur.

“Bununla əlaqədar olaraq yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən diqqətli olsunlar, sürət həddini şəraitinə uyğun seçsinlər.

Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlamasını nəzərə alaraq, belə hava şəraitində kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər. Həmçinin, piyadalar da hava şəraitinin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər.

Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük verməyi, yolu özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmadan keçməyi tövsiyə edərdik”, - deyə müraciətdə qeyd olunub.

ATV-yə yeni icraçı direktor təyin edildi"Azad Azərbaycan" MTRK-nın prezidenti Azər Xəlilov, bu gün kanalın icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı əmr imzalayıb.

"Ölkə.Az" xəbər verir ki, əmrə əsasən, teleradio kampaniyasının İcraçı direktoru vəzifəsinə Ismail Hasanov təyin olunub.

Xatırladaq ki, İsmayıl Həsənov bu təyinata qədər "ARB Media Qrup"un Strateji inkişaf və Marketinq direktoru vəzifəsində çalışıb.

Yeni il gecəsi avtobuslar saat 01.00-dək işləyəcək31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxtda keçiriləcək bayram şənlikləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar qeyd olunan tarixdə gecə saat 01:00-dək fəaliyyət göstərəcək.

Bu barədə "Ölkə.Az"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

BNA vətəndaşlara bayram tədbirlərinin keçirildiyi məkanlara ictimai nəqliyyatdan istifadə etməklə getmələrini tövsiyə edib: "Bu cür mədəni kütləvi tədbirlər zamanı şəxsi nəqliyyat vasitəsindən daha az istifadə olunması hər kəsin mənzil başına daha tez, rahat və maneəsiz çatmasına imkan verir. Vətəndaşlarımızdan anlayış göstərərək ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik. Bundan əlavə, Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzi tərəfindən dekabrın 31-i gecə saatlarında, xüsusən də mərkəzi küçə və prospektlərdə sıxlığın aradan qaldırılması məqsədi ilə svetoforlarda yaşıl dalğa tətbiq ediləcək.

Həmçinin, əhalinin rahat hərəkətini təmin etmək üçün gün ərzində qanunsuz parklanmaya nəzarət həyata keçiriləcək. Ümumilikdə isə bayram tətili günlərdə nəqliyyatın işinə nəzarəti təşkil etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi fəaliyyətini xüsusi rejimdə davam etdirəcək.

Sürücülərdən xahiş edirik ki, avtomobillərini dayanma-durmanın qadağan olunduğu yerlərdə saxlayaraq digər hərəkət iştirakçılarına mane olmasınlar".

Acun məhkəməyə müraciət etdiAcun Ilıcalı "Zuhal Topal'la süfrədə" verilişinin dayandırılması üçün Fox TV və Dual Film İstehsalat Şirkətini məhkəməyə verib.

"Ölkə.Az" axşam.az-a istinadən bildirir ki, Acun adıçəkilən proqramın TV8-də yayımlanan "Yeməkdəyik" verilişinin formatından oğurlandığını iddia edir. O, verilişlər araspında yeganə fərqin aparıcı olduğunu bildirib.

İddiaya cavab verən Fox TV isə proqramın xarici kanallardan birində yayımlanan "Momsters" adlı verilişin formatından götürüldüyünü söyləyib.

Gənc iqtisadçının namizədliyi təsdiqləndi – Ayaz Qocamanov rəqiblərinə uğurlar arzuladı


Tanınmış marketinq mütəxəsisi Ayaz Qocamanovun növbədənkənar parlament seçkilərində 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınıb. Bu barədə gənc iqtisadçı özü məlumat verib.

A.Qocamanov bildirib ki, imzatoplama proseduru 10 gün ərzində həyata keçirilib: “Təcrübəli komanda üzvlərim əksər kəndlərdə oldu, imzatoplama işini uğurla apardı. Bu həm də bizə seçicilərimizlə ünsiyyət qurmaq imkanı yaratdı”.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən iddialı namizəd hesab olunan Ayaz Qocamanov bildirib ki, bu günlərdə Ağsu rayonunun mərkəzində və kəndlərdə Seçki Qərargahı yaradılacaq: “Artıq bir neçə məkan müəyyənləşdirilib. Komandamızın rahat fəaliyyəti, seçicilərimlə görüş üçün bütün lazımı şərait qurulacaq”.

Bütün namizədləri özünə ciddi rəqib hesab edən Ayaz Qocamanov imzatoplamada dəstək olan hər kəsə təşəkkürünü bildirib, namizədlərə seçki təbliğatı zamanı səmimi, şəffav və düzgün mübarizə aparmalarını arzu edib.

A.Qocamanov həmçinin, qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edib, cansağlığı, xoşbəxtlik arzulayıb.

Qeyd edək ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınan Ayaz Qocamanov gənc iqtisadçıdır. Azərbaycanın Türkiyə və Rusiya ticarət əlaqələrində kiçik sahibkarlara dəstək verən tanınmış merketinq mütəxəsisidir.